Səlim BABULLAOĞLU:İlk dəfə Şuşaya ayaq basanda hiss etdim ki, o yük və ağrı hələ də çiyinlərimdədir

Ədəbiyyatımız, xalqımız, ölkəmiz üçün əlamətdar olan bir tədbir də uğurla başa çatdı. İşğaldan azad olunan Şuşa şəhərində ikinci dəfə “Vaqif poeziya günləri” keçirildi. Bu əlamətdar hadisə ilə bağlı Müstəqil.Az AYB-nin katibi Səlim Babullaoğlu ilə müsahibəni təqdim edir:

 

Səlim müəllim, Şuşada Vaqif poeziya günləri keçirildi. Bu tədbirin Azərbaycan ədəbiyyatı tarixində  xüsusi yeri var. Bəs Azırbaycan geo-siyasi həyatında necə?

– Faiq müəllim, ordan başlayım ki, Şuşanı səbəbdən asılı olmayaraq istənilən ziyarət, və fərqi yoxdur ki, necənci ziyarət, həm böyük qürur, həm də böyük hüzn hissi bəxş edir adama. Düşünürəm, xüsusi izaha ehtiyacı yoxdur bu duyğu və təəssüratların.  Biz, mənsub olduğum nəslin nümayəndələri Şuşanın işğalı kimi bir yükü, ağrını yaşamalı olmuşuq. İlk dəfə Şuşaya ayaq basanda hiss etdim ki, o yük və ağrı hələ də çiyinlərimdədir. Gəzə-gəzə o yükü çiyinlərimdən ata bilmədim. Çünki, yaxşı anlayırdım, daha doğrusu hiss edirdim ki, bu yükü əziz şəhidlərimizin qanı ilə saflaşmış, dəyişmiş torpağa, dərəyə, dağa, düzə atmaq mümkün deyil. Bilirsiz, nədənsə mənə elə gəlir ki, mən Şuşa ağrısını ömrünün sonuna qədər unuda bilməyəcəm…

Yeri gəlmişkən, ötən “Vaqif poeziya günləri”ndə iştirak edə bilməmişdim, səhhətim səbəbilə. Bu il isə iki dəfə ziyarət edə bildim Şuşanı. Birinci dəfə Sayman Aruzun “Körpü” verilişinin çəkilişləri üçün getdim Şuşaya ki, buna görə Sayman Aruza minnətdaram. İkinci dəfə isə indi. Deyim ki,  uşaqkən Şuşada olmuşdum, atamla, ailəmizlə bərabər.
“Vaqif poeziya günləri”ndə iştirak isə həm də fərqli məsələdir. Bu sırf ədəbiyyat hadisəsi deyil. Həm uzaq tariximizlə, həm yaxın tarixmizlə, həm Vaqifin şəxsiyyəti ilə bağlı qiymətli, rəmzi hadisədir. İşğaldan sonra ilk bərpa edilən yerlədən biri məqbərə, deməli Azərbaycan sözü və Azərbaycan siyasi tarixinin bir hissəsi idi. İşğaldan azad olunan Şuşada ilk keçirilən tədbirlərdən birinin də məhz poeziya günləri olması əlbəttə təsadüf deyildi. Ölkə başçısı təbii ki, bütün bunları təfərrüatlarına qədər düşünmüşdü. Biz də bu reallığın bir hissəsi olduq.
Mən ilk növbədə Heydər Əliyev Fonduna, eyni zamanda Mədəniyyət nazirliyinə yüksək təşkilatçılığa görə minnətdaram.

– Sosial şəbəkə vasitəsi ilə tədbirin keçirilməsini qismən də olsa izləyə bildik. Xoş oldu. Hər halda bu tədbirin qısa zamanda ikinci dəfə keçirilməsi dünyaya bir mesaj idi, Torpağın sahibi gəlib! Soruşmaq istərdim, sizin üçün bu tədbir hansı əlamətlərinə görə daha çox fərqli oldu?

-Məncə bu suala əsasən cavab verdim. Amma xüsusiləşdirsəm deməliyəm ki, qazi şairlərin iştirakı və onlarla bağlı xüsusi proqram məncə çox yaxşı düşünülmüşdü. Xalq şairimiz Vahid Əziz onlardan sonra çıxış edəndə səsi titrəyərək bir şey dedi. Gərəkki dedi ki, o qazi şairlərin elə misraları vardı, elə misraları vardı…onun ən yaxşı hesab etdiyi şeirləri həmin misraların yanında sınıxmış görünürdü. Bu emosional, sözgəlişi qeyd deyildi. Bu çox ciddi, ədəbiyyatdan böyük bir hədəfi və ali faktı nişan verirdi. Vahid Əziz bu fikri hamımızın adından dedi, əslində. Hə, bir də birinci günün son tədbiri kimi təşkil olunmuş ədəbi-musiqili kompozisiya gözəl idi. Klassiklərin görüşü. Mən zəhməti keçən bütün insanlara, şair İlqar Fəhmiyə və rejissor Nicat Kazımova dərin təşəkkür edirəm…

Amma icazə verin, bir neçə dəfə mətbuata danışdığım hadisəni bu dəfə sizin üçün danışım. İllər əvvəl Serbiyadaydım. Şeir festivalında. Fransadan bir şair vardı. Sen-Simon. Adam sağa gedirdi gözünü məndən ayırmırdı, sola gedirdi gözümün içinə baxırdı. Doğrusu, əvvəl-əvvəl heç nə başa düşmürdüm. Sonra br dəfə hiss elədim ki, xəfifcə çiyin vurdu mənə. Gözüm çiyin çantasına sataşdı, gördüm ki, “Qarabağ Ədəbiyyat Festivalı” sözləri yazılıb. İngilscə. Anladım ki, bu fransız ermənilərin Qarabağda təşkil etdiyi tədbirdə olub, onları sevir, indi isə bunu kobud şəkildə mənim diqqətimə çatdırmaq istəyir. Onun səbrini imtahan eləmək üçün o günü tam laqeyd bir davranış göstərməyə başladım. Hətta gün ərzində onun da olduğu çevrəyə yaxınlaşır, hamıyla bilərəkdən ucadan danışır, söhbətləşir və onu isə heç görmürmüş kimi davrandım. Sabahı gün yemək vaxtı mənə yaxınlaşdı, səbri tükənmişdi, tərcüməçi Çislovla nahar edirdik. Salamsız-kalamsız soruşdu ki, siz ermənilərdən nə istəyirsiz. Dedim ki, suala ancaq bir şərtlə cavab verə bilrəm. Dedi ki, nə şərtdi elə. Dedim ki, sual düz qoyulmalıdır. Soruşdu ki, necə düz? Dedim ki, tərsinə. Bir az fikrə getdi və soruşdu:

-Demək istəyirsiz ki, ermənilər sizdən nəsə istəyir?

– Bəli,-dedim . -Yaxşı, ermənilər sizdən nə istəyirlər?- soruşdu.

– Parisi, dedim və əlavə elədim ki, verib-verməməklə bağlı qərara gəlməmişik hələ. Sonrakı 2 ya 3 gün ərzində o fransız bir dəfə də olsun, mənimlə üz-üzə gəlmədi. Anladım ki, hər şeyi başa düşüb, Paris onun üçün əzizdir. Bunu niyə yenə xatırladım? Bir arzumu demək üçün. Bilirsiz, mədəniyyətdə ardıcıllıq mədəni faktın özündən az vacib olmayan məqamdır, təşəbbüsləri hadisəyə, tarixə çevirən də məhz budur. Şükür ki, 40 il əvvəl də, son iki il də dalbadal “Vaqif poeziya günləri” keçirildi. İnanıram ki, vaxt gələcək bu şeir bayramının tarixi Qarabağ və Şuşa nisgilinin yaşından çox olacaq, otuzuncu, qırxıncı, yüzüncü dəfə keçiriləcək. İstərdim ki, gələcəkdə bu poeziya bayramına dünyanın tanınmış şairləri də dəvət alsınlar, onlarla bağlı ayrı bir proqram tərtib edilsin. Bu həm şeirimizin, həm erməni vəhşiliyinin dünyaya bir başqa cür tanıdılması, təbliği üçün ən təbii imkan və səhnə olacaq.

– Məlumdur  ki, nümayəndə heyyətinin tərkibi haqda birmənalı fikirlər səslənmədi. Özlərini bu səfərə çıxmaqda daha haqlı bilənlər vardı ki, adları siyahıdan kənarda qalmışdı. Tərkibin müəyyənləşməsində hər hansı bir tanışlıq, dostbazlıq, yaxın əlaqələr rol oynamayıb ki?

– Bilirsiz, ədəbi mükafatlarla bağlı bir fikir var. Deyirlər ki, mükafatı alan bir nəfər razı, almayan yüz nəfər narazı qalır. Hər bir adamın həmişə favoriti, dostu, tanışı olur və bu məsələləri heç nəzərə almamaq mümkün deyil. Amma burda qərəz axtarmağı doğru hesab eləmirəm. Düşünmürəm ki, siyahı siz deyən prinsiplərlə tərtib edilmişdi. Mən getməyənlərə tezliklə Şuşanı görməyi arzu edirəm.

-Deyirlər ki, siyahını fond hazırlayıb, elə imzalar var ki, fond onların üstündə dayana bilməzdi, çünki imzalar o qədər də tanınan deyil, deyə mətbuatda fikirlr də səsləndi. Sizcə bu doğrudurmu?

– Mən sualınıza cavab verdim. Bircə onu deyə bilərəm ki, eşitdiyimə görə siyahı böyük idi. Sırf texniki məqamlara görə qismən qısaldılıb.

-Səfər sonu yorğun olmanıza baxmayaraq suallarımızı cavablandırdığınıza görə təşəkkür edirəm.
Söhbətləşdi: Faiq Balabəyli

 

 

Share: