AAK barədə təəssüratlarım…

Ölkə xaricində ilahiyyat üzrə bakalavr, magistratura və doktorantura pillələrində sistemli şəkildə ali təhsil aldıqdan sonra doğma vətənim Odlar Yurdu Azərbaycana qayıtdım. Bakalavr və magistratura üzrə aldığım diplomları hələ 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində sabiq Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən leqallaşdırıb rəsmiləşdirdim. Lakin sonrakı illərdə doktorantura üzrə diplomumun ölkəmizdə tanınması və təsdiqinə nail ola bilmiridm. Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda bir müddət (2011-2012) Baş laborant vəzifəsində çalışdığım zaman yalnız doktorluq diplomlarımdan birinin sadə tərcüməsi və Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən rəsmi Notarus tərəfindən təsdiqi əsasında doktorluq diplomu olan bir işçi kimi AMEA-a qəbul olunmuşdum…



AAK: dünən və bu gün…


Doğrusu indiyədək (xüsusilə də 2013-cü ildən sonra) bir neçə dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət etmişdim. Lakin hər dəfə orada müşahidə etdiyim soyuq münasibət, qarışıq və çətin durum, həmçinin diplomun tanınması üçün göstərilən ağır şərtləri görüncə ümidsiz olur, xaricdə aldığım doktorantura diplomun ölkədə tanınması əvəzinə elə burada doktorantura üzrə yenidən təhsili almağın daha asan və daha münasib olduğu qənaətinə gəlirdim. Belə bir qənaəti qardaş Türkiyə Cümhuriyyəti və Almaniyadan doktorantura üzrə diplomla qayıtmış bir neçə tanış və dostdan da eşidir və görürdüm. Bundan əlavə, o zamanlar diplomların tanınması üçün bəzi dəllalların mövcudluğu da, kimsəyə gizlin olmamalıdır… Bütün bunlar məni bir daha AAK-a müraciət etməkdən yayındırırdı…
İllər ötüb-keçdi və nəhayət, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə professor Famil Mustafayev 2019-cu ilin 21 iyun tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsinə keçdi.
Son illər ərzində hörmətli professor Famil Mustafayevin gəlişindən sonra AAK-da vəziyyətin müsbət mənada dəyişdiyini, xaricdən alınmış diplomların tanınması və elmi dərəcələrin verilməsi sahəsində qaydaların asanlaşdığını eşitdim. Onun şəxsiyyəti və insani keyfiyyətləri barədə də, müəyyən məlumatlar əldə etmişdim. Bütün bunlar mənim lazım olan sənədləri hazırlayaraq ötən il (2021) bir daha AAK-a rəsmi müraciət etməyimə səbəb oldu.
Əslində buna görə heç yanılmadım da… Çünki orada müşahidə etdiyim durum və vəziyyət ötən illərlə müqayisədə çox dəyişmişdi. Qurumun istənilən əməkdaşından yalnız diqqət və nəzakət görmək mümkün idi. İlk dəfə olaraq sənədlərimin qəbulu üçün AAK-ın iqtisad, fəlsəfə, sosiologiya və siyasi elmlər üzrə şöbə müdiri hörmətli doktor, dosent Mübariz müəllim Məmmədli ilə qarşılaşdım. O, böyük səmimiyyət və səbirlə işin qaydaları və iş prosedurasını mənə anlatdı. Bu dəfə çox ümidləndim, həm də sevindim. Beləliklə də, tez bir zaman ərzində lazım olan bütün sənədlərimi toplayıb 2021-ci ilin sentyabr ayında AAK-a rəsmi müraciət etdim.



Ekspertlər şurasının iclası…


Pandemiyadan yaranmış məhdudiyyətlərə görə, sənədlərə baxılma işi ləngisə də, nəhayət, 12.04.2022 tarixində AAK-nın Ekspertlər Şurasının İclasına dəvət olundum. Olduqca gərgin keçən iclasda bəzi anlaşılmamazlıq və narahatçılıqlarla üzləşdim. Əslində belə bir vəziyyətin yaranması təbii idi. Çünki Azərbaycan Respublikasında ilahiyyat üzrə xüsusi indeks mövcud deyil və ölkəmizdə ilahiyyat əsasən fəlsəfənin bir sahəsi olaraq qəbul edilir. Bu da, Ekspertlər Şurasında müəyyən problemlərə səbəb olur. Hər halda belə bir ciddi problemin yaxın gələcəkdə həllinə ümid edirəm…
İclasın sonunda mənə qərarın kollegiyalar iclasının qərarından sonra veriləcəyi bildirildi. Əlbəttə, o gərgin keçən iclasda Ekspertlər Şurasının sədri, doğma Azərbaycanımızın əziz və dəyərli xanım-xatınlarından və görkəmli alimlərindən sayılan professor Könül xanım Bünyadzadə, doktor, dosent Mübariz müəllim Məmmədli və başqalarından tam səmimi, ədalətli və obyektiv yanaşma müşahidə edib onlara, ümumilikdə isə hər kəsə minnətdar oldum və narahat halda evə qayıtdım…
Sabahsı gün iclasda gördüklərimi və əsas narahatçılıqlarımı 3 səhifəlik səmimi bir məktubda AAK-ın sədri hörmətli professor Famil müəllimə yazıb, təxminən 20 il müddət ərzində çəkdiyim zəhmətlərin hədərə getməsindən, onun düzgün qiymətləndirilməməsindən öz narahatçılığımı bildirdim. Sonda isə hörmətli professordan bu məsələ ilə bağlı düzgün və ədalətli qərarın verilməsini rica etdim…



Qəfil telefon zəngi…


2022-ci ilin iyun ayının 8-ci günü səhər saatlarında qəfildən telefonuma 012 kodu ilə başlayan bir zəng gəldi. Telefonumu açdım. Danışan AAK-ın bir xanım əməkdaşı idi. Məni təbrik edərək diplomumun AAK tərəfindən tanındığını və elmi dərəcə ilə bağlı Şəhadətnaməni almaq üçün 10.06.2022 tarixində, səhər saat 10.30 dəqiqədə şəxsiyyət vəsiqəmlə AAK-da olmağımı bildirdi…
Əvvəl elə təsəvvür etdim ki, bu bir yuxudur. Çünki 12.04.2022 tarixində AAK-ın Ekspertlər Şurasının İclasındakı əhval-ruhiyyə mənə çox mənfi təsir qoymuş, doğrusu o iclasdan sonra diplomumun AAK tərəfindən tanınacağı ilə bağlı ümidlərim azalmağa başlamışdı. Lakin Ulu Tanrının həyatda çəkilən zəhmətləri görməzdən gəlməməsi, həmçinin AAK-da professor Famil Mustafayev kimi alim və alicənab, həm də ədalətli bir rəhbərin olduğunu düşünüb bu işin sonda yaxşılıqla nəticələnəcəyinə əmin oldum…



