Faiq Balabəylinin KƏNDİ: “O kənddə çox qız istədim…” – LAYİHƏ

Modern.az saytının “Mənim kəndim” layihəsində əyalətdə doğulub-böyüyən ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər kənd təəssüratlarını bölüşürlər.

Bu dəfə şair-jurnalist Faiq Balabəyli  doğulub- böyüdüyü Cəlilabad rayonunun Sabirabad kəndi, oradakı uşaqlıq illərindən danışıb. Bu müsahibə deyil, daha çox “ürək boşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir.

Faiq Balabəyli o yerləri, o illəri belə xatırlayır:  

Mənim kəndim

Kəndimiz Bakı-Astara yolunun üstündə yerləşir. Rayon mərkəzinə çatmamış Qarazəncir kəndindən sola burulursan. Kəndimiz böyük şairimiz Mirzə Ələkbər Sabirin adını daşıyır. Sabirabad adlanan bu kənddə kollektivləşmə dövründə ətrafdakı xırda-para kəndləri də birləşdiriblər. İsmayılkənd, Haqverənli, Tikalovka (Çkalovka, Dikalovka, Tikallıı da deyilir), Çaylı, Şeytannılar  və digər tayfa və kənd əhalisi Sabirabadda bir kolxozun təsərrüfatında çalışıblar. Mehribandırlar. Qız verib, oğlan evləndiriblər. Amma hərdən tayfa, boğuşması da olur.  Kəndin ayağı ilə indi özünün çay ömrünü başa vurmuş Qarayarçay axır. Üzümçülük, heyvandarlıq və taxılçılıqla məşğul olardılar. Vaxtı ilə pambıqçılıq olub. Pambıq sahələri yadıma gəlmir. Bu mənim qundaqda olan vaxtlarıma və ondan qabaqkı dövrə təsadüf edir.

Balaca kənd deyil. İki orta məktəbi, xəstəxanası, kitabxana, parkı və digər iaşə obyektləri və təxminən 3 min ev var. Sabirabad adlanan bu kənddən tanınmış elm adamları – Ayaz Vəfalı, Minəxanım Təkləli-Nuriyeva, Əzizağa Ələkbərov (Elsevər), şair və yazıçılar, yüksək rütbəli zabitlər çıxıb. Kəndimizin keçmişi daha şöhrətli olub. Bu haqda ətraflı yazmışam. Qısaca demək olar ki, kənd Böyük Vətən Müharibəsi illərində və ondan sonra da verdiyi taxılla SSRİ-də birincisi olub. Eyni ildə 5 nəfərə Sosialist Əməyi Qəhrəmanı adı verilib. Kolxoz sədri işləmiş yaxın qohumum Dünyamalı Məmmədov Sov.İKP-nın uzun illər ideoloji işlərini aparıb, dağılana qədər arzusunda olduğu, ancaq çatmadığı bir işi elan edib. “Zəhmət” kolxozunda kommunizm elan olunub. Bu, 50-ci illərin əvvəlində olub. Mir Cəfər Bağırov dəfələrlə kəndə gəlib. Gizlin gəlişləri ilə kolxoz rəhbərliyini vahiməyə salıb. Sonradan Kommunizmi elan edən Dünyamalı Məmmədov həbs olunub. Stalinin ölümündən sonra bəraət alır. Kəndin ikimərtəbəli xəstəxanası, kərpic zavodu, məktəbi ötən əsrin əvvəllərində bölgədə seçilib.

O kənddəki uşaqlıq illəri

Orta məktəbi bitirənə qədər o kənddə yaşamışam. Uşaqlıq illərimin xatirəsində həyətimizin qurtaracağında yuxarıda qeyd etdiyim Qarayarçay və onun yaşıllı, çayırlı, cincilimli, miyanalı sahili önəmli yer tutub. Xırda çiçəkləri olan otlar, müxtəlif rəngli kəpənəklər, yay axşamları az qala başımıza dəyəcək qədər alçaqdan uçan yarasalar, bizim onları vurmaq cəhdimiz, müxtəlif oyunlar və sair bir daha təkrar olunmayacaq günlərdir. Çay çoxdan quruyub, əhali hər iki tərəfdən çayı doldurub əkin sahəsi kimi istifadə edir. Yazın gəlişində bizdən uzaq dağlarda əriyən qarın hesabına artıq arxa dönmüş çaya su gəlir. Daralmış çayın hər iki tərəfi qaratikan, böyürtkən, yarpız və digər su bitkiləri ilə doludur.

İndi  sadaladığım oyunların, əyləncələrin də heç biri yoxdur. Mənim uşaqlığımın yaşıdları olan uşaqlar da o oyunları oynamır. Nə “coz ağacı”, nə “qayış götürdü”, nə “çiling ağac”, nə “hərnəki”, nə “selbə-qurutdu”, nə “şuppu dööyüşü”, nə “lopa atdı”… heç bir oyun oynanılmır. Sanki, kənd öz uşaqlığını itirib, təkcə mən və yaşıdlarım yox. Bircə Novruz bayramı ərəfəsində yumurta döyüşdürmək, qurşaq atmaq ( başqa yerdə buna papaq atdı deyirlər) qalıb. 

Heç zaman unudulmayan xatirələr

Xatirələrim çoxdur. Uşaqlıq dostlarım, sinif yoldaşlarım, balıq ovuna getməyimiz, kəndin örüşündə mal-qoyun otarmağımız, üzüm oğurluğuna getməyimiz, ətraf kəndlərdə yaşayan rusların balığa gedərkən kənddən keçərkən onlara sataşmağımız, dalaşmağımız, kənd toylarında mağarın kənarından böyüklərin toyda özlərini necə aparmalarını seyr etməyimiz, hamısı bir xatirə, hər biri bir kitabdır.

Anam, rəhmətlik atam, qardaşlarım və digər məndən böyüklərin mənə verdikləri öyüd, mənim onlara qulaq asıb öz bildiyimi etməyim… Haqqımda deyirdilər ki, bildiyini dədəsinə də verməz. Yay gecələri qonşu bostanına girərdik. Ziyanlıq edərdik. Bizdən iki ev o tərəfə yaşayan İsabala kişinin həyətinə girmişdik. Nar dərdik. Sonra isə həyət boyu “sərələnmiş” şlanqı, 100 metrdən çox olan rezin borunu bir metrdən bir doğramağımız, səhərin gözü açılmamış toplaşaraq Şəfiqə xalanın həyətdən ucalan qarğışına qulaq asmağın həzzini yaşamaq. Çox sonralar bunu etiraf etsək də, Şəfiqə xala mənim o dəstənin içində olmağıma inanmadı.

Bir dəfə də iki camışımızın quyruqlarını bir-birinə bağlamışdım. Sonra nə qədər etdim aça bilmədim. Hürkmüş camışlar hərəsi bir tərəfə dartındı və birinin quyruğu qırıldı. Məndən yaşca böyük xatakar bir uşağın boynuna atdım, amma qonşumuz Ələddin səhəri hər kəsə bunu mənim etdiyimi dedi.

O kənddəki evimiz

Evimiz iki geniş otaqdan və aynabənddən ibarət idi. Çiy kərpicdən tikilmişdi. Anam deyirdi ki, o evin bütün kərpicini kürəyimdə uşaq ikən çaydan su daşıyıb palçıq tutub kəsmişəm. Bir-neçə il olar kiçik qardaşım Vüqar o evi söküb yerində daha müasir, çox otaqlı, ikimərtəbəli ev tikib.

Və məktəbimiz

Məktəbimiz ötən əsrin əvvəllərində tikilmişdi. Əvvəllər 8 illik olub. Sonralar isə tam orta məktəb idi. Geniş həyəti meyvə ağacları, gül kolları ilə dolu idi. Kəndin mərkəzində yerləşən bu məktəb sözün həqiqi mənasında bir cənnət məkan idi. Şagirdlərin əl əməyi səliqə-sahmanın göz oxşamasına gətirib çıxarırdı. Siniflər geniş və işıqlı idi. Yuxarı məktəb və aşağı məktəb deyilirdi. Yuxarı məktəb aynabəndli böyük dəhlizi ilə də fərqlənirdi. Müəllimlər otağı, onun yaxınlığında pioner baş dəstə rəhbərinin və idman müəllimlərinin otağı vardı. Burada idmana aid ləvazimatlar saxlanardı. Müəllimlərimin hamısını xoş xatırlayıram. Baxmayaraq ki, mən bəzilərinin yaddaşında nadinc şagird kimi qalmışam. Sözə baxmazlığımda, prinsip aparmağım və yerli-yersiz mübahisə etdiyim anlar da az olmayıb. Müəllimlərimdən məni döyənləri də olub. Vurmaq yox ha, sözün həqiqi mənasında döyən. Yəni əlbəyaxa olmuşuq. Bu əsasən cavan müəllimlərlə olub. Kənardan gələn müəllimlərə aqresiyamız olardı. Elə düşünərdik ki, kənd qızları bu səliqəli, savadlı, tərbiyəli gənc oğlanlara vurula bilər, yaxud, onlar bu ədəb-ərkanla hansısa qızı ovlaya bilər…

 

Müəllimlərimdən kimləri daha çox yada salıram?

 

Haqverdi müəllimlə indi dost kimiyik. Yaxşı kişidir. Mübariz adamdır. Rəhmətlik Allahbaxış müəllim tələbkar idi. Rəhmətlik Mirzağa müəllimin isə şagirdlərə ünvanladığı atmacalı sözlər indi zərb-məsələ çevrilib. Aqil müəllim, Şəhla müəllimə, Zərifə və Bəsti bacıları, Əbülfət müəllim, daha kimlər, hamısı. Kamal müəllim mənim ilk müəllimim olub. Hərfi yazmağı, qələmi tutmağı öyrədib. Həmidulla müəllim təqaüddədir, Əhmədağa müəllim isə haqq dünyasında. Məktəbin o zamankı direktoru Hüseynağa müəllimin qəzəbli baxışlar ..hər şey yadımdadır.

Borclu olduğum müəllimlər

Kamal müəllim ilk müəllimim olub. Hərf yazmağı, qələmi tutmağı bizə o öyrədib. Həmidulla müəllim və Əhmədağa müəllim, Əyyub müəllim, İngilis dili müəllimimiz, əslən Salyandan olan Gülnisə müəllim, fizika müəllimizim Nadir və Azər nüəllimlər, elə digərləri də həmişə xoş xatirələrimin əhatəsində olurlar, dünyasını dəyişənlərə Allah rəhmət etsin, bəziləri isə çoxdan təqaüddədir. Məktəbin o zamankı direktoru Hüseynağa müəllimin qəzəbli baxışları. Hər şey yadımdadır. Qardaşım Yaşar müəllim riyaziyyat müəllimim idi. Etiraf edim ki, adını sadaladıqlarımdan Həmidulla müəllimdən savayı demək olar ki, müəllimlərimin hamısı məni döyüb. Nadinc uşaq olmuşam, sinif uşaqlarını təxribata çəkmişəm və sair.

Kəndimizin özəlliyi və gözəlliyi

Kəndimizin gözəlliyi və özəlliyi insanlarında idi. Kəndimiz nə dağ qoynunda, nə də böyük çayların sahilində deyil. Yayı isti, payızı və qışı yağışlı və şaxtalı olur. Yazı isə… Əsl cənnət idi. Otların, çəmənlikdə bitən çiçəklərin ətri doğurdanda adamı bihuş edərdi.

O kənddəki nakam sevgi

İlk məhəbbət sözsüz ki, kəndimizin qızları ilə bağlı olub. Sinif qızlarımızdan hansınısa sevməyim yadıma gəlmir. Onlar bizim üçün doğrudan da doğma idi. Amma bu doğmalığı başa düşmədiyimiz, dalaşdığımız anlar da az olmayıb. Sinif yoldaşlarımdan, səhv etmirəmsə, 3 nəfər öz qızlarımızla ailə qurdu. Mən isə kənddə çox qız istədim. Bu bəlkə də sevgi deyildi. Çox illər sonra yazacaqdım:

Sevmədiyim sevdiyimdən az oldu

kəndimizin qızları…

Sevdiyim, xəbər göndərdiyim qızlar var idi.  Məktublarımı aparıb qızlara verənlərin dediyindən belə başa düşmək olardı ki, mən də diqqət çəkən oğlan olmuşam. Amma heç bir qızla görüşmək, söhbət etmək ağlımın ucundan da keçməyib. Bu ola bilməzdi. Bizim kənd bu sahədə çox mühafizəkar idi. Kənd toylarında kənardan qonaq kimi dəvət olunan toya gələn oğlanların hamısı döyülərdi. Hansısa qıza tərəf baxdığına görə, əlbəttə. Çox az toy olardı ki, davasız keçsin.

Ağrılı-acılı uşaqlıq yaraları

Bu yaralar, əgər qəlb yarasıdırsa, qismən də olsa bəhs etdim. Mənim elə bir sevgim olmayıb ki, qəlbimi ağrıtsın. Amma uşaqlıq illərimin ağrılı-acılı anları çox olub. 8-ci sinfi bitirib yay tətilinə çıxarkən samandöyən mexanizmi işlək vəziyyətdə saxlamaq istədim. Fiziki gücümə arxayın idim. Amma çox sürətlə fırlanan qurğu sağ əlimin dörd barmağını qayışla şkifin arasında doğradı. Barmaqlarım üzülməsə də, şikəstlik qaldı. Həkimlərin səyi ilə əlim işləkdir. Çayda çiməndə ayaqlarım doğranıb və dərin bir iz qalıb. Yaxşı at minən olsam da, bunun da ağrılarını az yaşamamışam. Çaparaq atdan yerə tullanıb təzədən minmək istəyərkən atın ayaqları altında qalmışam və sair…

Orda qoyub gəldiyim…


Uşaqlığımı qoyub gəlmişəm. Atamın, nənələrimin, başqa doğmalarımın məzarı qalıb orda. Bir də əlləri qoynunda, gözləri bizi aparıb gətirən yollara baxmaqdan yol çəkən anam Hədiqənin gözlərini, ürəyini, özünü qoymuşam orda…

 Sirrimi danışdığım

Qəribədir, kəndimizi xatırlayanda nədənsə ən çox yadıma düşən indi sısqa suları ilə qıvrılan Qarayarçay olur. Uşaqlığımın ən xoş anları o çayın sahilində keçib. Saatlarla uzanmışam çayırlıqda. Bu şeirlərimdə də var. Bax, sirrimi, daha çox gələcək arzularımı bu çaya pıçıldamışam. Kağızdan gəmi düzəldib buraxırdım çaya, ardınca düşüb kol-kosa ilişənə qədər qaçardım. Bu çay, bu çaydakı kağız gəmilər mənim böyük sulara – dənizlərə çıxmaq arzumu gerçəkləşdirirdi. Şair Vasif Süleyman bir dəfə mənim xatirələrimi dinlədikdən sonra haqqımda yazı yazmışdı. Belə bir şeir də vardı o yazıda:

Ay gəmi, ay gəmi məni də apar,
Sən Allah ay əmi, məni də apar…

Məndən inciyən kəndim 

Kəndə çox az-az gedirəm, desəm düz çıxmaz. Amma etiraf edim ki, görmədikdə darıxdığım kənd mənə getdikcə yetim, kimsəsiz uşaq kimi görünür. İnciyibmi? İnciyibsə, haqqı var. Nə olsun ki, kəndimizin tarixi haqda bir kitab həcmində yazılar yazıb, şeirlər həsr etmişəm…

Elmin Nuri

23 Fevral 2015

Share: