Çəkildim göylərə… ruhum çırpınır Tanrının ovcunda kəpənək kimi – Sevinc QƏRİBin yeni şeirləri

MƏN OLSAYDIM…
Güzgüdəki mənəm?!.
…yox, mən deyiləm,
mən olsaydım-
təbəssüm toxuyardı kipriklərim,
duyğu misralanardı gözlərimdə,
şeir dillənərdi baxışlarımda…
Mən olsaydım-
üşüməzdi əllərim,
ağlamazdı saçlarım,
ağrımazdı qollarım.
Mən olsaydım-
yıxılmazdım sənsizlik adlı ağrının
ayaqlarına,
yoxluğuna bürünmüş dünyanın
havasızlığından
asmazdım nəfəsimi,
sükutu qucaqlamazdı qulaqlarım,
qaranlığı öpməzdi gözlərim..
Mən olsaydım-
sevinc oynaşardı dodaqlarımda,
kədər çiliklənərdi yanaqlarımda…
Güzgüdəki mənəm…
çəkildim göylərə..,
ruhum çırpınır
Tanrının ovcunda kəpənək kimi…
TANRIYA…
Boş əlim, boş qucağım,
Alışmadı ocağım.
Yox daha umacağım,
Çək göyünə, çək məni!
**
Sevgim tənha qarıdı,
Dərdim məndən yarıdı.
Üzüm sənə sarıdı,
Çək göyünə, çək məni!
**
Dibi su tutmaz quyum,
Bəxtimə çatmaz boyum,
Nə yatdım, nə də doyum,
Çək göyünə, çək məni!
**
Ümidlərə sarıldım,
Üz görmədim qırıldım.
Bu ömürdən yoruldum,
Çək göyünə, çək məni!
YETİM QALMAQ QİSMƏTİDİ BU EŞQİN…
Bilirəm, ömrünə kədər gətirdim,
Ayrılaq, taleyin hirsi soyusun.
Mən özümü həsrətəcən ötürdüm,
Sən də çıx get, artıq təməl qoyulsun.
**
Nə gördük ki, göz yaşından savayı,
Döl vermədi bu sevdanın sevinci.
Təkcə dərddi bizə düşən havayı,
Hara getsək tapdı bizi birinci.
**
Arzularım qundağında boğulur,
Vüsalını dadmadı heç əllərim.
Duyğuların yad adamda doğulur,
Sığalını yadırğayır tellərim.
İnanmıram fələk bizi qarğıya,
Bədhaxların nəfsi kəsdi bu eşqi.
Məhəl qoyma sinəmdəki ağrıya,
Yetim qalmaq qismətidi bu eşqin.
**
Nəm gözlərim yollarına yıxılsın,
İntizarın dara çəksin ruhumu.
Bu sevgidən sən-mən adı çıxılsın,
Kiridərəm için-için ahımı…
**
Ayrılığın mürgü vursun gözümdə,
Qollarıma yiyə dursun sənsizlik.
Mən birtəhər güc taparam özümdə
Təki səni ağrıtmasın mənsizlik…
Get, sevincin qucaqlasın boyunu,
İşıq bitsin yollarında, izində.
Uduzanı mən olum bu “oyunun”,
Gedişinə yas tutaram gizlində…
****
Çiçək kimiydi arzularım,
hər səhər günəşə
boylanırdı,
böyük ağacların kölgəsi
yad nəfəs kimi üşüdər
şəfəqlərə sarılmaq
istəyən çiçəkləri.
Soyuqdan içinə yığılan
çiçəklər kimi,
ürəyimə qısıldı,
günəşə əli çatmadı
arzularımın…
Share: