Göydən üç alma düşməz…

Xatirə RƏHİMBƏYLİ
(Yeni şeirlər)
Mən sənə düz ünvan seçmədim, SÖZüm,
Əziyyət çəkirsən səhv qərarımdan…
Sən məndən inciksən, bilirəm, mən də
Küskünəm yarımçıq arzularımdan.
*
Mənim doğulduğum zaman da səhvdi,
Səhvdi bu zamana sözlə doğulmaq.
Səhvdi başdan -başa bu səhv dünyaya
Doğruyla doğulmaq,düzlə doğulmaq…
*
Sən de,indi qaçım kimin üstünə,
Ürəyimdə sevgi,üzümdə gülüş?
Hər şeyin yalaı çökür üstünə
Hər şeyin kökündə durur aldanış.
*
O qədər safdı ki rəssam xəyalım,
Hər yanı yamyaşıl,gül-çiçək görür.
Hər kəsi öz uşaq qəlbiylə sevir,
Saralan yarpağı kəpənək görür.
*
Zaman ötüşdükcə daralır dünya,
Sıxır ürəyimi bu darlıq, SÖZüm.
Xoşgörü…aldanış…üsyan…etiraz…
Səni çürüdür bu inkarlıq, SÖZüm…
*
Sənin də,mənim də yaradılışım
Səhvdi…sən bu səhvi mənə bağışla…
Ümidim,pənahım,tilsimim, sehrim,
Noolar,sehrini mənə bağışla.
Yenə yordum səni…Yenə bağışla…
30.08.17

Gedirəm

Cavabında nə çoxalıb bu “yox”lar?
Belə zalım deyildin sən qabaqlar.
Yaz gəlibdi, güllənibdi o bağlar,
o cənnəti sənə verib gedirəm.
*
İstəmirəm nə qisməti, nə payı,
aparıram kədər ili, qəm ayı.
Heç nəyim yox sevən qəlbdən savayı –
məhəbbəti sənə verib gedirəm!
*
Oxşayırsan, qınayırsan, özün bil!
Sevinirsən, göynəyirsən, özün bil!
Bu həsrətlə neynəyirsən, özün bil!
Bu həsrəti sənə verib gedirəm…
*
Könlüm naşı, bu eşq xəta, əzizim…
Son nəfəsdə gələ çata əzizim.
Məndən vəfa gözləmə ta, əzizim,
sədaqəti sənə verib gedirəm!
*
Getdim deyə məyus olma, sevdiyim,
Acı-acı fikrə dalma, sevdiyim.
Xiffət çəkib yalnız qalma, sevdiyim,
o afəti sənə verib gedirəm!
*
Könlüm oldu oyum-oyum, di dincəl.
Qismətimə əydim boyun, di dincəl!
Leylasına qıyan Məcnun, di dincəl,
xəcaləti sənə verib gedirəm!
*
Yoxdu tabım, ya gözləmə, ya gözlə…
İntizarla ha yola bax, ya gözlə.
Xatirəni xatirində əzizlə,
Əmanəti sənə verib gedirəm.

O ürəyi şişən qızı

Tale qoymadı görəsən
İçimdəki o şən qızı.
Sən görəndə bəxt döymüşdü
O gülüşü gülşən qızı.
*
Qorxdun gözündəki yaşdan,
Oxumadın onu başdan.
Sən görəndə ehtiyacnan,
Savaşan, döyüşən qızı.
*
Vurdumu ALLAH sərindən,
Sındımı incə yerindən,
Kim saldı ki nəzərindən,
O gözündən düşən qızı?!!
*
Qəlbini ALLAHla düz tut,
Nə xeyri, unutma, unut
O gözləri qara bulud,
O ürəyi şişən qızı…
*
Xatirə də baxdı, keçdi,
Ömür keçib, gördü, gecdi,
Bir ağlağan ömür seçdi
O sevincək, o şən qızı
O gülüşü gülşən qızı.
Əğyar sözüylə yarının
Gözlərindən düşən qızı,
Göz yaşı içinə axıb
O ürəyi şişən qızı,
O bağrı bişən qızı…
Oxumadın onda başdan
Bəxtiylə döyüşən qızı…

Göydən üç alma düşməz

Onda yaylıqlar vardı –
üstdə qız şəkilləri.
Gözəl ala gözləri,
pambıq kimi əlləri…
*
Ordan pərvazlanardı
oğlanların xəyalı.
O qıza bənzəyərdi
gözəllərin camalı…
*
Ah, o hisslər hopurdu
tarixə varaq-varaq.
Tərtəmiz duyğulardan
kiablar qalaq-qalaq…
*
Hər şey nağıl kimiydi,
nağıldı, nağıl ancaq!
O yaylıq uçub gedib,
o duyğular qalacaq!
*
Göydən üç alma düşməz,
ürəyimz çəkilər.
Xatirəmiz, eşqimiz
o yaylığa bükülər…
*
Qara torpağa girməz,
uçar Tanrıya sarı.
Arxasınca boylan, bax,
dikəlsin başın barı…
*
Gözündə əksi qalsın,
yaylıq, qız şəkilləri…
Qəmli gözləri vardı,
pambıq kimi əlləri…
Share: