“Qərbi Azərbaycan İcması” təşkilatı görəcəyi işləri açıqladı

“Qərbi Azərbaycan İcması” təşkilatının yaranması Qərbi Azərbaycandan olan soydaşlarımızın təşkilatlanmış şəkildə öz pozulmuş hüquqlarını müdafiə və bərpa etməsi istiqamətində atılmış mühüm addımdır.

 Ötən əsrin sonlarında tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə, İrəvandan erməni vəhşiliyinə məruz qalmış 100 minlərlə həmvətənimiz qaçqın düşüb. Ermənilər həmin ərazilərdə xalqımıza məxsus milli mədəni irsimizi məhv ediblər və bu proses hazırda da davam edir.

 Beynəlxalq ictimaiyyət onların hüquqlarının müdafiəsi, öz doğma torpaqlarına qayıtmaq haqqının gerçəkləşməsi üçün heç bir iş görməyib. Dünya mədəni irsinin müdafiəsini öz ali məqsədi elan etmiş YUNESCO hazırkı Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəniyyət abidələri, dini məbədlər və s. dağıdılması, məhv edilməsinə qarşı heç bir tədbir görməyib.

Bu gün ermənilərin yalançı iddiaları əsasında guya işğaldan azad olunmuş ərazilərdə ermənilərə məxsus abidələrin dağıdılmasını iddia edən, hətta bu halı aydınlaşdırmaq üçün həmin ərazilərə missiya göndərmək istəyən bu təşkilatın birtərəfli yanaşması heyrət doğurmaya bilməz.

Müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin vahid təşkilatı onların hüquqlarının beynəlxalq müstəvidə bərpası istiqamətində məqsədyönlü iş aparılması üçün zəruridir.

Bu gün “Qərbi Azərbaycan İcması” təşkilatı Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınmasını əsas vəzifələrdən biridir. Təşkilatın həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunması ardıcıl və təşkilatlanmış fəaliyyətə böyük ehtiyac var. Ermənilər beynəlxalq ictimaiyyətin laqeydliyi və gizli, bəzi hallarda isə açıq dəstəyi şəraitində tarixi Azərbaycan ərazilərində qondarma “dövlət” qurmağa cəhd göstərdilər və 30 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladılar. Azərbaycanın erməni icmasının “müstəqil yaşamaq” hüququ haqqında danışan erməni lobbisi, Ermənistan rəsmiləri və millətçiləri bu ölkədən qovulmuş azərbaycanlıların Zəngəzurda, Göyçədə eyni məqsədləri reallaşdırmaq üçün daha çox haqlı olduqlarını bilməlidirlər. Niyə də həmin ərazilərdə Qərbi Zəngəzur dövləti olmasın? Hazırda Azərbaycan ərazisində yaşayan erməni icması ilə əlaqə üçün Laçın dəhlizinin mövcudluğunu zəruri hesab edən ermənilər və onların havadarlarının Zəngəzur dəhlizinə qarşı çıxmağa heç bir mənəvi haqları yoxdur.

Vahid təşkilatın tərkibində birləşmiş qərbi azərbaycanlıların qarşıya qoyduğu vəzifələr beynəlxalq hüquqa əsaslanır və onların gerçəkləşdirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir.


Share: