Natəvan Dəmirçioğlu: Tale ədəbiyyatımızı böyük əsərdən  qısır qoymasın…

“Ədəbiyyatımızın bu gününün bir neçə problemi var: Ədəbi mühit poblemi. Mühit əsasdır. Vaqif poeziya günlərində gördünüzmü ədəbi nümayəndə heyəti necə cılız görünürdü.”

Bu gün onun- tanınmış yazıçı, jurnalist, pedaqoq Natəvan Dəmirçioğlunun doğum günüdür. Onunla müsahibə etmək, doğum günü üçün müsahibəmiz həm də təbrikimiz olsun, deyə düşündüm.  Ona görə də ad günüdən bəhs etmədim, sual vermədim…  Dəyərli oxucularımız və Müstəqil.Az-ın yaradıcı kollektivi adından Natəvan xanıma çox yaşayın, xoş yaşayın, yazın, yaradın, deyirəm…

-Natəvan xanım, salam, necəsiz?

-Ümumi anlamda, böyük, ictimai anlamda əlayam. Qalib ölkənin, qalib vətəndaşı kimi, Zəfər gününü yaşamış yazıçı, müəllim kimi, üstəlik bu zəfərdə əməyi olan oğulun anası kimi və hətta illərlə bu işin ideolojisini, siyasətini  aparmış jurnalist kimi  əlayam, əladan bir az yüksəyəm.

– “İctimai anlamda” dediniz, onda mən də ayırmağa məcburam: bəs şəxsi həyatınızda?

-Şəxsi həyatımda da pis deyiləm, Maşallah, oğlum evləndi, qızımdan üçüncü dəfə nənə oldum, Kənan dünyaya gəldi. Deyə bilərsiz ki, onda əla deyin. Onu deyə bilmirəm. Çünkü iş durumum, karyera problemlərim, heç bir dövlət təltifimin olmaması …. Gizlətməyəcəm, bunlar cəmiyyətlə kontekstdə götürəndə sıxıcıdır, nə qədər ciddiyə almasan da ömürdən qoparandır.

-Həmişə yaxşı olun. Layiq olub, arzuladıqlarınız da həyata keçsin və daha da əla olun. Bəs yazar olaraq necə hiss edirsiniz özünüzü, ilhamınız, təbiniz arzularınızla “dil tapa” bilirmi? Ürəyinizdən keçənləri yazmaqda bir çətinlik, şəraitsizlik yoxdur ki?
– Yeganə ümidgahım üzərində işlədiyim “Açar” romanıdır. Nə qədər ağır olsa da, həyatımın kəsirlərini motivasiya edir yazı prosesi. Faiq müəllim, siz yazı cəbbəxanasına bələd adam kimi bilirsiz ki, yaradıcılıq sıxıntısı ancaq ilhamın kasadlığı, ruh halının formada olmadığı məqamlarda yarana  bilər. O zaman ki, yazı üçün ruhun səfərbərdir, “kosmik fəzan” açıqdır, sənin Yerlə, Göylə, Tanrı ilə, Təbiətlə, Dünya ilə rabitən alınıb, yazın da alınacaq. Burada maddi sıxıntı, mənzil şəraitsizliyi, kənar təsirlər, yoluna kötük itələyən bədhaxların, inkişafını götürə bilməyən paxılların (onlar qat-qat səlahiyyətli və güclü olsalar da )yolunu kəsməsi çox çılız və aciz qüvvədir. O baxımdan, əlhəmdulillah, işlər qaydasındadır. Tanrım sahibsiz qoymasın məni, bir də ilahi söz tərk etməsin ruhumu.

-Natəvan xanım, siz ədəbiyyata Qazax rayonunda dərc olunan qəzetdə “Bir ovuc torpaq” hekayənizlə gəlmisiz. Sonralar daha iri həcmli əsərlərıə, pyes, povest və romanlara imza atmısız. Bu əsərlər bir ovuc torpağın sevinci qədər sizə sevinc verdimi?


– Duyğulandım sualınızdan, hətta həyacanlandım. İlahi, 40 ilə yaxın bir vaxtdan söhbət gedir. “Bir ovuc torpaq” ğın bir ovuc sevincini yaşadım yenə. Son vaxtlar o sevincləri xatırlayanda, nədənsə nisgillənirəm həm də. Hərçənd ki, bütün əsərlərimin yazılışından, çapından və sevinc həyacanından sonra bir uğur fərəhi də yaşamışam. Adını çəkdiyiniz hekayə Qazaxda çox yaxşı qarşılandı, xeyli tərifləndim (gülür). O vaxt BDU –nun Jurnalistika fakültəsinə sənəd verəndə yaradıcılıq məhsulları da təqdim edirdik. Akademik Ağamusa Axundov qəbul komissiyasının sədri idi, sənədlərimi qəbul edəndə “sən hətta hekayə yazırsan?” deyə soruşdu və inanılmaz bir sürətlə – o vaxt o sürətlə yazı oxuyan adam birinci dəfə gördüm – hekayəni oxudu, ”sən yaxşı yazıçı olacaqsan” dedi. O vaxt onun rəyi çox da xoşuma gəlməmişdi. Elə bilirdim o daha yüksək rəy deməliydi. Sən demə o həyatımın ən böyük dəyərini veribmiş. Faiq müəllim, siz maraqlı sual verdiz. İndi fərqinə vardım ki, əsərlər övladlar kimidir. Birincidən sonra elə bilirsən, daha heç birini bunun kimi istəməzsən. Amma sonra gələn oz fərəhi ilə gəlir. İki povestimdən -“Üç nöqtə” və “Səbət”dən  sonra Ulu Öndər Heydər Əliyevin fərmanı ilə gənc yazar kimi  bir illik prezident təqaüdü aldım, “Yetim” əsərimdən sonra isə əziz prezidentim, cənab İlham Əliyevin verdiyi  bir illik təqaüd siyahısında adım oldu. Bir pyesim, iki hekayəm- “Avey əfsanəsi” və “Dözüm” heç yerdə dərc edilməmişdi. “Birinci kitab”ım çapa hazırlananda kitabın redaktoru  təkidlə həmin hekayələri kitaba daxil etdi. Sonra çox sevindim ki, onun sözünə əməl etdim. “Kəlağayı” hekayəsi isə həcmcə şox kiçik olsa da uğuru çox oldu. Onu nəsrimizdə kəlağayı haqqında yazılmış ilk nəsr əsəri  adlandırırlar. Türkiyə türkcəsinə uyğunlaşdırılmışdı, indi isə Orta Asiya dillərinə tərcümə olunur. İndi hələlik sonbeşik, amma hamısının cəminə bərabər “Açar” gəlir.

-Birinci kitabınız “Birinci kitab” adı altında dərc olunub. Bu kitab haqqında xoş sözlər deyilib. Uğur da gətirib sizə. Moskvada eyni adla nəşr olunub. Bu kiatbın sizin ədəbi aləmdə tanınmağınızda rolunu necə şərh edərdiz?

-İstədiyimdən artıq reaksiya doğurdu bu kitab. “Ədəbi hadisə” adlandıranlar oldu. “Yetim”də Qarı obrazını 90 –cı illər ədəbiyyatımızın sırf orjinal obrazı kimi ədəbi uğur hesab etdilər. Poetik nəsr üslubu dedilər yazı üslubuma. Obrazlara konkret ad qoymamaq bu kitabdan sonra tərzə çevrildi. Etnoqrafik yaddaş, təbiilik, millilik, bəşərilik, təhkiyə ustalığı qeyd edildi. Bu fikirlərin  bir –bir kim hansını deyib deyə qeyd etmirəm. Bu yazılar hamısı ədəbiyyatda var, mətbuatda dərc olunub. Nüfuzlu, çinli ədəbiyyat adamları-akademiklər, professor-doktorlar, populyar tənqidçilər fikir söyləyiblər. Gözlədiyimdən çox-çox yüksək qiymətlər veriblər. Amma bir məsələ mənimçün hələlik  sirr olaraq qalır ki, elə adamlar vardı mənim özmə heyranlıqla dedikləri rəyi, verdikləri qiyməti, mətbu yazılarında bir qədər “yüngülləşdirərək” ifadə edirlər. Məsələn, yaradıcılığına sayğı duyduğum,  ədəbi tənqidimizin tanınmış bir nümayəndəsi mənə dedi, ““Avey əfsanəsi” şedevrdir”. Dedim, “ sən Allah, elə demə, nə danışırsan” And içdi ki, elədir, özünün xəbərin yoxdur. Yazdı da, bir az başqa cür yazdı. Dünyasını dəyişən ünlü bir yazarımız mənə zəng vurdu, ““Birinci kitab”ı oxudum, fikirlərimi “Açıq məktub” şəklində yazmağıma razılıq verin” dedi. Dedim, “buyurun”. Dedi,  mənimçün indi dörd yazıçı bir müstəvi təşkil edir: İsmayıl Şıxlı, İsa Muğanna, Yusif Səmədoğlu, Natəvan Dəmirçioğlu. Dedim, “nolar, elə deməyin, mən hara, onlar hara”. Dedi yazacam, çünki bunu əvvəl –axır yazacaqlar, birinci mən yazmış olaram. Yazdı, bir az başqa cür yazdı. Bax belə. Bu kitab mənim əsl uğurum oldu. Onun yerini nəsə tutacağını bilmirəm. İlk övlad kimi statusu dəyişməz yəqin ki, onun.

-Əsərləriniz bir çox dillərdə dərc olunub, kitabınız Türkiyədə və Kanadada da dərc olunub. Müəllif olaraq xarici oxucuların sizə münasibəti haqda nə qədər məlumatlısınız?

– Yaxşı sualdır. Sizə mənim imel poçtumda olan bir məktubu tapsam göndərəcəm. BDU-nun professoru Vaqif Sultanlı atıb mənim elektron poçtuma.(məktub)” Salam Natəvan xanım! Sizə Kanadadan mənə yazılan  məktubu gondərirəm: “Hörmətli, Vaqif Sultanlı, salam, necəsiz? Men sifariş verdiyim kitabları nəhayət ki, aldım. Bu gun sabah onları National Library- ye göndərəcəm….Kitabı oxuyuram. Yazarlardan Natəvan xanımın yazdığı  hekayələr çox xosuma gəlir. Ona qələmə aldığı dərin hisslərindən ötrü təşəkkürümü bildirirəm…” Bu  Kanadalı bir alimin Vaqif müəllimə göndərdiyi məktubdur. Haqqında söhbət gedən kitab “ Modern Azerbaijanı women’s prose” kitab-almanaxıdır. Orada otuza yaxın qadın müəllifin nəsr əsəri toplanıb. Bu mənimçün qızıl faktlardandır. Türkiyədə çıxan kitabımın isə “Ölmədən öncə oxumanız gərəkən 1001 kitabdan biri” seriyasından nəşr olunması və “2014-ün ən iyi 50 romanından biri”  nominasiyasına düşməsi sevindiricidir.

-Natəvan xanım, Siz həm Azərbaycan radiosunda çalışır, həm də BDU-nun jurnalistika fakultəsində müəllim kimi fəaliyyət göstərisiniz. Gənc qələm adamlarının əhatəsindəsiniz, onlar ümüdlərinizi doğruldurmu?

– Güclü, kreativ, maraqlı gəncliyimiz var. İnşallah onlar yazı sənətimizi daha böyük yerlərə götürəcəklər. Sadəcə, öz üzərlərində çox işləsinlər, çox mütaliə etsinlər. Şərt deyil ki, kağız  kitab oxusunlar, elektron kitab oxusunlar. Amma  oxusunlar. Dil öyrənsinlər. Öz yazı məhsullarını internet üzərindən dünya yazarları ilə, tərcüməçilərlə paylaşsınlar. Əsərlərini dünya teatrlarına, kinostudiyalarına göndərsinlər. Öz piyarlarını qursunlar. İndiki dövrdə bu işin yarısıdır.

-Ümumiyyətlə təcrübəli, peşəkar qələm adamısız, sizin baxışlarınızda ədəbiyyatımızın bu günü necədir?

– Ədəbiyyat öz yolu ilə gedən, yaşayan bir varlıqdır. İdarəedilməz, sifarişlə, madiyyatla zənginləşdiriləcək,  artırılacaq bir sahə deyil. Ədəbiyyatda Tanrıdan gəlmə, taledən doğulma şedevr yaranmalıdır ki, o dövr zəngin, məhsuldar dövr hesab olsun. İndi də əsərlər yaranır, sadəcə şedevr yoxdur. Bəlkə də yaranır, kiminsə yazı masasının üzərindədir, bilmək olmaz. Tale ədəbiyyatımızı böyük əsərdən  qısır qoymasın. Ədəbiyyatımızın bu gününün bir neçə problemi var: Ədəbi mühit poblemi. Mühit əsasdır. Vaqif poeziya günlərində gördünüzmü ədəbi nümayəndə heyəti necə cılız görünürdü. Bu ədəbi mühitin şəkli idi. Şəxsiyyət problemi. Ədəbiyyatda ədəbi məhsul qədər, ədəbi şəxsiyyət şərtdir. Ciddi, inanılmış, maraqlara tabe edilməmiş, zövqlü tənqidçi problemi. Marketinq, menecment, piyar problemi. Dəstəbazlıq ədəbiyyatda həmişə olub, bəlkə də olmağı təbiidir. Sadəcə dəstə səviyyəli olmalıdır ki, dəstələr arasındakı rəqabətdən ortaya səviyyəli diskusiya çıxsın. Kimlər önə çəkilir və niyə çəkilir, bu da ciddi  məsələdir. Satış problemi. Son kitab sərgiləri, bayramlar göstərdi vəziyyəti. Amma pessimist deyilik. Ədəbiyyat baharımız olacaq.

-Ədəbiyyatla bağlı ən böyük arzunuz?

-Yenidən ədəbiyyat kinonun və teatırın bazasına çevrilsin. Əsərlər kinoya gətirilsin. Hətta teatr tamaşaları üçün material götürsünlər ədəbiyyatdan. Təsadüfü, ədəbiyyata aidiyyatı olmayan insanlar kino senariləri yazır, üç- beş qeyri peşəkar  yığılıb,  serial senariləri qururlar. Dəhşətdir. Bu göz önündə olan sahə nəzarətə götürülsün. Dramaturgiyanın dirçəlməsinə qədər nəsrdən istifadə etmək olar.

Söhbətləşdi: Faiq Balabəyli

 

Share: