İNTİHAR -Qafar CƏFƏRlinin yeni hekayəsi

 (Hekayə)

Qazilər danışan şəhidlərdir.

-Dayan əsgər. Sən nə edirsən?

Əsgər duruxub qaldı. Qulağına dəyən zəhmli səsin doğmalığı onu bir anlıq sehrinə alıb apardı. Bərəlmiş gözlərlə səsin hardan gəldiyinə əmin olmaq üçün ətrafa boylandı. Bir kimsəni görmədi. Amma səs ona çox doğma gəldi. “Kimdir görəsən? Hardan yadımda qalıb bu səs? Niyə bu qədər şirin gəldi mənə ?”

Üzgün baxışlarla ətrafı seyr etdi. Heç kim yox idi, hər tərəfdə ölü sükut hökm sürürdü. “Kim olmalı idi ki? Səhərin alatoranında insanlar yuxuda ikən kimin nəyinə lazımdı mən hardayam və nə edirəm?”- deyə düşündü. ”Onsuz da kasıb bir tikə pendir çörəkdən sonra qarnını qucaqlayıb yatır, ölü yuxusuna gedir. Bədbəxtin qulağının dibində top atsan da ayılmaz. İmkanlısı isə dopdoyunca yeyib-içəndən sonra şirin yuxuda fısıldayır özü üçün. Əslində düz edir. Həyat yaşamağı bacaranlar üçündür. Sən bunu bacarmırsansa göydəki sənin üçün neyləməllidir? Gəlib sənin əvəzinə haqqını tələb etməlidir, yoxsa kiminsə boğazından tutub sürüməlidir? Yox belə olmur, haqqına özün sahib çıxmalısan. Düz deyiblər ki, “Zülmə dözənin günahı zülm edənin günahından çoxdur. ” Bir də ki, dözməyib neyləyəsən? Boğazını bıçığın tiyəsinə sürtəsi deyilsən ki?”
Şəkilin açıqlaması yoxdur.
Yanıqlı köks ötürdü. “Kiminlə, hansı ilə vuruşmalıyam? Birdilər, ikidilər ki…. Alaq otu tək hər tərəfi basıb və dayanmadan artırlar. Qorxuları yox, hürküləri yox”. Düşündü və köynəyin üstündəki palçıq ləkəsini əli ilə çırpıb təmizlədi. “Nə yaxşı mundirimi geymədim, yoxsa toza, torpağa bulaşacaqdı.” Əllərini boğazına tərəf aparanda ürəyindən keçənlər qulaqlarında səsləndi: “Allahım, keç günahımdan.” Gözlərini yumdu.
-Əsgər, daha məni eşitmirsən? Yoxsa məni tanımaq istəmirsən? Mənəm, komandirinəm.
Əsgərin əlləri boşalıb yanına düşdü. Yenə həyacanla ətrafa boylandı, kimsəni görəmmədi. Bir anlıq bədənindən bir gizilti keçdi və bu giziultidənmi, yoxsa əynindəki nazik ipək köynəyi tor kimi deşib keçən soyuq payız küləyindənmi bütün varlığı titrədi.
-Komandir, səsin mənə o qədər doğma gəldi ki? Bağışla, tanıya bilmədim. Huş-baş qalmayıb daha. Bir də ki, səsin gəlir, özün yoxsan,səni görə bilmirəm axı?
-Mən burdayam əsgər. Başını yuxarı qaldırsan məni görərsən.
Əsgər tələsik dikəldi. Alatoranlıq olsa da başının üstündəki işıq topasından boylanan komandirini görüb dərhal tanıdı. Üzündəki sevincdən bədəninə ilıq bir istilik yayıldı.
-Salam komandir, xoş gördük. Sən hara, bu tərəflər hara? Bura necə gəlib çıxmısan?
– Nədi, şübhə edirsən? Axı, hamınız mənə “qoruyucu mələk” deyirdiniz? Gəlişim səni niyə bu qədər təəccübləndirir?
-Yox, komandir, heç vaxtı sənə şübhə etməmişəm, heç birimiz şübhə etməyib. Sadəcə son görüşümüzdən gör nə qədər vaxt ötür. Amma o günlər hər an yaddaşımdadır. Güllə səsi, partlayış səsi, yaralı əsgərlərin vahiməli qışqırtısı beynimdəm çıxmır. Bəzən dəlilik həddinə çatıram. Bəlkə də elə dəli olmuşam, xəbərim yox. Belə anlarda gözlərim önünə sən gəlirsən. Səninlə danışıb dərdimi bölmək istəyirəm. Fikirləşdim ki, …
Əsgər qəhərdən sözünü tamamlaya bilmədi.
-Fikirləşdin ki, il yarımdan çoxdur sizdən ayrılmışam, yadımdan çıxmısız. Yox əsgər, hər biriniz yadımdasız, nəinki yadımdasız, hətta sizləri gündəlik izləyirəm. Bu gün burda olmağım da səbəbsiz deyil.
Eşitdiyi sözlərdənmi, yoxsa səsdəki doğmalıqdanmı əsgərin gözləri yaşardı. Sağ əlinin arxası ilə gözlərini sildi.
-Əsgər, danış görüm, məndən sonra neylədiniz? Müqəddəs məkanımızı o iki ayaqlı canavarlardan təmizləyə bildinizmi?
-Komandir, səndən sonra da hər şey planlaşdırdığın kimi oldu. Sıldırım qayalardan o müqəddəs məkanımıza- Şuşaya girdik. Baş komutanımız Hikmət abinin dediyi kimi hücumumuz elə qəfil və güclü oldu ki, erməni köpəyuşaqları göz açmağa imkan tapmadılar. Şuşaya bir dənə top mərmisi düşmədi, eləcə əlbəyaxa döyüşlə şəhəri təmizlədik. Amma komandir bir neçə əsgəri, eləcə də talış balası Babəki, ləzgi balası Kiçibəyi, rus balası Andreyi şəhid verdik. Özüm isə Şuşanın havasından bir-iki saat uda bildim. Bir də gözümü hospitalda açdım.
-Heyf o igidlərdən.- Bir anlıq susub sözünə davam etdi.- Amma neyləmək olar, müharibə şəhidsiz olmur. Onsuz da döyüşlərə hər birimiz kəfənlə girmişik.
-Düzdü komandir. Otuz illik həsrət bizləri elə yandırıb yaxmışdı ki, o torpağın hər qarışı uğrunda şəhid olmağa hazır idik. Azad olan torpaqa ayaq basdıqca sanki min illərin həsrətinə qovuşurmuş kimi özümüzü hiss edirdik. Elə bil hər birimiz bu torpaqda doğulmuşduq, anamız bizə orda layla çalmışdı. Doğrudan da, Vətən torpağının o baş, bu başı olmazmış. Mən bu həqiqəti o döyüşlərdə tam mənası ilə başa düşdüm. Ömür boyu bir dəfə ayaq basmadığım, bir dəfə havasını udmadığım, yerini ancaq xəritədə tanıdığım, ağlım kəsəndən işğal gününün qeyd olunduğunu gördüyüm Vətən torpağında gəzməyin nə böyük səadət olduğunu mən orda anladım.
-Əsgər görürəm heç dəyişməmisən. Necə tanımışam, elə də qalmısan. Amma indi gördüklərim məni çox üzür. Xüsusi təyinatlı əsgərə yaraşdırmıram bu halını.
Əsgər günah etmiş uşaq tək başını aşağı dikdi. Komandirinə düşdüyü vəziyyəti başa salmaqda aciz olduğunu hiss etdi. Danışa bilmədi, qəhər boğazını tutdu, qəfil yadına düşdü ki, komandiri aciz, ruhdan düşmüş, əzilmiş əsgəri heç vaxt qəbul etməyib və beləsinə qarşı amansız olub. Odur ki, səsindəki üzgünlüyə son qoyub dikələrək düşdüyü vəziyyəti mərdi-mərdanə anlatmaq istədi:
-Komandir, bilirsən ki, çətinlik qarşısında sınan deyiləm. Son günlərə kimi özüm də belə düşünürdüm. Anamı, xəstə bacımı, arvadımı və tək oğlumu- ailəni yeganə çörək gətirənsiz qoyub könüllü döyüşlərə qatıldım. Necə əsgər olduğumu yaxşı bilirsən. Uf demədən canımı Vətən uğrunda fəda etməyə həmişə hazır oldum. Müharibədən kontuziya, nurdan düşmüş gözlər və bədənimdəki mərmilərdən doğan dəhşətli ağrılarla ailəmə qayıtdım. Sən demə bu vəziyyətlə heç kimə lazım deyiləmmiş. Ailəmə belə ağır yük olmuşam. Əlillik almaq üçün döymədiyim qapı qalmadı, amma nə fayda? Həkimlərdən sağlam çıxsam da yaşayışa yararsız oldum. Tez-tez tutan dəhşətli ağrılar ucbatından bir işin qulpundan yapışa bilmədim. Veteranlara cəmi 80 manat pulu vermək üçün başbilənlərimizə bir ildən artıq vaxt lazım oldu. O pulu da hər ay həkim qəbuluna, müayinələrə xərcləməli oluram, heç dərmanlarımı ala bilmirəm. Həyət- bacamla yarı ac, yarı tox dolanıram. Bu yaşayışdımı komandir?
Komandirin inamlı, bir az da zəhmli səsi eşidildi:
-Xüsusi təyinatlı əsgərin bu halını və bu cür danışığını qəbul etmirəm. Yadındadır, günlərlə ac-yalavac qalmağımız, günlərlə bir hovur yatmağa həsrət qalmağımız? Amma buna rəğmən ürəyimizdəki güc, təpər azalmırdı, əksinə günü-gündən artırdı. Bəs indi nə oldu? Biz amalımızdan, məsləkimizdən geri çəkilməliyikmi? Kimdənsə gördüyün bir haqsızlıqdan sınmaq yaraşarmı? Bəs harda qaldı səndəki əzm, iradə, dözüm, mübarizlik?
Əsgər alnını elə ovuşdurdu ki, sanki alın yazısını Brayl əlifbası ilə komandirinə oxumaq istəyirdi.
-Komandir, elə bu halımla barışa bilmədiyim üçün bu qərara gəldim. Bəli, yaşadığım çətinliklərlə müqayisədə indiki halım toya getməlidir. Amma bir fərqi var ki, onda qarşımdakı qan düşmənim idi və sağlam canımla ona qarşı dayana bilirdim. Bilirdim ki, bu çətinliyimin qarşılığında Vətən torpaqlarını azad görəcəyəm. Bəs indi, qanı bir, canı bir Vətən oğlu ilə qarşı-qarşıyam. İlk əvvəllər biz qazilərə hörmətlə yanaşılsa da sonralar sanki hər şey unuduldu. Məmurlar istədiklərini edirlər. Bu ölkədə onlarla bacarmaq sanki müşkül bir işdir. Mən bu vəziyyətimlə barışa bilmirəm. Dəfələrlə həkim müayinələrindən keçmişəm, deyirəm ki, bədənimdəki ağrılardan gün boyu can verirəm. Əvəzində: “Bütün əzaların yerində olduğu üçün əlillik verə bilmərik” – cavabını eşidirəm. Kaş çəkdiyim bu ağrıların əvəzinə bir qolum, bir qıçım olmayaydı, heç olmasa insafa gəlib əlliliyimi verərdilər. Bəlkə bu zaman balalarıma doyunca çörək verib bir təskinlik tapardım. Sındım komandir, sındım bu şərəfsiz, Allahsız, Vətənsiz bəndələrin qarşısında.
Susdu. Başını qaldırıb komandirə baxdı. Komandir dərhal üzünü yana çevirdi, amma doluxsunmuş səsi eşidildi:
-Yox əsgər, bu çıxış yolu deyil. Sən qəhrəman əsgərsən, bu seçimi sənə heç yaraşdırmıram. Bir də ki, bununla nə qazanmış olarsan?
-Heç özüm də özümə yaraşdırmıram, amma əlacım qalmayıb. Ailəyə yük olmaq böyük dərdir. Uşağa “yoxdur”, “bacarmıram” deməyin nə olduğunu yaşayanlar bilər komandir. Bu cür miskin həyat yaşamağı bacarmıram. Qazancıma gəldikdə isə yəqin ki, məndən sonra uşağıma valideynini itirməyinə görə müavinət verərlər.
-Yox əsgər, seçimin yanlışdır. Ruhdan düşmək, hisslərə qapılmaq olmaz, haqqın uğrunda mübarizə apar ki, istəyinə çatasan .
Komandirin səsində əvvəlki inamdan, əzmdən, elə zəhmdən də əsər-əlamət qalmamışdı. Əsgər bunu açıqca hiss etdi və buna görə də üzgün halda pıçıldadı:
-İstəmək çox rahatdır komandir. Heyf ki, səsin çatsa da əlin bizlərə yetmir. Günümə, ruzgarıma bələd olsan mənə haqq qazandırarsan. Mənim kimilər bir xeylidir. Yəqin eşitmiş olarsan, neçəsi həyatı ilə vidalaşıb. Bu gün də növbə mənimdir.
-Yox əsgər, buna icazə vermirəm.
-Komandir, sağ ol ki, bu günümdə də məni tək qoymadın. Əsil komutan olduğunu bir də sübut elədin. Onsuz da ağrılardan gündə ölüb dirilirəm. Qoy bu dəfəki həqiqi ölüm olsun. Mübarizəyə gəldikdə isə buna nə gücüm qalıb, nə də canım. Bağışla komandir,bağışla.
-Dayan əsgər. Dayan deyirəm sənə.
Əsgər ayağı altındakı kətili kənara itələdi. Elə bu an körpə uşaq səsi həyəti başına aldı:
-Ataaaaa…
Əsgər bir anlıq gözünü açdı. Əllərini ona tərəf qaçan uşağa sarı uzatmaq istəsə də gücü çatmadı. Güclə eşidiləcək səslə: -Oğlu… –deyə bildi.
Sözü yarımçıq qaldı, səsi xırıldadı və taqətsiz qolları yanına düşdü.
Əsgərin cansız bədəni yaşadığı evin arxasındakı tut ağacının enli budağından sallanırdı.
Dan üzü yenicə açılırdı. İnsanlar bir-birindən xəbərsiz yeni günə qədəm qoyurdular. Səma aydın və buludsuz olsa da payız küləyi heç olmamış kimi insanları üşüdürdü.
Çəlimsiz bir oğlan uşağı isə hamıdan xəbərsiz hönkürtü çəkərək arıq əlləri ilə tut ağacını yumruqlayırdı.
Lənkəran. 21 iyul 2022-ci il.
Share: