Əruz vəznində ölür, On bir hecalı insan… – Elvin İntiqamoğlunun şeirləri

MİNİN BİRİ

Qismətimiz alnımıza cızılıb –
Bir nəfərin qismətinə yazılıb:
Min nəfərdən bir nəfər…

Ölüm yaşamaqdan üstün olacaq –
Gözünlə gördüyün son gün olacaq:
Min səhərdən bir səhər…

Vətən dərdi, oğul dərdi, pul dərdi –
Allah qəlbə baxıb hər kəsə verdi:
Min kədərdən bir kədər…

Dərdi sevinc bildilər, sevindilər –
Dərdin üzün güldürər, sevindirər:
Min xəbərdən bir xəbər…

Getsə də, səni tək qoysa da, yenə
Sevdiyin qızı xatırladar sənə:
Min şəhərdən bir şəhər…

İŞIQ YERİ

Sağ tərəfdə it hürür,
Sol tərəfdə var işıq –
Başa düşmür bir-birin
Lal qaranlıq, kar işıq…

İsti su tök donur yer,
Daş dəydikcə sınır yer –
Qara rəngdə yanır yer,
Göydə işıq qarışıq…

Qarışıbdır ağ ağa,
Soyuq qoymur yazmağa –
Göydən düşür torpağa
Bumbuz şüa, qar işıq…

İşıq nurdu mənada,
Nur yatır hər misrada –
Bu işıqlı dünyada
Hamımız bir qarışıq…

DÖNÜŞ

Allahım, həyatıma
təkrar baxmaq istəyirəm –
Barmağınla dala çək,
Kadrlar başa dönsün…

Ayrılıq da cüt olsun –
Sevənlər qoşa getsin,
Gedənlər qoşa dönsün…

Deyirlər, cahan düzəlir:
Daş dövrünə qayıdırıq,
Varlı, kasıb olmayacaq –
İnanan daşa dönsün…

RƏSSAM VƏ ŞAİR

Rəssam dedi ki, şairə:
– Gəl bir yerdə canlandıraq həsrəti –
Mən fırçada-tabloda,
Sən qələmdə-kağızda…

Rəssam çəkdi:
Sarı yarpaq, oğlan, qız –
Sevgililər ayrılırlar payızda…

Şair yazdı:
Yarpaqlar da vəfasızdı, o qız da…

UZUN BİR YOL GEDİRƏM

Uzun bir yol gedirəm,
Bir ömürlük günahla…
Günah yazan mələyim
Vuruşur sağ cinahla…

Uzun bir yol gedirəm,
Alov – yolun örtüyü.
Həyəcan siqnalıdır,
Yananların hay-küyü!

Uzun bir yol gedirəm,
Addımlarım iridi,
Kimsə gülür, deyəsən
Yananlardan biridi!

Uzun bir yol gedirəm,
Qayıtmaq olmur geri.
Bu yolun yolçusuyam,
Günah edəndən bəri!

Uzun bir yol gedirəm,
Bir ömürlük günahla!

AD GÜNÜ

Sənsizliyin ad günüdü –
Yanaqlarımdan süzülən yaş
bir yaş da böyüdü…

Gəl, ad günündür sənin,
gəl bir yerdə ağlayaq –
Şamları söndürmək üçün
gözlərindən yaş ayır…
Ən böyük ayrılıqlar
ağlamaqdan başlayır!

Bəlkə də, heç
dünyaya gəldiyim gün
ağlamadım bu qədər…
Təbrik edirəm səni:
necə qayıdım,
necə unudum deməyəsən,
Ömrün olsun
gözümdəki su qədər!

XƏSTƏ UŞAQ

Qurban olum, Allahım:
Birdə məni yaratma,
Bir də gətirmə təkrar…
Bir də uşaq olmaq var,
Yenidən böyümək var…

Anam dərman gəzməsin,
Atam pul axtarmasın –
Xəstə övladdan ötrü
Həkimə yalvarmasın…

Qonum-qonşu deməsin:
Bu uşaq ya öləcək,
Ya da axmaq olacaq –
Bağışla, Allah, sənə
Qarşı çıxmaq olmasın,
Öldür həmin uşağı –
Öldür, şair olmasın,
Öldür, axmaq olmasın…

Qurban olum, Allahım:
Birdə məni yaratma,
Birdə gətirmə təkrar…
Birdə uşaq olmaq var,
Yenidən böyümək var…

MÜQAYİSƏ

Gözün yuman ayılsaydı,
Ölənlər diri qalsaydı,
Əzrayıl rüşvət alsaydı
Boş qalardı məzar yeri…

Nəfsi Adəmin, Həvvanın
Qurbanı oldu buğdanın…
Ucsuz-bucaqsız dünyanın
Bəxtimə düşdü dar yeri…

Sevmək aşiqin xoş anı,
Həsrət ayrılıq nişanı,
Limanlar görüş məkanı,
Körpülər intihar yeri…

ŞAİRİN YERİ

Qələm, kağız dil tökür,
Təbi var yenə, şükür –
Şair qızılgül əkir
Sözün bitdiyi yerə…

Yolun fikirlə gedir,
Ayaq ləpirlə gedir –
Şair şeirlə gedir
Qonaq getdiyi yerə…

Ağla gələndə əsər,
Ona yaddı bu şəhər –
Gücün çatırsa əgər,
Qaytar itdiyi yerə…

Ondan elə söz çıxar,
Bütün dünyanı yıxar –
Gözün bağlasan, baxar
Diqqət etdiyi yerə…

İNSANLAR

Əcəl ölümdən deyir,
İçim çölümdən deyir –
Cahil elmdən deyir,
Susur ziyalı insan…

Həyat bir nəfər deyil,
Gedən bəxtəvər deyil –
Sadiq it qədər deyil,
Üzdə vəfalı insan…

Gözdə, gizlində ölür,
Haqqın iznində ölür –
Əruz vəznində ölür,
On bir hecalı insan…

Dünya xəyanət edib,
Bizə qəm qismət edib –
Elə bil niyyət edib
Ağzı dualı insan…

(“Azərbaycan” jurnalı)

 

Elvin İntiqamoğlu

Share: