Yazıçı palitrası və sənət eşqi

Aydın HÜSEYNOV

Meyxoş Abdullah -60

 

Mən tənqidçi deyiləm, ədəbiyyatşünas da deyiləm, yalnız oxucu kimi söyləyə bilərəm ki, Meyxoş Abdullahı Gi de Mopassanla müqayisəyə çıxartmaq maraqlı olardı. Mopassan fransızların çox da bəyənmədiyi hekayə janrını çox qısa müddətdə – cəmisi 10 il ərzində necə hörmətə mindirmişdisə, Meyxoş Abdullah da hekayələri ilə müasir Azərbaycan ədəbiyyatını bir o qədər zənginləşdirə bilmişdir.

Meyxoş Abdullah ədəbiyyatda öz izi və öz üzü olan yazıçıdır. Onun əsərlərini mütaliə edərkən sanki parlaq və rəngarəng işıqlar saçan çilçıraqlarla bəzədilmiş bir evə daxil olursan, qarşında zövqlə bəzədilmiş zalların anfiladası açılır, təəccüblü dərəcədə harmonik, zəngin koloritə malik, təkrarsız bir məkana düşürsən. Bu məkanda böyükdən böyük, yalnız ALLAHDAN kiçik İNSAN məskən salıb. Və insani məhəbbətə təşnə, öz yaradıcılığının əsiri olan insanı naturadan çəkən Meyxoş Abdullah rəssamdır, onun təhqiqatçısıdır, çilçıraqlardan və insanın özündən süzülüb gələn hər zərif şüanı görməyi, o qövsi-qüzehin rənglərini seçməyi və saf-çürük etməyi bacarır. O, müəyyən hadisələrin bilavasitə şahidi olmasa belə, şərq mentaliteti fonunda bu hadisələrin şəklini öz bədii intiusiyası və təsəvvürü ilə çəkir, nəticədə qəlbləri ehtizaza gətirən ballada yaranır. Üstəgəl, personajların dili, dilin leksik-frazeoloji, struktur-semantik xüsusiyyətləri. Əsərlərdə təhkiyə məharəti, bədii təsvir vasitələrindən istifadə bacarığı müəllifin daxilindən əti-qanı ilə süzülüb gəlir. O, tipik situasiyalar, daxili monoloqlar, özünütəhlil və özünütəsdiq ədəbiyyatının nümayəndələrindən biridir, şəxsiyyətə özgə don geydirmir, onu olduğu kimi təqdim edir.

Yazıçının əsərlərində mənəvi həyatın bir sıra problemlərinin açılmasına göstərilən cəhdlər dövrümüz üçün maraqlı və məsuliyyətli məsələlərdir. Kişilik, qeyrət, namus, bu milli-mənəvi dəyərlər içərisində millətin keçdiyi tarixi yol Meyxoş Abdullahın əsərlərinin baş mövzusudur, müxtəlif rənglər içərisində daha qabarıq görünür. Və demək olar ki, yazıçının hər bir əsərində süjetdən, fabuladan asılı olaraq müxtəlif ölçü və biçimdə olan milli-mənəvi məsələlər öz yerini tapır. Bax, elə buna görə də onun obrazları realdır, cəlbedicidir, inandırıcıdır, qüvvətlidir. “Saçlarından asılan qız”, “Dəli Bəybala”, “Anakonda ovu”, “Qapısı gecə döyülən qadın”, “Bir tay ayaqqabı”, “Daş karxanası”, “Su şırıltısı”, “Payız yağışı”, “Daş karxanası”, “Cangüdənin uşaqlığı”, “Çəki daşı” hekayələri belə bədii nümunələrdir.

Meyxoşun irihəcmli əsərləri oxucular tərəfindən maraqla qarşılanmışdır. Təbii ki, roman yazmaq çətindir, gərgin zəhmət tələb edir. Rus yazıçısı Konstantin Fedin çox cəlbedici bir müqayisə vermişdir: «Roman yaratmaq bir nəfərin böyük bir şəhəri tikməsinə bənzəyir». Meyxoş Abdullah nəhəng ağaca yeni pöhrələr bəxş edir, eyni zamanda bu ağacın rişələrinin dərin qatlara işləməsinə nail olur. “Əsir qadın”, “Alagöz”, “Dəlixanadan sevgi məktubları” bu keyfiyyətləri ehtiva edən uğurlu əsərlərdir.

Meyxoş Abdullah müharibələrdən, qan-qadalardan çox yazmışdır. Lakin onda həyati optimizm güclüdür, özü də cəsarətli, təsirli, sanki müharibələrin içində bərkimiş, xalqın sınaqları ilə yol yoldaşı olmuş optimizm. Yazıçının qəlbində tarixi optimizm əsil vətənpərvərə, döyüşçüyə, mübariz insana, eyni zamanda insanın və təbiətin zənginliklərinə vurğun bir şəxsə məxsus hissiyyata çevrilmişdir. Onun sənətdəki hər addımı Vətən torpaqlarının qarışlarının əksi-izi, hər bir əsəri tariximizin, həyatımızın, mənəviyyatımızın, etnik varlığımızın güzgüsüdür.

Meyxoş Abdullah Azərbaycanın, doğma xalqının uğuruna, ad-sanına daim sevinir, fəxarət hissi keçirir. Bu mənada bütün varlığı ilə Vətən oğlu, azərbaycanlı və azərbaycançıdır, bu haqqı özü qazanmışdır. Mənə elə gəlir ki, əsil azərbaycanlı-vətəndaş olmaqdan ötrü yazıçımızdan bəhrələnmək, onun əsərlərini dönə-dönə oxumaq, ən əsası isə dərk etmək gərəkdir.

Meyxoş Abdullahın əsərləri ölkəmizin hüdudlarından kənarda da tanınır və sevilə-sevilə oxunur. Təkcə unikal “Proza.ru” beynəlxalq portalında bu günə kimi onun 36 əsəri dərc olunmuş, bu əsərlər 13000 oxucu toplamış, 279 rəy almışdır. “Saçlarından asılan qız”, “Müqəddəs yalan”, “Balıqçının arvadı”, “Qadın ürəyi”, “Nəğmə müəllimi”, “Papaq”, “Komandirin yuxusu” hekayələrini şəxsən mən orada ruscadan oxumuşam. Oraz Muradovun tərcüməci və şəxsi təşəbbüsü ilə “Alagöz” əsəri Türkmənistanda nəşr olunmuşdur.

Mərhum yazıçımız Fərman Kərimzadənin belə bir kəlamı yadıma düşür: “Sənət eşqi ilə yaşayan insan qocalmır, sənəti ilə birlikdə yaşayır, əsrlər boyu cavan görünür, cismən yox olsa da, mənən sıralarımızda ömür sürür”. Bu sözlər sanki yazıçı Meyxoş Abdullahın boyuna bişilib. Hesab edirəm ki, 60 yaş onun yaradıcılığının gənclik məqamıdır. Həyatın irəlidəki pillələri daha uğurli olacaq.

 

 

 

Share: