Osmanlı imperiyası Bakını seçdi – Qurtuluşa gedən ildırımlı yol – EKSKLÜZİV

Bakı necə azad oldu?

Bu gün Bakının erməni-bolşevik işğalından 103 il ötür. 1918-ci il 15 sentyabr tarixində Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Bakı şəhərini işğalçılardan qurtarıb.

Bir əsr əvvəl Azərbaycan-Türkiyə birliyinin ünvanı Bakı, indi isə Qarabağ oldu. Bu gün Bakı küçələri iki bayrağı yanaşı dalğalandıraraq 103 il əvvəlki qələbəni qeyd edib. Lakin bu yol heç də asan keçilməyib. Osmanlı imperiyası böyük etirazlara və çətin vəziyyətlərə baxmayaraq Azərbaycanın dar günündə özünü yetişdirib.

Bu yola işıq salmaq üçün Müstəqil.az tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədovdan fikirlərini alıb .

Bakının erməni-bolşevik işğalı altında qaldığı dövrdə azərbaycanlılara qarşı amansız soyqırım bütün sərhədlərin keçilməsi idi.

“Bu gün xalqımızın taleyində və dövlət yaddaşında  xüsusi yerə malik tarixdir. Əgər biz proseslərə reallığın gözü ilə baxsaq, həmin dövrdə ümumiyyətlə Azərbaycan milliyətinin mövcudluğu sual altında idi. O zaman Bakının idarəsi Xalq Komissarları Sovetində idi. Bu qurumda Nəriman Nərmanov, Məşədi Əzizbəyov daxil olmaqla az sayda azərbaycanlılar da var idi, amma çoxluq qeyri-azərbaycanlılardan təşkil olunmuşdu. Həmin dövrdə Hamazaps Srvantsyanın başçılığı ilə Azərbaycan xalqına qarşı soyqırım da təşkil olunmuşdu və onun qarşısı alınmadı”, deyə tədqiqatçı söyləyib.

Azərbaycanlı xadimlər 1918-ci il soyqırımı zamanı necə zərərsizləşdirildi?

Adıgözəl Məmmədov bu ağır dövrdə Azərbaycanlı xadimlərin hadisələrdən necə kənarlaşdırıldığına da nəzər salıb. O, Mir Cəfər Bağırovun və Nəriman Nərimanovun proseslərdən necə uzaqlaşdırıldığını izah edib:

“O dövrdə Mir Cəfər Bağırov Hamazapsın dəstəsinə qarşı vuruşan Əli bəy Zizikski ilə əlaqəli bilinib həbs olunmuşdu. Əli bəy Zizikski Azərbaycanın şimalında yerli xalqı kütləvi soyqırımdan qoruyurdu. O, durmadan məktublar yazaraq Hamazapsın dəstələrinin özbaşınalıqlarını bildirirdi. Bu qatil dəstəsi hətta onun öz qohumlarını da qətlə yetirmişdi. Amma Ziziksinin məktubları və qohumlarının qətlinə səs belə çıxmadı. Bu, faktiki olaraq Şaumyanın XKS-nin bolşevik çətiri altında gizlədilirdi və erməni faşizminin təzahürü idi. O dövrdə çarəsiz idik, milli qüvvələrimiz yox idi. Azərbaycan Ordusu ümumiyyətlə mövcud deyildi. Dövlət qurumlarında üç-dörd azərbaycanlı təmsil olunurdu. Onlar da baş verən proseslərə təsir edə bilmirdilər. Nəriman Nərimanov belə hadisələrin pik vaxtında ağır şəraitdə evakuasiya olunur. Bu tarixin indiyədək müəmmasıdır”.

Tədqiqatçı Nərimanovun Leninə ünvanladığı müraciətlərə də toxunub. O, bu məktublardan sonra Leninin Şaumyana cavabını da qeyd edib: “Bu sənəd Sovet dövründə Moskvada “Krasnaya Arxiv”də çap olunub. Lenin Şaumyana məktub yazır ki, “bundan sonra bolşeviklərin daşnaklarla əməkdaşlığı qınanılacaq və bu bizim bolşevik ideologiyasına xəyanət sayılacaq”. Hətta Lenin Azərbaycan xalqına edilən soyqırıma öz etirazını bildirir. Əlbəttə ki, burada Nərimanovun ard-arası kəsilməyən məktublarının təsiri böyükdür. Lakin Azərbaycanlıların heç bir təsir imkanları yox idi”.

Osmanlı ərəb coğrafiyasını Azərbaycanın xilasına qurban verdi

“Osmanlı çöküşünə Kremldən Baxış” adlı kitabın müəllifi olan Adıgözəl Məmmədov arxivləri araşdırarkən ciddi məlumatlara rast gəlib. O, Osmanlının hansı vəziyyətdə Azərbaycana yardıma gəldiyini nəql edib:

“Osmanlı çox ağır vəziyyətdə idi. Şam cəbhəsində və Hicazda məğlubiyyətlər baş alıb gedirdi. Həmin zaman müqəddəs şəhərlərin rəhbəri, Peyğəmbər Məscidinin nümayəndəsi Şərif Hüseyin də Osmanlı əsgərlərinə qarşı fətva vermişdi. Osmanlı bilmirdi ki, özünü xəyanətkar cəbhəyə keçmiş ərəblərdən qorusun, ya fransızlardan, ya ingilislərdən qorusun. Belə bir çətin vəziyyətdə Osmanlı ordunu Şam cəbhəsindən çıxardıb, Azərbaycana gətirdi. Bu addımdan sonra ərəb cəbhəsində məğlubiyyətlər zənciri baş verdi. Osmanlı generalları və dövlət xadimləri ərəb coğrafiyasını Azərbaycanı xilas etmək üçün güzəştə getdi”.

Almanların etirazı – Osmanlının qətiyyəti 

Tədqiqatçı Osmanlının Şamdan çıxmasından sonra alman hərbçilərinin yaratdığı “Ziqfrid cəbhə xətti”nin yarıldığını qeyd edib. O, Osmanlı ordusunun əsas istiqamətinin almanlar tərəfindən müəyyən olunduğunu bildirib:

“Osmanlı bu xəttdə ingilislər, fransızlar və ərəblərlə savaşdığına görə müəyyən qüvvələri öz tərəfinə çəkmişdi. Beləliklə, almanlara da Avropa cəbhəsində bir o qədər yük düşmürdü. Alman generalları Osmanlı ordusunun Azərbaycana yardıma getməsini istəmirdi. Hətta Brest-Litovsk sülh müqaviləsində Almaniyanın Osmanlı Ordusunun Qafqaza girməsinin qarşısında dayanması ilə bağlı konkret olaraq bənd var. Bu öhdəliyə görə də almanlar Osmanlını bu coğrafiyaya buraxmaq istəmirdi. Amma həmin dövrdə almanlar Gürcüstana girmişdi. Belə olduğunu görən Tələt paşa Osmanlı Ordusunu müsəlman-türk qardaşlarının yardımına səsləyir. Nəticədə Osmanlı almanların iradına baxmayaraq, Gəncəyə daxil olur”.

Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da davam etməlidir

Tədqiqatçı tarixdən nəticələr çıxarmaq və reallıqları dilə gətirməyin vacibliyini vurğulayıb. O, bu zaman kəsiyində Türkiyənin Azərbaycana necə dəstək verdiyindən danışıb:

“Bizim 30 illik müharibəmizdə Türkiyə diplomatiyası və dövlət şüuru sona qədər Azərbaycan maraqlarına ən azı sadiq qalıb. Ermənistanla diplomatik münasibət qurmayan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı kimi üç dövlət var.  Biz bunu unutmamalıyıq. Son zamanlar bəziləri İranla bağlı məsələləri qeyd edirlər. Lakin onlar İranın 90-cı illərdə Ermənistana dəstəyini yada salmalıdırlar. O zaman İran Ermənistana kömək etməsəydi, Yerevan həm Türkiyə və  Azərbaycanla istənilən razılığa gələcəkdi. Faktiki olaraq, Ermənistanın ayaqda qalmasının səbəbkarı Tehran hakimiyyətidir. Biz niyə Pakistana, Türkiyəyə qardaş deyirik, çünki onlar türk və müsəlman maraqlarından çıxış edirlər. Bunları unutmaq lazım deyil və  xarici siyasəti buna uyğunlaşdırmalıyıq. Bu tarixi də gələcək nəsillərə ötürməliyik. Bildirməliyik ki, ağır gündə yanımızda kim dayanıb”.

Eyni milli məfkurəyə dayanan dövlətlər bir-birinə xəyanət etməz

Adıgözəl Məmmədov Atatürk cumhuriyyəti ilə Osmanlı imperiyası arasında fərqlərin olduğunu bildirib. Onun fikrinə görə nə qədər ki, Azərbaycan və Türkiyə milli məfkurəyə əsaslanır, o zaman iki dövlət arasında əlaqələr korlanmayacaq.

“Mustafa Kamal Atatürkün yaratdığı  Türkiyə dövləti heç bir zaman Azərbaycana xəyanət edə bilməz. Çünki onun təməli türk milli məfkurasinin üzərində qurulub. Osmanlıda isə dini əsaslar və dövlət başçılarının genetik fərqliliyi mövcud idi. Nə vaxta qədər ki, hakimiyyət və dövlətçilik milli şüura söykənəcək,onda heç bir xəyanətə yer yoxdur. Əksini isə biz İranda görürük. Ölkənin əhalisinin böyük hissəsi azərbaycanlıdır, dini liderləri də eyniylə. Amma onların hara xidmət etdiyi göz qabağındadır. Dövlətçiliyin milli məfkurəyə dayanması Azərbaycanın digər dövlətlərlə əlaqəsinə xələl gətirmir. Reallıq tarixmizi yaxşı öyrənməkdir. Mehmet Akifin sözü var: “Hər bir hadisə tarixdən təkərrur edər”. Bu coğrafiyada tarixi hadisələri göz ardı etməməliyik. Milli məfkurəyə söykənən istənilən dövlətçilik bir-birinə xəyanət edə bilməz. Bir halda ki, siyasi rəhbərlik və elita bu məfkurəyə bağlı olsun”.

Ülvi Əhmədli

Share: