Rüstəm Muradova deyilməlidir ki, münəccimliklə məşğul olmasın

General Rüstəm Muradov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin komandiri postundan gedəndən sonra da general davranış tərzini davam etdirməli, publik şəxslər kimi, siyasətçilər kimi açıqlamalar verməkdən çəkinməliydi.

Onun doğulduğu Dağıstana qayıtdıqdan sonra Mahaçqala şəhərində “Vətən Qəhrəmanları Keşikçiləri” təşkilatının üzvləri ilə görüşündə sülhməramlı kontingentin Qarabağda yerləşmə müddətinin uzadılacağını iddia etməsi və “sülhməramlılar Azərbaycan, Ermənistan və Rusiya tərəfinin imzaladığı razılaşmaya əsasən, münaqişənin bitməsindən sonra 5 il ərzində Qarabağda olacaq. Bu müddətdən sonra onların Qarabağda qalma müddətinin uzadılması barədə qərar veriləcək” tipli qəti fikir səsləndirməsi general səlahiyyətlərindən çıxmaq, həddini aşmaqdır.
Düzdür, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov protokola uyğun olaraq Rüstəm Muradovu Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vurması münasibətilə qəbul edib. Ancaq bizim nazir protokol normalarına və zabit etikasının prinsiplərinə hörmətlə yanaşdığı kimi, Rüstəm Muradov və onun yerinə gələn sülhməramlı kontingentin yeni komandiri də eynilə öz yerlərini bilməli və ifadələrinə fikir verməlidirlər.
Rusiya sülhməramlı missiyasının fəaliyyətinin nə qədər davam edəcəyi barədə son qərar vermək və yaxud bu barədə hər hansı proqnozlarla, təxminlərlə çıxış etmək səlahiyyəti bu generallara aid deyil. Hər kəsə məlumdur ki, sülhməramlılar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli razılaşmaya əsasən bizim ərazilərimizdə fəaliyyətə başlayıblar və 5 ildən sonra onların burda qalıb fəaliyyətlərini davam etdirib-etdirməyəcəkləri barədə həlledici, yekun qərar da məhz Azərbaycan tərəfinin mövqeyindən asılı olacaq. Ona görə də Rüstəm Muradova deyilməlidir ki, münəccimliklə məşğul olmasın.
Eyni iradımız və tövsiyyəmiz “Rusiya Qarabağa uzun müddətə gəlib və Azərbaycan bu vəziyyətlə barışmalıdır” kimi absurd və əsassız fikirlər səsləndirən bir sıra rusiyalı ekspertlərə, politoloqlara da aiddir. Çünki biz hazırda olduqca dinamik proseslərin cərəyan etdiyi, situasiyaların tez-tez dəyişdiyi, tamamilə qeyri-sabit bir dünyada yaşayırıq. Ona görə də Rusiyanın generalları və politoloqları erməni propaqandasının təsiri altına düşərək hər hansı subyektiv fikirlər səsləndirməməli, eləcə də 5 ildən sonra bölgədəki durumun necə olacağı barədə öncəgörmələrlə çıxış etməməlidirlər.
Birdəki, bu adamlar onu da nəzərə almalıdırlar ki, onların bu cür destruktiv səciyyəli açıqlamaları Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq və dostluq münasibətlərinə kölgə salır. Ümumiyyətlə, rusiyalı generallar, ekspertlər, parlamentarilər və KİV nümayəndələri postsovet ölkələrinə münasibətdə metropoliya mövqeyindən əl çəkməli, o cümlədən Azərbaycanın da suverenliyinə hörmətlə yanaşmalıdırlar. Onlar heç olmasa İqor Korotçenko, Oleq Kuznetsov, Aleksandr Duqin, Maksim Şevçenko kimi obyektiv və vicdanlı həmkarlarına baxıb müsbət nümunə götürməlidirlər.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: