“ Bir misra söz qədər duyanım ola”

“Bədii əsərin gücü nə vaxtsa bir nəfər tərəfindən yaşanmış duyğunun minlərlə adam tərəfindən dönə-dönə yenidən yaşanmasındadır”

 (Əbu Turxan)

Çağdaş ədəbi prosesdə “itirilmiş nəsil”-80-cilərdən üzübəri günümüzə doğru daha çox sərbəstlik, janr ənginliyi, ümman sahilsizliyi dinamik olaraq genişlənməkdədir. 80-cilərin bəlkə də bir nömrəli problemi öhdəlik ədəbiyyatı, yaradıcılıqda sosial sifariş mexanizmi idisə, bu günkü qələm əhlinin isə problemi sələflərdən fərqli olaraq oxunmaq, oxunaraq tanınmaq və təqdir olunmaqdır. Amma insafən, 80-cilərin yayım və tanıtım tərəfdən “bəxt gətirməkləri” var idisə, bu gün bu baryer artıq tarixə qovuşub desəm heç də yanılmaram. Bu günün real mənzərəsi nə yaza bilirsən yaz, harda istəyirsən çap olun, amma oxunmağı qalıb Əlahəzrət Oxucuya. Amma etiraf etmək lazımdır ki, bütün mənfiliklərinə, yaxud müsbət nüanslarına baxmayaraq ədəbi proses inkişafda, dinamikadadır

Dünya yaranan gündən istər təbiətdə, istərsə də onun ayrılmaz bir tərkib hissəsi olan cəmiyyətdə, bütün canlı orqanizmlərdə proses gedir. Dünyanı bir əbədi hərəkət yaşadır, tarixi bilinmə­yən keçmişdən, necə olacağı təsəvvürə gəlməyən gələcəyə doğru yol gedir bəşər övladı. Proses gedirsə, həyat davam edir. Ulu babaların, nənələrin qanı bizim damarlarımızda çağlayır, nəvələrimizi, nəticələrimizi gələcəyə aparan da bizdən miras götürəcəkləri, daim damarlarında çağlayan qan olacaq. Danılmaz bir həqiqətdir ki, prosesin qurtardığı yerdə ölüm başlayır. Böyük alman filosofu, fəlsəfə tarixində dialektikanın atası sayılan Hegelin bir məşhur kəlamını xatırlatmaq yerinə düşərdi: ”Hər şey axır, hər şey dəyişir…”

Bu gün gedən prosesin sabah başqa, o biri gün daha başqa şəkildə cərəyan etməsi, bir-birinə zəmin yaratsa da, bir-birinin eyni olmaması təbii, qanunauyğun bir hal kimi qiymətləndirilməlidir.

Bu gün ədəbi bolluğun içində izlədiyim, yaradıcılığına az-çox bələd olduğum yazarlardandır Əfşan Yusifqızı. Yaradıcılığında özü olan, özünəməxsus dəst-xətti, orijinal yazı üslub və manerası olduğundan daha çox yaradıcılığına – istər nəzm sahəsində, istərsədə nəsrdə müraciət etdiyim yazardır Əfşan xanım.

Əfşan Yusifqızı (Aslanova) Göyçayın Qəbələ Müskürlü kəndində müəllim ailəsində dünyaya göz açıb. Heç şübhəsiz ziyalı ailəsində doğulub boy atmaq, həm də mənsub olduğu mühitin dərin izləri olub Əfşan xanımın ədib olaraq, yazıçı, qələm əhli kimi ədəbiyyata gəlişində. Hələ uşaqlıqdan ədəbiyyata, incəsənətə , kitaba böyük marağı olub onun.  Oxumaq ehtirasından dolayı arzusu ali təhsil alaraq kitabxanaçı olmaq olsa da, anasının erkən rəhmətə getməsi və ailə qayğıları ilə təkbaşına çaba verməsi bu arzusunu reallaşdırmağa imkan verməyib. Elə ilk şeirlərini də anası rəhmətə getdiyi vaxt – səkkizinci sinifdə oxuduğu vaxt yazıb.

İlk şeirlərini  sərbəst janrda yazib Əfşan xanım. Üzə çıxarmağa cürət etmədiyi qələm məhsulları bu gün də “sandıq ədəbiyyatı” kimi xatirə dəftərlərində qalmaqdadır. Ədəbiyyat sahəsində olduğu kimi incəsənətə də marağı yüksək olub onun. Bu həvəs və istəyini görən anası onu qarmon dərnəyinə yazdırır. Qarmon ifaçılığı ilə yanaşı həm  də yaxşı şəkil çəkməyi var imiş. Amma anasının qəfil dünyasını dəyişməyi bütün bu bacarıqmı deyim, istedadmı deyim, hamısının üstündən bir qalın xətt çəkib.

Əfşan xanımım 2007-ci ildə qəfil xəstələnməyi sonrakı yaradıcılıq yoluna işıq tutub hardasa. Özü deyir ki, xəstə olarkən birdən-birə yuxuda şeir yazmağa başlayıb. Ayılanda yuxuda gördüklərini yavaş-yavaş varaqlara köçürməyə başlayıb. Beləcə itirdiklərinin əvəzini yaza-yaza tapıb, həyatındakı boşluqları yarada-yarada doldurub Əfşan xanım. “Əli dağı” romanında babasının Cəlil Məmmədquluzadə ilə birlikdə Qori Müəllimlər Seminariyasında təhsil almağından, təhsildən sonrakı dövrdə həm iş prosesində, həm də bir yaxın dost olaraq əlaqə saxladıqlarından yazır. Babası dövrünün poliqlotu imiş. Doqquza yaxın dildə sərbəst danışırmış. Genetik olaraq yazmağa, yaratmağa meyl və marağı da elə burdan başlayıb.

Ətrafından gileylidir Əfşan xanım. Xüsusi olaraq vurğulayır ki, ali təhsil diplomu olmadığından daha çox qadağalara, yuxarıdan aşağı baxılmağa “məhkum” edilir. Amma mənə elə gəlir ki, diplom sadəcə hər şeyi həl edə bilməz ki. Heç nə klassiklərin, nə də müasirlərin bir çoxunun ali təhsil diplomu olmayıb. Bu nüans insan oğlu üçün heç dərd yükü də ola bilməz məncə. Yaxşı yazmaq üçün gözəl görməyə, gözəl düşünməyə və professional qələmə, iti zəkaya sahib olsan bəs edər təbii.

Əfşan xanım Yusifqızının  2017-ci ildə “Ekoprint” nəşriyyatında 240 səhifəlik “ Bir misra söz qədər duyanım ola” şeirlər kitabı, 2020-ci ildə “Adiloğlu” nəşriyyatında “Şəhid üzük” və 2021-ci ildə “Elm və Təhsil” nəşriyyatında “Əli dağı” romanı çap olunmuşdur. Yazıçının “Tor”adlı romanı çap ərəfəsindədir. Eləcə də müxtəlif vaxtlarda “Çin yuxular” povesti və bir çox hekayələri, eləcə də şeirləri  qəzet və jurnallarda , dövri mətbuatda çap olunmuşdur.

Yazılarının motivi real həyat hadisələrinə əsaslanır Əfşan xanımın. Əsərlərinin qəhrəmanları real həyatda rastlaşdıqlarımız, gündəlik təmasda olduqlarımızdır. Təbii ki, sadalanan keyfiyyət göstəriciləri də onun qələm məhsullarını daha çox oxunaqlı və sevilən edən məziyyətlərdəndir. Çünki müasir dövrün tələbkar oxucusunu heç də utopik tipajlarla təəccübləndirmək olmaz. Əfşan xanımı bir nöz pafosdan uzaq, sənətinin divanəsi adlandırmaq olar. Uilyam Folkner yazırdı ki, fikrimcə, necə yazmağın, əsəri hansı şəkildə işləməyin mütləq qaydası yoxdur. Əsas budur ki, yazıçı, necə deyərlər, sənə­tinin divanəsi olsun. O, niyəsini özü də bilmə­dən, sadəcə, yazmağa borcludur, yazma­lıdır, vəssalam. Hərdən o bu zərurətdən xilas olmağa da can atır, ancaq bacarmır, bacara da bilməz. Bəs əsər nədən başlanır? Bəzən real hadisə­dən, bəzən hansısa obrazdan. Mən yazmağa başlayanda heç vaxt ideyanı əsas götürmürəm. Çünki müxtəlif səpkili ideyalardan o qədər də başım çıxmır, onlar məni heç maraqlandırmır da. Məni hər şeydən öncə adamlar – özüylə, özgələriylə, öz zəma­nə­siylə, mühitiylə münaqişədə olan insanlar cəlb edir. Folknerin sadalanan fikirlərini tezis olaraq Əfşan Yusifqızı yaradıcılığına da şamil etsək heç də yanılmarıq.

Müasir dövrdə yazıçı üçün mövzu bolluğu var Çünki gündəlik həyat fəaliyyətimizdə təzadlarla dolu bir həyat yaşadığımızdan qələmə alınası, bədiləşdirməli olduğumuz o qədər real həyat hadisələri var ki, yazmaqla qurtarası deyil. Odur ki, Əfşan xanım da, günümüzün qəhrəmanlıq salnaməsinə çevrilmiş əsl qəhrəmanların – Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda canından belə göz qırpmadan keçən igidlərimizin qəhrəmanlıqlarla dolu həyatını bədiləşdirərək geniş oxucu kütləsinə təqdim edir. Yazıçının “Şəhid üzük” əsəri məhz sadalanan əsərlərdəndir. Vətənə, torpağa məhəbbət, müqədəs yol yolçuluğu şəhidlik haqqında əsərdə geniş məlumat verilməklə yanaşı bədii portretini cızdığı qəhrəmanının həyat cizgilərini ustalıqla qələmə alaraq bədii çalarlarla zənginləşdirir Əfşan xanım. Müasir nəfəs, müasir düşüncə, dünyaya real baxış hər bir misrasından apaydın oxunur Əfşan xanımın. Elə bu mənada da  böyük rus tənqidçisi, öz zəmanəsində ədəbi prosesi izləyib ona ilk qiymət verən, beləliklə, təkcə ədəbi tənqidin yox, eyni zamanda ədəbi proses nəzəriyyəsinin də təməl daşlarını qoyan Belinskinin fikirləri olduqca maraqlıdır, indi də öz əhəmiyyətini itirməmişdir. O yazır: ”…Bütün canlı və mütləq şeylər kimi, incə­­­­­­sənət də tarixi inkişaf prosesinə tabedir… Zəmanəmizin incə­sənəti odur ki, həyatın mənası və məqsədi haqqında, bəşəriyyətin yolları haqqında, varlığın əbədi həqiqətləri haqqında müasir düşüncələr, müasir şüur nəfis surətlərdə ifadə edilsin…”

Ədəbi proses, onun ayrılmaz tərkib hissəsi olan yaradıcılıq prosesi həddindən artıq mürəkkəb, bənzərsizdir. Onu şərtləndirən amillər çoxdur. Bu amillər sırasında yazıçının istedadı, yaradıcılığının hərəkətverici qüvvəsi olan ilhamı, həyat hadisələri arasından ən xarakterik olanları seçib götürmək, keçirdiyi hiss və təəssüratları əks etdirə bilmək ustalığı, ədəbi ənənələri nə dərəcədə öyrənib ondan yaradıcı şəkildə bəhrələnmə bacarığı, ədəbiyyatın nəzəri əsaslarını, poetikanın, dilin qayda-qanunlarını mükəmməl bilməsi olduqca vacibdir. Yazıçı ədəbi prosesin ən aparıcı siması, ”insan qəlbinin mühəndisi” (M.Qorki) olduğundan, o, həm filosof, sosioloq, həm də pedaqoq, psixoloq səriştəsi ilə qəhrəmanlarını müşahidə etməlidir. Ədəbi prosesin səviyyəsini müəyyənləşdirən ən mühüm amil yaradıcı insanlardır. Sadalanan şəxsi keyfiyyətləri Əfşan xanım yaradıcılığında asanlıqla izləmək mümkündür.

Özünün dediyi kimi bəzən ali təhsil almadığını, əsas “kriteriya” olaraq diplomsuz olduğunu (guya olsaydı nəyisə dəyişəcəkdi ki…) qarşısına sədd olaraq qoyurlar onun. Amma mənə elə gəlir ki, kimsə kiməsə nəyisə öyrədə bilməz. Yazıçı hər şeyi özü öyrənir və əgər o, niyəsini özü də bilmədən yazıçılıq azarına tutulubsa və həqiqətən yazmaq istəyirsə, qarşısına çıxan hər şeyi yazmalıdır. Bunlar onun xeyrinədir. O, yaşca özündən böyüklərdən də, təzə başla­yan yazar­lardan da öyrənəcək. Bəli, məhz öyrənəcək, çünki öyrətmək mümkün deyil. Ona nələrin lazım olduğunu özü hamıdan yaxşı bilir, kimdən nəyi götürməyi isə qulağına instinkt pıçıldayacaq. Yazıçılıq, yazarlıq İlahi fitrət olduğundan bunda heç də sıradan bir diplomun, yaxud da hər hansı bir təhsilin rolu bir nömrəli nüans rolunda çıxış edə bilməz.Yazıçıya üç şey lazımdır: təcrübə, müşahidə etmək qabiliyyəti və təxəyyül. Bunlardan ikisi bəzən birini kompensasiya edir. Ancaq bəzi vaxtlarda bu üçlüyün iki, hətta bir komponenti üçüncünün çatışmazlığını örtə bilir. Əsər əsasən, hər hansı bir fikirdən, xatirədən, obrazdan başlayır. Yazmaq – bu həlledici ana qədər baş verənləri bərpa etmək, hadisələrin niyə məhz bu şəkildə baş verməsini izah etmək və sonra bunun nəyə gətirib çıxardığını göstərməkdir. Yazıçı bildiyi metodların ən yaxşılarından istifadə edərək gerçək məkanda hərəkət edən canlı personajlar yaratmağa çalışır. Və buna görə də onun ən yaxşı bildiyi atmosferi canlandırması çox anlaşılan bir işdir.Əgər yazıçını texnika maraqlandırırsa qoy yazıçı cərrah bıçağından, kərpicdən istifadə etsin. Çünki yaxşı yazmaq üçün mexaniki üsul və ya düstur yoxdur. Bir ədəbiyyat nəzəriyyəsini təqib edən gənc yazar axmaqlıq etmiş olar. Özünüzü öz xətalarınıza hazırlayın. Axı insanlar səhv edə-edə öyrənirlər.Yazıçı bəzən texniki ipləri əlinə alıb xəyalını qurduğu predmetlərə  nəzarət etməyə başlamalıdır. İçdən yazılmış heç bir roman asan yazılmır. İşin sadəliyi istifadə edəcəyin bütün vəsaitin əlinin altında olmasındadır. Bir yazarın sahiblənməli olduğu ən vacib xüsusiyyət öz əsərini yazarkən  tərəfsiz ola bilməsi, özünü bu mövzuda aldatmayacaq dürüstlüyə və cəsarətə yiyələnməsidir.

Yazıçı Əfşan xanım Yusifqızı xalqla birlikdə, xalqın içindədir. Ona görə də əsərlərinin dili də, elə qayəsi də xalqdandır. Əbəs demirlər ki, yazıçı zamanın içində yaşayır. Əlbəttə, böyük ədəbi əsərlər adətən mühüm ictimai-siyasi proseslərlə çarpazlaşmalarda meydana gəlir. Əfşan xanım təkcə nəsr əsərləri ilə oxucunun yaddaşında qalmır, o, həm də bir-birindən gözəl, oxunaqlı şeirlər müəllifidir. Gündəlik olaraq yazır, yaradılr, yenilənir, məhsuldar bir ömür yolu keçir. Həyat hərəkət deməkdir və həyatda insanı hərəkətə vadar edən şeylər önəmlidir: vicdanlı olmaq, hakimiyyət qura bilmək, zövq ala bilmək. Təbii ki, bu keydiyyətləri də Əfşan xanımda görmək onunla həmsöhbət olan, onun yaradıcılığına bələd olan bütün insanlara – topluma məlumdur.

Və birdə… birdə  bədii ədəbiyyat onu yaradanlarla dinləyicilər və ya oxucular arasında mənəvi körpüdür. Yazılan əsər yazarın oxucusu  ilə birbaşa təması, eləcə də müəllifin özünütanıtımıdır. İlham Pərisinin diktəsi , professional qələm və dərin zəka ilə yazılan bədii əsər müəllifi təkcə onun çevrəsində, məhdud dairədə deyil, çox geniş arenada tanıdır.

Əfşan Yusifqızı ( Aslanova) “Turan” Yazarlar Birliyinin üzvü, “Qızıl qələm”, “Azərbaycan ziyalısı” və “Ziyadar” media mükafatı laureatıdır. Dəyərli yazarımız Əfşan xanım Yusifqızına yaradıcılıq uğurları və bol-bol oxucu sevgisi arzulayıram!

Malik Balaşov

Publisist, “Qızıl qələm” media mükafatçısı

 

 

Share: