“Bir gün mənə ehtiyacın olarsa”- Kəramət -65

Bu günlərdə tanınmış şair Kəramət Kəramət ömrünün 65 ci ilini də tarixin səhifəsinə ötürdü. Qarşıda hələ çox illər var ki, şair yaradıcılığı ilə yüzlərlə oxucusunun qəlbində qurduğu yuvasının istisində yeni -yeni uğurlara imza atmaqla daha da sevilən şeirlər müəllifi olaraq ədəbi cameəmizdə özünə məxsus yeri qoruyub saxlaya bilsin. Şairə “Müstəqil.Az saytının yaradıcı kollektivi adından xoş günlər, uzun ömür arzulayırıq, xoş yaşasın, çox yaşasın, deyilrik.

Müstəqil.Az

*****

Bir gün mənə ehtiyacın olarsa,

Ayaqyalın, başıaçıq gələrsən

Bu nağıla qəhqəhəylə gülərsən

Bir gün mənə ehtiyacın olarsa.

 

Haçan mənə ehtiyacın olarsa

Bir tük yandır, ya da tonqal qalarsan

Sən könlümdə bir alınmaz qalamsan

Bir gün mənə ehtiyacın olarsa.

 

Bir gün mənə ehtiyacın olarsa

Məni səndə, səni məndə bularsan

Qıyya çəkib aləmə qıy salarsan

Bir gün mənə ehtiyacın olarsa.

 

Açıklama yok.

 

65 YAŞLI GƏNC ŞAİRLƏ 65 DƏQİQƏLİK SÖHBƏT

(Həmsöhbətimiz  sözünün sanbalını qoruyan şair Kəramətdir)

       Güldanlara kül tökürsən hələ də,

                                Külqabıya gül qoyursan,

                               Piyaləyə qan süzürsən hələ də

                               Həyatda haqq aramaq

                              Özü də haqsız işdi

                                                         KƏRAMƏT

 

–Necəsiz, nə işlə məşğulsunuz?

–Yaşamaqla məşğulam,-belə demək ən uyğun cavabdı. Keçmişdən aralanmağa çalışıram, hətta özümdən də. Bu ovqatdayam. Nazim Hikmət yazırdı ki, səni sevməklə məşğulam. Mən isə , indiki halda, SƏNi unutmaqla məşğulam. Hərdən xatirələrindən qaçırsan-ətraf əzabverici yaddaşa çevrilibsə, bataqlıqdan qurtulmağa çalışırsan. Çalışırsan ki, sakit bir guşəyə çəkiləsən, bu gərgin, misgin,hay-küy atmosferində özün-öz içində partlamayasan. Hüzur..indi hanının etiyac duyduğu budur. Zamanın sürətli dəyişmələri, qayğılar yorub müasir insanı.

-Bəs kitab çapı, tədbir, təqdimat, imza günü…özünü bu qədər kənara çəkmək nə dərəcədə məntiqlidi. Yaşadığın cəmiyyətə, həyata uyğunlaşmaq təbii haldı. Əksi isə, məncə faciədi…

-Yox, belə gündəlik özünügöstərmələr heç zaman məni çəkməyib, bazar-tünlük sıxıcıdı.  Kitab çapı haqqında da düşünmürəm və ümumiyyətlə, heç nə haqqında düşünmək belə istəmirəm.  Kim nə iş görürsə, uğurlar. Məncə kitab dövrü öz şərəfli ömrünü başa vurub. Hörmətli Çingiz Abdullayev , yəqin ki, 50 civarında roman –kitab yazıb çap etdirib, hər yazıçının öz stixiyası, yaradıcılıq anlayışı var. Bir dəfə şair dostum Qəşəm Nəcəfzadə deyəndə ki, bu il beş kitabım çap olunub..öncə qəribə gəldi mənə, sonra düşündüm , burda nə var ki..əlbəttə, məsələ çox- az yazmaqda, Hətta Nobel almaqda, Fəxri Xiyabanda dəfn olunmaqda deyil, yazdığın “NƏ”dirdədir. Q. Q. Markesin 16 kitabı çap olunub., cəmi-cümlətani.  1996-cı ildən 2005-ci ilə kimi kitabı çıxmayıb, ancaq 2005-ci ildə iki romanı- “Anlatmaq üçün yaşamaq”, “Mənim kədərli fahişələrim”ylə oxucuyla görüşüb. Başqaları da bir başqa. Kitabla böyüdüyümüzdən kitabsız həyatı təsəvvür edə bilmirik. Amma, amma zaman dəyişir, tələblər də. İndi postinternet dövründən söhbət gedir. Bizim bədi qavramımızla, ifadə resurslarımızla, yaratdığımız obrazla, baxışımızla müasir insan arasında çox fərq var. Məncə, bizim yazıçı profilində redaktələr edilməlidi, ədəbi dünyagörüş indiki sürətli insan dəyişimiylə uyuşmur. Bəzən adam öyrəşdiyi zəhərli havadan da məmnun qalır. Nəticə isə..məlum. “Z” zolağı –nəsli deyilən insan tipi bu günü, gələcəyi müəyyənləşdirir.  O, hansı müstəvidə baxır həyata, spesifik cəhətləri hansılardır, axı, dünyadan nə istəyirlər?-bu ətrafda , həndəvərdə belə düşünə bilmirik.

–Xətriizə dəyməsin, deyəsən, müsahibəni də ilham pərisi gələndə, ovqatınıza düşəndə verirsiniz. Qaraqabaq, lal-dinməz, bir az da kobud adam kimi tanıdırlar sizi. Sizinlə söhbətə gələcəyimi bildirəndə bir professor pıçıldadı ; “Çətin adamdı”.  Amma , mütləq çoxluq orijinal şair olmağınızda həmfikirdi.  Bir şeirinizdə deyildiyi kimi:

O, necə adamdı? Sözü-söhbəti

Onu tanıyanın sayı qədərdi.      –

-Axırdakı qənaətdən başlayaq. Çoxlarının nə düşünməsi önəmli deyil, əsas odur ki, sən-mən nəyəm, “Nə-kim olmağa çalışıram”  da keçərli deyil.  İlham pərisindən bəhs etdiniz..başqalarının ilham pərisi üzüyola ola bilər, məcazi anlamda, mənim ilham pərim inadkardı və özümü ruhən-fikrən təzələyəndə gəlir, onda da yoxlayır ki, ovqatım necədi. Bir ilham pərisinin min dənə şair dostu olmaz ki, vaxt çatdıra bilməz, hansının başına qonsun, şeir-meir yazdırsın. Zarafatsız, bu “İlham pərisi” anlayışca çoxdan ölmüş bir təxəyyül məhsuludu. Bizdə bir çox məsələlər kimi, “ölü duyğu-fikri” də  ədəbi dövriyyədə tutmaqla özümüzü də diri saxlamış sanırıq. Düşüncən ölüsə və ya vaxtı keçmiş “qidaları” qəzet-jurnal-sayt piştaxtasına çıxarmaqla alıcını zəhərləyirsən. Bu “dərmana” alışan alıcı-oxucu səni alqışlaya-alqışlaya “dərmanın dozasını” artırmağı istəməkdə haqlıdı, başlayır vay-şivən-mərsiyə-meyxana, titrək səslər, İlahi, tanrı, adam xitabələri, falçılıq. Bu dörd divar ədəbi türməsi, havasızlığına məhkum olunur oxucu. Mənim müşahidəmə görə, biz bu işin iştirakçısına çevrilməklə çox böyük yanlışlığa şərik oluruq.

 –Çox dərinə getdiniz, bir az dayazlarda üzək ki, çoxluqla anlaşa bilək, yəni, sizin bu fikirlərinizi mənimsəyən az olar, gəl ədəbi gündəmdən vaz keçməyək. Məsələn, bu günlərdə ədəbi mühitdə bir mübahisənin şahidi olduq. Anarın məlum son hekayəsindən bəhs edirəm; Təhminə və onun son sirri məsələsi..yəqin ki, hekayəni, hekayə haqqındakı qarşılıqlı fikirləri oxumusunuz, münasibətiniz, şəxsən mənim üçün də maraqlıdı..

-Bilirdim ki, söhbəti hərləyib-fırlayıb bunun üzərinə gətirəcəksən, ədəbiyyatımızın maqazinləşməsidi-bu belə dedi, o, belə dedi…diqqəti cəlb etmək və yaxud, başqa sözlə desək, ədəbiyyatın vacib , köklü problemlərindən yayınmaq. Halbuki, bu hekayə üzərindən əsas problemlərə keçid mümkündü. Əvəzində isə kim kimə nə və necə cavab verdi-yə yönləndirildik. Camaat nəyi eşitmək istəyirdisə o müstəvidə. Hğrmətli Anar müəllimin hekayəsinin ilk cümləsini oxudum və “sonra oxuyaram”a saxladım, çünki bütün fikrim Markeslə Folknerin arasındakı fərqə köklənmişdi. Özümələ apardığım bu dskusiyanı da bir zamanlar “sonra”ya saxlamışdım. Deyim ki, belə müqayisələri, fərqləri aramaq mənim ədəbi xobbimdi. Tələbəykən Tolstoy və Dostoyevski arasında öz-özümə araşdırmalar aparırdım. Yəni, bu məqama dəng gəldi. Haqqında yazılanları da oxumadım, sadəcə, güldüm. 20 ildi eyni şeyləri yazarmı, dinləyərmi adam, oxucuya, özünə rəva bilərmi insan məlumu elandan bezməzmi insan? “Anar dahidi, mükəmməl insandı”-“Anar yazıçı deyil, AYB-ni də batırıb” arasında var-gəl etməkdən usanmadınızmı. Anar haqqında bir yazım var; əsasən, “Macal”, “Yaxşı padşahın nağılı”, “Molla Nəsrəddin_66” üzərinə yazmışam. Çoxdan çap olunub, orada bir ifadə işlətmişdim: “Anarı tərifləyənlər də, tənqid edənlər də eyni ananın bic övladlarıdır”.  Ona görə ki, hər iki tərəf də AYB sədrini əsas alaraq danışır, əsərdən yox. Bir halda ki, soruşdun .gələk Təhminə xanımla bağlı fikrimə. “Beşmərtəli evin altıncı mərtəbəsi”ndə, 60-70-ci illər obrazı kimi təzə , arzulanan, maraqlı, tədqiqəlayiqdi. Melodramatik qavramı –“Təhminə və Zaur”laşması folklor yaddaşının istəyi və diqtəsində mahiyyətini itirir, məncə. Çünki camaat üçün “Əsli-Kərəm”ləşməsi, altıncı mərtəbədən cəzbedicidi. Açması..qalsın sənə,sizə, o-na…yoxsa xeyli uzanar bu sohbət.

–Bəs nədən sizin işarət etdiyiniz şəkildə müzakirələr getmir? Mane olan kimdir, nədir?

–Bəzi zamanlarda ədəbi mühitin durğunlaşması, hətta bulanması və ya bilərək-istəyərək bulandırılmasıyla qarşılaşırıq. Bu “bulandırma” işində orta səviyyəli, texniki yazıçılar müstəsna rol oynayır, “klassiklərə” xeyirlidi ki, ədəbiyyatda onlardan savayı kimsə yox, “stavka” onlara qoyulsun. Məsələyə bir az qlobal çərçivədə yanaşsaq, dünya siyasi-içtimai-iqtisadi sistemində bir tıxanmanı, yolayrıcında vurnuxmanı müşahidə edirik. Sənətin durumu da belə…Bu tıxanmadan sənətin yolgöstəriciliyinə ehtiyac duyulur kimi elmi-sosioloji tələblər də meydana çıxır. Sənətin öngörüləri tarixi gerçəklikdi, amma, əlbəttə məncə, məsələni həllini sənətdə aramaq itirdiyini yanlış yerdə aramağa bənzər. Dünyanın düşdüyü çıxılmazlığı sənət yaratmayıb ki. bir yanaşmanı da vurğulayım, fikrim yarımçıq qalmasın, DÜşünülmüş Çıxılmazlıqdı, yeni dövrə hazırlıq kimi də dəyərləndirənlər var. Nə isə, qayıdaq özümüzə. Bizdə normal müzakirələr getmir. Yəni tərifnamələrlə süslənən təltiflər. Həm də bu tərif-təltiflər mənsəbin pilləsinə görə dozasını artırır. Sonu əvvəldən bəlli olan əsərlər haqqında məlum cümlələr yığıntısı. Təkcə ədəbiyyat sahəsində deyil, əlbəttə, amma bulaq bir gözündən durulmağa başlamalıdı, kimsə-kimlərsə addım atmalıdı. Qərəzsiz-tərəfsiz, ancaq sənət meyarlarını önə çıxaran münasibət. Əgər ədəbi fikir özünü bu qədər özünü çürüdürsə, könüllü köləliyə məhkum edibsə, oradan yaradıcılıq işarətləri aramaq əbəsdi. Hansı yazıçının mənsəbi  hansı pillədəsə boyu da o həddə hesablanır, o qədər yazıçıdı. Belə düşük, anormal münasibətin ədəbiyyatla-zadla bilmərrə əlaqəsi yoxdur.

-Yanvarda 65 yaş qapınızı döyür. Belə suallar yayğındı:”Özünüzə hesabat verirsinizmi?”.

-Yox hesabat-zad vermirəm, yaşanan günümü  başqası yaşayıbmış kimi gözdən keçirirəm, heç də xoşuma gəlmir, sadəcə yaşayıram. Amma..

Təzə ağaclar əkərdim

Barını yeyən ölməz

Təzə torpaq hardan alım.

 

Ev tukərdim,

Qapısından keçənlərin dərdi dərdi olmaz

Bu daşlar dünya daşları.

 

Nəğmələr oxuyardım

Sirli-sehrli nəğmələr

Təzə sözlər tapanmadım.

 

Ya yerdən çıc

Ya göydən en, təzə adam.

 

Bax bu, 65 yaşlı gənc şair Kəramətin 40 il öncəki şeiridi.

-Onda sualı belə verək, şeir sizə nə verdi, şair həyatından razısınızmı?

-Birincisi, mən şeirdən heç nə ummadım, bu alver, umacaq olan yerdə sənət olmaz. Şair də cənnətə getmək üçün namaz qılan, oruc tutan dindara bənzər, ya da tipik bir alverçiyə, sata-sata, satıla-satıla. İnsan ömrü, həyatı əmtəəyə çevrilib, heç onu da alan yox. Yanaşma eyniyyəti.. Bir gün Yataqxanadan arayış alırdım, “komendant” soruşdu ki, müəllim, sizə ev verməyiblərmi, hələ ailənizdə üç AYB üzvü var…gör kimlər ev alıb, sizi bu qədər aciz bilməzdim. Normaldı, əslinə qalsa, mən ədəbiyyatın təsərrüfatı məsələsində , doğrudan-doğruya, acizliyimi səmimiyyətlə boynuma alıram. Mənə elə gəlir ki, yüzdəbir haqqımı, vətəndaş, şair olaraq istəyəndə əskilirəm, alçalıram.  Yaxşı duyğu deyil, zərərlidi hətta, doğru anlaşılmır çox zaman. Nə isə..ömürdən razılıq-narazılıq absurd sualdı, bir də yazıçı ömrünün məğzi yaratdığı əsərlərə köçür, yəni özünü-ömrünü əsərlərinə köçürən adamdı yaradıcı şəxs.

-“Ömür təkadamlıq yoldu” yazmısız, məgər yar, dost, ailə, millət və başqa birgəyaşayış mənasızmı, anlam daşımırmı sizə görə. Hələ ədəbi nəsil…ədəbi içtimaiyyət..Həm də,

Biz bir yerdə yaşamağa

Məhkum olan adamlarıq,-

demisiniz, bunu necə anlayaq, necə izah edərsiniz bu paradoksu?

–Bir az da irəli fikir söyləyə bilərəm..əslində, kimsə kimsəni anlamır, sadəcə anlamağa çalışanlar və dəyər verənlər var. Ətürpədən bir yaralayıcı gerçəklik budur ki, sənətə əyləncə, sənətçiyə təlxək kimi yanaşılıb tarixən, bəxşişlər aparıcı ideologiyanı yayğınlaşdırdığına görə, bunun qarşılığı olaraq verilib mükafatlar. Azad və müstəqil, yenilikçi ,qarşı ədəbi yanaşmalar həmişə təhlükəli, arzuolunmaz sayılıb , belədə sayğınlığı basdırılmaq kütləvilik –“şair xalq” yaradılıb., sənət müxalifdisə belə iqtidarların işinə yarar. Bunların fövqündə dayananda yaradıcılıq öz mahiyyətiylə şərəf qazanır. Yəni bütövlükdə götürəndə ciddiyə alınmayıb…siyasətin, iqtidar idarəetməsinin “təkərciyi və vintciyi” kimi yanaşılıb. Sənət fəlsəfi mahiyyətiylə sözsahibidir,-deyə düşünürəm. Qaldı ədəbi nəsil məsələsi…onilliklərə bölünən, ölçülən ədəbiyyat öz mahiyyətini itirir və təsərrüfat kateqoriyasına keçiş baş verir. Sovet dövrünün, beşillik, yeddiillik planlı təsərrüfatının ədəbiyyat variantı kimi bir şey.. ”Atalar-oğullar” məsələsi yoxdur ki indi. Bədii düşüncənin vaxt tezliyi, hansı zaman zolağına aidiyyatı yurd məfhumunu da üstələyib.

-Doğrusu, bir az fikrim qarışdı. Sizin bir “Xaosun harmoniyası” poemanız var, fikrim xaos halındadı indi. Xaosla harmoniya necə uzlaşır, bir arada ola bilir?

–Əvvəlcə elə bilirdim ki, mənə aiddu bu söz birləşməsi, sonra gördüm ki, Bilqeysin belə bir konsepti var: “Xaosu yaradaraq onu idarə etmək, harmoniyasını da düşünmək” ..buna öxşar bir şey. Elə-belə , sözgəlişi dedim.

Danışığınızdan belə başa düşürəm ki, nəinki ədəbiyyatı müqəddəs sayırsınız, heç o qədər də ciddiyə almırsınız. Bəs nədən ömrünüzü bu “qeyri-ciddi” bir işə həsr etdiniz ki, özü də məsuliyyətlə, ciddiyyətlə.

–Birincisi, mən dərk elədiyim gerçəkliyin təsbitini  paylaşıram. Bir də hər nə, kim müqəddəs hesab olunursa, orda dəhşətli bir yalan var. Səncə niyə keşişlər, mollalar, imamlar camaatdan yaxşı yaşayıb həmişə. Niyə imtiyaz sahibləridilər. Başqa sahələri də sadalaya bilərəm. Tarkovski deyirdi ki, dünya mükəmməl olsaydı, sənətə ehtiyac qalmazdı.  Əlavə edərdim ki, sənət dünyanı mükəmməl etməklə hökmlü deyil,-bu da məndən ərməğan fikir olsun.

–Yoruldunuz deyəsən

-Yox, sadəcə çox danışmağı bacarmıram, əvəzində çox susuram, düşünürəm. Çox susmaq, düşünmək də yaxşı hal deyil.

-Onda hələlik..

-Sağlıqla

          Həmsöhbət oldu: Saçı Sümbül (Fidan Şamilqızı)

 

 

 

 

Share: