Haqqa tapınaqlı şair… – Leyla Məcidova yazır

 

Tanınmış söz adamı olmaq sıradan bir titul yox, əsl şərəfli, şəxsinə xətir-hörmət qazandıran bir tituldur. Amma elə hörməti, ad-sanıyla söz adamının çiyinlərinə düşən bir məsuliyyət hissi də var söz adamı olmağın. Yenə hər halda söz adamı olmaq Tanrı seçilmişlərinin qədəri, alın yazısı, tale payıdır. Söz adlı nəsnəmiz Tanrı dərgahından gəldiyindən, müqəddəs sayıldığından Əlahəzrət Söz adamları da, Yer üzünün müqəddəsi, haqqa yaxın olanlarıdır. Haqq Tanrının məqamına aid olduğundandır ki, haqqa tapınan, haqq aşiq olanlar, Tanrının Söz yolçuluğuna bir ömür xidmət edənlər heç şübhəsiz Yaradana yaxın olanlardır.
Bəşəriyyətin bu günə kimi kəşf etdiyi ən güclü silah elə məhz sözdür. Onun varlığı, yaşamı da sözə bağlıdır ki, onsuz nə gündəlik nitq, nə ədəbiyyat, mədəniyyət, elm, təhsil, siyasət mövcud ola bilməzdi. Bütün müqəddəs kitablar sözün hikmətini xüsusi vurğulayıb, onu müqəddəsləşdiriblər. Dini rəvayətə görə, mələk Cəbrayıl Məhəmməd Peyğəmbərin gözünə görünəndə ona yaşıl ipəyin üstündə yazılmış alov kimi yanan sözləri göstərib “Oxu” demişdi. Müqəddəs İncildə də sözə ilahilik verilir: “Əvvəlcə söz yarandı, sonra Tanrının sözü oldu, nəhayət söz Tanrıya çevrildi”.
Maraqlıdır ki, Allahın elçiləri başda olmaqla, seçilmişlərin böyük əksəriyyəti şair olublar. Sözü nizama çəkib qüdrətə mindiriblər. Sözü nizama çəkib, qüdrətə mindirən yazarlarımızdandır Məsud Məmmədov (Məsud Dövran). O, da əsl söz adamı, şair olaraq sözü Tanrıya ucaldıb, Tanrının sözünü vəsv edib həmişə.

Yaşamaq, yaşamaq, yaşamaq Məsud?
Ölüb-dirilməyin yaşamaqdadır.
Ömür möhtac olub bir şama əgər.
Şamın da yanmağı axşamındadır!

Bu gün Azərbaycanın elm aləmində, eləcə də ədəbiyyat sahəsində professor Məsud Məmmədov imzası hamıya tanışdır. Zəkası, bacarığı, istedadı və qələminin qüdrətiylə Məsud müəllim öz imzasını ədəbi aləmdə qranitləşdirib desəm heç də yanılmaram. Məsud müəllim bu gün dəyərli alim olmaqla qalmır, o, həm də böyük söz adamı – şairdir. Eləcə də Məsud müəllim Həzrəti Peyğəmbərimizin şərəfləndirərək, “Mənə bir hərf öyrədənin bir ömür qulu olaram” – deyərək bir daha şərəfləndirdiyi öyrətmən, ustad, müəllimdir. Yüzlərlə tələbəsi Məsud müəllimin zərrələri olaraq Respublikamızın elmi-pedaqoji, idarəetmə və mədəni sahələrində qətiyyətlə öz sözlərini deməkdədirlər.
Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Xalq Maarif əlaçısı Məsud Əliağa oğlu Məmmədov (şair Məsud Dövran) 27 iyul 1937-ci ildə Astara rayonunun Şahağacı kəndində anadan olmuşdur. 1954-cü ildə Astara rayonunun Şiyəkəran kənd orta məktəbini bitirmiş və 1958-ci ilə qədər Şahağac kənd məktəbində “pioner baş dəstə rəhbəri” vəzifəsində çalışmışdır. 1958-1962-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedoqoji Dillər İnistitutunun “Rus dili və ədəbiyyatı” fakültəsində təhsil almışdir. İnistitutu bitirdikdən sonra AMEA-nın Nəsimi adına Dilçilik İnistitutunun “İran və Qafqaz” dilləri şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır.
Məsud Əliağa oğlu Məmmədov 1973-cü ildə akademik elm aləminə məlum olmayan “xələc dili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1975-1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim vəzifəsində fəaliyyət göstərən Məsud Məmmədov sonralar “Rus dili” kafedrasının müdiri , “Rus dili və ədəbiyyatı” fakültəsinin dekanı, 1987-1992-ci illərdə tədris işləri üzrə prorektor vəzifəsinə qədər yüksəlmişdir. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1985-ci ildən isə professordur.
Məsud Məmmədov 1992-1994-cü illərdə Qazaxıstanın Çimkənd vilayətinin Türkistan şəhərində təşkil olunmuş Türk-Qazax Beynəlxalq Universitetinə dəvət olunmuş və “Türk dili”kafedrasının müdiri vəzifəsində çalışmışdır.
1994-cü ildən Lənkəran Dövlət Universitetində çalışır. Alim 300-ə yaxın elmi məqalə, 5 monoqrafiya, 6 şeirlər kitabının müəllifidir. “Həsrət” – 1996, “Belə dünyadır bu dünya” – 1999, “Yetim dünya” – 2000, “Ömürdən bir damla” – 2003, “Az tolışim” ( talış dilində ) – 2004, “Tyrandan ovoz” ( özbək dilində ) – “Taşkent “ZİE”” 1994 kitabları elmi-ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Ailəlidir, iki oğlu, bir qızı, 6 nəvəsi,3 nəticəsi var.
Məsud müəllim poliqlot olaraq bir neçə dil bilir: Azərbaycan, rus, özbək, talış – doğma dilində şeirlər yazır.Rüstəm Behrudi yazır ki, dünyada ən çətin şeylərdən biri söz haqqında söz söyləməkdir. Özü də şeirə çevrilmiş (yəni, əbədiyyətin andan keçdiyinə hesablanmış) sözə söz demək zor bir iş olsun gərək! Mənə elə gəlir ki, söz dünyada olan hər şeyin –ağacın, otun, çiçəyin, dağın-daşın və hətta insanın belə sevə biləcəyi bir tabutdur. Tanrı bu hər şeyin içində istisnadır. Onda söz Tanrını yenidən kəşf eləməyin ən möhtəşəm yolu olsun gərək! Yazılan sözlərdən Tanrı baxmırsa, onları yazıya köçürməyə nə hacət.?! Məsud müəllimin şeirləri də haqqa, ədalətə söykənili bir poeziya, Tanrı diktəsi olduğundan onun da misralarından Tanrının özü boylanır. Məsud müəllimin şeirləri sevilə-sevinə, elə lap sevinə-sevinə də oxunur. Nədən və necə yazmasından asılı olmayaraq Məsud müəllimin yaradıcılığı orijinallığı, özünəməxsusluğu ilə daha çox cəlb edir. Bütün yaradıcılığı ilə O, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına şərəflə xidmət edir. Hər an dostlarına, gündəlik fəaliyyətdə olduğu məslək, əqidə yoldaşlarına münasibətdə səmimiliyi, təmənnasızlığı, nəfsini, heysiyyətini, məğrurluğunu saxlamağı bacarır Məsud Məmmədov. Yaradıcılığında səmimi duyğulara, saf sözə sədaqətlidir Məsud müəllim. Onun şeirləri bayağı səs-küydən uzaqdır. Pafosdan, ritorikadan, hay-küydən uzaq, insanın içinə enən, insana insanı anlatmaqdan gözəl nə var ki, dünyada?! Əsl şairlik də elə budur. Məsud müəllimin şeirlərini oxuya-oxuya Azərbaycan şeirinin keçdiyi yol canlanır gözümdə.Füzulidə şeir – dua,Nəsimidə duaya qarşı etiraz və qiyam, Xətaidə meydan oxumaq,Caviddə fəlsəfi düşüncə… Bunu davam eləmək də olar…Sevindirici hal odur ki, Məsud müəllimin şeirlərində bunların hamısı – dua, etiraz, meydan oxumaq və fəlsəfi düşüncə misralarına süzülən istedadın işığında fərqli şəkildə boy göstərir. Ümumiyyətlə professional yazar, ədəbiyyat adamı olaraq Onun şeirləri də mövzu baxımından rəngarəng, axıcı, rəvan və oxunaqlıdır. Pandemiyanın dünyada tüğyan etdiyi bir vaxtda Məsud Məmmədovun ( Məsud Dövran)yaradcılığı yeni elmi kitablarının çapdan çıxması ilə yadda qaldı Bakı, “Elm və Təhsil” nəşriyyatı tərəfindən “Azərbaycanın Lənkəran zonasının toponimləri” adlı iri həcmli elmi monoqrafiyası çap olunub kitabın məsul redaktoru Filologiya elmləri doktoru, professor Nadir Məmmədli, rəyçilər Filologiya elmləri doktoru, professor Qara Məşədiyev və Tarix üzrə fəlsəfə doktoru Leyla Məcidovadır. İri həcmli (448 səhifəli) monoqrafik əsər bütövlükdə Lənkəran ovalığının toponimiyasına həsr olunmuşdur. Müəllif tərəfindən Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının toponimləri leksik –semantik, eləcə də qrammatik cəhətdən elmi araşdırılmış, bölgənin etnonim və toponimləri kompleks şəkildə tədqiq olunmuşdur.Araşdırma bütövlükdə böyük elmi maraq doğurur. Monoqrafiya elmi işçilər və filologiya, coğrafiya və tarix fakultələrinin tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Digər elmi monoqrafiya dünyada ilk dəfə “Халаджский язык” Bakı, “Elm və Təhsil” nəşriyyatı tərəfindən çapdan çıxmışdır.
Məsud müəllim Lənkəran Dövlət Universitetində çoxları kimi mənim də müəllimim olmuşdur. Yeri gəlmişkən, Məsud müəllim təmənnasız insandır. Belə ki, mənim bu günkü uğurlarımın əsl səbəbkarı o olmuşdur. Məni doğma Universitetə işə ilk dəfə Məsud müəllim qəbul etmiş, həmişə də arxamda dağ kimi duraraq yol göstərmiş, köməklik etmişdir. Tələbələrini doğma balası kimi onda da sevərdi, elə indi də sevir. Bu sevgi, bu məhəbbət indi də davam etməkdədir.

Tarixi var, heyran qoyur hər kəsi,
Əsrləri oyatmışdır nəğməsi.
Gözəllərin güldür üzü, nəfəsi,
Belə ölkə, belə diyar harda var?

Babək yurdu, hər daşında nişan, iz,
Təbiəti çeşmələr tək tər-təmiz.
Bulaqlardan qidalanıb göy dəniz,
Belə ölkə, belə diyar harda var?

Bığıburma, qaraqaşlı qocalar
Yüzü keçib, min igiddən bac alar.
Məsud görüb bundan ruhən ucalar,
Belə ölkə, belə diyar harda var?

Dəyərli müəllimimizə, ustad sənətkarımıza 85 yaş münasibətiylə can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru baş müəllim
Məcidova Leyla Qadir qızı

Share: