Abosət əmini rayonumuzda uşaqdan-böyüyə hamı tanıyırdı. Uzun illər məsul vəzifələrdə çalışmışdı. İşlədiyi müddətdə Yardımlı rayon Partiya Komitəsinin 3-cü katibi vəzifəsinədək yüksələ bilmişdi.
Sayılıb seçilən kişilərdən idi. El-obaya arxa-dayaq durmağı bacarırdı. Və heç vaxt nüfuzuna xələl gətirən bir əməli olmamışdı. Necə deyərlər, ağır oturub, batman dolanırdı…
Bu yerdə ömrünün son 2-3 ilinin demək olar ki, hər gününü birlikdə keçirdiyimiz yazıçı-publisist, mərhum Şükür Səlimxanlını xatırlamaya bilmərəm. Allah ona qəni-qəni rəhmət eləsin! Abosət müəllim onun dilinin əzbəri idi. Tez-tez onun xeyirxahlığından, ağsaqqal təfəkküründən söhbət açır, məndə bu insana məhəbbət yaradırdı. Yeznəsi olsa da, Abosət müəllimi özünə böyük qardaş bilirdi, ona arxalanırdı…
Abosət Məlik oğlu Xudiyev 1946-cı ildə rayonumuzun Porsova kəndində dünyaya gəlmişdi. Yaşasaydı, bu ilin sentyabr ayının 15-də 80 yaşını qeyd edəcəkdik. Ötən illər ərzində rayonumuzun inkişafında danılmaz xidmətləri olmuşdu, sıravi sakindən rayonun söz sahiblərindən birinə çevrilmişdi, el məhəbbəti qazanmışdı. Xəbər aldım ki, bu gün, fevralın 21-də haqq dünyasına qovuşub. Övladlarına, o cümlədən kürəkəni, iman sahibi, dəyərli qardaşım Hacı Azad Səlifova dərin hüznlə başsağlığı verirəm…
…Yeri behişt olsun!..
Hörmətlə, Elman Eldaroğlu




















