HİCRAN NƏNƏ

Cəbrail HƏŞİMOV

(Hekayə)

Hicran nənə hamımızın sevimlisi idi. Yəni bütün qonşuların. Elə ki o, qonşu arvadların toplaşdığı yerə gələrdi, biz dəcəl uşaqlar bir-birimizə xəbər verərdik və yığışıb gələrdik bu arvadların ətrafında mövqe tutmağa. Kimi çıxıb tut ağacının budağında gizlənərdi, kimi toyuq hininin arxasından boylanardı, kimi də özünü bir kənarda guya hansısa bir işlə məşğul imiş kimi göstərərdi. Amma hamımızı bura toplayıb kəşfiyyatçılar kimi gizlənməyə vadar edən səbəb Hicran nənənin söhbətləri idi.

Hicran nənə də nə Hicran nənə! Maşallah, ağzından dürr tökülürdü. Başlayardı bir əhvalat danışmağa. Bir-iki kəlmədən sonra elə sözlərə keçərdi ki, arvadların gülüşləri ətrafı başına götürərdi. Cavan gəlinlər isə qıpqırmızı olar, yaylıqlarının ucu ilə ağızlarını tutub utancaq halda gülümsünərək buradan uzaqlaşardılar.
Bizi də elə buraya toplayan, kəşfiyyatçılar kimi küncdə-bucaqda gizlənib qulaq asmağa məcbur edən Hicran nənənin bu duzlu və ləzzətli sözləri olardı. Yəni bizim üçün ləzzətli. Gizlində onun sözlərinə qulaq asar, bir-birimizə baxıb göz vurardıq.
Kəndimizə tez-tez alverçilər gələrdi. Əllərində iri toxunma zənbillə gəzən bu arvadlar nə desən satardılar. İynə-sapdan tutmuş qadın və uşaq paltarlarına qədər hər şey var idi onların zənbillərində. Hicran nənə onların başına bir oyun gətirərdi, gəl görəsən. Bir yanı zarafata, bir yannı ciddi onlarla o qədər çənə vurardı ki, axırda yazıqlar satdıqlarını, bəlkə də, aldıqlarından da ucuz verədrilər Hicran nənəyə. O da o dəqiqə arvadlara göz vurardı və bizimkilər də tökülüşüb alverçilərin mallarını ucuz qiymətdən öz aralarında bölüşdürərdilər.
Hicran nənə nə qədər şən, gülərüz və zarafatcıl idisə, bir o qədər də kədərlənməyi bacarırdı. Buna da səbəb onun taleyinin, özü dediyi kimi, “qara gəlməsi” idi. O, bir ayın gəlini olanda ərini müharibəyə aparmışdılar. Düz 1941-ci ilin iyun ayınin 22-də, elə müharibənin başlandığı ilk gündə. Gedən gündən də sanki bir daş bir quyuya düşmüşdü. Altı ay ondan bir xəbər-ətər gəlməmişdi. Altı ayın tamamında isə “qara kağızı” gəlmişdi. Qayınanası savadsız olduğu üçün sevincək məktubu qonşu uşağa oxutdurmağa aparmışdı. O da höccələyə-höccələyə oxumuşdu: “Sizin oğlunuz qəhrəmancasına həlak olmuşdur”. Yazıq arvad qıyha çəkərək baş-gözünü yolmağa başlayanda qonum-qonşular tökülmüşdü onu sakitləşdirməyə. Ancaq necə sakitləşdirəsən? Gözünün ağı-qarası bircə oğlu var idi, o da müharibənin qurbanı oldu.
Beləliklə, bədbəxt Hicran bir aylıq gəlinlikdən sonra olmuşdu dul arvad, qarışmışdı yüz ilin dullarına. Bir neçə aydan sonra bir oğlu gəlmişdi dünyaya. Ana da, gəlin də atasının iyini körpəsindən almağa başlamışdılar. Uşaq onlar üçün az da olsa, bir təsəlli olmuşdu.
Gecələr sübhə qədər göz yaşları, gündüz axşama qədər tək körpəsini böyütmək üçün əzab-əziyyət çəkmək oldu işi-ücü Hicranın. Bir hörüyünü ağ, bir hörüyünü qara hörüb böyütdü o tək balasını. Oğlu da ağıllı uşaq oldu. Böyüdü, boya-başa çatdı. Böyüdükcə də anasının onun yolunda çəkdiyi əziyyətləri görürdü, ürəyində fikirləşirdi ki, qoy bir böyüyüm, oxuyub bir sənət sahibi olum, anamı qurtaracam bu əzablardan, qoymayacam əlini ağdan-qaraya vursun, özüm onun qulluğunda duracam.
Oğul orta məktəbi qurtarıb getdi Bakıya, ali məktəbə daxil oldu. Beş il Bakıda oxudu. Bu beş ildə Hicran nənə gecə-gündüz oğlunu fikirləşdi, onun adı dilində yatdı-durdu. Boğazından kəsdi, yemədi, içmədi, yaxşı geyinmədi, əlinə düşən pulu-paranı göndərdi oğluna. Oğul da, sağ olsun, anaya çox korluq vermədi, heç vaxt ondan pul istəmədi, bir tikinti idarəsində gecə gözətçisi kimi işə düzəldi. Gecələri doyunca yatmadı, oxudu. Anasına xəbər göndərdi ki, ana, daha mənə pul göndərmə, artıq işləyirəm, pulum var. Hicran nənə də cavabında xəbər göndərdi ki, oğlum, bəs sən gecə işləyib, gündüz oxuyursansa, nə vaxt yatıb dincəlirsən? Qurbanın olum, çıx işdən, rahat yat-dur, mən sənə pul göndərərəm. Oğul isə çıxmadı işdən, anasına dedi ki, ana, narahat olma, mən gecənin çox hissəsini yatıb dincəlirəm. Əlbəttə, bunu ananı sakitləşdirmək üçün deyirdi.
Beləliklə, beş il ötüb keçdi, oğul qayıdıb gəldi kəndə. Məktəbdə müəllim oldu. Bir-iki il işlədikdən sonra ana oğlunu evləndirmək fikrinə düşdü. Oğulun isə hələ evlənmək fikri yox idi, amma anasının çəkdiyi əzabları gözünün önünə gətirib fikirləşdi ki, eybi yoxdur, qoy bir az tez də olsa, evlənim, evdə anama köməkçi olsun, qoca vaxtında, bəlkə, bir az dincələ. Sonra fikirləşdi ki, axı mənim heç sevdiyim bir qız da yoxdur, kiminlə evlənəcən. Bax bu işdə yenə də onun köməyinə ana gəldi. Əzabkeş ana.
O, qonşuda bir qızı çoxdandı ki, gözaltı eləmişdi. Qız o qədər də gözəl deyildi. Amma yaxşı ailədən idi. Yaxşı da deyəndə ki, əslində heç o qədər də yaxşı ailə deyildi ailəsi, sadəcə, bir qədər imkanlı idi. Kasıblığın hər tərəfi bürüdüyü bir zamanda nisbətən imkanlı, pullu ailədən qız almaq bir ana, bir baladan ibarət olan bu kiçik ailə üçün böyük xoşbəxtlik hesab oluna bilərdi. Odur ki, ana oğluna bu qızı nişan verəndə oğul əvvəl duruxdu, fikirləşdi ki, mən küçədə bu qızı görəndə öz-özümə deyirəm, ilahi, görəsən, bunu nə vaxtsa, kimsə alacaqmı? Gözləri ac pişiyin gözlərinə bənzəyir, özü də gonbulun biri. İndi isə tale onu mənə qismət eləmək istəyir. Amma anam da mənim əziyyətimi çox çəkib, necə deyərlər, bir üzü qız, bir üzü gəlin, oturub məni böyüdüb. İndi mən onun sözündən necə çıxa bilərəm? Həm də ki, deyirlər, insan tanımadığı biri ilə ailə həyatı qurarsa, hələ o demək deyil ki, xoşbəxt olmayacaq. Bir müddət bir yerdə yaşadıqdan sonra aralarında məhəbbət də yaranır.
Beləliklə, Hicran nənə gözaltı elədiyi qızı nişanladı oğluna. Bir-iki aydan sonra da toy eləyib sevimli gəlinini gətirdi evinə. Biz qonşu uşaqları da o toyda ay oynadıq ha… Zarafat deyildi, hamımızın sevimlisi Hicran nənənin tək oğlu evlənirdi. Necə oynamayaydıq…
Bəli, gəlin gəldi Hicran nənənin evinə, nə gəldi! Rəhmətlik nənəm demişkən, elə bil evə bir od gəldi, yalo gəldi. Yazıq Hicran nənə doyunca sevinib gəlini ilə danışıb-gülə də bilmədi. Gəlin evə gəldiyi gündən başladı dava-dalaşa. Arvadın hər hərəkətinə bir mız qoydu. “Əllərini təmiz yumursan”, “çox yeyirsən”, “çox danışırsan”, “burda oturma, orda otur” kimi sözlər onun qayınanasına dediyi ən yumşaq sözlər idi. Hər gün nəyisə bəhanə edib dava-dalaş qaldırırdı evdə. Dalaşanda da elə qışqırırdı, səsi beş məhəllə uzaqda eşidilirdi. Biz də haray-qışqırıq səsi eşidən kimi qaçıb gələrək sanki bir kinoya baxırmışıq kimi diqqətlə davaya tamaşa edirdik.
Hicran nənə də gəlinin qabağından qaçan aciz arvadlardan deyildi. Onun gəlindən bir fərqi də var idi. O, zarafatlarında olduğu kimi dava-dalaşda da bərli-bəzəkli biədəb sözlərindən məharətlə istifadə edirdi. Gəlinin anasını, nənəsini, bacılarını kəndin kişiləri ilə qol-qola verib gəzməyə, hələ bir az da o yana “göndərirdi”. Bizə isə hər şeydən çox onun bu söyüşlərini eşitmək ləzzət verirdi. Gəlin onun bu sözlərinin qarşısında bir qədər susurdu, sonra o da başlayırdı ədəbsiz söyüşlərdən yağdırmağa. Amma onun söyüşləri ünvansız olurdu, yəni ümumi şəkildə söyürdü. Çünki o, Hicran nənənin nə anasını tanıyırdı, nə nənəsini, nə də bacılarını. Elə belə, yağdırırdı söyüşlərini necə gəldi, nənənin harasına dəyir, dəysin. Təki daha ağır və daha biədəb ifadə işlətsin.
Amma bir dəfə gəlin lap həddini keçdi. Bax onda Hicran nənə özünü məğlub olunmuş hesab elədi, köhnə evinin eyvanının bir küncünə çəkilib əvvəlcə səssiz, sonra hönkürərək, daha sonra isə bərkdən ağı deyərək (bizim tərəflərdə ağıya oxşama deyirlər) ağladı. Bu oxşamasında o, özünün bütün həyatını təsvir elədi. Ərinin müharibəyə gedib qayıtmaması, cavankən özünün dul qalması, tək balasını əzab-əziyyətlə böyütməsi, bir sözlə bütün ağrılı-acılı həyatı əks olundu bu oxşamada. Tamaşaya duran arvadlar da Hicran nənənin bu oxşamasına qoşulub yavaşdan öz oxşamalarını deyə-deyə ağladılar.
Gəlin isə kükrəməkdə davam edirdi:
-Mən bilirəm sənin qarnının azarını. Bilirəm niyə məni gözümçıxdıya salmısan. Deyim, qoy hamı eşitsin. Ay camaat, qulaq asın, – bu zaman o, üzünü Hicran nənədən çevirib toplaşan arvadlara tərəf tutdu. – Bu qoca qancıq məni oğluna qısqanır. Özü iyirmi beş ildir, ərsiz qalıb axı. Kişi nəfəsinə həsrətdir. Mənim öz ərimlə yatıb kef eləməyimi gözü götürmür bu kaftarın. Bağrı çatlayır, ürəyi partlayır. Bax bütün dava-şavası da bundan ötrüdür.
Bu sözlər Hicran nənənin yeddi qatından keçib getdi. Hamıya cavab verməyi bacaran pərgar dili bu nifrətin, bu böhtanın, bu allahsızlığın qarşısında aciz qaldı. Cavab verə bilmədi Hicran nənə. Eləcə bir küncə çəkilib öz oxşamasını dedi. Adama elə gəlirdi ki, o, ömrünün hədər getdiyini yalnız indi anlamışdı. Həyatını tək oğluna həsr etməsinin, onu əzabla böyütməsinin, hər şeyin, hər şeyin əbəs olduğunu indicə başa düşmüşdü. Məncə, bu bir neçə anın içində bütün əzablı həyatı Hicran nənənin gözünün önündən bir kino lenti kimi gəlib keçdi. Dəqiq yadımdadır, gəlinin bu allahsız sözlərini eşidəndə atılıb onu boğmaq, bədənini dırnaqlarımla didib-dağıtmaq keçdi ürəyimdən. Amma gəlin iri əndamlı idi, mənim isə cəmi on yaşım vardı, özüm də cılız bədənli uşaq idim. Yəqin ki, gücüm çatmazdı bu yekəpər gəlinə. Ona görə də yerimdəcə hirsimdən dodaqlarımı çeynəyə-çeynəyə qaldım.
Arvadlar Hicran nənəyə qoşulub öz oxşamalarını deyib qurtardıqdan sonra yavaş-yavaş dağılışmağa başladılar. Artıq davanın bir ləzzəti qalmamışdı onlar üçün. Gəlinin qorxusundan da heç biri Hicran nənəyə yaxınlaşıb ona təsəlli verə, onu ovundura bilmirdi. Səssiz-səmirsiz dağılışıb getdilər. Gəlin də forsla paltarının ətəyini yelləyərək otağına çəkildi. Görünür, o, yiğışan arvadların ona necə nifrətlə baxdıqlarını görüb həddini keçdiyini başa düşmüşdü.
Hicran nənə isə ağlamağında davam edirdi. Səsi get-gedə yavaşıyır, oxşamadan sızıltıya çevrilirdi. Mən ona baxdıqca ürəyim parçalanırdı. Gəlinin öz otağına girdiyini görüb ürəkləndim. Tez qaçıb Hicran nənənin yanında diziüstə çökdüm. Onu qucaqlayıb üz-gözündən öpdüm.
-Ağlama, Hicran nənə, ağlama, – deyə yavaşdan pıçıldadım, – istəyirsən, gedib bu gonbul arvadı öldürüm? Mən qoymaram o səni incitsin, vallah qoymaram. Öldürərəm onu.
Mən sözlərimin mənasına fikir vermədən ağlıma gələni üyüdüb tökürdüm. Elə bilirdim ki, Hicran nənə mənim sözlərimdən təsəlli tapıb sakitləşəcək və həm də inanırdım ki, mən bu gonbul gəlini öldürə də bilərəm. Təki Hicran nənə bunu istəsin.
Hicran nənə mənim bu sözlərimdən ağlamağını saxladı. Boynumu qucaqlayıb üzümdən öpdü. Artıq o gülümsəyirdi.
-Yox, lazım deyil, öldürmə, qurbanın olum, – gülə-gülə dedi, – Öldürsən, səni tutarlar axı.
Mən o anda, dorudan da fikirləşirdim ki, əgər Hicran nənə əmr etsə, mən gedib bu gonbul gəlini öldürə bilərəm. Amma bayaqdan gəlin əsib-coşaraq bağıranda ondan qorxurdum. Yəqin, Hicran nənəni belə köməksiz vəziyyətdə gördüyümdən ürəklənmişdim.
Biz qucaqlaşıb xeyli oturduq. O, nəvazişlə mənim başımı sığallayır, hərdən də əyilib üzümdən, gözlərimdən öpürdü. O vaxt, yəqin, bu köməksiz, aciz qadın bütün həyatını beləcə qucaqlayıb sığalladığını düşünürdü. Bəlkə də, heç qəbri də məlum olmayan cavan ərinin qolları arasında hiss edirdi özünü. Nə bilmək olardı…
Birdən həyət qapısı açıldı və Hicran nənənin oğlu həyətə girdi. O ikimizi qucaqlaşmış halda görüb təəccüblə bizə yaxınlaşdı, anasının üzünə diqqətlə baxıb dedi:
-Nənə, nə olub, ağlamısan?
-Yox, ay bala, niyə ağlayıram ki, başına dönüm. Ağlamıram, oturub bax bu göyçək oğlanla söhbət edirəm, – deyə o, başını qaldırmadan cavab verdi.
-Yox, axı görürəm ki, ağlamısan. Nə olub, yenə nə baş verib?
-Nə olacaq? – deyə Hicran nənənin yerinə tez mən cavab verdim, – sənin arvadınla dava edib nənə. Arvadın onu söyürdü, üstünə qışqırırdı.
Hicran nənə əli ilə mənim ağzımı tutmağa çalışdısa da, mən ürəyimi boşaldıb sözlərimi qəzəblə onun üzünə çırpdım:
-Sənin arvadın pis arvaddır, çox pis. Mən sənin yerinə olsam, boşayaram onu. Qoy gedib tək yaşasın. Dərrdən çərləyib ölsün. Hicran nənə isə yaxşı adamdır, dünyanın ən yaxşı nənəsidir.
Bunu deyib yenə bərk-bərk onu qucaqladım. Sanki indicə bu məzlum qadını əlimdən alacaqdılar.
Amma oğulun sözləri daha iti bir xəncər olub ananın qəlbinə sancıldı:
-Ay nənə, qoymazsan bir az rahat yaşayaq? Hər gün gəlirəm, dava-dalaş, söyüşmə, qırğın. Nə istəyirsən axı bizdən. Yorğun-arğın işdən gəlirəm, qabağıma bir stəkan çay gətirməkdənsə, məni dava ilə qarşılayırsan. Qoy yaşayaq da, – deyə yenə acıqla təkrar etdi.
Mən yerimdə donub qalmışdım. Elə bilirdim ki, anasını bu vəziyyətdə görəndən və mənim sözlərimdən sonra o, otağa girəcək və arvadının saçlarından tutub sürüyərək həyətə çıxaracaq, döyüb küçəyə atacaq. Amma əvəzində…
Tez dönüb Hicran nənəyə tərəf baxdım. Onun gözlərindən səssizcə yaş axırdı. Rəngi ağappaq olmuşdu. Güclə pıçıldayaraq dodaqlarının arasından bu sözləri deyə bildi:
-Yaxşı, oğul, qələt eləmişəm, bir daha eləmərəm. Söz verirəm, bir daha dava eləmərəm.
Mən dəhşətə gəldim. Özümdən asılı olmayaraq yerimdən sıçrayıb oğulun üstünə atıldım, yumruqlarımla onun qıçlarına, qarnına döyəcləməyə başladım:
-Sən pis adamsan, pis, pis… Arvadından da pis adamsan. Rədd olub gedin Hicran nənənin evindən. Gedin, gedin…
Oğul mənim qolumdan tutub var gücü ilə kənara tulladı. Mən eyvanın kənarına yıxıldım. Hicran nənə qışqıraraq üstümə atıldı. Üzünü oğluna tutub hirslə dedi:
-Uşağı niyə vurursan? Uşağın nə günahı var? Bu evdə tək bir günahkar varsa, o da mənəm. Məni vur, məni döy! Nankor oğul! Nankor övlad! Döy məni, öldür məni! Qoy mənim də canım, sizin də canınız qurtarsın birdəfəlik. Öldür, öldür məni!
Hicran nənənin fəryadı ürək parçalayırdı. Oğlu da bu fəryada dözə bilməyib anasını qucaqladı, üzünü onun sinəsinə söykəyib hönkürdü. Hönkürtünün arasından qırıq-qırıq sözləri eşidilirdi:
-Bağışla, bağışla, nənə, keç günahımdan. Bir qələtdir, elədim. Heç özüm də bilmədim, necə oldu ağzımdan çıxdı. Bağışla.
Ana-bala qucaqlaşıb xeyli ağladılar. Bu zaman mənim gözüm otağının qapısı ağzında durub bu mənzərəni seyr edən gəlinə sataşdı. O, qapının çərçivəsinə söykənib bir ayağını arxaya qatlayaraq çərçivəyə dayamışdı, əllərini sinəsində çarpazlamışdı. İstehza ilə gülümsəyir, bu mənzərəni seyr etdikcə yavaş-yavaş başını yırğalayırdı. Mən ona baxmaqdan iyrənərək qaça-qaça oradan uzaqlaşdım. Doğrusunu desəm, mən istəmirdim ki, Hicran nənə oğlu ilə barışsın. İstəyirdim ki, onların hər ikisini bu evdən qovsun, özü tək yaşasın. Ya da məni çağırsın, ikimiz birlikdə yaşayaq. Mən ata-anamdan icazə alıb həvəslə onunla yaşayardım. Qoymazdım ki, bir kimsə onu incitsin. Amma bilirdim ki, bu olmayacaq. Ana oğlu ilə barışacaq, çünki anadır, çünki onu min bir əziyyətlə böyüdüb. Və Hicran nənə məni də özü ilə yaşamağa çağırmayacaq, çünki oğlu buna icazə verməz. Biliridm ki, qayınana ilə gəlin arasında bir-iki gün səssizlik olacaq, sülhə oxşar bir şey, amma küsülü sülh. Sonra yenə də dava-qırğın başlayacaq. Mənim Hicran nənəyə ürəyim yanırdı, istəyirdim ki, onu buradan uzaqlaşdırım, amma əlimdən heç nə gəlmirdi. Hərdən uşaq ağlımla fikirləşirdim ki, bir az böyük olsaydım, Hicran nənə ilə evlənərdim, özümə ayrıca bir ev tikərdim və biz orada çox mehriban yaşayardıq. Daim qulluğunda durardım onun. Amma bilirdim ki, bu da mümkün olan iş deyil.
Doğrudan da, Hicran nənə ilə gonbul gəlin bir neçə gün dalaşmadılar. Amma gəlin həyətdə gəzib dolaşarkən elə hey dodağının alyında mırıldanırdı. Hiss olunurdu ki, dalaşmaq üçün bəhanə gəzir. Ancaq Hicran nənə buna imkan vermir, bacardıqca ondan uzaq gəzirdi. Oğul da evdə, həyətdə görünəndə başıaşağı gəzirdi. Çalışırdı ki, arvadı həyətdə olmayanda anası ilə söhbət eləsin. Alıb gətirdiyi ərzağı da ona arvadından xəlvət verirdi. Mən oğula nə qədər nifrət eləsəm də, onun da halını başa düşməyə çalışırdım. Tez-tez rəhmətlik nənəmin bu sözləri yadıma düşürdü: “Allah heç kişinin qabağına alaşa arvad çıxarmasın”. Mən bilmirdim, bu “alaşa” nə deməkdir, amma nənəmin danışıq tonundan bilirdim ki, bu nədirsə, pis qadınlara deyilən bir sözdür. İndi mən də tez-tez dodağımın altında mızıldanırdım: “Allah heç kişinin qabağına alaşa arvad çıxarmasın”. Lap böyük adamlar kimi fikirləşirdim.
Beləcə, Hiçran nənə bir gün dava-dalaşla, bir gün sakitliklə düz iyirmi il yaşadı bu gonbul və həyasız gəlinlə. Və günlərin bir günündə xəbər çıxdı ki, Hicran nənə dünyasını dəyişib. Sən demə, oğlu görüb ki, anası neçə gündür, həyətə çıxmır, səhər işə gedəndə qapını ehmalca aralayıb, baxıb ki, arvad canını tapşırıb. Haray-həşir salıb qonşu arvadları çağırmışdı. Sonra meyiti yuyan arvadlar danışırmışlar ki, yazıq arvadın bədəni quruyub taxtaya dönmüşdü. Qatlanmış qol-qıçını açmaq olmurdu. Çox güman ki, azı iki gün imiş öldüyü.
Bir mənzərə heç vaxt yadımdan çıxmayacaq. Cənazəni yerindən qaldıranda qonşu kişilərdən biri Hicran nənənin oğluna başı ilə işarə elədi ki, gəl, sən də tabutun altına çiynini ver. Oğul qorxa-qorxa arvadlar dayanan tərəfə baxdı. Gözləri ilə arvadını axtarırdı ki, görəsən, o görsə, nə deyəcək?
Amma bunu məndən başqa heç kim görmədi.
Oğulun arvadın qorxusundan ananın tabutunun altına girməkdən qorxduğunu təkcə mən görə bildim.
Share: