Coşqun XƏLİLOĞLUnun yeni şeirləri

A R Ə S T Ə
Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri, Qarabağ uğrunda Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Kərim qızı Baxışovanın ölməz xatirəsinə ithaf edirəm.
Arəstə:
-Ana, orduda xidmət, eyləmək qərarımdır.
Bilirsən ki, sənin tək, Vətən də vüqarımdır.
İki balamı sənə, eyləyirəm, əmanət,
Tezliklə zəfər çalar, haqq işimiz- ədalət.
Qarabağsız yaşamaq, hamımıza töhmətdir,
Əgər ayrılıq olsa, qəm yemə, bu, qismətdir.
 
Qucaqlayıb ananın, öpərək üz-gözündən;
-Mərdan, Zəhra, çıxmayın, nənənizin sözündən.
İnşallah, günəş doğar, açılar aydın səhər,
Ürəyimə damıb ki, bizim ilədir, zəfər.
 
Ana min əziyyətlə, böyütmüşdü balasın.
Ürəyindən keçirdi; -Qızım, Allah saxlasın!
Görüşüb ayrılanda, Arəstə qəmlənmişdi,
Anası da susurdu… gözləri nəmlənmişdi.
 
Amma qərar qətidir, başqa cür ola bilməz,
Bizim doğma Vətəndə, kafirlər qala bilməz.
Orduda xidmət etmək, hamı bilir, çətindir,
Qadın hərbiçidirsə, o, necə də mətindir.
 
Arəstə xidmətini , eyləyirdi qeyrətlə,
Heç arası yox idi, boş söz ilə, qeybətlə.
Allah ona vermişdi, nə qədər böyük ürək,
Xidmət yoldaşlarına, doğma oldu, bacı tək.
 
Başlarkən müharibə, düşündü, çatıb məqam,
Yağılardan alarıq, cəsarətlə intiqam.
Bu torpağı, Vətəni, canından çox sevirdi,
Elə bu məslək ilə canını qurban verdi.
 
O, neçə yaralıya, hər gün edirdi yardım,
Yatmazdı, bircə saat, təki, var olsun, ordum.
Yaralı əsgərləri doğma qardaş bilirdi,
Onlar ilə sevinib, onlar ilə gülürdü.
 
Budur , Arəstə xanım, döyüş meydanındadır,
Cəsur, mərd əsgərlərin yenə də yanındadır.
Göydən alov tökülür, silkələnir dağ-dərə,
Elə bil sözün deyir, ucadan, xeyir şərə.
 
Bax, əsgərlərdən biri, indicə yaralandı,
Qolunun biri düşdü, ayağı paralandı.
Arəstə istədi ki, yaralını çıxarsın,
Bir az aralıdakı məntəqəyə aparsın.
 
Elə bu an düşmənin gülləsinə tuş gəldi.
Çöhrəsi işıqlandı, şəhidliyə yüksəldi.
 
Şəhid oldu Arəstə, yolu cənnətdən keçdi.
Tanrı bu mərtəbəyə, sevərək onu, seçdi.
Arəstə bir gül idi, belə gül heç vaxt solmaz,
Torpağa qan axmasa, torpaqdan Vətən olmaz.
 
Qalmadı yerdə qanın, Arəstə-şəhid bacı,
Şəhid qardaşlarına yeganə, vahid bacı.
Şuşada vüqar ilə dalğalanır bayrağım,
Azad olub yağıdan, doğma yurdum, torpağım!
 
31.10.2021.
TELLİ SAZ
Sən, Dədə Qorqudun yadigarısan
Xalqımın kimliyi, etibarısan,
Bütün Türk elinin iftixarısan,
Harada səslənsən əhval olur saz,
Necə də doğmasan, bizə, telli saz.
 
Yolların çətindir, daşlı – kəsəkli,
Daima olmusan aydın məsləkli,
Nəğmələr demisən təmiz diləkli,
Qarda, sərt boranda gətirmisən yaz,
Necə də doğmasan, bizə, telli saz.
 
Hər zaman kökdəsən, həyatcanlısan,
Ələsgər, Azaflı, Tufarqanlısan,
Qurbani, Ədalət, Bozalqanlısan,
Qoşaca qanaddır xoş söz, xoş avaz,
Necə də doğmasan, bizə, telli saz.
 
Saz ilə söhbətin yeri başqadır,
Evlərdə məkanın daim başdadır,
Sənlə keçən ömür vallah bal dadır,
Sənsiz məclislərin ləzzəti olmaz,
Necə də doğmasan, bizə, telli saz.
 
Xəbər gətir Göyçə, Təbriz elindən,
“Şikəstə,” “Dübeyti,” “Sarı tel”indən,
“Ruhani,” “Dilqəmi,” “İncəgülü”ndən –
Dinləsəm, heç zaman ürəyim doymaz,
Necə də doğmasan bizə, telli saz.
2011-ci il

Qurban olum, qayıt gəl.

Oğlunun ölümünə inanmayan şəhid anasının dilindən:
Hər gün, gündə yüz kərə,
Batıram qəm-kədərə,
Gəl, saxlama səhərə,
Qurban olum, qayıt gəl.
 
Böyütdüm məhəbbətlə
Zəhmətlə, əziyyətlə,
Namusla, ləyaqətlə,
Qurban olum, qayıt gəl.
 
Yenə gəlibdir payız,
Eh… sevirsənmiş bir qız,
Onu da qoydun yalqız,
Qurban olum, qayıt gəl.
 
Həmin ayrılıq ayı,
Bu otaq, bu çarpayı,
Bu da çəkmənin tayı,
Qurban olum, qayıt gəl.
 
Saralıb düşsə yarpaq,
Necə görünər budaq?
Ürəyimə çəkmə dağ,
Qurban olum, qayıt gəl.
 
Bilmirəm, hardasansa,
Boranda, qardasansa,
Lap elə dardasansa,
Qurban olum, qayıt gəl.
 
Hər an ürəyimdəsən,
Azdır, ürəyim, desəm
Vallah bəbəyimdəsən,
Qurban olum, qayıt gəl.
 
Günəş olub baxsan sən,
İldırım tək çaxsan sən,
İnanmıram, yoxsan sən,
Qurban olum, qayıt gəl.
 
Dünya sənə heyrandır,
Anan sənə qurbandır,
Səndən çox nigarandır,
Qurban olum, qayıt gəl.
 
Ölə bilməz heç zaman,
Düşmənə qan udduran,
Mənim oğlum-qəhrəman,
Qurban olum, qayıt gəl.
21.10.2021.
Share: