ƏDƏBİ ADLAR: Somerset Moem

Fransızca danışan ingilis, centlmen görkəmində avaranın gizli həyatı

XX yüzillikdə əsərləri ilə ən tanınmış, şəxsiyyəti ilə isə ən müəmmalı qalmış adlarındandır Somerset Moem… Bu günə qədər haqqında bir çox bioqrafik əsərlər ortaya çıxarılsa da, özünün vəsiyyəti və Britaniya hökümətinin istəyi ilə gizli qalan bu lordun həyatının sirləri nəhayət ki, tam şəkildə gün işığı görüb. Yazıçı-bioqraf Selina Hastinqs Birləşmiş Krallıq Ədəbi Fondundan icazə alaraq Moemin həyatını bütün detalları ilə üzə çıxaran ilk şəxs oldu. “Somerset Moemin gizli həyatı” adlı bu kitab təəccübləndirən cinsdəndir: cəmiyyətlə ikili oynayan yazıçının centlmen görünüşü altında daha bir fərd gizlənirmiş. “Müasir yazıçıların şəxsi həyatı heç kimdə maraq doğurmur”, deyərək sər verib sirr verməyən Moem bu cümləsi ilə əslində diqqəti öz üzərindən uzaqlaşdırmağa çalışırdı. Halbuki yazıçının həyatı məhz maraq doğuran, təəccübləndirən silsilədəndir. Bir insan dövlət başçılarından tutmuş həyatın dibində olan səfillərə qədər necə ümumi dostluq əlaqəsi qura bilər? Elə Moemin ən diqqətçəkən tərəfi də budur. Haqlı olaraq irad yarana bilər ki, bir yazıçının həyatı deyil, yaradıcılığı göz önündə olmalıdır. Amma 60 illik yaradıcılığı boyunca yazıçılıqla yanaşı casusluqdan tutmuş, avaraçılığa qədər hər cür yol keçən birinin həyatı diqqət çəkmək üçün çox münbitdir.

Nəzərə alsaq ki, Somerset Moem özü özünü ikinci dərəcəli yazıçı adlandırırdı, bunu qətiyyən təvazökarlığa bağlamaq olmaz. Moem sadəcə olaraq öz yaradıcı gücünü düzgün qiymətləndirirdi. “Mən yazıçı doğulmadım, yazıçı oldum”, – deyən Moem tamamilə haqlı idi. Özünü yaradıcıdan çox, müşahidəçi hesab edirdi. O, bəlkə də məşhur yazarlar arasında təxəyyülü, söz ehtiyatı ən zəif olanlardandır. Bəs belə naşı qələmlə Moem dünya şöhrətini necə qazandı? Əvvəla məşhurluğunda gizlətdiyi həyatının böyük rolu olmuşdu. Üstəlik arxalandığı Uinston Çörçil kimi siyasi xadim, fantast-yazar Herbert Uells kimi dövrünün əhəmiyyətli insanları onun özünü və yaradıcılığını daha çox göz önünə gətirirdi. Yaxşı qurulmuş, gələcəyə hesablanmış dostluq əlaqələri həmişə fərdlərin işinə yarayıb. Böyük oxucu kütləsi istər-istəməz “Bu yazıçının əsərləri qüdrətli adamlar tərəfindən yüksək qiymətləndirilirsə, demək onda maraq doğuran üstün tərəflər” var, düşüncəsinə gəlir. Moem oxucu psixologiyasını anlayan, məntiqi iti bir insan idi.

Bundan başqa, Moem öz zəif tərəflərini məharətlə ört-bas etməyi bacarır, özü üzərində dayanmadan işləyirdi. Bu da nəhayətində qələmi və düşüncələri püxtələşdirmək üçün ən vacib amildir. Təxəyyülünün kasadlığını, məchul süjetlər üzərində işləmək bacarıqsızlığını vaxtında anlayan yazıçı daim “canlı materiallar” arxasında ölkə-ölkə gəzirdi. Gördükləri, eşitdikləri, yaşadığı macəralar onun qələmini həmişəişlək vəziyyətdə saxlayırdı. Bunun nəticəsi idi ki, Moem həyatı boyunca 21 roman, yüzlərlə hekayə yazıb. Onlarla əsəri səhnəyə qoyulub. Xüsusən də “Ay və qara qəpik”, “Teatr” əsərlərinə dəfələrlə müraciət olunub.

Zamanında qlamur həyat tərzi, dostları, pulu başından aşan bu yazıçı insanlara nə qədər realist, soyuqqanlı, ciddi görünməyə çalışsa da, əslində depressiyadan və hədsiz emosionallıqdan əziyyət çəkirdi. Məsələn, romanlarından birinin çapına imtina edildiyi üçün həmin romanın əlyazmasını hər kəsin gözü önündə cırıb yandırmışdı. Hisslərini cilovlamaq heç də həmişə öhdəsindən gəldiyi iş deyildi. Bunun üçün bütün boş vaxtlarını ya mütaliə edir, söz ehtiyatını artırır (çünki yazıçı 10 yaşına qədər ancaq fransızca danışıb, sonralar isə casus işləyərkən rus dilinə üstünlük verib), ya da…

Bax elə bu “ya da” yazıçının daha bir məhrəmi ilə bağlıdır. Əslində məhrəm adlandırsaq da, özü bunu əyan etməkdən heç vaxt çəkinməyib. Məsələ burasındadır ki, Moem hiperseksual olub, yəni cinsi istəyini doyurmaq üçün çoxsaylı münasibətlər qurub. İşin qəribə tərəfi ondadır ki, Moem cinsi münasibəti insanlar arasında ən fəal ünsiyyət vasitəsi kimi dəyərləndirirdi. Üzdən son dərəcə ciddi, qapalı, hətta utancaq olan bu adam yadlarla ünsiyyət qurmaqdan ehtiyat edirmiş, amma sevişməkdən çəkinmirmiş. O, salam verməyə utandığı adama asanlıqla seks təklifi edir və qarşısındakı “həmsöhbət”ini yalnız bu cür yaxından tanıyırmış. Bir sözlə, seks Moem üçün hobbi olub. Moem üçün cinsi münasibətdə kişi-qadın fərq eləmirdi, çünki o, biseksual idi. Amma yaşa dolduqca homoseksuallığa keçdi, yəni artıq qadınlara maraq göstərmirdi. Elə İngiltərədən Fransaya da buna görə köçmüşdü. Çünki Böyük Britaniya qanunları homoseksualları təqib edir, sərt cəzalandırırdı. Fransa isə bütün Avropada qeyri-ənənəvi cinsəlliyə ən tolerant yanaşan ölkə idi. Özünün etiraf etdiyinə görə, əgər bir vaxtlar sevdiyi və uzun müddət görüşdüyü aktrisa Syu Consla evlənsəydi, həyatını xoşbəxt bir hetereseksual kişi kimi davam etdirə bilərdi. Çünki Syu onun kişilərlə münasibətini bəyənmir və qəbul etmirdi. Amma düşündüyü kimi olmadı, sevmədiyi qadınla biganə evlilik onda qadınlara qarşı nifrət oyatdı. O, həyat yoldaşından, tək övladının anasından ayrıldıqdan sonra tamamilə şəxsi həyatını kişilərə adadı. Özündən 20 yaş kiçik olan köməkçisi, amerikalı oğlan Cerald Hekstonla uzunsürən münasibət yaşadı. Bu insan həyatın tam dibində olan – qumarbaz, avara, oğru, əyyaş və s. özündə birləşdirən bir cavan idi. Bununla belə Moem onu Çörçil kimi bir şəxsiyyətlə eyni səviyyəyə qaldırır, bir masada oturdurdu. Onları təkcə sevgi bağlayırdımı? Xeyr, əlbəttə! Sadəcə Moem yuxarıda qeyd etdiyim kimi ikili oynamağı sevirdi. O, gözəl kostyüm geyinmiş, mənsəb sahibi olan kişilərlə oturub-durmaqla yanaşı, avara, pozğun gənclərində əhatəsində özünü məmnun hesab edirdi. Hətta ikincilərdən daha çox həzz alırdı, onları daha maraqlı insan sayırdı. Çünki ingilis lordunun dərinliyində bir asi gizlənirdi. O, özünün bu gərgin, üsyançı tərəflərini “Ehtiraslı adamın sayıqlamaları” adlı romanında çox aydın şəkildə göstərib. Moemin ən güclü əsərlərindən sayılan bu roman avtobioqrafikdir. Ənənəvi maarifləndirici, nümunəvi, əxlaqi əsərlərdən çox fərqlənir. Tomas Vulf demiş: “Bir insanın içindən, hətta ən dərinliyindən üzə çıxan hisslər toplusudur”. Teodor Drayzer də romandan o qədər təsirlənmişdi ki, onu dahi yaradıcılıq əsəri adlandırmışdı. Xüsusilə onun “Teatr” əsərini söz rəssamlığı kimi xarakterizə edirdi. Elə böyük adlardan böyük təriflər də Moem təkəbbürünü getdikcə daha dözülməz edirdi. Yalnız tərif və tərif eşitmək istəyirdi.

Qeyd etdiyim kimi emosianallığı ilə seçilən Moem ömrü boyu bu əsnək cəhətini yatışdıra bilməmişdi. O, 91 illik uzun ömründə onu ötüb keçən, ondan daha məşhur olan müasirlərini qısqanırdı. Moemin Rivyeradakı malikanəsində qonaq olmuş yeganə sovet yazıçısı Yuri Nagibin 90 yaşlı yazıçının hətta bu yaşındakı emosianallığından təəccüblənmişdi. Lordların, şahzadələrin, qlamur avaraların, yaraşıqlı maneken kişilərin və daha kimlərin qonaq olduğu bu mülkdə onun gördükləri dünyaya gözübağlı baxan sovet adamı üçün son dərəcə heyrətamiz idi. O, yaşına uyğun olmayan hərəkətlər edir, qonaqlarının təəccübünə əhəmiyyət vermirdi. Onun yanında hər hansı yazıçını tərifləmək mümkün deyildi. Yalnız özü hansısa yaxşı əsəri tərifləsəydi ətrafındakı onun ağzına baxan yazıçılar tərifə başlayacaqdılar. O isə qısqanclıqla “Kaş həmin əsəri mən yazardım”, deyirdi. Çox vaxt “kaş” sözünü də çıxarır, “O əsəri mütləq mən yazmalıydım”, – deyə dahilik böhranı yaşayırdı.

Somerset Moem haqqında yeni məlumatlar, açığa çıxan faktlar onun haqqında fikirlərə, qənaətə təsir edəcəkmi? Bəlkə hə, bəlkə də yox… Çünki həyat tərzindən, yazıçılıq üslubundan asılı olmayaraq o, zamanının ən öndə gedən yazıçılarından idi və bu gün də çoxsaylı oxucuların ünvanı, ədəbi tənqidçilərin mövzusudur. Bu çətin, qarışıq xarakterli, amma maraqlı insan dünyanın ədəbi adları sıyahısına öz imzasını həkk etmiş dahilər sırasındadır.

Şəfiqə ŞƏFA

Share: