Azərbaycan ədəbiyyatı tarixinin III cildi: anadilli ədəbiyyat  dövrünə elmi-nəzəri baxış… – Əlizadə Əsgərli

Azərbaycan ədəbiyyatı tarixinin III cildi:

                             anadilli ədəbiyyat  dövrünə elmi-nəzəri baxış

 

10 cilddə Azərbaycan ədəbiyyatı tarixinin III cildi (Bakı, “Elm”, 2020, 1092 s.)  akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə çap olunub. “Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər) adlanan cildin baş redaksiya şurasının üzvləri Ramiz Mehdiyev (sədr), İsa Həbibbəyli (baş redaktor), Teymur Kərimli, Ataəmi Mirzəyev (məsul redaktor) və Fəridə Əzizova, redaksiya şurası üzvləri isə İsa Həbibbəyli (baş redaktor), Ataəmi Mirzəyev (məsul redaktor), Nüşabə Araslı, Fəridə Əzizova, İmamverdi Həmidov, Zəkulla Bayramlı (məsul redaktorun müavini), Çingiz Sadıqoğlu, Bəsirə Əzizəliyevadan (məsul katib) ibarətdir.

Akademik nəşr giriş, 3 fəsil, ədəbiyyat, ingilis və rus dillərində xülasədən ibarətdir. Girişi akademik İsa Həbibbəylinin “Orta əsrlər Azərbaycan ədəbiyyatı: anadilli ədəbiyyat epoxası” və AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın “Orta əsrlər Azərbaycan ədəbiyyatının ümumi məruzəsi və inkişaf mərhələləri” adlı məqalələri təşkil edib.

XIII-XVI əsrlər Azərbaycan ədəbiyyatının birinci fəsli “XIII-XIV əsrlərdə Azərbaycanda siyasi-ictimai şərait və ədəbi-fəlsəfi fikir”, “Farsdilli ədəbiyyatın inkişafı” və “Anadilli ədəbiyyatın formalaşması və təkamül mərhələsi”, XIII-XIV əsrlərdə Azərbaycanda tərcümə ədəbiyyatı” mövzularına ayrılıb. “XV əsr Azərbaycan ədəbiyyatı” adlanan ikinci fəsil isə “XV əsrdə Azərbaycanda tarixi-şərait və ədəbi-mədəni mühit”, habelə, “XV əsrdə Azərbaycanda tərcümə ədəbiyyatı” adlandırılıb.

“XVI əsr Azərbaycan ədəbiyyatı” adlı üçüncü fəsildə 2 bölmə verilib: 1. “XVI əsrdə Azərbaycanda tarixi-siyasi vəziyyət və ədəbi-mədəni mühit”. 2. “XVI əsrdə Azərbaycanda tərcümə ədəbiyyatı”.

Fundamental tədqiqat əsəri akademik İsa Həbibbəylinin “Orta əsrlər Azərbaycan ədəbiyyatı: anadilli ədəbiyyat epoxası” adlı ön sözü ilə açılıb.

Ədəbiyyatşünas-alimin ön sözü ədəbiyyat tarixçiliyinin müqayisəli əsaslarına istinad edib. Əvvəlki elmi-tənqidi mətnlərdə orta əsrlər XIII-XVIII əsrləri əhatə edirdi. Bu nəşrdə isə həmin dövr alimin yeni ədəbi dövrləşdirmə konsepsiyasına uyğun olaraq XIII-XVI əsrlərlə bağlı olub. İ.Həbibbəyli də orta əsrlər ədəbiyyatı mərhələsinin sərhədlərini ictimai-siyasi hadisələr və ədəbiyyatda gedən inkişaf qanunauyğunluğu, tarixi ədəbi prosesə əsasən hüdudlandırıb. Alim yzıb:  “Əgər ictimai-siyasi hadisələrin və ədəbiyyatın istiqaməti, xarakteri dəyişmişsə, onda bu proses dövrləşdirmədə, o cümlədən ədəbiyyat tarixinin dövrləşdirilməsində də öz əksini tapmalıdır” (s.5).

İ.Həbibbəyli tarixi dövrün ictimai-siyasi şəraitinə bunları  aid edib: Ş.İ.Xətainin Çaldıran döyüşündəki məğlubiyyətinin ədəbi-ictimai fikrə təsiri, bu baxımdan ədəbiyyat və sənətə olan yüksək münasibət qoruna bilməyib. Belə müvazinət Səfəvilər hakimiyyəti ilə yaradıcı qüvvələr arasındakı münasibət tarazlığını pozub. Saib Təbrizi kimi sənətkarlar ölkədən mühacirət edib. Nadir Şah Əfşarın hakimiyyəti devrilib, ölkədə xanlıqların yaranması, vahid idarəetmənin olmaması ədəbiyyatda, ictimai fikrdə fərqli baxışlar doğurub.  Əsaslı tarixi faktorlar XVII-XVIII əsrləri Orta əsrlərin siyasi-ictimai və ədəbi-mədəni proseslərindən köklü surətdə fərqləndirib.

XVII-XVIII əsrlərdə xalq həyatı, aşıq ədəbiyyatına meyil ədəbiyyatın ideya-məzmun və janrlarında ciddi dəyişikliklər doğurub. Ədəbi inkişafda yeni meyilləri təbii ki, Cəlalilər hərəkatının yayılması, “Koroğlu” üsyanı, İran-Osmanlı münasibətləri də gücləndirib.

Akademik bu bədii təsirləri konkret göstərib: Orta əsrlərdə (XVI əsr) ədəbiyyatda klassik-romantik lirika, əsas ədəbi-ideoloji axınlar (sufizm və hürufizm) tarixi təkamüldə zəifləyib, xalq həyatını əks etdirən realist ədəbiyyat güclənib.  Poeziyaya “Hindi-səbki-Azərbaycan” üslubu müdaxilə eləyib, xalq-aşıq şeirinin ədəbi-tarixi ənənəyə güclü qayıdışı olub, bədii həyatda (XVIII əsr ədəbi mühiti) erkən realizm təzahür edib.Yəni  “bu dövrdən etibarən poeziyada nəzirəçiliklə yeniləşmə arasında yeni bir meyil başlayıb” (s.6). XVII əsrin klassik romantik lirika ənənələri özündə aşiqanəliklə yanaşı, həyati-didaktik xüsusiyyətləri də əxz edib.

Göründüyü kimi, alim ədəbiyyatın inkişaf və dəyişmə istiqamətini, tarixi-ədəbi prosesi həssaslıqla müşahidə edib, qənaəti də bu olub ki, klassik nəzirə ədəbiyyatı M.Füzuli lirikasının təsirindən kənara çıxa bilməyib. Romantik-didaktik ədəbiyyat isə yaradıcılarını meydana çıxarıb: XVII-XVIII əsrlər  forma və məzmunca yeni ədəbiyyatı təqdim edib – Azərbaycan ədəbiyyatının erkən realizm mərhələsini. Səfəvilik özlüyündə ədəbiyyatın millilik məziyyətlərinin önə çəkilməsinə təkan olub. (M.C.Həqiqi və Ş.İ.Xətainin milli dövlətçilik maraqları).

İsa Həbibbəyli də bu qənaətdədir ki, anadilli poeziyanın yaranması və inkişafı ədəbiyyatımızın orta əsr mərhələsinin əsas yeniliyi olub. İzzəddin Həsənoğlu, Nəsir Bakuvi, Hümam Təbrizi, habelə, Qul Əlinin “Qisseyi-Yusif” poeması, “Dastani-Əhməd Hərami” məsnəvisi farsdilli ədəbiyyata hər halda təsir göstərib. “Anadilli şeir Orta əsr Azərbaycan poeziyasının əsas inkişaf istiqaməti, aparıcı bədii ifadə vasitəsi mövqeyinə qalxıb.”  “Bu dövrdə farsdilli şeirin mövqeyi zəifləyib, ərəbdilli poeziya yaşasa da, demək olar ki, ənənədən çıxıb, dəbdən düşüb”(s.7).

Akademik İsa Həbibbəyli məntiq və mühakimələrində İzzəddin Həsənoğlunun anadilli şeirlərini, onun S.Altaylı tərəfindən üzə çıxarılmış “Sirətün-Nəbi” poemasını, Qul Əlinin “Qisseyi-Yusif” poemasının folklor motivlərini, xəlqi şeir üslubunu, “Dastani-Əhməd Hərami”nin  şifahi və yazılı ədəbiyyatdakı dastan poetikası ənənələrini, Qazi Bürhanəddin, Yusif Məddah, Mustafa Zərir, Əbdülqadir Marağalı, İmadəddin Nəsimi, Şah Qasım Ənvar, Bədr Şirvani, Cahan şah Həqiqi, Kişvəri və Həbibi poeziyasında genişlənməkdə olan anadilli poetik ruhu, xalq həyatı və şifahi ədəbiyyat xüsusiyyətlərini nəzərə alıb.

XI-XII əsrlərdə Azərbaycan klassik şeirində təzahür edən folklor əlamətləri, motivləri qüvvətlənib, “bu xətt ədəbiyyatda aparıcı istiqaməti müəyyənləşdirib… Eyni zamanda həmin mərhələdə yazılı poeziyada xalq şeiri ənənələri özünə müəyyən yer tutub, ədəbiyyat forma və məzmun etibarilə şifahi xalq yaradıcılığına yaxınlaşmağa doğru inkişaf edib” (s.11). Bu inkişafda alim fərqli ədəbi-estetik xüsusiyyətləri  də sezdirib. Qənaətinə görə, Şah İsmayıl Xətai əruz şeirinə heca vəzni əlamətlərini gətirib, Füzulidə, türk-müsəlman şeirində anadilli lirika mövqe üstünlüyü əldə edib, Azərbaycan ədəbiyyatının intibah mərhələsində (XI–XII əsrlər) epik poemalar birincilik, divan şeiri ikincilik qazanıb. Orta əsrlərdə isə divan şeiri sənətkarların yaradıcılığının ana xəttini müəyyən edib. Akademik yazıb ki, dövrün lirikası obrazlı, təsirli, emosional və mənalı şeirlərdən yoğrulub. Orta əsrlər Azərbaycan şeiri “şəffaf lirizmi” ilə səciyyələnib. Bu mərhələnin epik ədəbiyyatında da lirika geniş yer tutub. “Azərbaycan poeziyasının çoxəsrlik tarixində orta əsrlər qədər lirikanın inkişaf etdiyi və geniş yayıldığı bir dövr olmayıb” (s.9).

Akademik İsa Həbibbəyli XIII–XVI əsrlər Azərbaycan lirikasını janr baxımından ənənəvi qəzəl, qəsidə və rübai formalarında izləyib, qəzəlin poeziyadakı yerini göstərib, qeyd edib ki, XI-XII əsrlərdə Azərbaycan poeziyasında qəsidə janrının tutduğu mövqeyi XIII-XVIII əsrlərdə qəzəl janrı əvəz edib.

Alimə görə yeni janrların meydana çıxmasını və vəzn münasibətlərini də orta əsrlər şərtləndirib. Q.Bürhanəddinin tuyuqları, ənənəvi məhəbbət mövzusunun ictimai motivlərlə əvəz edilməsi, formada hecanın pozitivliyi, əruzun mərkəzdənqaçma meyilləri, cinas qafiyələrdən sərf-nəzər, xalq həyatı, xalq şeirinə dönüşün təşəkkülü klassik poeziyanı xalq-aşıq şeiri ənənələrinə yaxınlaşdırıb. Paralellər maraqlı deyilmi?

Alim poema janrında da fərqləri izləyib: Qul Əlinin “Qisseyi-Yusif”, Şəms Təbrizi, Mustafa Zərir, Suli Fəqihin “Yusif və Züleyxa”, habelə, “Dastani-Əhməd Hərami”, Yusif Məddahın “Vərqa və Gülşa”, Ümmi İsanın “Mehr və Vəfa”, Şah İsmayıl Xətainin “Dəhnamə”, “Nəsihətnamə” poemaları, poemalarda məktubnəsihət tərcilərindən istifadə halları, onların ana dilində yazılışı, xalq həyatı və folklor motivlərinə davamlı bağlılığı bu əsərləri intibah dövrü poemalarından fərqləndirib.

Akademik orta əsrlər klassik poemalarının da fərqli xüsusiyyətlərinə varıb: dini-ideoloji mühitin aparıcı axınları və onların ədəbi-ictimai fikirə təsirləri,    sufizm və hürufizm cərəyanlarının bədii düşüncədəki yeri və mövqeyi, onların hissi-qavrayışlı lirizmi,  sufiliyin vəcd (Mahmud Şəbüstərinin “Gülşəni-raz”ı), hürufiliyin irfan və idrak halları (İ.Nəiminin “Cavidannamə”si).Və s.  Alim yazıb: Bununla belə, “Orta əsrlər Azərbaycan ədəbiyyatına yalnız sufizm, yaxud hürufizm ədəbiyyatı demək doğru olmazdı. Bu tarixi mərhələnin ədəbiyyatda müşahidə edilən ana dili, xalq ruhu, mübarizə əzmi, milli mənəviyyatın bədii ifadəsi, dünyəvilik meyilləri və bəşəri ideyaların təcəssümü dini-ideoloji cərəyanların fövqünə yüksəlib” (s.12).

Akademik məqaləsini elmi-nəzəri fikrin üstünlüyü şəraitində yazıb və ədəbi-tarixi mərhələləri əhatəli səciyyələndirib. XIII-XIV yüzilləri orta əsrlərin birinci mərhələsi hesab edən alim bildirib ki, bu dövrdə poeziyada ictimai-fəlsəfi lirika yüksək pillədə olub. İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Əvhədi Marağalı, Zülfüqar Şirvani, Nəsirəddin Tusi, Arif Ərdəbili, Əssar Təbrizi, Qazi Bürhanəddin, Məğribi Təbrizi eşq-məhəbbət duyğuları ilə bərabər, ictimai ideyaları da əks etdiriblər.

XV-XVI əsrlərə daha bir fərqli mövqedən baxış ifadə edən alim göstərib ki, bu dövrdə dövlətçilik təfəkkürü ilə lirika, bəzən də “real həyatdan gələn notlar”  birləşib (C.Həqiqi, Ş.Ənvar, Ş.İ.Xətai və s.). Dövrün xarakterik cəhətlərindən biri də şifahi xalq yaradıcılığının xüsusi bir qolu kimi aşıq şeirinin meydana çıxması, yazılı poeziya ilə yanaşı addımlaması, Qurbaninin yaradıcılığı Orta əsrlər Azərbaycan ədəbiyyatında xalq şeiri ənənələrinin yekunu, M.P.Vaqif şeiri mərhələsinə gedilən yolun başlanğıcı kimi təzahür edib. Alimin fikrincə, Ş.İ.Xətainin xalq şeirinə yönlənməsinin əsas səbəbi də Qurbani poeziyası ilə bağlı olub.

Ədəbiyyatşünas-alim dövrün XV-XVI əsrlər bədii mərhələsinin səciyyəvi xüsusiyyətlərinə bunları aid edib: alleqorik əsərlərin yaranması (M.Füzulinin “Söhbətül-əsmar” və “Bəngü-Badə” əsərləri), bədii nəsrin “mükəmməl başlanğıcı” (Mustafa Zəririn “Fütuhati-Şam”, M.Füzulinin “Hədiqətüs-süəda”, “Şikayətnamə” əsərləri). Alim Füzulinin  “Şikayətnamə”sini obrazlı dillə dövrana, ictimai mühitə müdaxilə baxımından “romantik üslubun şikayəti, realist meylin ədaləti” hesab edib.

Tədqiqatçı fərqli yanaşmada Məktub formasını da xüsusi vurğulayıb. O, M.Əvhədinin  farsca “Dəhnamə”sini, M.Füzulinin Mustafa Nişançı Paşaya məktublarını (bədii-sənədli nəsr nümunələrini–İ.H.), Ş.İ.Xətainin “Dəhnamə”sini məktub-poema kimi dəyərləndirib.

İ.Həbibbəyli Orta əsrlər ədəbiyyatının XVI yüzillik mərhələsini M.Füzuli dövrü, yaxud romantik lirika mərhələsi adlandırıb. “Nizami Gəncəvi dövrü möhtəşəm epik poemalarla, M.Füzuli epoxası isə qüvvətli fəlsəfi lirika ilə səciyyələnir”,–deyə alim yazıb.

Araşdırıcı Füzulinin şeirlərinə nəzirə və bənzətmələri ədəbi inkişafa buxov hesab edib. Obrazlı tezislə bildirib ki, Azərbaycan ədəbiyyatının mövzu və ideya, janr və üslub baxımından daha irəliyə baxmağa ciddi ehtiyacı olub. Ədəbiyyat M.Füzuli olmağın imkansızlığından Molla Pənah ola bilməyin mümkünlüyünə doğru addımlar atmağa məhkum idi. Məqalənin tezis və müddəalarından biri belədir ki, Orta əsrlər Azərbaycan ədəbiyyatı qədim dövrlə erkən yeni dövr arasında möhkəm və etibarlı bir əlaqələndirici körpü, ədəbi-poetik kökləri ilə qədim dövrə və intibah ədəbiyyatına bağlı olan Orta əsrlər Azərbaycan ədəbiyyatı isə inkişaf meyillərinə, …hədəflərinə görə erkən yeni dövrə yaxın olub.

Müəllif  dövrün (Orta əsrin) elmi-ədəbi metodologiyasını belə dəyərləndirib: “Orta əsr Azərbaycan ədəbiyyatı bədii metod və üslub baxımından mahiyyətcə ona daha yaxın olan qədim və intibah dövrü ədəbiyyatının möhtəşəm yekunudur. Eyni zamanda erkən yeni dövrün ideya-bədii əsasları da Orta əsrlər Azərbaycan ədəbiyyatında yetişib formalaşıb”. Bir yekun qənaət də əhəmiyyətlidir:  Nizami Gəncəvinin XII əsrdə qaldırdığı humanizm, ədalət, bərabərlik, mənəvi zənginlik kimi problemlər orta əsrlər üçün də aktual olduğundan bu dövrün Azərbaycan ədəbiyyatında həmin ideyalar elə bu mərhələnin hadisələri, obrazları və baxışları ilə zənginləşdirilərək yeniləşdirilmiş şəkildə və fərqli üsullarla davam etdirilib.

İ.Həbibbəyli XIII-XVI əsrlər Azərbaycan  ədəbiyyatının təşəkkül və təkamül prosesində qənaətlərini də ümumiləşdirib: Bunlar olub:

– Anadilli Azərbaycan poeziyası türk-müsəlman ədəbi mühitində, Şərqdə və Qafqazda XIII əsrdən– İ.Həsənoğludan XVI əsrə– M.Füzuli zirvəsinə qədər yüksələn xətdə olub.

  • Orta əsrlər ədəbiyyatı ədəbi fikrimizin tarixinə anadilli ədəbiyyat epoxası kimi daxil olub.
  • Anadilli ədəbiyyat Orta əsrlər Azərbaycan ədəbiyyatının əsas hissəsini təşkil edib.
  • Azərbaycan ədəbiyyatının orta əsrlər romantik dövrü tamamlanıb…

AMEA-nın müxbir üzvü Azadə Rüstəmova “Orta əsrlər Azərbaycan ədəbiyyatının ümumi məruzəsi və inkişaf mərhələləri”adlı məqaləsində Orta əsrlər Azərbaycan ədəbiyyatının ümumi mənzərəsini və onun inkişaf mərhələlərini elmi cəhətdən əsaslandırıb.

Əgər akademik İsa Həbibbəyli Orta əsrlər Azərbaycan ədəbiyyatının anadilli ədəbiyyat epoxasını tarixi-filoloji, ədəbi-metodoloji aspektdə səciyyələndiribsə,  AMEA-nın müxbir üzvü Azadə Rüstəmova ədəbi dövrün təzahürüonun inkişaf mərhələrinə diqqət yetirib…

 “XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatı” adlı birinci  fəsilə “Azərbaycanda siyasi-ictimai şərait və ədəbi-fəlsəfi fikir. Farsdilli ədəbiyyatın inkişafı” (Çingiz Sadıqoğlu),  “Anadilli ədəbiyyatın formalaşması və təkamül mərhələsi”. “Şərqi Anadolu ərazisində yaranan anadilli ədəbiyyat” (Azadə Rüstəmova), “Anadilli Azərbaycan epik şeirinin inkişafı” (Ataəmi Mirzəyev), “Dastani-Əhməd Hərami” məsnəvisi (Çingiz Sadıqoğlu), “Hürufizm və onun fəlsəfi-estetik mahiyyəti. Ədəbi-estetik fikir” (Çingiz Sadıqoğlu) adlı icmal mövzuları, “Şeyx Səfiəddin Ərdəbili” (Qədim Qubadov), “Əhməd Fəqih” (Çingiz Sadıqoğlu), “Şikəstə Ənvəroğlu”, “Möhnəti Bakuvi” (Firidun Qurbansoy), “Nəsir Bakuvi”, “Əbdülqadir Marağalı”  (Çingiz Sadıqoğlu) portret-oçerkləri  daxil edilib.

       Eləcə də birinci fəslə daxil olan “XIII-XIV əsrlərdə Azərbaycanda tərcümə ədəbiyyatı” icmalını Möhsün Nağısoylu və Fəridə Əzizova hazırlayıb. Portret-oçerkləri “Yunus Əmrə” (İsa Həbibbəyli), “Suli Fəqih” (Ataəmi Mirzəyev), “Şeyx Səfiəddin Ərdəbili” (Qədim Qubadov), “Şəms Təbrizi” (“Şəmsəddin Məhəmməd Təbrizi”(Çingiz Sadıqoğlu), “Zülfüqar Şirvani” (Çingiz Sadıqoğlu), “Nəsrəddin Tusi” (Ç.Sadıqoğlu), “Hümam Təbrizi” (Çingiz Sadıqoğlu), “İzzədin  Həsənoğlu” (Vəcihə Feyzullayeva, Zəkulla Bayramlı), “Qul Əli” (Ataəmi Mirəzyev), “Əvhədi Marağalı” (Azadə Rüstəmova), “Arif Ərdəbili” (Nüşabə Araslı), “Əssar Təbrizi” (Azadə Rüstəmova), “Mustafa Zərir” (Ataəmi Mirzəyev), “Yusif Məddah” (Ataəmi Mirzəyev), “Ümmi İsa” (Çingiz Sadıqoğlu), “Şəms Məğribi – Təbrizi” (Çingiz Sadıqoğlu), “Qazi Bürhanəddin” (A.Rüstəmova, Səltənət Əliyeva), “Fəzlullah Nəimi” (Rəhim Əliyev, Çingiz Sadıqoğlu), “İmadəddin Nəsimi” (Teymur Kərimli, Səadət Şıxıyeva) məqalələri əhatə edib.

Akademik nəşrin II fəsli “XV əsr Azərbaycan ədəbiyyatı” adlanır. “XV əsrdə Azərbaycanda tarixi-siyasi şərait və ədəbi-mədəni mühit”,“Anadilli Azərbaycan ədəbiyyatında” Yusif və Züleyxa” mövzusu”, “Ədəbi-mədəni əlaqələr” icmallarını Ataəmi Mirzəyev və Vəcihə Feyzullayeva  hazırlayıb. Portret-oçerk isə (“Seyid Yəhya Bakuvi”) Firidun Qurbansoyundur.

“XV əsrdə Azərbaycanda tərcümə ədəbiyyatı” icmalı Möhsün Nağısoylunundur.  “Şah Qasım Ənvar” oçerki Çingiz Sadıqoğlu, “Bədr Şirvani” Əbülfəz Rəhimov, Könül Hacıyeva, “Əşrəf Marağalı” Tahir Məhərrəmov, “Əfsələddin Hidayət” Vəcihə Feyzullayeva, S.Əliyeva, “Cahan Şah Həqiqi” Ataəmi Mirzəyev, “Hamidi” Zəkulla Bayramlı, “Xəlili”, “Dədə Ömər Rövşəni” və “Şeyx İbrahim Gülşəni” Azadə Musabəyli, “Kişvəri” Qasım Cahani, Könül Hacıyeva, “Həmdullah Həmdi” Zəhra Allahverdiyeva, “Həbibi” Vəcihə Feyzullayeva, Gülçin Babayeva və “Bəsiri” adlı portret-oçerklər Zəkulla Bayramlınındır.

“XVI əsr Azərbaycan ədəbiyyatı” adlı III fəsildə “XVI əsrdə Azərbaycanda tarixi-siyasi vəziyyət və ədəbi-mədəni mühit” adlı icmal  Vəcihə Feyzullayeva Zəkulla Bayramlı, “Aşıq ədəbiyyatı” icmalı İsa Həbibbəyli, “Səfəvi-qızılbaş təriqəti ədəbiyyatı” icmalı Qədim Qubadov, “Qəribi” portret-oçerki isə Paşa Kərimova məxsusdur.

“XVI əsrdə Azərbaycanda tərcümə ədəbiyyatı” icmalını Möhsün Nağısoylu, “Ş.İ.Xətai” Azadə Rüstəmova, “Qurbani” Məhərrəm Qasımlı, “Həqiri” Ataəmi Mirzəyev, “Süruri” Zəkulla Bayramlı, “Pir Sultan Abdal” İsa Həbibbəyli, “Məhəmməd Füzuli” Azadə Rüstəmova, Ataəmi Mirzəyev və Z.Bayramlı, “Məsihi” Ataəmi Mirzəyev, “Yusif bəy Ustaclı” Zəkulla Bayramlı, “Əhdi Bağdadi” Vəcihə Feyzullayeva, Zəkulla Bayramlı, “Sadiq bəy Sadiqi Əfşar” portret-oçerklərini Paşa Kərimov yazıb.

Kitabın Ədəbiyyat siyahısını S. Şıxıyeva, S.Əliyeva, F.Kərimova və F.Hacıyeva nəşrə  hazırlayıb.

Azərbaycan ədəbiyyatı tarixinin III cildinin sonunda lüğət (hazırlayanı Ataəmi Mirzəyev), ingiliscə və rusca xülasələr verilib.

Beləliklə, akademik nəşrdə XIII-XVI əsrlərdə Azərbaycanda siyasi-ictimai şərait və ədəbi-fəlsəfi fikir, farsdilli və ərəbdilli ədəbiyyat, habelə, tərcümə ədəbiyyatı  zəminində anadilli Azərbaycan ədəbiyyatının formalaşması və inkişaf istiqamətinin obyektiv və subyektiv səbəbləri elmi-nəzəri izahını tapıb, tezislər verilib, mühüm elmi müddəalar irəli sürülüb. Azərbaycan ədəbiyyatı tarixinin III cildi də cari tədqiqatların aparılması, perspektiv mövzuların müəyyənləşdirilməsi üçün qarşımızda vacib vəzifələr  stimullaşdırıb.

                                                                                 Əlizadə Əsgərli

Filologiya elmləri doktoru, dosent

 

Müstəqil.Az

Share: