Eynşteynlə Rabindranat Taqorun söhbətləri

Müstəqil.Az Rusiyada yaşayıb-yaradan tanınmış yazar-tərcüməçi Araz Gündüzün  “Eynşteynlə Rabindranat Taqorun söhbətləri” tərcüməsini təqdim edir:

Bu söhbətlər Eynşteynin, Berlin ətrafındakı bağ evində baş tutmuşdur.

 

                                   İkinci söhbət. 19 avqust 1930-cu il.

 

Taqor: Biz bu gün doktor Mendellə, bu yaxınlarda ortaya çıxan riyazi hesablamaları araşdırdıq, bu hesablamalara görə, elementar zərrəciklərin yaşadığı mühitdə təsadüfiliklər mümkündür; bu isə, Dünyada baş verənlərin sonu öncədən bəlli olmayan bir yolla getdiyini göstərir.

Eynşteyn: Düzdür, bu dediklərinizin doğruluğunu göstərən faktlar var, ancaq bu o demək deyildir ki, hadisələrin nəyə görəsə, hansısa səbəbndən baş verdiyini bütünlüklə danmaq olar.

Taqor: Ola bilsin belədir, hadisələrin nədən baş verdiyini, onları doğuran elementlərdən ayırmağa dəyməz; sanki hansısa bir güc, bu elementləri bəlli bir anlaşmaya gətirib, Dünyanın  gerçəkliklərini yaradır.

Eynşteyn: Kimlərsə dünyanın düzənini anlamaq üçün metafizikaya üz tutur. Özlüyündə isə, böyük elementlər öz aralarında birləşərək, varlığı gərəkən istiqamətə aparırlar, çox kiçik elementlərdə də bu var, ancaq biz bunu sezə bilmirik.

Taqor: Belə çıxır, varlığın təməlində ikilik – duallıq dayanır, burada başıpozuq döyükmələrlə – impulslarla, istiqamətverici iradə biri-biri ilə çəkişməkdədir, son nəticədə, bu istiqamətverici iradə, impulslara üstün gələrək, varlığı düzgün cxemlərlə qurulmağa doğru  çəkib apara bilir.

Eynşteyn: Çağdaş fizika elmi burada bir anlaşılmazlıq görmür. Buludlar uzaqdan böütöv görünür; bir az yaxından baxanda isə onların qarmaqarışıq su damlalarından qurulduğunu görürsünüz.

Taqor: Mən burada insan psixikası ilə də uzlaşma görürəm. Bizim istəklərimiz, ümidlərimiz də, başıpozuq-xaotik durumda olur, ancaq xarakterimiz bu elementləri cilovlayıb, onları harmoniyaya gətirə bilir. Bu elə fiziki dünyada baş verən hadisələrə bənzəmirmi? Burada elementlərin insan iradəsinə qarşı çıxıb, dirəniş göstərməsi ola bilərmi? Fiziki dünyada da elə, bu cür prinsiplər ortaya çıxaraq, elementləri yönəldib, gərəkən sxemlər üzrə qurmurmu?

Eynşteyn: Burada ayrıca götürülmüş elementdə belə, dayanıqlı bir quruluşun olduğu ilə üzləşirik; örnək üçün, radium elementinə baxsaq, onun öz bəlli qurluşunu, davamlı olaraq saxladığını görəcəyik.

Taqor: Belə olmasaydı, varlığın keçdiyi yeniləşmə yolu da, çox anlaşılmaz görünərdi. Təsadüfiliklərlə, öncədən bəlli olanların sürəkli bir harmoniyası vardır, bütün yeniliklərin və ümumiyyətlə, həyatiliyin  sonsuz qaynağı da elə budur.

İnsanın bütün işlərində, hansısa qapalı sferada özünü göstərən, fəallıq və müstəqillik vardır, bunlar bizim kimliyimizi üzə çıxarır. Bu, eyni ilə, Hindistandakı musiqi sistemi kimidir, burada musiqinin necə çalınacağı, Avropada olduğu kimi, dəyişməz qəliblərə salınmamışdır. Bizim musiqi bəstəçiləri melodiyanın, ritmlərin mükəmməl bir sxemini öncədən açıqlayır, ifaçı isə, verilən bəlli bir çevrənin içində, bu melodiyanı öz yozumu ilə çala bilər. O, melodiyanın daşıdığı harmoniyanın tələblərinə uyğun çalmalıdır, yəni bəlli musiqi düzənini pozmadan, ürəyindən keçənləri də, öz çalğısına qatıb, istədiyi kimi çala bilər. Biz böyük musiqi bəstəçilərimizi yüksək dəyərləndiririk, ancaq onların qoşduğu musiqini səsləndirən çalğıçıdan, özünün artırdığı yeniliklərlə, bəzəklərlə, bu bəstəni gözəlləşdirməyi, ürəyəyatımlı bir biçimə salmağı da umuruq. Yaradıcılıqda, biz, həyatın bu başlıca qanununu gözləməyə çalışırıq, biz, onu pozmadan, öz kimliyimizin çevrəsində yetərincə müstəqillik qazana, istəklərimizi gerçəkləşdirməkdə böyük uğurlar əldə edə bilərik.

Eynşteyn: Bu dedikləriniz, musiqi çalğıçılığının uzun illər boyunca yüksəldiyi, çox böyük mükəmməlliyə çatdığı yerlərdə ola bilər, belə olanda  musiqinin insan şüurunu yaxşılığa doğru dəyişə bilmək gücü də yaranır. Avropada, lap çoxdan, musiqi xalqla doğmalığını itirib, onun dünyaduyumuna yadlaşıb, az qala, ancaq bu işin bilicilərinin anlaya, duya bildiyi sirlərlə dolu bir incəsənətə çevrilmişdir.

Taqor: Siz avropalılar, hamılıqla, özünüzün bu çox ağır qavranılan musiqinizə alışmağa çalışmalısınız. Hindistanda musiqini səsləndirərkən yol verilən müstəqillik ölçüsü, çalğıçının yaradıcı kimliyi ilə sıx bağlıdır. O bəstəçinin qoşduğu mahnını, özününkü kimi çalıb oxuya bilər, ancaq bunun üçün gərək onun, çaldığı bu melodiyanın ritmik quruluşunu qavramaq bacarığı da olsun.

Eynşteyn: İncəsənət örnəkləri böyük meyarlara arxalandıqca, melodiyanın daşıdığı ideyanı bütünlüklə açıqlaya bilir, bununla yanaşı bu açıqlama üçün çoxlu musiqi yozumları–variasiyaları düşünüb tapıla bilir. Bizim musiqilərdə isə, bu variasiyalar da, öncədən bəllidir…

Taqor: Biz  davranışlarımızda xeyirə xas olan meyarları gözlədikcə, öz mənliyimizi gerçəkləşdirmək üçün ən böyük müstəqillik qazanmış oluruq. Davranışın arxalandığı prinsip belə olmalıdır, ancaq burada xarakter, yəni, bizi bu prinsiplə davranmağa yönəldən gücümüz, bir də bu prinsiplə ərsəyə yetən mənliyimiz, bizim öz yaradıcılığımız – özümüzün özümüzü yaratmağımız olacaqdır. Bizim musiqidə, çalğıçının yaradıcılıq müstəqilliyi ilə, öncədən verilmiş, yerinə yetirilməsi gərəkən düzənlər qoşalaşır.

Eynşteyn: Nəğmələrin sözləri dəyişilə bilərmi? Yəni, oxuyan bu nəğmələri özünün qoşduğu sözlərlə səsləndirə bilərmi?

Taqor: Olar. Bizdə, Benqaliyada, bu sayaq şərqi oxunuşu vardır, biz buna kirtan deyirik: burada oxuyan nəğməyə özündən söz artıraraq, onu istədiyi kimi yozub, oxuya bilər. Bu isə, nəğməni izləyənlərdə çox böyük coşqunluq yaradır, oxuyanın o andakı çılğınlığı, onlara çox gözəl duyğular aşılayır.

Eynşteyn: Çalınan musiqidə metrik forma, başlanğıcdan  sonacan, dəyişməz qalırmı?

Taqor: Qalır. Siz burada bəlli bəstənin çevrəsindən çıxa bilməzsiniz; çalğıçı özünün bütün yozumlarında musiqinin bəlli ritmini, metrikasını gözləməlidir. Sizin avropa musiqisində metrikanı dəyişmək olar, ancaq melodiyanı dəyişməyə yol verilmir.

Eynşteyn: Hind musiqisini söz oxumadan çalırlarmı? Söz oxumadan çalınan musiqi dinləyicilər üçün anlaşılan olurmu?

Taqor: Bizdə elə nəğmələr var ki, onda oxunan sözlərin mənası olmur, yəni oxuyan bu sözlərdən, notsayağı yararlanır, musiqiyə züy tutur. Şimali Hindistanda musiqi çalğıçılığı Benqaliyadakına oxşamır, orada musiqi dinləyiciyə hansısa sözü çatdırmaq üçün çalınmır, çalğının üstündə söz oxunmaya da bilər. Buradakı musiqi çox dərindir, olduqca incədir, melodiya addım-addım yüksələrək, özünün mükmməliyinə çatır.

Eynşteyn: Bu musiqilər çoxsəslidirmi?

Taqor: Burada çalğı alətlərindən, harmoniyanı saxlamaq üçün yox, ritmi gözləmək üçün yararlanırlar, yəni, bununla musiqinin bir az da tutarlı, dərin olmasına çalışırlar. Elə sizin musiqinin bütünlüklə bəlli bir harmoniya ilə yüklənməsi də, onun melodiyasını korlamır.

Eynşteyn: Mən isə deyərdim ki, bizim musiqidə harmoniyanın melodiyanı korlaması da olur. Mən harmoniyanın melodiyanı “üfürüb şişirdiyi” durumları deyirəm.

Taqor: Melodiya ilə harmoniya, şəkildəki xətlər və boyalar kimidir. Qrafika ilə çəkilmiş şəkil mükəmməl bir gözəllikdə ola bilər; onu boyamaq isə qarışıqlıq, anlamsızlıq yaradardı. Ancaq başqa örnəklərdə, boyalarla xətlərin birləşmələrindən olduqca gözəl rəsmlər yaranır, sözsüz, burada gərək boyalar xətləri sıxışdırıb görünməz etməsin.

Eynşteyn: Bu çox gözəl bənzətmədir; burası da var ki, yaranışına görə, xətlər boyalardan qat-qat öncə törənmişdir. Görünür, sizin melodiyalar öz quruluşuna görə, bizimkilərdən qat-qat dolğundur. Ola bilsin, bu deyilənlər Yapon musiqisi üçün də doğrudur.

Taqor: İstər Şərq, istərsə də  Qərb musiqisi olsun, bunların bizim şüurumuza necə təsir etdiyini araşdırmaq asan bir iş deyildir. Qərb musiqisi məni çox duyğulandırır; mən bu musiqinin quruluşca  geniş, kompozisiyaca böyük, gözəl bir musiqi olduğunu duyuram. Bizim musiqi məni iliyimə kimi duyğulandırır, bu, onda çox dərin bir lirizm olduğu üçündür. Avropa musiqisi öz xarakterinə görə epikdir, bu musiqinin bəstələnməsinə çox böyük əməklər qoyulmuşdur, öz quruluşuna görə onu qotik1 musiqi adlandırmaq da olar.

Eynşteyn: Bax elə sizin indicə dediklərinizi, biz avropalılar sonacan özümüz üçün aydınlaşdıra bilməmişik. Biz bilmək istəyirik ki, görəsən, bizim musiqi insanın fundamental duyğularındanmı qaynaqlanır, yoxsa, bu ötəri-keçici duyğularımızın törəməsidir, səslərin uyuşmasının(konsonansın), küyə(dissonasa) çevrilməsi gerçəklikdir, yoxsa bu bizə belə gəlir?  

Taqor: Onu deyə bilərəm ki, fortepianonun səslənməsi məni bir az çaşdırır. Skripkanın səsi, qat-qat artıq ürəyimə yatır.

Eynşteyn: Görəsən, gəncliyində Avropa musiqisi eşitməyən yaşlı indus, ona ilk dəfə qulaq asanda hansı duyğuları yaşayacaqdır?

Taqor: Ötənlərdə, mən bir ingilis musiqiçisindən, bir klassik musiqi örnəyini götürüb, mənim üçün araşdırmasını xahiş etmişdim, ondan hansısa musiqi parçasını gözəl çala bilməsi üçün, hansı elementlərdən yararlandığını soruşmuşdum.   

Eynşteyn: İşin ağırlığı da elə bundadır, istər Şərqdən, istər Qərbdən götürülmüş gözəl musiqi örnəklərini, dediyiniz mənada, araşdırmaq mümkün deyil.

Taqor: Dinləyiciləri belə dərindən duyğulandıran musiqidə bir sonsuzluq vardır, o, çalğının məcrasına sığmır, eşitdiyimiz çalğı, özündən qat-qat böyük olan bir mənanı bizə aşılasa da, ancaq onun hamısı deyil.

Eiynşteyn: Bizim bu yöndə apardığımız bütün köklü araşdırmalar, o sıradan, incəsənətin insana aşıladığı duyğuları öyrənməyimiz , istər Avropada, istərsə də, Asiyada olsun, davamlı olaraq, hansısa anlaşılmazlıq pərdəsinə bürünmüş gerçəkliklə üzləşəcəkdir. Elə bu, qarşımızda gördüyümüz qırmızı çiçək də, mənim üçün bir, sizin üçün isə başqa məna daşıyır.

Taqor: Buna baxmayaraq, Qərb ilə Şərq insanları arasında, qarşısıalınmaz bir yaxınlaşma da getməkdədir, bu isə istər Şərqdən, istərsə də Qərbdən olan şəxslərin duyumlarının unuiversal standartlara uyğunlaşmasına gətirib çıxarmaqdadır.

 

[1]Qotik tikilələrin damı ox kimi göyə tuşlandığından, Taqor qotik musiqi ifadəsi ilə, insanları yüksəlişə yönəldən-aparan musiqini nəzərdə tutur.

 

 Rus dilindən tərcümə etdi: Araz GÜNDÜZ

(ardı var)

 

Share: