Azərbaycandan başlanan Şərqilik bayramı ənənəsi

İşıqlı Atalı

Şərqilik Bayramı – Var olan İnsanın, Ulusun həm də Şərqilik-Bəşərilik imkanlarına yetməsinin ifadəsidir.

Şərqin qədimliyi, insançı ideya qaynağı olması, əzəli Şərqiliyimiz Bəşərilik ölçümüzü yaradır, təsdiq edir.
Şərqilik bir dəyərdir, bayram səviyyəsində qutlanır. Şərq əzəldən ruhaniyyatın beşiyi, İnsanlığın imkanlarının aşkarlanması ünvanıdır.
İnam Atanın Bəşərin Sabahını yaradan Mütləqə İnam Dünyabaxışı həm də Şərqiliyimizin təsdiqidir.
İnsan özünə-özümlüyünə üz tutmaqla mənən xilas ola bilər. Mənəvi (ruhsal-insançı) xilasçılıq Bəşərin bugünkü gərgin, qarışıq, ümidsiz dönəmində hər bir kəs üçün daha gərəkli bir insançılıq əməli olmalıdır.
Hər bir insanın özünüyaratma əməliylə məşğul olması, özünüyaratma məqamına yetməsı qaçılmaz, ödənilməli insanlıq borcu sayılmalıdır.
Kamillik – mənəvi yetkinlik üçün sınır yoxdur, sınırsızlıq var. Yəni İnsanın Kamillik imkanları bitmir, tükənmir…
Bu gün dünyadakı gərginlikləri artıq hər kəs yaşamında daha ağrılı şəkildə hiss edir. Kürəsəlləşmə (qloballaşma) sürəkli hal alır, iri ölkələrin sınırsız iştahları daha da itilənir, balaca sayılan ölkələrə qarşı hərtərəfli (total) hücumlar baş alıb gedir: ölkələrin siyasi, iqtisadi, mədəni-mənəvi özəllikləri yox edilir, dünyanın tam nəzarətdə olmasını davamlı etmək üçün yeni-yeni fəndlər düşünülür. Dünyada insansızlıq çeşidləri artdıqca ekoloji problemlər kəskinləşir, hava, su çirklənir… Sonucda süniləşən, dəyərsizləşən qidalar insanlara yeni-yeni xəstəliklər gətirir. Bir yandan da dünyanı evə bənzədirlər, ancaq bu evi dayanmadan sökürlər.
Dünyadakı gərginliklər bu gün Şərqdə daha pis şəkildə cərəyan edir. Ölkələr dağıdılır, insanlar qətl olunur, səfalətə sürüklənir, bir sözlə, yaşam məhv olur. Dünyanı demokratiya ilə səyli şəkildə oynadırlar. İri güclərin əlində ölkələrin taleyi puç olunur.
İnam Ata (Asif Ata) hesab edir ki, dünyanın var olması üçün Şərqin özünə qayıtması ilkin şərtdir. Şərqilik Bayramı – Ulusumuz, Uluslar, Bəşərin taleyi ilə bağlı Mütləqə İnam səviyyəsində qayğılanmağımızın ifadəsidir. İnsanın, Ulusumuzun, Şərqin, Bəşərin var olmasının qaynağı İnam Atanın Dünyabaxışıdır. Şərqilik Bayramı ömürdən gələn ruhsal gerçəkliklə kutlanır. Özümlüyə əsaslanılır. Özgəliklər içimizdən, ömürdən, yaşamdan dışlanır. Maddiyyatçılıq əvəzinə ruhsalçılıq (insançılıq) gətirilir, gəlir ömürlərə. İnanıram ki, Azərbaycan Özümlü Şərqin örnəyi olacaq. Özümlüyünə yetən – Vətənə yetir, Şərqiliyə yetir, Bəşərə yetir.
Şərqiliyin bayram edilməsi Bəşərin bayram ənənəsində ilkdir, yenidir, hava-su kimi gərəklidir.
İnsana, Ulusa, Bəşərə ciddi, zəngin idrak, yaşam (həyat), mənəviyyat, iradə imkanları verən bayramlar gərəkdir. İnam Atanın (Asif Atanın) yaratdığı İnsanilik, Xəlqilik, Şərqilik, Bəşərilik bayramları bu ölçüyə əsaslanır.
Qutlu olsun!
Share: