Araz GÜNDÜZ Cəlilabadın tarixi toponimləri haqda…

Öncədən, peşəkar tarixçilik iddiasından çox-çox uzaq olduğumu vurğulamaq istəyirəm. Ancaq Azərbaycan tarixi ilə, özəliklə də, yaşadığım bölgənin tarixi ilə, eyzən, çox maraqlanmışam. İndi söyləyəcəklərim, peşəkar tarixçilərin baxışlarına çatdırmaq istədiyim düşüncələrimdir və Cəlilabadın tarixini peşəkarcasına araşdıran və yazan tarixçilərin bu mövzuya münasibətini öyrənmək üçündür.

Başlayaq. Qonşu Biləsuvar şəhərinin adının guya Piləsuvar (Fil minən) adlı bir sərkərdənin adından yarandığı deyilir. Ancaq mənim düşüncəmə görə, bu ad, vaxtilə burada qoşa olaraq yurd salmış bulqar-bolqar və savir-subar kimi tanınan iki türk soyunun adlarının birləşdirilməsindən yaranmışdır. Bəli olduğu kimi, Biləsuvar şəhərinin içindən Bolqarçay adlanan çay keçir, yerli adamlar çaya Balharı çayı deyir, elə bulqarların indi yaşayan nəsillərini təmsil edən və Rusiyada yaşayan “balkarlar” da, özlərini “malhar” adlandırır. Habelə, tarixdə bulqar və savir türklərinin birgə. yanaşı yaşaması və ittifaq yaratması barədə faktlar vardır.
Cəlilabada gəlincə, buranın ən qədim adı kimi tanınan “Həməşaranın” iki hun türk soyunun: kumanların və mişarların adlarının birləşməsindən yarandığını düşünürəm, yəni ilk öncə burada yanaşı, qovuşuq olaraq yerləşən bu iki türk soyunun adını birləşdirib buraya “kuman-mişar” demişlər, sonradan ad yazıya alınanda təhrif olunaraq “həməşara” kimi yazılmış və tarixdə çoxlu örnəklərdə olduğu kimi, əhali tərkibinin dəyişilməsi, yaşayış məskəninin dağıdılması ilə əlaqədar, belə də qalmışdır. Bunu nəyə əsaslanıb deyirəm. Birincisi, Cəlilabad şəhərinin içindən keçən bir Mişar adında çay var. İkincisi, bu çayın Cəlilabad ərazisində. axın istiqamətinin sağ əlində, Kurqan olduğu şübhə doğurmayan və qədim türklərin yaşayış məskənləri üçün xarakterik olan “Göytəpə” adlanan bir hündür təpə ucalır. Üçüncüsü, Cəlilabaddan çox da uzaqda olmayan, adını hunların “kuman” soyundan götürən Komanlı adında kənd vardır. Mişarlara gəlincə. onların hun türklərinə aid bir qəbilə olduğu bəllidir, onların qalıqları bugün də, Sibirdə yaşayır, rəsmi olaraq tatar adlansalar da, özlərinin etnik varlığını: “mən mişaram” – deyə tanıdırlar.
Bunları demək istəyirdim. İndi söz peşəkar tarixçilərindir. Mənim yanlış düşündüyümü sübut etsələr heç də darılmaram, ancaq mən indilikdə bu düşündüklərimin doğruluğuna ürəkdən inanıram
Share: