Həkim məsləhəti: Gəmilərdə dənizçinin şəxsi gigiyenasına riayət etməsi çox vacibdir

Şəxsi gigiyena dəriyə, saçlara, dırnaqlara, ağız boşluğuna və dişlərə düzgün qulluq, eləcə də paltar, dəsmal və digər şəxsi əşyalarını təmiz saxlanılmasını əhatə edir. Gündəlik və xüsusən də isti günlərdə və ya “qaynar sexlərdə” işdən sonra alınan vanna, yaxud duş qəbulu kəsik və sıyrıntıların yaranması ehtimalını azaldır. Vanna və ya duş qəbulundan sonra bədənin qaba dəsmalla sərt şəkildə silinməsi qan dövranını stimullaşdırır, dərinin tonusunu yaxşılaşdırır, əhval-ruhiyyəni yüksəldir. Vanna və ya duş qəbulundan sonra təmiz paltar geymək lazımdır.

Yeməkdən sonra ağız boşluğu və dişlərə qulluq – diş ətləri xəstəlikləri, infeksiyalar və dişlərin kariyesinin önlənməsi üçün mühüm əhəmiyyətə malikdir. Dişlərin təmizlənməsindən əvvəl bütün diş protezlərini çıxarmaq (əgər bu protezlərin daşıyıcısınızsa) və bunları yumşaq lifli  şotka ilə təmizləmək və sabun, ya da xüsusi məhlulla yumaq lazımdır. Kirli taxma protezlər salamat təbii dişlər üçün böyük təhlükə təşkil edir. Bütün diş sırasını əvəz edən protezləri yeməkdən sonra, xüsusən də yatmazdan əvvəl vaxtaşırı təmizləmək lazımdır ki, qida qalıqları kənarlaşdırılsın, ağızdan pis qoxu gəlməsin.

Əllərin vaxtında yuyulmasının əhəmiyyəti olduqca vacibdir. Komanda üzvləri yeməkdən əvvəl əllərini yumalıdırlar, təmizliyini qoruyub saxlamalı, xüsusən də yoluxucu xəstəliklərin yayılmasının önlənməsi üçün əllərin yuyulması həyati əhəmiyyətə malikdir.

Yetərli və dolğun yuxu sağlamlıq, iş qabiliyyəti və müsbət əhval-ruhiyyənin saxlanması üçün çox mühümdür. Ayrı-ayrı adamların yuxuya olan tələbatları fərqlənir, komandanın bəzi üzvləri erkən, digərləri gec yatırlar, buna baxmayaraq onların hər biri doyunca yatmaq imkanına malik olmalıdırlar.

Başı vaxtaşırı şampunla yumaq, saçları isə vaxtlı-vaxtında vurmaq lazımdır; dənizçilərə qısa saç saxlamaq tövsiyə edilir.

Gəmidə təmizliyin saxlanmasına rahat yerlərdə olan kranlarda isti suyun, eləcə də yaxşı təchiz edilmiş camaşırxana və ütüxananın olması çox kömək edir.

Komandanın hər bir üzvü yalnız özünün şəxsi dəsmalından istifadə etməli və vaxtaşırı onu dəyişməlidir. Dəsmalları açıq vəziyyətdə qurutmaq lazımdır, kirliləri isə yuyulmaya verilməlidir ki, yığılıb qalmasın.

Çox yüksək temperaturlar şəraitində mümkün qədər az paltar geynilməli və çalışmaq lazımdır ki, bədənin mümkün qədər çox hissəsi açıq qalmalıdır, çünki bu, tərin buxarlanmasına kömək edir. Qızmar günəşin birbaşa şüaları altında olduqda isə gün işığını əks etdirən və bədənin hərarətini təhlükəli səviyyədən aşağı saxlamağa kömək edən pambıq-kağız parçadan olan yüngül ağ geyimdən istifadə olunmalıdır. Açıq rəngli dərisi olan insanlar yaddan çıxarmamalıdırlar ki, onlarda yanıqlar daha asan meydana gəlir və buna görə də müvafiq ehtiyat tədbirləri görməlidirlər. Onlara həmçinin, xəbərdarlıq edilməlidir ki, uzun müddət günəş altında qalmaq dəri xərçəngi ehtimalını artırır.

Tərləmə  səmərəli fizioloji termonizamlama mexanizmidir, lakin o, duzların və suyun əhəmiyyətli dərəcədə itirilməsinə gətirib çıxarır ki, vaxtaşırı bunların yeri doldurulmalıdır. İstidən qıcolmaların önlənməsi üçün duzlu şorməzə içkilərdən istifadə etmək gərəkdir.

Mötədil isti iqlimdə insan sutkada 1-4 litr arası miqdardan  az olmamaqla maye qəbul etməlidir. Yüksək hərarət şəraitində iş zamanı mayeyə tələbat 6 -7 litrədək arta bilər. Bu, maşın şöbəsində və başqa qapalı məkanlardakı işlərə məşğul olan dənizçilərə  xüsusilə aiddir. Orqanizmin isinməsi nəticəsində bədən normal tempraturunu qoruyub saxlaya bilmir, istilik formalaşma prosesi sürətlənir və istilik ötürmədə çətinliklər yaranır, nəticədə isə həyat funksiyalarında ciddi pozuntular meydana çıxır.

Hipertonik xəstəliklər, ürək-damar sistemi xəstəlikləri, qalxanvari vəzinin xəstəlikləri, şəkərli diabet və bir sıra endokrin xəstəliklər, vegativ-damar sitoniyası, brionxial astma, sinir-psixi xəstəliklər, anoreksiya, qara ciyər serrozu, hepatit, anqidroz, hiperqidroz və insult və infarkt keçirmiş şəxslər istivurmadan daha çox əziyyət çəkirlər.

Ona görədə istivurmadan qorunmaq və ona qarşı profilaktik tədbirlər görmək xüsusi əhəmiyyət daşıyır.Yuxarıda qeyd edildiyi kimi açıq şəraitlərdə mümkün qədər az paltar geynilməli və bədənin mümkün qədər çox hissəsi açıq qalmalıdır ki, tərin buxarlana bilsin, qapalı şəraitlərdə isə kondisioner quraşdırmaq və müntəzəm olaraq otağı havalandırmaq, kifayət qədər maye qəbul etmək, isti saatlarda fiziki aktivliyi azaltmaq, gəmidə günaltına  çıxanda yüngül baş örtüyü taxmaq lazımdır. Yüksək tempratur altında işləyən zaman hər saat qısamüddətli fasiləyə çıxmaq və uyğun paltar seçmək lazımdır.Ona görə də yüksək qızmarlıq və rütubət şəraitində çox böyük ehtiyatlılığa riayət olunmalıdır. Bu və digər işin görülməli olduğu fövqəladə vəziyyətlərdə qısamüddətli çalışmaya icazə vermək olar (deyək ki, 10 dəqiqə), sonra ardınca istirahət gəlməlidir ki, bu zaman insan həmin məcburi işə dönməzdən əvvəl tam olaraq soyumalıdır.

Adıgözəl Məmmədov

Dənizçilərin sağlamlığının qorunması ilə bağlı maarifləndirici layihələrin rəhbəri

Seanews.az

Share: