Ömür xəttinin yarısında olan şair… – Rəfail Tağızadə Süleyman Abdulla haqqında yazır

Ömür xəttinin yarısında olan şair

 

İnsan var onu zaman-zaman tanıyırsan. İnsan da var onunla bir dəfə həmsöhbət olandan sonra “tanıdım” deyə bilirsən. Hissləri, duyğuları, istəkləri təmiz, saf, vətən sevdalısı olanı tanımaq çətin deyil. Mehribanlığı, səmimiliyi, ünsiyyəti ilə yadda qalır. Elə ilk görüşdən dostlaşırsan. Doğman olur. Tanıdığına sevinirsən. Hər dəfə yeni keyfiyyətlər kəşf edirsən. Etibarlı insanla dost olmaq gözəldi…

 

Dost kimi dost, insan kimi insandı, Süleyman Abdulla.

55-nin nə vaxt gəldiyini bilmədik. Çünki hər zaman hərbi gödəkçədə, düşmənlə üz-üzə, sözüylə vətənin müdafiəsində gördük. Bir rahat vaxtını görmədik ki, yaşını soruşaq. Hər oturanda yuxarı dikilən baxışları postları dəyişdi, əsgərlərin halını sordu. Başı onlara qarışdı. Yeni cəbhə, əsgər, vətən şeirlərinin sözlərini riyazi ardıcıllıqla düzdü. Vaxtı olmadı başqa suallara cavab verməyə. İllərini saymağa. Özündən çox başqaları üçün yaşayanların öz ömrü olmur. Öz ömrünü başqalarının ömründə zənginləşdirir. Söz-söz, sətir-sətir, misra-misra.

Süleyman Abdullanın yaşı döyüş yaşıdı.

 

Siz, ey 19-lar, biz sizi 93-də gözləyirik,

o vaxt… o vaxt… demirəm daha,

qısası gəlib çata bilsəniz…

davam edərik yarıda qalmış yolumuza!

İndi bir az başqa cürdü düşüncələr…

 

Süleyman Abdulla ömrünü sözlə yaşadanlardandı.

Süleyman Abdulla şeirlərinin ilk sətrindən müəllifi tanınan şairlərdəndir. Şeirin sonuna baxmağa ehtiyac olmur. Çünki özünəməxsusdur, fərqlidir.

 

Süleyman Abdulla istedadlı və maraqlı şairdi. Şeirlərindəki hisslərlə, duyğularla – vətən, keçdiyi cəbhə yolunun ağrısıyla mənə daha çox doğmadı. İstər doğulub boya-başa çatdığı kənd, istər yaşantılarının sızıltıları olsun, istər döyüş dostları haqqında olsun…

Şairlər şeirlərindən tanınır.

Mən də Süleyman Abdullanı şeirlərindən tanıdım. Vətən, millət, dost sevgisini sevdim. Sözlərinin ağrısını, acısını yaşadım.

 

Süleyman Abdulla özünün ikinci nəfəsini yaşayır. Çox məhsuldardır. Sanki itən illərin yerini doldurmağa çalışır. Tələsir. “Ömür xəttinin yarısındadı, yoxsa hələ ortasına çatmayıb? Bunu Tanrı bilər.

Ürəklidir, məsləkdaşlarına da ürək-dirək verir:

 

Sorğu-sual başlasa, ürəkli ol,

ol ki, mütləq gələcək o an…

səni zatən ürəkdir aparan olacaqların sonuna.

ən gözəli ürəkdən ürəklə getməkdir.

Zülmətdə də nur içində uyumaq mümkündür…

ən gözəli…

 

Süleyman Abdulla onu boğan şeirlərin içindən doğulur. Onun şeirlərindəki alovabənzər sözlər, ifadələr oxucunun daxilinə gizli bir istilik ötürür. Özü kimi səni də alovlandırır. Özüylə döyüşən vətən eşqi get-gedə coşur. Qələmi bir vaxtlar əlində tutduğu silaha dönür. Oxucunu söz atəşinə tutur. Hər sözü hədəfə güllə kimi dəyir. Bu şeirlərdən inciyənlər, onu incidənlər də olur. Vətəndən, döyüşdən, səngərdən çox yazması nədənsə, bəzilərini narahat edir. Onunçün darıxdırıcıdır. Amma unudur ki, sən yaşadığının ağrısını, taleyini yazmasan, başqaları istədikləri kimi yazdıracaq. Tarixi tarixçilər deyil, ədəbiyyatçılar yazır. Bu, həqiqətdir.

 

Gülmə, dostum, ağlamalı günlərə hələ var.

Hələ var xoşbəxt olmağa ki,

bədbəxtliyimizi dərk eləsinlər.

Sübh çağı düşən axşamın xeyir, dostum,

axşam açılan sabahların…

 

Şeir ən çox ağrıdan yaranır, ağrıdan doğur. Süleyman Abdullanı yazmağa məcbur edən nəm torpaq, yuxusuz gecələr, güllə işığına dikilən baxışlar, yurd, torpaq və bölünən Azərbaycan itkisinin ağrılarıdı.

 

Ümidimizdən asdılar bizi,

kəsdilər başımızı inamımızdan.

Düşdük nifrət fırtınasına sevgi umarkən

Tanrı da yar olmadı biz vətənə yarkən…

İndi qınaq yeriyik fərarilərin,

gülüş hədəfiyik dabana tüpürənlərin

və aya hürənlərin…

Keçdi o günlər,

daha heç nə qalmadı arzulamağa…

Qalmadı…

 

Yazar gördüklərindən və görmək istədiklərindən yazır.

Süleyman Abdulla Vətən sevdalı şairdi. İstər kəndinin dağı, yamacı, çəməni, ağacları – gözəllik olsun, istər soyuqdan donan, yarasını gizlədib döyüşə atılan əsgər olsun, istər yurduna uzaqdan baxan adam olsun, onunçün fərq etməz, təki orada vətən, insan olsun; oradan yeni düşüncəli şeir doğulacaq. O, aran kəndindən yazsa da, ona da eyni sevgiylə, eyni şövqlə yanaşacaq, o kəndi dünyanın ən gözəl kəndi kimi təqdim edəcək.

 

Hər şey sevgidən başladı,

bütün zülmlər,

bütün işgəncələr,

bütün ağrılar.

Təzyiqlər artdı, təhdidlər çoxaldı.

Əsəblərimizlə oynayanlar

ürəyimizdən vurmağa başladılar zərbələri,

sanki orda Vətən eşqi vardı,

torpaq məhəbbəti vardı,

millət sevgisi vardı.

Süleyman Abdullada bulaq saflığı, dağ coşqusu var. Bir də gizlədə bilmədiyi haqq, həqiqət və onu çəkinmədən söyləmək, mütləq demək var. İnsanı cəsarətli edən, həm də onun doğulduğu məkandır. Onun sözləri də bəzən qaya sıldırımı, çay seli kimidi. Demək istədiyini mütləq deməlidir. İstər yazı olsun, istər cavab. 20 yanvardakı kimi dözə bilmir. Getməlidi, deməlidi… hətta həbs olunsa, belə. O, Femidanı göylərdə yox, “aşağılar”da axtarır:

 

Haraya dırmaşmısan,

Femida, düş insanların arasına,

azadlıq göydəkindən

daha çox yerdəkilər üçündür.

Təkcə yüksəkliklərdən

ənginliklərə qılınc uzatmaqla olmur Ədalət.

Aşağıların səsini

dinləməyə enməkdir haqq dedikləri.

Əlindəki tərəzi hava çəkirsə,

həm də nəm hava,

həsrətində olduğumuz tarazlıq

olmayacaq heç vaxt…

 

Əslində,

HƏQİQƏT dediyin daha uca elmdir,

HAQQ dediyin ondan da ali…

göstərənin əli kəsilər, söyləyənin dili…

…Adamlar

HəqiqƏTin üstündən elə qalın xətt çəkir ki…

ƏTdən başqa heç nə qalmır sonraya…

 

Süleyman Abdulla yaşadıqlarını və yaşamaq istədiklərini yeni sözlə, yeni ifadəylə, fəlsəfi düşüncəylə yazır. Onun şeirini oxuyanda, bilirsən ki, yeni ifadə tərziylə yeni deyim eşidəcəksən. Yeni nəsə oxudum, tapdım, duydum, deyəcəksən.

Onun eyni səpkili şeirlərində də yenilik, fərqli bir baxış var. Ona görə sevilir. Və o sözlər məni tap, məni duy, məni oxu deyir.

İnsan da, şeir də, yazı da səmimi və təbii olanda gözəl olur. Çünki özün olursan.

Süleyman Abdulla özünəməxsus, çox istedadlı şairdi. Onun poeziyası rəngarəngdi, intellektualdı, fəlsəfidi:

 

Nə olsun ki, keçmir zaman,

Hələ çox var sabaha.

Günlər uzanacaq bir gün,

Ömür isə heç bir daha…

 

Süleyman Abdulla istənilən formada və istədiyi kimi yazan şairlərdəndir O, hər şeirində yeni fikir söyləməyə çalışır və ona müyəssər olur.

Şairlər ən həssas insanlar olduqlarından daha çox ağrılardan, onu və insanları narahat edən problemlərdən yazırlar:

 

Şairlər də qəribə  adamlardır ey…

birinə dənizi bağışlayır, birinə göy üzünü…

kiməsə günəşi, kiməsə ayı, kiməsə kainatı…

amma,

icra hakiminin uçurtması üçün

özünün bir koması yox!..

 

Süleyman Abdullanın şeirlərindəki ağrılar insanın, vətənin, cəmiyyətin ağrılarıdı.

 

Onun şeirləri hərəkətlidi.

Süleyman Abdulla kütlə şairi deyil. O, düşünənlərin şairidir. Daima söz, fikir axtarışındadır.  Şairi  başqalarından fərqləndirən də elə budur:

 

Biz torpaq olmağa qorxduq, dan-danma…

Özünü çox öyüb şeşələnmə, sus!

O Vətən olmağa çalışdı, amma,

Biz ola bilmədik vətəndaş, əfsus…

 

Süleyman Abdulla həm də yaxşı dostdur, gözəl insandır. O, dostlarını da şeirləri qədər sevir. Süzgəcindən keçirdiyi dostları Tanrının özünə uyğununu göndərdiyi kimi qəbul edir. Ona görə də dostların da, tanıyanların da sevimlisidi, əzizidi, gözəl şair, gözəl insan, Süleyman Abdulla!

 

Bu yolda ona uğurlar diləyirəm. Süleyman Abdulla istənilən formada, üslubda yaza bilən şairdi. Hətta başqa ölkələrin şeir tiplərində də yazır, üç misralıq bir yapon hokkusu özündə bir nəhəng düşüncə daşıyır:

 

Açılan sabah

qıyır düşən axşama

bir kölgə ömrü…

 

Yasəmən ətri

qarışdı sübh şehinə…

dan yeri sərməst…

 

Saxtakarlığa, etinasızlığa ladeyd qala bilməmək, sənin elə olmadığından xəbər verir. Bunlara qarşı etiraz da ondan doğur.

Süleyman Abdulla şeirə, ədəbiyyata həssas olduğundan saxtakarlığa dözə bilmir. Uğurlar və yeni-yeni şeirlər və kitablar diləyiylə.

 

Cəsarət təkcə ürəklə deyil,

həm də ciyər işidir…

 

 

Rəfail Tağızadə

Müstəqil.Az

 

Share: