Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir Azərbaycan Respublikası arasında…

Milli Məclisin 28 Mayın Müstəqillik Günü, 18 Oktyabrın isə Müstəqilliyin Bərpası Günü kimi elan edilməsi barədə qərarını alqışlayırıq. Bu təklifə etiraz edənləri, bu qərarın arxasında hansısa bəd niyyətlər axtaranları isə ciddiyə almaq lazım deyil.

Çünki məntiqə söykənməyən etirazlar demaqogiyadan başqa bir şey deyil.
Əlbəttə, istənilən təklifə, istənilən qərara etiraz bildirmək olar. Ancaq etirazın da bir məntiqi əsası olmalıdır. Bəzi məntiqsiz və qərəzli şəxslər bu təşəbbüsü respublikadan, cümhuriyyət ənənələrindən imtina etmək cəhdi kimi dəyərləndirirlər. Lakin bu cür dəyərləndirmələr birmənalı surətdə absurddur və diletant, səthi yanaşmanın nəticəsidir. Məsələyə bu cür dar baxış bucağından yanaşmaq lazım deyil. Reallıq isə bundan ibarətdir ki, bu gün Milli Məclisdə II oxunuşda qəbul edilən “Müstəqillik Günü haqqında” sözügedən yeni qanun layihəsi bu iki mühüm tarixi hadisəyə və milli bayramlarımıza münasibətdə boşluq və ziddiyyətlərin aradan qaldırılmasına xidmət edir.
Hətta elementar hüquqi bilikləri olan şəxslər də anlayır ki, əslində bu düzəlişlər Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir Azərbaycan Respublikası arasında hüquqi-siyasi varisliyin daha dəqiq və aydın şəkildə ifadə olunmasına imkan verir. Odur ki, bu məsələyə dar müxalifətçilik pəncərəsindən, inkarçı mövqedən yanaşmağı əsla düzgün hesab etmirəm. Biz bu cür önəmli məsələlərdə ümumilli maraqlardan, milli həmrəylik mövqeyindən çıxış etməyi bacarmalıyıq.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: