60-IN İŞIĞINDA MEYXOŞ ABDULLAH…

 

60 yaşın tamamını adətən müdrikliyin başlanğıc dövrü adlandırırlar. Yaşanmış bu illər bir tərəfdən ömrün çox, digər tərəfdən az hissəsi hesab edilir.Bununla belə, insanın mənəvi yetkinlik dövrünə qədəm qoyduğu, özü qarşısında hesabat verdiyi 60 il həm də böyük zaman kəsiyidir. Həmçinin, şərəflə yaşanan ömür yolundan asılı olmayaraq, insan həyatında iz qoyan əbədi keyfiyyət möhürüdür. Bu mənada tərcümeyi-halına nəzər salanda görürsən ki, ömrünün 60 ilini geridə qoyan Meyxoş Abdullah üçün də bu illər kifayət qədər dolğun, mənalı yaşanmış bir həyatdır. Və bir də xüsusi olaraq qeyd etmək yerinə düşərdi ki, bu yaşanan illər təkcə onun özü üçün yaşanmayıb, əhatəsi, çevrəsi, bütüvlükdə Azərbaycan ədəbiyyatı üçün yaşanıb. Odur ki, geriyə boylanmağa dəyər təbii…
Şair, nasir, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Meyxoş Abdullah 1962-ci fevral ayının 2-də Cəlilabad rayonunun Xəlilabad kəndində anadan olmuşdur. Anadan olduğu kənddə orta məktəbini bitirdikdən sonra 1982-84-cü illərdə ordu sıralarında xidmət etmişdir. 1984-cü ildə ordudan təxris olunandan sonra Bakı Maliyyə Kredit Texnikumunda təhsil almışdır. Uzun müddət təyinatla göndərildiyi Cəlilabad rayon Baytarlıq İdarəsində baş mühasib vəzifəsində çalışmışdır.
Ədəbi fəaliyyətə XX əsrin 80-ci illərindən başlamışdır. İlk qələm təcrübələri “Yeni gün”, “Nəğmələr”, “Son söz”, “Xeyir və şər” və s. qəzetlərdə çıxmışdır. “Doktor Qəzənfər haqqında xatirələr” (2000), “Cəlilabad baytar işçiləri” (2000), “Didərgin ruhlar” (2001) kitabları “Azərnəşr”də kütləvi tirajla buraxılmışdır. Onun yazmış olduğu “Alagöz” hekayəsi 2002 -ci ildə Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun Milli mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi “Yaddaş” mükafatına layiq görülmüşdür. Əsər keçirilən müsabiqədə 2-ci yeri tutmuş,”Gənclik” nəşriyyatının təşəbbüsü və maliyyə dəstəyi ilə nəşr edilmişdir. Yazıçının “Doktor Qəzənfər”, “Didərgin ruhlar”, “Alagöz”, “Şeytan gülüşü”, “Anakonda ovu”, “Əsir qadın” və “Qapısı gecə döyülən qadın” kitabları müxtəlif illərdə çap olunmuş və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Əsərləri rus, Türk, fars, qırğız dillərinə tərcümə olunmuşdur. 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinin keçirtdiyi müsabiqədə onun “Alagöz” povesti 2-ci yeri tutmuş, “Yaddaş” mükafatına layiq görülmüşdür. “Alagöz” povesti 2021-ci ildə Mədəniyyət Nazirliyinin keçirtdiyi ssenari müsabiqəsində 1-ci yerə layiq görülmüşdür.
2000-ci ildə “Doktor Qəzənfər”, 2001-ci ildə “Didərgin ruhlar”, 2002-ci ildə “Alagöz”, 2004-cü ildə “Şeytan gülüşü”, 2005-ci ildə “Anakonda ovu”, 2009-cu ildə “Əsir qadın” və 2018-ci ildə isə “Qapısı gecə döyülən qadın” kitabları işıq üzü görmüşdür. 2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Meyxoş Abdullah özü haqqında danışanda xüsusi olaraq qeyd edir ki, məni qınamayın, mənə elə gəlir ki, mən elə anadan yazıçı doğulmuşam. Mənim yaşam tərzim düşüncələrim, sevgim və davranışım bu hisslərlə köklənmişdir. Təbiəti, insanları və Tanrını çox sevirəm. Bu sevgi qeyri-adi bir sevgidir, yəni heç kəsin sevgisinə bənzəməyən və oxşarı olmayan bir sevgi. Və ən təəccüblüsü də budur ki, mənim həyatda çəkdiyim bütün ağrı-acıların baisi, məhz insanlara olan rəğbətimdən və onları həddən artıq çox sevdiyimdən irəli gəlir. Siz mənə bir insan göstərin ki, dünyada baş verən bütün haqsızlıqların günahını öz boynuna götürsün. Sizcə, elə insan varmı?! Təbii ki, yox deyəcəksiniz!.. Amma nə qədər qəribə də olsa, o insan mənəm. Ömrü boyu başqalarının etdiyi günahların əzabını çəkirəm. Amma bundan gileylənmirəm. Çünki, yazıçının həyatı, taleyi belə olmalıdır. Axı, yazıçı milyonlarla insanın fikir və düşüncələrini, ağrı və açılarını öz qəlbinin süzgəcindən keçirib yazan bir şəxsdir. Mən mütləq yazıçı olmalıydım! Yazıçılıq mənim taleyimdir, həyat tərzimdir. Sözün həqiqi mənasında yazıçı elə özü öz həyat kredosunu tam aydınlığı ilə açıb göstərir.
Təbii ki, hər bir yazıçının istəyi və arzusu oxucusunun çox olması və kitablarının geniş oxucu kütləsi arasında yayılmasıdır. Elə bu baxımdan da Meyxoş Abdullahın bəxti gətirmişdir. Belə ki, onun 40-a yaxın hekayəsi, iki povesti və iki romanı rus dilinə tərcümə olunmuşdur. Bu əsərlərin tərcümə olunmasında Leyla xanım Qədirzadənin, Təranə xanım Məmmədin, dostu Giya Paçxataşvilinin böyük xidmətləri olmuşdur. Bundan əlavə Eminə xanım Öksüzoğlu Türk dilinə hekayəsini, “Alagöz” əsərini fars dilinə Sahra Rezayi xanım, “Altıncı mərtəbə” hekayəsini Qırğız dilinə Maksun Satıldıbəyova, “Altıncı mərtəbə” və “Üşüyən yarpaqlar” hekayələrini Türkmən dilinə Oraz Muratova tərcümə etmişdir.
Yazıçı Meyxoş Abdullahı oxucu ilə dil tapan yazar, yazdığı əsərlər qarşısında hesabat verən yazıçı adlandırırlar. Tənqidi qərəzsiz qəbul edir. Çünki deyir ki, bütün əsərləri uğurlu ola bilməz. Bu barədə yazıçı öz fikrini belə əsaslandırır: – “Əsər üzərində işləyərkən gözlərimin önünə, birinci növbədə oxucularımı gətirirəm. Onların hansı məqamlarda mənə öz iradlarını bildirəcəklərini qabaqcadan duyduğuma görə, əsərlərim üzərində dönə-dönə işləməyə məcbur oluram.”
İstər povest və istərsə də hekayələrində yazıçı mövzu üzərində işləyərkən, öz vicdanının səsinə qulaq asır, hər hansı kənar müdaxilələrə və şirnikləndirici amillərə yol vermədən yalnız və yalnız öz qəlbinin hökmünü dinləyir.Özü də təsdiq edir ki, yazar üçün bundan başqa ikinci yol yoxdur.
Yazıçı – publisist, AYB və AJB-nin üzvü, “Qızıl qələm” media mükafarı laureatı Səyavuş Süleymanlı yazır ki, yazıçı Meyxoş Abdullahın dili lakonik, şirin və axıcıdır. Oxucu onun fikirlərini yaxşı başa düşür. Dilin şirinliyi, ifadələrin aydınlığı, təhkiyə formasının ideyaya xidmət etməsi, məzmun zənginliyi, savadlı nitq mədəniyyəti, oxucunun hadisənin axarına aparmaq məharəti, fərdi yaradıcılıq üslübuna sadiqliyi yazıçı Meyxoş Abdullahın ən əsas məziyyətləridir.
Hamıya bəllidir ki, nasirlər əsərlərini yazarkən həmişə fikirlərində oxucuları ilə həmsöhbət olurlar. Bəzən, hətta masa arxasında oturub oxucu ilə söhbət də edirlər. Yazıçı Meyxoş Abdullah bu barədə belə deyir: “Hər bir yazarın arzusu oxucusu ilə həmsöhbət olmaq, onların irad və təkliflərini dinləməkdir. Bu baxımdan mənim problemim yoxdur. Demirəm ki, mən kitablarımı oxuyanlardan hamısından xoş sözlər eşidirəm.Yox, bu bir az düzgün olmazdı”.
Bax beləcə, tanıyıb oxuduğumuz, oxuya-oxuya tanıdığımız və tanıdıqca da sevdiyimiz yazarlardandır Meyxoş Abdullah. İstedadlı yazıçı Meyxoş Abdullah gözəl nasirdir. O, cənub bölgəsində və onun hüdudlarından da kənarda tanınan, öz dəst-xətti ilə seçilən, çağdaş ədəbiyyatımızda nüfuzlu və görkəmli yazıçılardan biridir.
Bu günlər tanınmış yazıçı, söz sərrafı, çağdaş ədəbiyyatımızda realist hekayələri ilə şöhrət qazanmış yazıçı Meyxoş Abdullahın 60 illik yubileyidir. Çoxsaylı oxucuları kimi mən də Meyxoş müəllimi səmimi qəlbdən təbrik edir, uzun və mənalı ömür, möhkəm can sağlığı arzulayıram. Arzu edirəm ki, dəyərli yazıçımız Meyxoş Abdullah bundan sonra da öz qızıl qələminə sarılıb daha bitkin, daha məzmunlu realist əsərlər yaratsın. Bu yolda dəyərli yazıçımıza yaradıcılıq uğurları və bol-bol oxucu sevgisi, məhəbbəti arzulayıram.

Leyla Qadir qızı Məcidova
Tarix üzrə Fəlsəfə doktoru,
Lənkəran Dövlət Universitetinin
baş müəllimi

Share: