Şeir müəllifin ağrı çəkməsi ilə doğulsa da, yazdıqdan sonra şair ruh və bədən sağlığı baxımından yeniləndiyini hiss edir. – Adilə Nəzərlə söhbət

Müstəqil.Az Təranə Məmmədin “Səmimi söhbət” layihəsində  Adilə Nəzərlə olan müsahibəsini təqdim edir :

Adilə xanım, bu payız günündə sizinlə təbiətin qoynunda söhbət etmək istərdim. Siz necə? Təbiəti sevirsiniz? Vətənimizin hansı guşəsində olmaq istərdiz indi?

 

– Təranə xanım, çox istərdim bu söhbətimizi ağacların sarı yarpaqlarının seyrək yağışı altında, gəzə-gəzə edək. Təbiət mənim vazgeçilməzimdir – bütün fəsillərdə, xüsusilə yazda və payızda. İndi Xızıda olmaq istərdim, sarı, tünd qırmızı – bənövşəyi yarpaqları ilə yol boyu əhatələnmiş Xızı meşələrini seyr etmək, parlaq payız mənzərələrini gözlərimin lentinə köçürmək istərdim.

 

Sizi həmişə göylərdə pərvaz edən və heç yerə enmək istəməyən qartala bəzədirəm nədənsə. Bəlkə səhv edirəm?

 

– Türk mifologiyasında qartal qoruyucu ruhun və ədalətin simvoludur. Dövlət quşu olaraq da qəbul edilir – yüksəkdən uçar, yenilməzdir, kölgəsi kimin üzərinə düşsə məqam-mövqe sahibi olar, ona uğur, xoşbəxtlik, bərəkət gətirər. Oxşar özəlliklər məndə də vardır və mən bunu soy-kökümə genetik kodlarla bağlı olduğuma, Tanrıçılığa güclü inancıma bağlayıram.

(Təranə xanım, bu arada qeyd edim ki, müşahidəniz və insanın daxili kimliyini duyma bacarığınız mükəmməldir.)

 

 Azadlıq nədir? Siz azadsınızmı? “Yazılmağa dəyər” yaşaya bilirsinizmi?

 

– Ruhun azadlığına inanıram- bu da müəyyən vaxtlarda, əsasən poetik havaya köklənəndə olur. Qalan vaxtlarda isə ruh da bədənin həbsindədir. Reallıqda insan heç vaxt azad olmur, olmamalıdır da. Azadlığın sərhədsizliyi insanı fəlakətə aparır – təhlükəyə və günaha sürükləyir. Qaldı ki, mənə.. Mən mənən, ruhən digərlərindən daha azadam, çünki yaradıcılıq ruhun azadlığı ilə mümkündür. Hətta bəzən onun da qarşısını alıram: “Hissin qızğın at olsa, ağlını yüyən eylə” – deyə özümü tənbehləyirəm. Bir şeirimdə yazmışdım: Sərbəst şeirlərim oğlum kimidir, Heca şeirlərim qızımdır mənim. Bütün şeirlərim özüm kimidir, Elə qış içində yazımdır mənim.” Düzdür, bu şeir başqa mənada yazılıb… Amma burada həm də, qızların oğlanlara nisbətən daha ölçülü olmasının vacibliyini vurğulamışam.

“Yazılmağa dəyər” yaşamaq mənim taleyimdir. Bəlkə nə vaxtsa özüm yazacağam həyatımın romanını.

 

Alim qadınlara xüsusi hörmətim var. Çünki alimlik hər şeydən əvvəl daim axtarışdır. Həyatınızın bu sahəsindən danışaqmı?

 

– Elm işıqdır, yüksəlişdir, yüksəyə doğru qalxmağa ən etibarlı əsadır, kasıblıqda sərvətdir, varlılıqda zinət. Şükürlər olsun ki, bu yolu tutmaqla həyatımı zinətləndirmişəm. Mən deyərdim ki, elm öyrənmək kişilərdən çox qadınlara yaraşır, çünki istər ailədə, istərsə də cəmiyyətdə qadının rolu böyükdür. Eyni zamanda elm sahəsi daima düşünmə alışqanlığı yaradır. (Bilirsiniz ki, qadınlar yuxuda belə düşünürlər, heç olmasa xeyirli işlər haqqında düşünsünlər. (zarafat ?)

         Belə də demək olar, – elm “dövlət quşu”dur, amma bu qartal deyil – şans əsəri gəlib “başa qonmur”, böyük zəhmətin hesabına ona addım-addım yaxınlaşırsan. Elm ürkək quşdur, bağlamasan qaçar (uçar). Bağı nədir? Davamlı araşdırma, axtarışda olma. Ömrümün çoxu ciddi anlamda oxumaqla, araşdırmaqla keçib və davam edir. “Dərisini dəyişməyən ilan ölməyə məhkumdur.” Bunu sabit fikirli adamlara da aid etmək olar.  Düşünmək istəməyən, lakin özünü doğrultmağa çalışan zehniyyət necə inkişaf edə bilər? Mümkün deyil. Düşünə bilənlər düşünə bilməyənlərə də yol göstərir... Mənə elə gəlir ki, mən hansı sahənin adamı olsaydım, yenə axtarışda olacaqdım – təbiətim belədir.

 

Sizin şeirləri çox sevirəm. Siz öz sözünüzlə desək “oxumağa dəyər şeylər” yazırsınız. Nə vaxtdan yazırsınız?

 

– Orta məktəb illərindən yazıram. Təbii ki, o vaxt kənd yerlərində qız uşaqlarının şeir yazması böyük qəbahət sayılırdı. Yazdıqlarımı üzə çıxarmırdım, – təkcə məktəbdə sinif divar qəzeti istisna olmaqla, o da yaşın və dövrün tələbinə uyğun mövzular..

Əlbəttə ki, zəif şeirlərim də var. Məlumdur ki, ümumilikdə poeziyanın ətrafında döndüyü bir neçə ana mövzu var, həmin mövzuları fərqli poetik mənalarla, yeni bədii ifadələrlə yaza bilməsəydim, əsla yazmazdım. Hər şeirimdə bir və ya bir neçə yeni fikir, ya da oxucunun ilk dəfə duyacağı poetik ifadə olur. Bu da oxumağa dəyər sayılır məncə. Buna rəğmən “şairəm” demək məsuliyyətdir, şeir yazanların şair olmasını şair yox, oxucu və müəyyən qədər də obyektiv tənqidçi təyin edir. “Xatirə yeniləyirəm” şeirimdə dediyim kimi:

 

Yenə də havada səslər duyuram,

Biri şeir üstə xatirələnir.

Elə ucalardan misralanır ki,

Üstümə dağ boyda sözlər ələnir.

 

…Nə sənin ixtiran, nə onun kəşfi,

Nə mənim yazdığım şeirlər yeni.

Bir ucdan dəyişir yerin əşrəfi,

Dünyada nə varsa, nə varsa eyni…

 

Sinəmdə bir dəli ürək tövşüyür,

Az qalır qapısız qəfəsdən çıxa.

Başımın üstündə Günəş üşüyür,

İçimin odundan od alır yaxam.

 

Ruhumdan ağrılar keçir yenə də,

Bu qərib canıma bir ad cızıram.

Sadəcə xatirə yeniləyirəm,

Mən kiməm deyim ki, şeir yazıram.

 

Şeir müəllifin ağrı çəkməsi ilə doğulsa da, yazdıqdan sonra şair ruh və bədən sağlığı baxımından yeniləndiyini hiss edir.

Bir də ki, insan ölümlü varlıqdır, öləcəyini bilir, amma yox olmaq istəmir. Bəlkə də ona görə yazıram ki, yox olmayım, mən olmayanda da xatırlayanım olsun.

Deməyə bir ayrı söz nə gərəkdir,

Alışar, dərdimi desəm hər kimə.

Budur vəsiyyətim: bez nə gərəkdir, –

Məni bükərsiniz şeirlərimə.

 

Siznin bəstələriniz var. Yəni musiqi savadınız var eləmi? Hətta səsiniz də var. Hansı mahnını tez-tez zümzümə edirsiniz?

 

– Məlumdur ki, yaradıcı adam hər sahədə yaradıcıdır, lakin yaradıcılığın bir, bəzi hallarda iki sahəsini seçib davam edir. Daha çoxuna güc, vaxt  yetməz. Biz millət, xalq olaraq laylalar, bayatılar, ağılarla böyüyüb başa çatırıq, yəni xalq dilindən gəlir musiqi duyumumuz. Yaradıcı adamlar o duyumlarını inkişaf etdirirlər. Şeir qəlbimdə yaranır, beynimdə istehsal olunur, dilimə süzür. Qələmimə yox ha, məhz dilimə – bir çoxunu oxuyaraq yazıram. (Hazırda əlimdə bir neçə bəstə var, müğənni tapmıram oxusun.)

Musiqi savadım yoxdur, musiqi duyumum var. Heyif ki, səsim də yoxdur, oxuduğum bir neçə mahnı məcburiyyətdəndir – müğənnilərə çatdırmaq üçün.

Xalq mahnılarını zümzümə edirəm, mahnılar ruh halıma görə dəyişir, əsasən “Sarı gəlin” və “Gedək üzü küləyə”.

 

“Tanrım, davamını göndər həyatın, qoy yaşasın.” Bu sözlər sizindir. Sizcə həyat bir gün dayana bilərmi?

 

– Bütün səmavi kitablarda qeyd olunur ki, dünya imtahan yeridir – fanidir-keçicidir. Demək ki, bu dünya o dünyanın gözləmə otağıdır. Bunu bilə-bilə, hamı kimi mən də dünyanın sonunun gəlməsini istəmirəm. Bu ölüm qorxusu deyil, izah edə bilməyəcəyim bir hissdir.

 

“Sən mənim can evimin, Təməl bina daşısan, Evim çökəcək deyə, Söküb ata bilmirəm.” – deyən Adilə Nəzərin qəlbində nələr baş verir?

 

– Şair olduğunu yox, olmaq istədiyini yazır əslində. O şeiri illər əvvəl yazmışdım – ünvansız. Bəzi şeirlər illər sonra ünvanını tapır.. Sözün enerjisinə inanıram. (Elə olmasaydı dua şəfa olmazdı.) Bəzi şeirlər isə ünvanını şairdən sonra tapır. Bəlkə də buna görə şairlər ölümdən çox yazır, öldükdən sonra da yaşasınlar deyə.

Adilə Nəzərin qəlbində nələr baş vermir ki? Qəlbimdə gözəlliklər var-  sevgi var, sədaqət var, mərhəmət var, hörmət var. Olana şükür!

 

Bir dəfə uşaqlığınız haqda oxudum. Heç uşaqlığınız olubmu?

 

Çox gözəl uşaqlığım olub. Uşaqlıq xatirələrimin hamısı əzizdir- çünki içində anam var.

…Mən təkcə anamın ölümünə inanmadım bu dünyada,

sandım ki, bayram görüşünə gedib Allahın…

Dağlardan dayaq, çöllərdən huzur,

dənizlərdən təsəlli yığıb ürəyinə..

Heyif ki, sən anamı tanımadın, dost,

həyatdan cəmi 45 gül dərdiyini,

onu da atamın ayaqları altına sərdiyini bilmədin…

Məğrurluğundan susqun görünürdü,

İçinin ağrısını gizləyən qəlbinin yumşaqlığı,

başının yaylığıydı, –

gözləri sevgi bulağıydı…

Qaşları Ay, üzü Günəş kimi,

saçları upuzun gecəydi,

sən görmədin, sən bilmədin, dost,

anamın əlləri necəydi…

Yerişi qalıb, duruşu qalıb,

ağ-qara şəkillərdə dərdə dərman gülüşü qalıb,

utancaqlığı qalıb dodağının kənarında,

ətri qalıb həmən ilin baharında…

Nəyini deyəm bilmirəm, nəyinə yanam, –

şam ömrü yaşadı anam.

Dustaqlıqdan azad edib ruhunu

qurtarıb əlindən köksündəki ahın,

görüşünə getdi Allahın….

 

 

“Tanrı verən mükafatdır, yığdım qalağa- Hansı dərdi açarsan aç, ordan mən çıxar.” Niyə belə, Adilə xanım?

 

– … Qoy o mənə qalsın.

Bir dərd evim vardır – sakini tək mən,

Küləklər sovurar, açar qapımı.

Hər gecə bir şeir enər qeybdən,

Döyər pas bağlayan naçar qapımı.

 

Şanlı zəfərimizdən bir il keçir. Nə hisslər yaşayırsınız indi? Şəhidlərdən, şəhid analarından həmişə yazırsınız. Bu mövzuda yəqin ki, hələ deyəcəkləriniz olacaq.

 

– Zəfər dadı nübardı bizə. Nübar olan dadı anlatmaqla bitmir, hər anlatdıqca o dadı daha dərindən hiss edirik. Həyəcan yaşayıram, bir il keçməsinə baxmayaraq o həyəcanım azalmayıb, əksinə, artıb. İndi 8 NOYABR ZƏFƏR GÜNÜ bayramını gözləyirik, sağlıq olsun, coşğu ilə qeyd edəcəyik. Şəhidlərimizin hüznü ilə birarada yaşayacağıq bu günü. Nə qədər:

 

Yerlə göyün arası ən mübarək bağdılar,

Qəlbimizdə ucalan zirvədilər, dağdılar.

Şəhidlərin hər biri bizdən daha sağdılar,

Sağ olan şəhidimə niyə matəm saxlayam?!

 

-desəm də, hər şəhid ailəsi ilə eyni acı duyğuları yaşayıram, hər şəhidin yasını saxlayıram. Şəhidlər haqqında yazmaq vicdan borcumdur. Yazmışam, yazıram, Allah ömür verdikcə yazacağam. Buna tam olaraq borc da deməyək,  bu mənim qəlbimin səsidir. Qəlbim məzarlı şəhidlərə də, məzarsız şəhidlərə də Şəhidlər Xiyabanıdır…

 

Bilirəm ki, siz yalanı sevmirsiniz, heç aldanmısınız?

 

– Heç aldanmamışam, aldanmış kimi görünmüşəm. Aldadan isə özünü aldadıb. Həyatda elə şeylər var ki, o səndən asılı olmur. Olacaqlar olurlar.

 

Adınızın mənasını yəqin ki, bilirsiniz. Həmişə adilsiniz?

 

– Özümü bildim-biləli adil olmuşam. Adımın haqqını vermişəm yəni. Düşmənimə belə ədalətliyəm. Doğru yaşamaq imkanı varkən, qürurunu itirənlər, şərəf və ləyaqətini qorumayanlar istisna olmaqla, qalan heç kimi heç nədə qınamıram.

 

Siz kifayət qədər tanınmış bir şairsiniz. Sosial şəbəkə sizə nə verir?

 

– İnternet əsrində yaşadığım üçün özümü şanslı qələm adamı hesab edirəm. Sosial şəbəkələr şeirlərimi, fikirlərimi paylaşmaq üçün məni vaxt itkisindən, qəzet və dərgi sahiblərinin qapısı ağzında gözləməkdən, minnətdən xilas edir.

Eyni zamanda hər hansı bir məlumatı öyrənmək üçün kitablardan uzun-uzadı axtarışlar etməyə lüzum qalmır. (Elə bil mexanika maşın sürürdük, indi avtomata keçmişik. ?) İşimiz asanlaşıb. Düzdür, müəyyən qədər fiziki hərəkətsizlik yaradır, bədənin də yerinə baş işləyir. Yenə də istəklərimizə tez zamanda nail olmaq imkanı verir.

 

Qismətə inanırsınız?

 

– Birmənalı olaraq inanıram. İnsanın həyatını dəyişmə istəyinin cuzi hissəsi öz əlində ola bilər – o da ixtisas seçimi, dil öyrənmə istəyi və s. Qalanı qismətə bağlıdır. Şeirlərdə bu mövzuya çox toxunmuşam.

 

Salaq bu taleyi, itirək gələk,

Hardasa bir çiçək bitirək gələk.

Tapsaq yeni tale, götürək gələk,

Dünyadan bir qismət alaq, qayıdaq.

 

Siz adətən öz şeirlərinizi özünüz səsləndirirsiniz, və yaxud canlı qiraət edirsiniz. Necə hesab edirsiniz, sizin şeirləri sizin qədər eşidən, duyan olurmu?

 

– Şeirlər paylaşılana qədər mənimdir, sonra oxuyanın, dinləyənin. Şeirimin mənim duyub yazdığım kimi duyulmasını gözləmirəm, bu ağılsızlıq olar. Hər insan ayrı bir dünyadır – duyğuları, hissləri, qavrama-anlama gücü ilə fərqlidir. 40%-i mənim duyduğumu duyar, 50% -i daha bəsit anlayar, 10%-i yazıldığından daha dərin olduğunu kəşf edər. Çünki şeir şairin Öz dərinliklərinə enib çəkib çıxardıqlarıdır – çox vaxt özü də bilmir hansı dürrü çıxardığını.

Şeirləri səsləndirməyim isə sadəcə bir həvəsdir, hərdən şeirsevərlərlə canlı ünsiyyətdə olmaq istəyidir. Amma bu işi dərindən bilənlər Nəsiminin şeirlərini mənim qiraətimdən çox bəyəndiklərini də deyirlər.

 

Bilirəm ki, çox işləyirsiniz. Hər yerə çatmalı, hər yerdə olmalı və hər bir işi məsuliyyətlə yerinə yetirməlisiniz. Necə çatdırırsınız?

 

– Uzun illərdir ki, istirahət edəndə belə işləyirəm. Az yatıram. Vaxtımı düzgün bölə bilirəm. Kreativ düşüncəyə malikəm.. bilirsiniz ki, kreativ düşüncə imkan deyil, vəziyyətdir. Yəni, vəziyyətə görə dəyişmək, yeniliklərə açıq olmaq, tez və dəqiq alternativ yollar taparaq vəziyyəti idarə etmək. Qeyd edim ki, bunu anadangəlmə bacarıq olaraq qəbul etmirəm, kreativlik insanın yaşam tərzi və özünü yetişdirməsi ilə bağlıdır. Bütün kəşflər çarəsizlikdən çıxa bilmək düşüncəsilə edilib.

 

Ø Heç darıxan vaxtınız olur? Necə çıxırsız o vəziyyətdən? Şeirlə, musiqiylə yoxsa…?

– Darıxmayan vaxtım olmur desəm, daha doğru olar. Təbiətən, daim bir narahatlıq içindəyəm, bəzən təlatümə çevrilir. Bəlkə də yazdıqlarım elə o darıxmalarımdır – şeir şəklində biruzə verirəm. Söz köməyimə gəlməyəndə səsi çağırıram, bir müddətliyə də olsa musiqi dadıma çatır.

İş saatlarımda isə tamamilə başqa adam oluram – ciddi və təmkinli. Fikirlərimi tamamilə işimə yönəldirəm. Bir sözlə, hisslərimlə yazıb, ağlımla yaşayıram – duyğularımı yaradıcılıqda, ağlımı işimdə və real həyatımda istifadə edirəm.

 

Ø Gözəl qadınsınız, gözəl şairsiniz. Gözəllik nədir?

– Gözəl qadın hesab olunuramsa, bu qəlbimin və ruhumun gözəlliyidir, deyə bilərəm, təvazökarlıqdan uzaq… – insanın daxilindəki üzünə vurur, gözündən boylanır. (Əsəbi vaxtlarımda susqun və donuq oluram, onda çirkin oluram. ?

Gözəllik mücərrəd anlayışdır. Fərdə görə dəyişir. Mənə görə gözəllik estetikadır, mədəniyyətdir, gözəl sözdür, huzurverici səsdir, gözoxşayan rəngdir, dərinə nüfuz edən məsum baxışdır, etirafdır, bağışlamaqdır, yerinə görə susmaq, yerinə görə danışmaqdır, sülhdür, xoşgörüdür… – həyatın davamı üçün nə varsa gözəllikdir.  

 

         Keçmişinizdən gələcəyinizə nəsə aparmaq istərdiniz?

 

– Atalı-analı xatirələrimdən başqa heç nə aparmaq istəməzdim gələcəyimə. Hətta, geri qalanını unutmaq üçün zəhəri dərman desələr, içərdim. Xoşbəxtliyim ondadır ki, keçmişə ilişib qalmağı sevmirəm. Həyat axar su kimidir, mən heç geriyə axan su görmədim. Həyata həmişə gülümsədim. Həyat özü mənə öyrətdi ki, heç bir problem ağlayıb-sızlamaqla,  gərginliklə həll olunmur, ancaq həyata pozitiv baxmaqla bir çox çətinliklərin öhdəsindən gəlmək olur.

 

Sizcə qəlbə yağan yağışdan çətirlə qorunmaq olar? Yoxsa qorunmamaq daha yaxşıdır?

 

– Qəlbə yağan yağışlar qəlbi yuyur, qüsllayır, o yağışdan sonra durulursan, saflaşırsan. Məncə, insan bütün varlığıyla o yağışda islanırsa, yenidən doğulur. Həyata daha güclü olaraq yenidən başlayır.

 

Şeirlərinizdə çox vaxt nisgil hiss edirəm. Bu içinizdən gəlir, yoxsa nisgil yazdırır hamımıza şeiri?

 

– İnsan boşuna nisgil yaşamaz, yaşamadığını-qəlbinin süzgəcindən keçirmədiyini yaza bilməz. Nisgili yaradan önəmli səbəblər var. Təbii, hər insanın fərqli adda nisgili vardır, sadəcə şairlər digərlərinə nisbətən daha xoşbəxtdirlər ki, yazıb, az da olsa yüngülləşirlər. Şeirlər həyat mənzərələridir, insan mənzərələridir. Mən o mənzərələri müşahidə edib yazıram. Kimi həyatın içində, kimi kənarındadır, fərqi yoxdur, ikisi də oxşar dərdləri yaşayır. Sevinclər fərqli ola bilər, amma nisgillər oxşardır. Hamının nisgilini içimdən keçirdiyim üçün bu mövzunu çox yazıram.

 

Dedim ki, sizinlə təbiət qoynunda söhbət etmək istərdim. Elə də təsəvvür etdim. Sizi ülgüyə gəlməyən, bir otağın çərçivəsinə sığmayan görürdüm həmişə. Məncə yanılmadım. Sizə sağlam həyat və yaradıcılıq uğurları arzu edib, bir zaman Şuşada görüşmək ümidilə ayrılıram. Mənə bir sözünüz varmı?

 

– Nəinki otağa, həyata, bəzən özümə belə sığmıram, sığmadığım üçün də şeirlərə daşıram. Şuşanı görmək mənim də arzumdur. Dəfələrlə yuxuda görmüşəm, yuxumun reallaşmasını çox istərdim. Və sizinlə Şuşaya getmək ümidilə ayrılıram.

Sizə sözüm budur: Ən pis və ya pessimist adam da nədənsə, kimdənsə ilham almağa layiqdir. Siz də mənim kimi həyata qarşı güclüsünüz, pozitivsiniz, bu gözəl enerjinizi başqaları ilə paylaşmaqda davam edin.

 

Təranə Məmməd

 

Müstəqil.Az

Share: