İki qorxu

(hekayə)

Ruhiyyə Abbaszadə

Onun həkim iynəsindən qorxduğunu hamı bilirdi. Şamama arvadın bu dünyada Allahdan başqa qorxduğu bircə şey vardısa o da həkim iynəsi idi. Körpəlikdən həkim  görən kimi qorxudan rəngi qaçar, çox vaxtda yıxılıb özündən gedərdi. Yetmiş yaşına çatan bu cılız bədənli tənha qadın hələ bu yaşınacan iynə nədi bilməmişdi. Bir tək Allahına sığınaraq yaşayırdı. O, hər dəfə xəstələnəndə canından azar-bezarını dərman bitkiləri-Bağayarpağı, itburnu, çobanyastığı, kəklikotu, dəmləməsini içərək yola verərdi. Bəlkə də elə bu səbəbdən də ahıl yaşınacan çox sağlam və və gümrah qalmışdı Şamama arvad.
Onun ağzındakı dişlərinin hamısı ağrıyıb-ağrıyıb özü-özünə ovulub töküldüyündən parça-parça kötükləri ənginin diblərində illərdir qalıb paslanaraq çürük-çürük olmuşdu. Çünki Şamama arvad dişləri ağrıyanda belə iynənin qorxusundan həkimə getməmişdi. O, üstü kirəmidli iki otaqdan ibarət, köhnədən qalma bir evdə tək-tənha yaşayırdı. Gənc yaşında ikən bir günün içində üç doğmasını-ata-anasını və on üç yaşlı bacısını dəhşətli avtomobil qəzasında itirdikdən sonra həyatdan birdəfəlik küsərək son nəfəsinəcən ömrünü tənhalıqda keçirəcəyinə and içmişdi. Ona görə də həmişə, hər yerdə qara geyinər, üzü gülməz, gün batcaq da tez yığılıb yatardı, heç nəyə həvəsi olmazdı həyatda.
Zalım həyat nə qoymuşdu ki, onda. Onu bu həyata bağlayacaq kimi qalmışdı ki. Doğmalarını itirdiyi həmin o faciəvi gündə sanki onlarla birlikdə sevincini,arzu və ümidlərini də torpağa basdırmışdı Şamama arvad…
Keçən il qış aylarında bütün dünyada Korona virus adlı ölümcül xəstəlik yayılanda insanlar bu yoluxucu xəstəlikdən qorxub stresə düşdükləri halda Şamama arvad sinəsinə döyüb deyirdi: “Qoy gəlsin,hünəri var gəlib tutsun Korona məni.Tutcağın hələ görüm neyləyəcək mənə?Korona-morona bilmərəm mən,iynəsiz-filansız yaşayan bir adamdı bu Şamama.Hamı bilir ki, Allahdan savayı bu dünyada bircə şeydən qorxum olub həmişə. O, da həkim iynəsidir.Onsuz da gördüyümü görüb,itirdiyimi itirmişəm.Bundan sonra nə ölümdən qorxuram,nə də o ölümü gətirən Koronadan. Korona da tutsam, iynə vurduran deyiləm, lap elə ölsəm də. Sən   ölmüyəsən, iynə ətimə batmamış elə hay-qışqırıq salacam a, səsimə qəbirdəkilər də diksinəcək…
Bunları deyəndə Şamama arvad qarşıda onu nəyin gözlədiyindən xəbərsiz idi əlbəttə. Bir gün xəbər yayıldı ki, hökumətin kütləvi şəkildə əhaliyə tətbiq etdiyi Korona virusa qarşı vaksinasiyadan hər bir pensiyaçının da pensiya kartı ləğv olunacaq. Bu xəbəri eşidəndə Şamama arvad üstünə qaynar su tökülmüş adam kimi birdən ufultuyla içini çəkərək gözlərini bərəldib,-yandım oy, – deyə dizlərinə döyə-döyə gah özünün,gah da kimlərinsə qarasınca deyinməyə başladı: “Bu nə qara xəbərdi,Allah? Kül ələnsin başına,Şamama! Day denən ölən günündür e…Ay yazıq, pensiya kartını itirməkdənsə, elə bu saat düşüb ölsən ondan daha yaxşıdır. O pensiya kartından ötəri qocalıb-qarımağı arzuladığın günlərin yoxsa yadından çıxıb, Şamama? Kim gətirib yemək-içmək verəcək sənə, kimin var sənin dövlətdən savayı? İndi o dövlət də sənin həyat mənbəyin olan pensiya kartını əlindən alandan sonra de görüm halın-günün necə olacaq? Nə ilə dolanacaqsan? İynədən qorxurdun demək ,al bu da taleyinə yazılmış ikinci qorxu,Şamama.Qorxuram birinci qorxun ikincinin yanında yalan olsun, ay bədbəxt balası. İndi otur, zəhmət çəkib özün ver qərarını:ya vaksin, ya da pulsuz-pənahsız qalıb ac qarına ölmək…
Düz üç gün, üç gecə rahatlıq nədi bilmədi Şamama arvad.Yuxuları ərşə dirəndi. Pensiya kartını itirmək qorxusu çox güclü bir ağrıya dönüb onun bütün canını yaxıb-yandırırdı.Hər gün düşünməkdən beyin-başı yorulsa da,sonda yeganə çarə onu illər boyu əsarətində saxlayan bir qorxu hissindən güc tapıb xilas olmaq və Korona virusa qarşı vaksin iynəsini vurdurmaq idi…
Bu gecə Şamama arvad yenidən doğulmuşdu sanki. Korona virusa qarşı birinci vaksin iynəsini vurdurduqdan sonra gecə yatmazdan qabaq pensiya kartını öpüb başının altına qoyan biçarə qadın elə şirin və elə dərin bir yuxuya getmişdi ki, ayların ,illərin yorğunu kimi…

Share: