Bəxtiyar VAHABZADƏ: Şeirim -imanım mənim  

Dadaşova  Reyhan

Filologiya üzrə fəlsəfə doktoru

Söz bəşər övladına təkcə ünsiyyət azadlığı vermədi, onu vəhşi həyat tərzindən uzaqlaşdırdı, insan məhəbbətini, insan nifrətini əyaniləşdirdi. Təbiidir ki, söz insan təfəkkürünün, xüsusən də bədii, poetik təfəkkürün reallaşmasına güclü təkan verdi. Bu da həqiqətdir ki, söz nitqin xüsusilə də poetik təfəkkürün canı-çövhəridir. Yəni fikrin emosional, ritmik forması olan şeir insan duyğularının ifadəsi üçün daha enerjili, daha ötkəmlidir.

Lakin şeirin, poetik təfəkkürün güclü olması üçün təkcə qafiyə sistemi, misra ölçüsü, nida işarəsi, gurultulu, hay-küylü ifadələr insan ruhunu ehtirasa gətirmir. Poeziya hər şeydən əvvəl xüsusi ehtiras, mənalı fikir, ürək yanğısı tələb edir. Nizami “sözün də su kimi lətafəti var”, hikmətini,  Nəsimi “…həq sözün gör ki, necə dürdanədir”, deyərək sözün dəyərini anlatdı. Füzuli “…kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”, qüdrətini, S.Təbrizi “…quş kimi açdı qanad göylərdə covlan etdi söz”, sözün sənə aid olmadığını və bu səbəbdən danışdığın sözə diqqət etməyi məsləhət gördü. Q.Təbrizi “…ta zərurət düşməyincə söyləmən, zinhar söz” deyərək sözün həm qüdrətini, həm də dəyərini oxucusuna catdırdı. Dahi sənətkarlar “söz zərdir: necə gəldi, harda gəldi danışmaq onu dəyərdən salır” deyiblər. Əslində bütün ədiblər eyni fikri səsləndirib, ancaq hər biri sözün qüdrətini özünəməxsus ifadə edib. B.Vahabzadə isə, sözdəki məntiqi məzmunu, törəmə məna və emosional cəhətləri görə bilir və onun vasitəsilə öz emosiyasını ifadə edirdi. O, dəfələrlə vurğulayırdı ki, “İnsanın varlığı, mahiyyəti-onun fikridir, düşüncəsidir. Fikir, düşüncə isə insanın sözlərində özünü göstərir. İndi ki belədir, demək sözlərim mənim aynadakı əksimdir” – deyirdi.

Xalqın varlığıdır hər kəlmə, hər söz,

Xalqa təcavüzdür sözə təcavüz.

Biz bu mənada Bəxtiyar Vahabzadənin poeziyasını həqiqi poeziya kimi qiymətləndirməyə haqlıyıq. Bu Prometey ruhlu şairin şeirlərindəki parlaq fikirlər, həqiqi vətəndaş yanğısı bütöv bir nəsli sanki dərin qəflət yuxusundan ayıltdı, bizi özümüzə tanıtdı, Vətən, torpaq anlayışlarının həqiqi mənasını beynimizə yeritdi, bizi məcbur etdi ki, təzədən Babək, Cavanşir, Tomris ana, Koroğlu kimi şəxsiyyətləri unutmayaq böyük qəhrəmanlar yetirək.

Şair, filosof, ictimai xadim, cəsarətli publisist, ən önəmlisi millətini və vətənini sevən VƏTƏNDAŞ! Millətsevər şairin hər bir mövzusu xalqını düşündürən mövzulardır. O, yaradıcılığında mövzuya böyük həssaslıqla yanaşır, problemin əhəmiyyətini xüsusi sənətkarlıqla işıqlandırır.

“Bəxtiyar Vahabzadə kimdir?”-sualına H.Həsənov: “…mən belə cavab verərdim: Bəxtiyar, siyasətə gəlmədən siyasətçi, dövlət vəzifəsini tutmadan bir dövlət xadimi, milli azadlıq hərəkatının heç bir qurumunda iştirak etmədən həmin hərəkatın başçılarından biri, daha doğrusu onun Vicdanı olmuşdur. Bəxtiyar millət, dil, azadlıq fədaisi, şair-filosof, şair-carçı, şair-mübariz, şair-etnoqraf, dramaturq, publisist, alim, müəllimdir. Bəxtiyarın özündən soruşsan o deyər ki, mən sadəcə bir şairəm”.

Bəli, şair 1994-cu ildə səfir Riçard Kozlariçə ünvanladığı məktubundayazırdı: “Mən siyasətçi deyiləm, adicə şairəm və bütün ömrüm boyu dünyaya və dünyada cərəyan edən hadısələrə şair gözü ilə baxmışam. Uşaqlıqdan ən çox nifrət etdiyim və qorxduğum şey-ədalətsizlik olmuş və ömrüm boyu haqsızlığa, ədalətsizliyə qarşı üsyan etmişəm. …Doğrusunu deyim ki, ömrüm boyu ədalət və həqiqət ölkəsi kimi tanıdığım, Yer kürrəsinin ağsaqqalı bildiyim ABŞ-ın bizim başımıza gətirilən bu müsibətlərə biganəliyini görəndən sonra yer üzündə haqq-ədalət və həqiqətin olmadığına inanmışam”.Şairin sonda: “Bəs işğal necə olur” sualı ilə torpaqlarımızın işğalına etiraz edərək özünün dürüst bir insan, ziyalı, vətəndaş mövqeyini açıq şəkildə ortaya qoyur. Səfirə məktubu şairin vətəndaşlıq mövqeyidir.

“Mən kiməm?” şeirində bu suala verdiyi cavab bizə tam fərqli bir Bəxtiyar Vahabzdəni görmək imkanı verir. Onun həyat, özünü “kəşfetmə” fəlsəfəsi nədən irəli gəlir? Niyə özünətənqidlə yanaşan şair həm həyatda, həm şeirlərində öz “mən”ini axtarmaqdan usanmır. Bu axtarışı onun şeirlərində, məqalələrində də görmək mümkündür. Belə ki, “Mən kiməm” şeirində şair özünün kimliyini sorğulayır. Bəzən sadə görünən, bəzənsə həyatı boyu öz kimliyini düşünməyən insanlardan fərqli olaraq şairin həm sualı,

Mən kiməm?

Mən nəçiyəm?

Eşqim, diləklərim nə?

Niyə gəldim dünyaya,

Bu dünyada yerim nə?

Həm də sualına öz cavabı çox orijinaldır:

Mən özümçün həmişə

Baxdıqca sirri artan

Müəmmalı şəkiləm.

Özümə ittihamçı, özgəsinə vəkiləm.

Azadlıq sairi, İstiqlal şairi, Vətəndaş şair, filosof şair, dissident şair, “Bəxtiyar insan”, canlı klassik, ustadım, əziz müəllimim deyilən Bəxtiyar Vahabzadə, özünü bizə özünün ən amansız tənqidçisi kimi tanıdır. Belə bir sual ortaya çıxır. Bəs niyə, hər kəsin razı qaldığı şair, özündən narazıdır, özünü nədəsə günahlandırır, məzəmmət edir? Təbii ki, burda da fərqli bir yanaşma, fərqli bir baxış və tənqidçi cavabı ilə rastlaşırıq:

Səhv atılan addımları

Sonradan anlayıram

Baxıb vicdan güzgüsünə,

Özümü danlayıram…

Bizim sənət dünyasının

Qırıq telli sazıyam

Bircə bundan razıyam ki,

Özümdən narazıyam…

Şairin “millətçi” damğası almasına səbəb olan “Gülüstan” poeması ildırım şaqqıltısı kimi bizi yuxudan ayıltdı, bizə belə bir həqiqəti də çatdırdı ki, tarix boyu təkrar olunan faciələrimizə, bədbəxtliyimizə həm də “sapı özümüzdən olan baltalar” səbəb olub.

Poemadakı üsyankarlıq hələ sovet dövründən qabaq Rusiya ilə İran  arasında Azərbaycanın iki yerə bölünməsi, Arazın bir vətəni iki yerə bölən sərhədə çevrilməsi idi. Onun bu poeması uzun zaman çap olunmadı, amma əlyazması şəklində əzbərləndi, ədalət himninə çevrildi və bu poema, nəhayət “dustaqlıqdan” azad oldu.

“Gülüstan” poemasından odlu-alovlu misralar qılınc kimi sinəmizi doğrayır, ruhumuzu riqqətə gətirir.

Arazın suları qəzəbli, daşqın

Şirin nəğmələri ahlı, haraylı

Vətən quşa bənzər, qanadlarının

Biri bu taydısa, biri o taydı.

Qeyd olunduğu kimi, poeziyasını milyonlara sevdirən, onların ruhunu ehtirasa gətirən yalnız onun misralarının hərarətindən, söz və ifadələrin estetik gözəlliyindən, emosionallığından irəli gəlmir. Doğrudur, bütün bu faktlar şeirdə xüsusi rol oynayır, şeiri prozaik, çılpaq vəziyyətindən çıxarır, amma Bəxtiyar Vahabzadə şeirinin gücü, qladiator qüdrəti təkcə ürəklərə deyil, düşüncələrə də hakim kəsilməsi şairin poeziyasının fikir xəzinəsidir. Lakin bu fikirlər bizi təkcə sığallamır, ruhi qida, estetik gözəlliyi məftunluq yaratmır, bizdə dərin vətəndaşlıq duyğusu, vətənpərvərlik ehtirası yaradır, bizi qəflət yuxusundan ayıldır, ətrafımıza açıq gözlə baxmağı öyrədir, bizi ətalətdən, fikir tənbəlliyindən yalançı patriotizmdən, illuziyalardan deklarativ hay-haraydan çəkindirir.

Ölə-ölə rəzalətin içində,

Bərkimişəm məşəqqətin içində.

Bu zülmətin, bu zillətin içində

Olmuşamsa öz “mənim”in ağası,

Olacağam Vətənimin ağası!

Ana dilinə münasibət şairi hər zaman narahat edən vacib məsələlərdən biri olmuşdur. Əsərlərində daim lirik qəhrəmanının torpağa, vətənə, elinə-obasına, doğma ana dilinə möhkəm bağlılığını görmək olar. Bu həm də onun əsl vətəndaş olmasından xəbər verir. Öz ana dilini vətəni qədər sevən şair, millətin dilini əlindən almağın, onun məhvinə aparan yol olduğunu çox gözəl bilirdi. Əsərlərində öz doğma ana dilinə sevgisini də lirik qəhrəmanın dililə bizlərə çatdırır. “Biz dilimizə “ana dili” deyirik. Çünki bizə doğma dilimizi ilk dəfə öyrədən də ananın özüdür”.

  • Dil açanda ilk dəfə “ana” söyləyirik biz,
  • “Ana dili” adlanır bizim ilk dərsliyimiz,
  • İlk mahnımız laylanı anamız öz südüylə
  • İçirir ruhumuza bu dildə gilə-gilə.

Bu misralarda isə şair özünəməxsus bir ifadə ilə fikrini çatdırır, o, “dili insanın anasından öyrəndiyi ən qiymətli sərvət, vətənə və millətə məhəbbətinin başlanğıcı kimi səciyyələndirir”. Dil uğrunda mübarizəsındə şair tək deyildi. Onun “Latın dili, “Anamın kitabı”, “Köhnə bayatı”, “Riyakar”, “Oğrular” şeirləri də onunla bərabər addımlayırdılar.

Bəxtiyar Vahabzadə özünü sadəcə şair yox, vicdanlı bir vətəndaş kimi təqdim etməklə məhdudlaşdırmır, o, öz şeirlərinə də vətəndaşlıq statusu verir. Bununla da o, həqiqi şeirin hər şeydən əvvəl vətəndaş, sonra da bəşəri, dünyəvi, planetar funksiyasını aydın, həqiqətlə dolu misralarla əsaslandırır. Bəxtiyar Vahabzadənin bütün şeirlərində hikmət, aforistik məna, müdriklik var. Onun həyəcansız oxunan bir şeiri, bir misrası yoxdur. Onun şeirləri qan kimi damarlarımıza hopur, bizi hərəkətə gətirir, apatiyadan – süstlükdən, biganəlikdən, soyuqqanlılıqdan xilas edir.

Vətəndaş! Nə gözəl səslənir bu söz.

Vətən əbədidir, gedəriyik biz.

İnsan qüvvətlidir öz vətənində.

Bilirik, dünyaya biz niyə gəldik.

O bizi yaradan, biz ona bəndə.

Yaradan uğrunda ölməyə gəldik.

Vətəndaş Bəxtiyar Vahabzadə… Şahin Rüstəmovunşairin 80 illik yubileydəona ünvanladığı məktubundakı “Bəxtiyar Vahabzadə mənim üçün hər şeydən qabaq vətəndaş şairdir” fikri, sanki hər birimizin dilindən deyilib.

O, həm də özünü bu vətənin daşı hesab edən Vətəndaşdır!!! Əbəs yerə şair “Ağlar güləyən” poemasını M.Ə.Sabirin: “Hümmət, a vətəndaşlar! Qeyrət, a vətəndaşlar!” misraları ilə başlamır. Şairə görə, dövlətin təməl daşı vətəndaşdır!

Xalqların cərgəsində

Mən də varam deyirəm.

Həqiqi şeirin canı, cövhəri – fikirdi. Dahi rus tənqidçisi V.Q.Belinski bu barədə yazırdı: “Şeirin poetik olması üçün təkcə zahiri ahəngdarlıq kifayət deyil. Poeziyada fikir lazımdır. Fikir hər bir poeziyanın əsas məzmunu, əsas cövhərini təşkil edir. Zahiri təmtəraq, dəbdəbəli libas, dəbdəbəli kosmetika altında insanın həqiqi naturası görünmədiyi kimi, parıltılı, dolaşıq və müəmmalı obrazların da həqiqi siması görünmür”. Bəxtiyar şairimizin poeziyasında saxta, boğazdan yuxarı, gurultulu, xəstə təxəyyüllə, zorla deyilən bir misraya rast gəlmək olmur. Bu da bir həqiqətdir ki, aydın cümlə, aydın söz, aydın təfəkkürün məhsuludur.

Yaşamaq yanmaqdır, yanasan gərək

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək

Onun da həyatı yanmağındadır.

Bu misralar Bəxtiyar Vahabzadənin həyat kredosudur. Şairin bütün şeir və poemalarında açıq-aşkar görünür ki, o hər sözünün ağasıdır. Şair hər zaman bizi həqiqətə, daxili mənəvi təmizliyə, vicdana, qeyrətə səsləyir, ruhumuza işıq saçır. Qəlbimizə, ruhumuza hopan bu işiğın istiliyi bizi düşünməyə sövq edir, bizi ayıldır.

Böyük şairimiz Xəlil Rza Ulutürk “Ustadı Bəxtiyar Vahabzadə haqqında” kitabında belə yazır: “Sənətin canı insansevərlik, vətənpərvərlikdir. Şair öz vətənini sevmək, öz xalqına xidmət etməklə insanlığa xidmət edir. Biz əminik ki, Bəxtiyar azərbaycanlı kimi deyil, bir rus, ingilis, hind, yaxud yapon kimi doğulmuş olsaydı belə, o xalqa xidmət edən bir insan kimi yaşayıb yaradacaqdı”.

Bəli, bu sözlər Bəxtiyar Vahabzadə fenomenini tam ifadə edir. Şairin əsərləri isə nəinki Azərbaycan ədəbiyyatına, türk dünyasına və dünya ədəbiyyatına böyük mirasdır.

Share: