Sentyabrın 2-də ABŞ hərbçiləri Karib dənizinin cənub hissəsində içində böyük partiya narkotik maddələr olan sürətli kateri məhv ediblər. Bu haqda prezident Donald Tramp məlumat verib.
Prezident katerdə “Tren de Araqua” cinayətkar qruplaşmasının 11 üzvünün olduğunu, narkotikin ABŞ üçün nəzərdə tutulduğunu söyləyib. Tramp sosial şəbəkədə yazıb ki, zərbə terrorçular neytral sularda olanda endirilib.
“Tren de Araqua” qruplaşması Dövlət Departamentinin terrorçu təşkilatlar siyahısındadır. Dövlət katibi Marko Rubio deyib ki, zərbə Venesueladan çıxan narkotik gəmisinə endirilib.
Pentaqon insidentin videosunu yayıb.
Şərhçilər bu hadisənin ABŞ-nin ənənəvi yanaşmasından kəskin fərqləndiyini qeyd edirlər. Belə ki, Vaşinqton indiyədək narkotiklərin ələ keçirilməsinə, narkobanda üzvlərinin məhkəmə qaydasında mühakiməsinə üstünlük verirdi. “The New York Times” administrasiyanın yüksəkrütbəli rəsmisinə istinadla yazır ki, gələcəkdə də narkokartellərin qayıq, yaxud gəmilərinə belə zərbələr endiriləcək. Prezident Tramp bu əməliyyatı ABŞ-yə narkotik daşımağı planlaşdıranlara xəbərdarlıq adlandırıb.
