10 iyun: unudulmaz və gözəl cümə günü…


İyun ayının 10-da cümə gününün gözəl və ürəkaçan səhər saatlarında Bakıya yola düşdüm. Sirli və füsünkar İçəri şəhərə yaxınlaşdıqda paytaxtda keçirilən beynəlxalq Formula 1 və Formula 2 üzrə Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar əsas yolların bağlı olduğunu gördüm. Lakin hər şeyə rəğmən piyadaların rahat gediş-gəlişi üçün ərazidə xüsusi yollar təyin edilmişdi. Yol boyu hər tərəfdə xarici turistlər və polislər gözə dəyirdi. Uzun-uzadı dar yollar və körpüləri keçdikdən sonra AAK-ın inzibati binasına çatdım və girişdə dayanmış inzibatçı polis tərəfindən qeydiyyata alındım.
Bu zaman 20-ə yaxın alimin binadan sevinclə çıxıdığının şahidi oldum. Onların əksəriyyəti xanım alimlərimiz idi və hər birinin əlində elmi dərəcəni təsdiq edən diplomlar müşahidə olunurdu… Az sonra 30-a yaxın alimlə birlikdə binaya daxil olduq və bizi binanın 2-ci mərtəbəsindəki böyük zala dəvət etdilər. Bu, eyni gün ərzində AAK-a elmi dərəcəsini almaq üçün dəvət edilmiş II alimlər partiyası idi. Onların da, əksəriyyəti xanım alimlərimiz idilər.
Şəxsiyyət vəsiqəsi ilə qısa bir qeydiyyatdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasın sədri, hörmətli professor Famil müəllim Mustafayev otağa daxil oldu. Mən professor Famil müəllimi ilk dəfə idi ki, yaxından ziyarət edirdim. Onun nə qədər mədəni, kübar, ciddi, işgüzar, etikalı və eləcə də, insani keyfiyyətlərə malik olan bir professor-alim olduğunu görüncə qəlbimdəki əminliyin doğru olduğuna şahid oldum.
Professor Famil müəllim ilk öncə görüşdə iştirak edən 30-a yaxın alimi təbrik edib, AAK-a sədr olaraq gəlişindən sonra bu mühüm dövlət qurumunda görülən islahat işləri, diplomların tanınması prosesində mövcud olan əngəllərin aradan qaldırılması və prosesin imkan daxilində sadələşdirilməsi, AAK tərəfindən plaqiatla ciddi mübarizə aparılması, görülən işlərin qanuna uyğun olaraq təmənnasız şəkildə həyata keçməsi, təqdim edilən diplom və sənədlərin daha keyfiyyətli və daha səviyyəli şəkildə hazırlanması, həmçinin, gələcəkdə görüləcək işlər, planlar və digər məsələlər barədə maraqlı söhbət etdi.
Mən AAK rəhbərininin sözlərini dinləyən halda həm də, ölkə xaricində doktorantura üzrə ali təhsil aldığım zaman üzləşdiyim bütün çətinliklər, məşəqqətlər və uğurlar gözlərimin önündən sanki film fraqmentləri kimi ötüb-keçir, buna görə gah sevinir, gah da, kövrəlirdim…
Ardınca alimlərin ad və soyadları bir-bir çəkilərək onlara elmi dərəcələrlə bağlı diplom və sənədlər təqdim olundu. Növbə mənə çatanda professor Famil müəllimə yaxınlaşıb görüşdüm və “Fəlsəfə üzrə fəlsəfə doktoru” elmi dərəcəsini təsdiq edən “Şəhadətnamə”ni şəxsən onun özündən aldım. Aramızda qısa bir dialoq oldu və mən hər şeyə görə professor Famil müəllimə və eləcə də, AAK-da çalışan bütün dəyərli insanlara və alimlərə öz səmimi minnətdarlığımı və ən xoş arzularımı çatdırdım.
Sonra bir etibarlı mənbədən eşitdim ki, professor Famil müəllim mənim ona ünvanladığım 3 səhifəlik məktubu oxumuş, AAK-a təqdim etdiyim bütün sənədləri diqqətlə nəzərdən keçirdikdən sonra ölkə xaricində aldığım diplomun tanınması ilə bağlı son qərarı vermişdir.
Əslində bu, professor Famil müəllimin ləyaqətli dövlət məmuru olmaqla yanaşı həm də, həyatda ədalətli, obyektiv və səmimi bir insan, elmin və alimin sözünü dərk edə bilən ləyaqətli bir alim olduğunun göstəricisidir. Onun rəhbərlik etdiyi qurumun da belə gözəl və təqdirəlayiq olması labüddür.
Mən AAK-a müraciət etdiyim təxminən 10 aylıq (2021-ci ilin avqust ayından 2022-ci ilin iyun ayına kimi) müddət ərzində bircə dəfə də olsun orada hər hansı bir korrupsiya, rüşvət və s. halları müşahidə etmədim. Kimsə məndən diplomumun tanınması üçün hər hansı bir məbləğ və s. tələb etmədi. Bunu bir-başa və ya dolayısı yolla mənə eşitdirən də olmadı. Hətta, diplomumun tanınması xəbərini ilk dəfə telefonla mənə çatdıran və adını bilmədiyim AAK-ın xanım əməkdaşına ürəkdən və səmimi qəlbdən hədiyyə və şirinlik təklif etsəm belə, bundan imtina edib, qətiyyət və nəzakətlə: – “Təşəkkür edirəm! Heç bir şeyə ehtiyac yoxdur!” cavabını söylədi…
Düşünürəm ki, Azərbaycanda elmi ad və elmi dərəcə almış hər bir alim AAK-a, xüsusilə də, 2019-cu ilin 21 iyun tarixindən etibarən bu dövlət qurumundan elmi dərəcə almış hər bir alim şəxsən professor Famil Mustafayevə borcludur. Çünki bu qurumda çalışanlar min bir məşəqqət və min bir əziyyətlə hər bir alimin dissertasiyası və sənədlərini bir-bir araşdırır və sonda ədalətli qərar verməyə çalışırlar.



Bu yazını yazmaqda hədəfim…


Mən bu sözləri yalnız diplomumun AAK tərəfindən tanındığına görə deyil, ölkə xaricində doktorantura üzrə ali təhsilimin hansı əzablı və məşəqqətli yollardan keçdiyini, həmçinin, bu sahədə sözün həqiqi mənasında əzablara qatlandığımı və sənədlərimin hazırlanıb AAK-a təqdim edilməsi üçün nə qədər çətinliklərə düşdüyümü bildiyim, professor Famil müəllimin isə tam ədalət, səmimiyyət, diqqət və obyektivliklə elm sahəsindəki əməyimə doğru-dürüst şəkildə qiymət verdiyi üçün yazıram.
Bu sözləri yalnız mənim elm sahəsində əməyimə doğru-dürüst şəkildə qiymət verildiyi üçün yazmadım. Çünki AAK məndən başqa yüzlərlə alimin də əməyini ədalətli və doğru-dürüst tərzdə qiymətləndirməyi bacaran və bunu həyata keçirən önəmli bir dövlət qurumudur.
Həyatda obyektiv olmaq insaf və ədalətin tələblərindəndir. Mən AAK-da gördüklərimi və müşahidə etdiklərimi yazıb paylaşmağı özümə vicdan borcu sayaraq bu qısa məqaləni qələmə almağa qərar verdim. Bunları yazdım ki, həm ölkəmizin elm və alimə layiqincə qiymət verən dəyərli simaları və görkəmli alimlərinə minnətdar olum, həm də hər kəs belə əziz, qiymətli, ləyaqətli və görkəmli alimlərimizi, eyni halda dəyərli Dövlət kadrlarını yaxından tanısın.
Düşünürəm ki, dəyərlər və dəyərlilər yaşasın deyə təmənnasız şəkildə, həm də olduğu kimi təqdim edilməli və dəyərləndirilməlidir. Bu, mənim dəyişməz həyat qanunlarımdan biridir…

Xüsusi minnətdarlıq…
Sonda bir daha Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasın sədri, doğma vətənimizin görkəmli, dəyərli və kübar alimi, hörmətli professor Famil müəllim Mustafayevə, eləcə də, bu önəmli Dövlət qurumunun bütün dəyərli və diqqətli əməkdaşlarına, xüsusilə də, AAK Ekspertlər Şurasının sədri hörmətli xanım-xatın professor Könül xanım Bünyadzadəyə və AAK-ın şöbə müdiri, iqtisad elmləri namizədi, hörmətli doktor, dosent Mübariz müəllim Məmmədliyə öz səmimi minnətdarlığımı bildirir, onarın hər birinə həyatda uzun və mənalı ömür, möhkəm can sağlığı və sonsuz xoşbəxtlik arzulayıram!
Mən sözün həqiqi mənasında bu dəyərli insanlarda elm və biliyin yüksək səviyyəsi ilə yanaşı həm də, yüksək mədəniyyət, etika, kübarlıq və insaniyyət dəyərlərinin birləşdiyini müşahidə etdim. İnanıram ki, ali təhsil və yüksək elmi dərəcələr insani dəyərlərlə birgə olmadıqda, elmi dərəcə və titulların elə də ciddi faydası olmur, bəzən daha dəhşətli fəsadlara yol açır…
Ulu Tanrıdan diləyim budur ki, belə bir məsuliyyətli elmi dərəcədən sonra məni əziz və doğma Vətənim, Dövlətim və Xalqımın qarşısında utandırmasın və hər zaman onlara və ümumiyyətlə, insanlıq adına ən layiqli xidmət göstərməkdə mənə yardımçı olsun!

İlqar İsmayılzadə

Fəlsəfə üzrə fəlsəfə doktoru,

“Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru

Azərbaycan Jurnalistlər Birliyinin üzvü
12.06.2022

Share: