Yar ətri var yasəməndə… Günəş Zakirqızına – Fuad Biləsuvarlı yazır

1 dekabr Azərbaycan Pedaqoji Kollecin  pedaqoqu, Bakı Dövlət Universitetin disertantı, doğmamız Günəş Zakirqızının  doğum günüdü. İşlərində uğurlar arzu edirəm.100 yaşasın!!!

” Sözün Günəşi” və ya “Günəşin sözü”

Azərbaycan ədəbiyyatında elə qadın imzaları var ki, o imzalar öz sanballı əsərləriylə, şeirləriylə tarixdə qalmağı bacarıblar. O qadın şairələrimizdən biri də bu günlərdə yeni kitabıyla tanış olduğum olduqca çox istedadlı xanım elmi, publisist məqalələri ilə könüllərdə yuva qurmağı bacaran pedaqoq- publisist-şairə Günəş xanım Zakirqızıdı. ” Günəşin nəğmələri” adlı şeirlər kitabını oxudum. “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda dərc olunan 108 səhifədən ibarət bu kitabın içindəki şeirlərin hər biri çox gözəl, rəngarəng bir-birindən oxunaqlı və maraqlıdı. Hər şeir yazana şair demək də günahdı. Amma Günəş xanım sözün əsl mənasında şairədi. Şairin birinci növbədə şeir dili olmalıdı. Şair anadan şair doğulmalıdı. Çox qadın şairələr tanıyıram ki, çox şairlərin şeirlərin, misraların öz adlarına çıxıblar. Yalançı mükafatlar, diplomlar, fəxri adlar alıblar. Amma Günəş xanım çox xoşbəxt şairədi. Ona görə xoşbəxt şairədi ki, Günəş xanım şeirlərində özüdü. Yazdıqlarında heç kimi təkrarlamır. Şeirlərində bir təkrar sözə, mübaliğəli fikirlərə rast gəlmərik. Şeirlərinin hər birində öz keşməkeşli həyatından, çəkdiyi iztirablardan, acılardan söz açır. Vətənə, anaya, xalqa, məhəbbət, sevgini Günəş xanımın şeirlərində görmək olur. Fani dünyada vəfasızların arasında yaşamağın çətin olduğunu vurğulayan şairə xanım amma yenə də özünü sınan yox, mətin, məğrur bir xanım kimi göstərir. Usanmır, yorulmur. Günəş xanım əlinə qələm alanda, qələmə sarılanda, yazıb- yaradanda ürəyini ovuda bilir, qəlbindən dərdi bir yük kimi boşaltmış olur. Çətin iş rejiminə baxmayaraq Günəş müəllimə şeir yazmağından qalmır. Şeir yazmağa hobbi kimi baxmır. Şeir, onun ürəyi, canı, nəfəsidi. Özü bir dəfə mənə demişdi ki, mən şeir yazmasam ölərəm. Hər vaxt həyatdan narazı olaraq şairə xanım gözəl ömrün, xoşbəxt günün, rahat həyatın axtarışında, sorağındadı. Dostlarına qarşı vəfalı oldu, dar günün dostu oldu, çətin gündə dostlarının əlindən tutdu. Amma dar gündə dostları onu yarı yolda qoydular. Vəfasız, çıxdılar, etibarsız oldular. Necə də vəfasız, etibarsız insanlar olduğunu vəfasızlıq, etibarsızlıq görəndən sonra Günəş xanım dərk etməyə başladı. Ona görə deyirəm ki, həyat bir məktəbdi. Həyatında bütün yaşadıqları Günəş xanım üçün böyük dərsdi. Günəş xanım öz ana dilinin, yurdunun vurğunu kimi həmişə tələbələrini də birinci vətənpərvər olmağa çağırır. Yumruq boyda ürəyində Günəş xanımın Azərbaycana, bayrağa, gerbə, şəhidlərə, qəhrəmanlara, sevgisi deyərdim ki, bir ümman qədər, dənizlər qədərdi. Qadınlar var həyatın enişli-yoxuşlu yollarından alın açıqlığıyla, üz ağlığı ilə çıxa bilməyib. Amma Günəş xanım parlaq istedadıyla həyatda məğrur qadın kimi büdrəmədən, ayaq üstə qalmağı bacardı. Bu da bir sınaqdı deyib, imtahanlardan alnı açıq, üzü ağ çıxdı. Dərdli, qəmli əzablı günlərində də, xoşbəxt günlərində də özü oldu. Saxta şan-şöhrətə, var-dövlətə üstünlük vermədi. Özü kimi sadələrlə, mənəviyyatı zəngin olanlarla yoldaşlıq, rəfiqəlik etdi. Sadəliyi ilə hamının hörmətini, rəğbətini qazandı. Özünə geniş oxucu auditoriyası toplaya bildi. Günəş xanımın çox gözəl ürəyi var. Ona pislik edənlərə qarşı da yaxşılıqlar edir. Bir kimsəni qoymur çətində, darda qala. Neçə-neçə kasıb imkanı olmayanları tam təmannasız hazırlaşdırıb. Günəş xanımın ürəyinin ən həssas, ən zəif yeri anasıdı. Söz yox atası dəyərli ziyalımız Zakir müəllim Quliyevi də çox istəyir. Əziz oxucularımız amma gəlin razılaşaq ki, qızlar analarına çox bağlı olurlar. Qız uşaqları ataya deyə bilmədiklərini anaya deyirlər. Bir sözlə qızlar analarıyla rəfiqə olurlar. Günəş xanım da anası Sədaqət xanımla rəfiqə idi. Bütün uğurları haqda, sevincini, kədərini, qəmini, anası Sədaqət xanıma deyərdi. Bir evdəki ana yoxdu, böyük yoxdu o, evdə şadlıq yoxdu. Sədaqət xanımın vaxtsız vəfatı Günəş xanımın gülən gözlərinə əbədilik həsrətin çənin endirdi. Anasının yoxluğuna heç cürə dözə bilməyən, bu yoxluqla barışa bilməyən Günəş xanım bircə təsəllini Sədaqət anamızın məzarını ziyarət etməklə, onun unudulmaz, işıqlı xatirəsinə ithaf etdiyi ana mövzularında yazdığı şeirləriylə tapır. Sədaqət anamızın da ruhu şad olsun!!! Sözün Günəşinə yeni uğurlar arzu edirəm. Günəş xanımın anasının əziz xatirəsinə ithaf etdiyi şeiri bir də Günəş xanımın dilindən anasının əziz xatirəsinə ithaf etdiyim şeirlərimi əziz oxucularımıza bəyan edirəm.

Şeirin müəllifi: Günəş Zakirqızı

Ağlama, Ana!…

Ağlama, ay ana daha ağlama,
Şəkli ürəyinin başına qoyub,
Gözünü gözümdən burax, ay ana!,
Kədəri özündən uzaq tut, ana!…

Qəmi ürəyinə yaxın buraxma,
Göz yaşı içində qovrulub axma,
Məni səndən alan bu yola baxma,
Hicranı özündən uzaq tut, ana!.

Xəyalım səninlə öpüşür yenə,
O qəmli gözlərlə öpüşür yenə,
Səninlə son dəfə görüşür yenə,
Ağlama, ay ana daha ağlama,
Ağlama, ay ana daha ağlama…

Ay Ana!

Qəbrinin üstünə gəlib gizlicə,
Elə ağlayıram sənsiz hər gecə.
Ömrü yaşamıram heç də könlümcə,
Canım sənə qurban ana, ay ana!

Böyütdün sən məni ərköyün, çılğın,
Sənsiz qəmli-qəmli, gəzirəm dalğın.
Elə fikirliyəm yorğunam, yorğun,
Canım sənə qurban ana, ay ana!

Dünyanı tərk etdin məndən nigaran,
Getdin ürəyimdə sağalmır yaram.
Yaxşı ki, yerində mən bu gün varam,
Canım sənə qurban ana, ay ana!

Ömrünün günəşi tez qürub etdi,
Səndən sonra həyat bizimçün bitdi.
Sənsiz ömrün-günün mənası itdi,
Canım sənə qurban ana, ay ana!

Ay sədaqətli, gözəl, Sədaqət anam,
Mənə yadigarın saf ismət anam.
Sən bizə bəxş etdin nəzakət anam,
Canım sənə qurban ana, ay ana!

Əlinin sığalı saçıma dəymir,
Taleyim xoşbəxtlik donunu geymir.
Məni heç bir kəsim sənintək öymür,
Canım sənə qurban ana, ay ana!

Müəllif: Fuad Biləsuvarlı

Ana!

Uşaqlığa qayıdıb kaş anamla qalardım,
Qucaqlayıb boynunu istədiyin alardım.
Xoşbəxtlərin içində mən də xoşbəxt olardım,
Amma bunlar bir xəyal, bir istəkdi can Ana!

Hər uğruma heyrətlə baxıb gülən sənim yox,
Sən gedəndən bəxtimdə ağ, bəyazlı günüm yox.
Elə bil ki,quruyub damarımda qanım yox,
Yaşamıram dünyanı səndən sonra mən Ana!

Çox hökümlü,zəhimli baxışların var idi,
Bircənidim uğruma alqışların var idi.
Yollarıma düzülən naxışların var idi,
Ölümünlə öldürdün məndə canı sən Ana!

Xəstə olcaq verərdin bir zoğallı çayımı,
Nəfəsinlə görərdim sərt qışımda yayımı.
Qucağına almadın məndən nəvə payını,
Qismətində olmadı o dəyərli gün Ana!

Fikirlərim səninlə ortaq idi, tən idi,
Gözlərinlə dünyaya baxan gözüm şən idi.
Yeməyim də ağzımda ləzzət idi, tam idi,
Səndən sonra sənsiz yox damağımda tam Ana!

Yoxluğundan dərd tapdım, dərdin adı vərəmdi,
Ana deyib dağları dələn ahım-naləmdi.
Qoyub getdiyin qızın dərd gölündə çiməndi,
Lap axrıma çıxıbdı qüssə, kədər, qəm Ana!

Sənin sağ olmağına ehtiyacım var necə,
İllərdi ki, möhtacıq xoşbəxtliyə sevincə.
Nolar axı yuxuma gecələr gəl gizlicə,
Yuxularda başıma dolanaraq, dön Ana!

İki oğlun mən qızın, gecə, gündüz, hər axşam,
Fikirlərin içində hətta çaş-baş qalmışam.
Sən rəhmətə gedəndən süfrəmizdə yanmır şam,
İndi məzarın üstə yandırırıq şam Ana!

Müəllif: Fuad Biləsuvarlı

Bu yaşda anamı istəyirəm mən!

Qaranlıq gecəmdə çırağım olan,
Həm Məkkəm, Mədinəm, ocağım olan.
Ən çətin günümdə dayağım olan,
Bu yaşda anamı istəyirəm mən!

Gözümə görünür xəyalı, üzü,
Odur həyatımın günü, gündüzü.
Ömrümün günəşi, sönməz ulduzu,
Bu yaşda anamı istəyirəm mən!

Əlimdən tutaraq gəzdirsin yenə,
Yeməklər bişirsin əliylə mənə.
İllərdi həsrətəm o aya, günə,
Bu yaşda anamı istəyirəm mən!

Duası açırdı yolumu hər an,
Vallah, bəsim idi deyəndə ay can.
Hər vaxt qulluğumda səbirlə duran,
Bu yaşda anamı istəyirəm mən!

Əlimi çatdırdı şöhrətə, ada,
Nə qədər sağ idi çatırdı dada.
Yanımda olanda görmürdüm qada,
Bu yaşda anamı istəyirəm mən!

Müəllif: Fuad Biləsuvarlı

Yar ətri var yasəməndə

Nərgizləri dərdə saldı,
Könülləri ələ aldı.
Güllər içrə tək gül oldu,
Yar ətri var yasəməndə.

Ev-eşikdə güldanlarda,
Ona sevgi insanlarda.
Bağdan dərir cavanlar da,
Yar ətri var yasəməndə.

Bağçamızın nazlı qızı,
Gözəl, göyçək gözlü qızı.
Öz də şirin sözlü qızı,
Yar ətri var yasəməndə.

Bahar fəsli, yazda açar,
Kəndimizdə hər evdə var.
Gözəl olur güllü bahar,
Yar ətri var yasəməndə.

Sevənlərin çiçəyidi,
Bəxtimizin bəzəyidi.
Bağda güllər göyçəyidi,
Yar ətri var yasəməndə.

Gül dilində danışan gül,
Ulduzlartək sayrışan gül.
Sevgilimə yaraşan gül,
Yar ətri var yasəməndə.

Müəllif: Fuad Biləsuvarlı

Bağışlayıram…

Qəlbimdən qəlbinə çəkdiyim yola,
Hər gün xalı sərib naxışlayıram.
Pulum yox, daş-qaşa gümanım gəlmir,
Mən sənə qəlbimi bağışlayıram.

Gülüm, ad gününə gəldim utancaq,
Çöldən çiçək dərdim mən qucaq-qucaq.
Yəqin ki, hədiyyə istərsən, ancaq,
Mən sənə qəlbimi bağışlayıram.

Saxla gözlərinin üstündə onu…
Qoru tər sinənin üstündə onu.
Budur təbrikimin, arzumun sonu,
Mən sənə qəlbimi bağışlayıram!

Müəllif: Fuad Biləsuvarlı

Gəlirəm qəlbini isindirməyə…

Özünü özümdən uzaq da etmə,
Gözünün yaşını bulaq da etmə.
Sevgini özünə yasaq da etmə,
Gəlirəm qəlbini isindirməyə,
Küsmüş taleyini sevindirməyə.

Andıma dönübdü adın dilimdə,
Səni sevən gündən bilməm zülüm də.
Nə qədər solmayıb gülüm əlimdə,
Gəlirəm qəlbini isindirməyə,
Küsmüş taleyini sevindirməyə.

Fırtına, qasırğa, tufan qopsa da,
Yer üzü alışıb, yanan olsa da,
Bu dünya xərabə, viran qalsa da,
Gəlirəm qəlbini isindirməyə,
Küsmüş taleyini sevindirməyə.

Ağrılı qəlbinə məlhəm olmağa,
Sənə bir ömürlük həmdəm olmağa.
Ömür – gün yoldaşın, məhrəm olmağa,
Gəlirəm qəlbini isindirməyə,
Küsmüş taleyini sevindirməyə.

Ay mənim evimə yaraşıq olan,
Günəş kimi sönməz, gur işıq olan.
Elə mənəm sənə lap aşiq olan,
Gəlirəm qəlbini isindirməyə,
Küsmüş taleyini sevindirməyə.

Tanrı möcüzəni göstərib bu gün,
Yazıb alnımıza qismət, toy-düyün. Qadası qəmlənmə heç olma üzgün,
Gəlirəm qəlbini isindirməyə,
Küsmüş taleyini sevindirməyə…

Müəllif: Fuad Biləsuvarlı

Güllərin içinə bu gül xoş gəlib

Ay Allah ölürəm əcəlimdi o,
Sevən ürəyimdə məşəlimdi o.
Nəğməmdi, sözümdü, qəzəlimdi o,
Güllərin içinə bu gül xoş gəlib.

Sevirəm özünü, istərəm xətrin,
Bağçama gətirib gül- çiçək ətrin.
Çox gözəl bilirəm  Günəşin qədrin,
Güllərin içinə bu gül xoş gəlib.

Tanrı ki, yoluma çıxarıb onu,
Sevdamın bağında bitirib onu.
Mələklər mənimçün yetirib onu,
Güllərin içinə bu gül xoş gəlib.

Sevgi sarayında sultanı olum.
Ümidi, həyanı, gümanı olum.
Ölüm qarşısında qurbanı olum,
Güllərin içinə bu gül xoş gəlib.

Müəllif: Fuad Biləsuvarlı

Yanına gəldim ki…

Üzündə nikbinlik yaratmaq üçün,
Dərdini, fikrini dağıtmaq üçün,
Həsrətli qəlbini ovutmaq üçün
Yanına gəldim ki, darıxmayasan.

Dözmərəm yarpaqtək saralmağına,
O damın altında tək qalmağına.
Vicdanım yol verməz darıxmağına,
Yanına gəldim ki, darıxmayasan.

Xoşbəxtəm əllərim əlində sənin,
Nə yaxşı ki, varam bəxtində sənin.
Yenə də qonağam evində sənin,
Yanına gəldim ki, darıxmayasan.

Bu gündən yığışdır umu-küsünü,
Toxundur üzümə o gül üzünü.
Hiss etmə həyatda yalqız özünü,
Yanına gəldim ki, darıxmayasan.

Bu həsrət zəmisi biçilən deyil,
Həsrətim misqalla ölçülən deyil.
Zülümün dağ boyda! Kiçilən deyil!
Yanına gəldim ki, darıxmayasan.

Müəllif: Fuad Biləsuvarlı

Qorxuram

Aramızda olan xətir-hörmətin
Nə zamansa bitməyindən qorxuram.
Sənə olan bu sevgimin, eşqimin
Ürəyimdə ölməyindən qorxuram.

Xəyalını daşıdığım anların,
Həsrətindən üşüdüyüm anların,
Sənə görə yaşadığım anların,
Xəyal kimi itməyindən qorxuram.

Gizli-gizli ürəyimə girmisən,
Sevgi nədir – mənimlə bir bilmisən.
Sən ömrümə bahar çağı gəlmisən,
Bir qış çağı getməyindən qorxuram.

Müəllif: Fuad Biləsuvarlı

İnan əzizim

Mən yanıqlı ötən bir tənha bülbül,
Nəğməmin əvvəli, sonu qızılgül.
Nəyə inanmırsan öz işindi bil,
Amma bu sevgimə,inan əzizim.

Gündə neçə dəfə alnın möhürə,
Vuran şəxsiyyətə, mömin şairə.
İnan ki, rastalaşa bilək xeyirə,
Məndə ola bilməz yalan əzizim.

Dediyim sözlərin əksin deyirsən,
Özün də bilmirsən nə istəyirsən.
Axı, baş götürüb hara gedirsən,
Dayan, söyləyirəm, dayan, əzizim.

Ata, anamızın fələk də yolun,
Bağlayıb, doladı qoluna qolun.
Məndə ata, səndə sevgilim, gülüm,
Yoxdu bu dünyada anan əzizim.

Dəfələrlə bunu demişəm sənə,
Yorulmadan təkrar deyirəm yenə.
Səndə ata qoca, məndə də nənə,
Toy haçan olacaq, haçan əzizim.

Müəllif: Fuad Biləsuvarlı

Mənə ürəyində, yer ver qalmağa

Könül, can evinin eşq otağında,
Gizlənim qəlbinin bir bucağında.
Yəqin tutmaz mənə heç acığın da,
Mənə ürəyində, yer ver qalmağa.

Çöldə soyuqlardan üşüyüb, ölmək,
Heç insafdan deyil gülüzlü mələk.
Kirayə də olsa, olar hə neynək,
Mənə ürəyində, yer ver qalmağa.

Allahın göylərdən diqqətindən qorx,
Xalqın tənəsindən, töhmətindən qorx.
Bax, səni qınayar millətindən qorx,
Mənə ürəyində, yer ver qalmağa.

Sovuşmur içimdən dərd-ələmim də,
Gözümün yaşı var bu qələmimdə.
Gəlsəm də gecənin bir aləmində,
Mənə ürəyində, yer ver qalmağa.

Özümə gəlincə qoy qalım orda,
Tapmaz ürəyində məni azar da.
Dön xilaskarıma, qalmayım darda,
Mənə ürəyində, yer ver qalmağa.

Müəllif: Fuad Biləsuvarlı

DƏRD ETMƏ MƏNƏ!

Mən səni haradan axtarım bulum,
Yenə də birləşsin yoluna yolum.
İstərsən qurbanın, lap qulun olum,
Yar, qalan ömrümü dərd etmə mənə!

Özünü həyata alışdır daha,
Başını bir işlə qarışdır daha.
Uşaqtək küsməyi yığışdır daha,
Yar, qalan ömrümü dərd etmə mənə!

Elə bil donubdur, ötmür zamanım,
Onsuz da sıxılır həsrətdən canım.
Son günlər sərt keçir hər günüm, anım,
Yar, qalan ömrümü dərd etmə mənə!

Çəkilsin sabahdan qəmin ayağı,
Biz də toy eyləyək dostlarsayağı.
Sevindir Fuadı bayram qabağı,
Yar, qalan ömrümü dərd etmə mənə!

Müəllif: Fuad Biləsuvarlı

Yenə də mən, yenə də sən

Rastlaşmışıq göz-gözəyik,
Oturmuşuq üz-üzəyik,
Yer üzünə biz bəzəyik,
Yenə də mən, yenə də sən.

El-obadan, başsız yurddan,
Düşmənlərdən, itdən, qurddan.
Danışırıq ordan-burdan,
Yenə də mən, yenə də sən.

Birimiz qəm, birimiz dərd,
Birimiz sərt, birimiz mərd.
Çox sevinək olmayaq pərt,
Yenə də mən, yenə də sən.

Xəstəlikdən uzaq olaq,
Bir az gözdə, qulaq olaq.
Sevgimizə dayaq olaq,
Yenə də mən, yenə də sən.

Uzaqlaşaq bu hay-küydən,
Biz həzz alaq mavi göydən.
Söhbət edək gülüm toydan,
Yenə də mən, yenə də sən.

Müəllif: Fuad Biləsuvarlı

Sabaha kimi!

Əzizim, köklənib nikbin notlara,
Bu gündən son deyək tərs inadlara.
Dəyişmə heç zaman məni yadlara,
Vüsaldan danışaq sabaha kimi!

Eşqimiz axarlı dupduru bulaq,
Həsrəti həsrətin gözündən salaq.
Həmişə, hər yerdə birlikdə olaq,
Vüsaldan danışaq sabaha kimi.

Məhəbbət – bir çiçək, hicran – bir alaq!
Vüsalı sevgiyə eyləyək calaq.
Düz ilqarlı olaq, gəl, sadiq olaq,
Vüsaldan danışaq sabaha kimi.

Eşqimiz tarixə yazılan olsun,
Məzarım könlündə qazılan olsun,
Yuxumuz xoşluğa yozulan olsun,
Vüsaldan danışaq sabaha kimi

Bəxtəvər desinlər, gözə gəlməyək,
Bu eşqi unudub qəlbdən silməyək.
Ayrı yaşamayaq, ayrı ölməyək,
Vüsaldan danışaq sabaha kimi.

Çatlasın hikkədən dodaq büzənlər,
Səadət yoluna tikan düzənlər.
Üzdə dost görünüb düşmən gəzənlər…
Vüsaldan danışaq sabaha kimi.

Layiq bil Fuadı təmiz adına,
Mələksən, al məni cüt qanadına.
Toxunsun dodağım gül dodağına,
Vüsaldan danışaq sabaha kimi…

Müəllif: Fuad Biləsuvarlı

Məni sevərsən

Hisslərimi başa düşüb, məni duy,
Lazım deyil bu çək-çevir, götür-qoy.
İkimizə olmalıdı gözəl toy,
Məndən yaxşı, yenə məni sevərsən.

Doğum, ad gününə çiçək gətirən,
Arxasız bəxtinə dirək gətirən.
Özünü özünə kömək gətirən,
Məndən yaxşı, yenə məni sevərsən.

Tərbiyəmdən el danışır, büsbütün,
Sevgimi də hər bir zaman tut üstün.
Eşq mələyim, can sirdaşım, qəlb dostum,
Məndən yaxşı, yenə məni sevərsən.

Buludların arasından çıxaraq,
Bahar çağı üzümə xoş baxaraq.
Adımı da yaddaşına yazaraq,
Məndən yaxşı, yenə məni sevərsən.

Birləşərək lap taparıq xeyir də,
41 yaşı keçirdərik bir yerdə.
Hicran çəkməz aramıza day pərdə,
Məndən yaxşı, yenə məni sevərsən.

Müəllif: Fuad Biləsuvarlı

https://youtu.be/RIQpI1bGE_E

https://youtu.be/HiQYRvNIgG8

https://youtu.be/E4oN6D_R770

AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı, Cəsarətli qələm mükafatçısı
Fuad Biləsuvarlı 

Share: