Quşdan özgə göydə nə var, ələyin…

Bu günlərdə 60 illik yubileyi tamam olan görkəmli şair və ictimai-siyasi xadim, millət vəkili Musa Urud ölkə başçısının sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Əziz qardaşımızı ürəkdən təbrik edir, ona bir ömür sevgili günlər arzulayıram. Təbrik əvəzi illər öncə çap olunan “Hər nə varsa” kitabı haqqında yazdığım təəssüratlarımı dostlarla paylaşıram.

….Çünki GÖY ÜZÜNDƏ AĞRI ÇƏKİR BULUDLAR… Bu, şair yaşantısı, şair hökmüdür. Bu hökmə tabe olanlar isə Musa Urudu illər öncədən sevmiş və imzasını həsrətlə gözləyən oxucularıdır (Mən özümü fərqli oxucu hesab edirəm, o baxımdan ki, sevdiyim sənətkarları təkrar-təkrar oxuyuram və onların az çap olunduğunu hiss etmirəm, Yaxşırdmı, pisdirmi, deyə bilmərəm).
Musa Urudun «Avropa» nəşriyyatında nəfis tərtibatla çap olunan “Hər nə varsa” kitabını oxuyanda da bu hissi keçirdim. Bu kitabda HƏR NƏ VARSA gözəldir: Yazılanlar və nəfis tərtibat.
Şairi heç nə öz düşüncələrindən gözəl təqdim edə bilməz. Özünün “Ön söz»də yazdığı kimi: “Ən gözəl şeir Allahın söylədiyi sözlərdir. Bu mənada şair həm Allaha, həm də bəndəyə xidmət edəndir. Həm Allaha, həm də onun bəndələrinə xidmət etmək şərəfdir. Şərəfdir, ancaq xoşbəxtlik deyildir. Allah şairlıəri xoşbəxt yaşamaq üçün yaratmır.
Dünyanın dərdlərini suçəkən kimi ürəyinə çəkən kəs xoşbəxt yaşaya bilməz. Özündən sonra da sözü yaşayan şairlər insanların ən xoşbəxtidir. Dünyanın əvvəli də sonu da sözdür. Sözü dünyada qalan, gözü dünyada qalandan qat-qat xoşbəxtdir.”
Bu fikirlərə heç nə əlavə etmədən misralarına tapınmaq olar:
Bulud Allahındı, yağış şahındı.
Torpaq Allıhındı, qamış şahındı.
Dua Allıhındı, alqış şahındı,
Allaha deyilən şaha deyilməz.
Ktabın annotasiyasında qeyd olunur ki, burada şairin ən uğurlu, yəni seçmə şeirləri toplanıb. Zənnimcə Musa Urudun bütün yaradıcılığını toplayıb adına “seçmə” demək olar. Çünki şair olaraq Musa Urud zatən seçilmişlərdəndir və onun qələmindən çıxan hər misra oxucularının iliyinə çoxdan işləyib. Yazdıqlarının hamısına bir səmimiyyət qatan şairin uğursuz bir yazısı olsa belə, onun canındakı səmimiyyət hər şeyi yoluna qoyar.
Bütün yaranmışlar SEVGİyə borcludur. Yaşam tərzini sevgiyə bələyəndə yazdıqlarının da canından bir sevgi ilahəsi yol başlayır. Bu sevgi ilahəsi Musa Urudun bütün yaradıcılığından qırmızı xətilə keçir. Kitabını sevgi şeirləri ilə başlaması da təbiidir:
Yolumun üstündən yolun keçəcək,
Zülməti doğrayan təzə dan kimi.
Qaranquş yuvaya, cüyür bulağa,
Pərvanə çırağa qayıdan kimi
Sən mənim ömrümə qayıdacaqsan.
Bu olacaqlar sonranın işidir. Amma hələ yaz ağzıdı. Hər şey gözəl başlayıb. İyirmi beş-otuz il əvvəl də Musa Urud yaradıcılığa beləcə gözəl başlamışdı:
Alma çiçəklədi, nar çiçəklədi,
Laçının qaşında qar çiçəklədi.
Tumurcuq qızlardan yar çiçəklədi,
İlahi, nə gözəl başlayıb bu yaz.
Şair özü də fərqindədir ki, gözəl başlanğıc hələ hər şeyin gözəl olacağına işarə deyil. Bu gözəllliyi qoruyub saxlamaq, yaşatmaq üçün çalın-çarpaz yollardan keçməli olacaqsan. Hələ bu gəlişin gedişi indən sonra başlayacaq. Hər şey sınaqlardan keçəndən sonra bərkiyir. Və Musa Urud bizi inandırır ki, bu qarmaqarışıq yollarda bir ilahi duyğunuün şirin əzabını çəkməyə dəyər. Bu müddətdə əzablara dözməyəcək eşqin, deməli, heç əvvəli də olmayıb. Baxmayaraq ki, hərdənbir “get” deməyə də məhkum olacaqsan:
Qisməti qarışıq gələn,
Yazında qar-qışı gələn.
Bir tərəfin – “işıq gələn”
Bir tərəfin – “it hürən”, get.
“Get” desə də, həmişə üz tutacağı bir sevgi ünvanı olduğunu yaxşı bilir. Hara getsə də əvvəli, ya sonu həmin ünvana dönür.
Hava -zad bəhanədi,
Könlümün buzu sınıb
əriyib qana dönür.
Nə yazıram, ya əvvəli,
ya sonu sənə dönür.
Bu dönüşdən sonra yenidən birlikdə aşılacaq qarlı aşırımlar var. Bu aşırımları adlayandan sonra artıq geriyə yol qalmır. Əzablı və eyni zamanda yaşadan ağrıların qoynuna düşdünmü, yol ancaq irəliyədir. İstəsən də, istəməsən də sənindir bu yol:
İrəlidə tufan, qar
Nə də geriyə yol var.
Sevgiyə gedən yollar
Dərdə aparır bizi.
Bax beləcə, dərdə gedən yolun başlanğıcına gəlirsən. Bu o dərddir ki, ta qədimdən indiyə kimi duyğu adamlarını yandıraraq yaşadır, yaşadaraq düşündürür. Bu o dərdir ki, onu xırda dərdlərə qurban vermək olmaz. Bəşər tarixinin nəhəngi Füzuli əbəs yerə “Edəməm tərk, Füzuli, səri-kuyin yarın” deməmişdir ki…
Özünü axtaran kişi,
Yolunu qürbətdən salar.
Dərd deməz xırda dərdə ki,
Dərdini hörmətdən salar.
Kitabdakı şeirlərin böyük bir qismi “vətənin qıraqda qalan yerləri”nin düşmənin soyuq nəzərləri altında çırpınmasına dözə bilməyən şairin ağrılı duyğularını əks etdirir. Vətəndaş olaraq yaşantıları şair olaraq vərəqlərə hopanda Musa tam görünür. Təkcə “Hər nə varsa” kitabında deyil, bütün yaradıcılığında (həm poeziyası, həm publisistikası) yad əlində qalan torpaq həsrəti ürəkgöynədən misralarla təsvir olunur. Havası saf, asimanı zəngin, torpağı müqəddəs olan yerlərə həsrət qalmağı şairin ruhunu tirədir:
Çiskini örpəkdi, dumanı şaldı,
Çiçəyi məlhəmdi, bulağı baldı.
Təmizdi, durudu,safdı, halaldı,
Gəl gedək dağlara, dağlar gözəldir.
Bu arzunun reallaşa bilməməsi illər öncə başa gələn bəlaların təzahürüdür. Ta qədimdən altı da, üstü də düşmən gözü oyan torpaqlarımız soyuq nəzərlərin məngənəsinə sıxılıb. Sinəsinə çalın-çarpaz dağlar çəkilən Vətən torpağının bir hissəsi indi də bu soyuqluq altındadır. Qarı düşmən bu gözəl yuda tamah salmaqdan əl çəkə bilmir ki… Adına VƏTƏN deyilənin bir qarışı da düşmən əlində olanda tamlığı hiss edə bilmirsən:
Dönüb qayıtmağa el tapmayanda,
Adam adamlıqdan çıxır, İlahi!
Dərd başdan tökülür, kürəkdən çıxır,
Qabıq tək ayaqdan çıxır, İlahi!
Atasız-anasız keçinmək olar,
Qardaşsız-bacısız keçinmək olar.
Vətənsiz keçinmək olmur, İlahi!
Və haqlı olaraq sonra da KAFİR ATLARININ DIRNAQLARINDA, ÖLƏN TORPAQLARI KİM QALDIRACAQ,-deyə sual edir. Bu cavabı özünə çoxdan bəlli olan şair sualıdır, o sual ki, onun yaradacağı dəhşəti məhz şairlər öncədən görə bilirlər. Bu da Musa Urudun misralarıdır: “Bu gün olasını dünən gördülər, On beş il sonranı on beş il qabaq”. Burda istər-istəmsəz Musa Urudun tarixi mövzuda apardığı araşdırmaları da xatırlamaq lazım gəlir (Amma bunlar tamam ayrı bir söhbətin mövzusudur).
Bunlar sadəcə bir insanın düşüncələri deyil, ürəyi Vətən sevgisi ilə dolu olan bir şairin harayıdır. Getdiyim səs hanı, tanrı? Qurtar bu cəzanı, tanrı. Ya apar Musanı, tanrı, Ya qaytar Urudu, Allah!
Gördüm səni, Göyçə gölü,
Düşmədi kölgəm üstünə.
Ağırlığın-uğurluğun,
Tökülsün düşmən üstünə.
Bütün bu ağrıların fonunda şair sınmamağı, əyilməməyi təlqin edir. Gözü yolda qalan torpaqlarımızın düşmən tapdağı altında inləməsinə dözə bilmir. Həmişə belədir, yol qurtaranda mənzilə çatmaq üçün yeni yolu sən açmalısan ki, səndən sonra gələnlər də məəttəl qalmasın. Yol qurtarıb, mübarizə ki davam edir. Belə olan halda səndən əvvəlkilərin açdığı cığırı qələbəyə qədər aparmaq üçün dözümlə vidalaşmalısan. Və şair hamını haqlı olaraq dözümsüzlüyə səsləyir:
Bu döyüş son sınaqdı,
Ən gözəl gün sabahdı.
Şuşada əcəliylə
Gedib ölmək günahdı,
Cənnət uman, əsgər ol!
Və Azərbaycanın Milli Qəhrəmanları Aqil Quliyevə, Fəxrəddin Vəlyəddin oğluna, Sərdar Səfərova həsr etdiyi şeirlərdə cənnət umanların müqəddəs şəhidlik zirvəsinə yüksəldiklərini tərənnüm edir. Ona görə də NƏ QURD VAR, NƏ DƏ Kİ QIRMIZIPAPAQ, ANAM AYRI NAĞIL DANIŞ NƏVƏNƏ, deyir.
“Hər nə varsa” kitabında Musa Urudun “Basayevin ayaqları” və “Bu dəstə hara gedir” poemaları da yer alıb.
“Basayevin ayaqları” poemasını illər öncə mətbuatdan oxumuşdum və ondan təmirlənib eyni adlı şeir yazmışdım. Və bir də oxudum. O zaman necə təsirlənmişdimsə, yenə də eyni ovqata kökləndim. Azadlıq uğrunda savaşa qalxan bir millətin keçdiyi şərəfli yol gəldi gözlərim önünə. Çünki bunu qələmə alan Musa Urudun SÖZü həmişə təzə-tər olub.
Musa Urud üçün torpaq ağrısı həmişə müraciət etdiyi mövzu olub. “Bu dəstə hara gedir” poemasında şair 1988-ci ilin dekabr ayının 2-də erməni zülmündən baş götürüb Zəngəzurdan Şahbuza gələn sonuncu 107 nəfər soydaşımızın taleyini qələmə alıb.
Şair Musa Ələkbərlinin redaktorluğu ilə işıq üzü görən bu kitabın haqqında təəssüratlarım olduqca çox idi. Amma bu sətirləri yazarkən gözümün önünə Musa Urudun sadiq oxucuları gəldi və onların bu gözəl kitabla təmasdan ayırmaq istəmədim. Çünki Musa Urudun çiyninə düşən bir sıra mühüm vəzifələr, ictimai funksiyalar ilk növvədə şair Musa Uruda borcludur. Elə oxucu olaraq biz də. Özü də bunun fərqindədir: SÖZ HAQDIR, SÖZƏ BAŞ ƏY Kİ, SÖZÜN DÜNYADA QALACAQ.

Vasif SÜLEYMAN

Share: