“Mahirənin öz 40-cı otağı var və  arabir özü ilə həmsöhbət olmaq üçün həmin otağa daxil olur”

Onu alim, qos-qoca bir təhsil ocağının – ADPU-nin Beynəlxalq əlaqələr üzrə prorektoru,  filologiya elmləri doktoru, professor kimi uzaqdan-uzağa tanıyırdım. 

Keçmiş tələbələri olan dostlarım, eyni zamanda  onunla birlikdə eyni ali məktəbdə çalışan həmkarları haqqında o qədər xoş sözlər deyib alicənablağından, xanım əfəndiliyindən bəhs edirdilər ki… Amma ən xoş sözləri yaradıcılığı dedi. İlk olaraq Bayatıları ilə məni oxucularının sırasına qatdı:
Dağın dalında kənd var
Çayın üstündə bənd var
Aşıb gələ bilmirəm
Boğazımda kəmənd var…

Yaxud,

Dəniz qırağı sərin

Meh oynadır tellərin

Keçib gələ bilmirəm

Dalğa çox, suyu dərin.

Həsrət, nisgil, ayrılıq, kədər və eyni zamanda alqış, sevinc, fərəh, ruhun təcəlla edəcəyi qədər ilahi sehrə, gücə malik misralar,
Arzular çin-çin olur

Yığsam bir əlçim olur
Yanına gəlmək üçün
Ruhum göyərçin olur.

Bayatının 3 – cü misrasındakı “getmək” sözünü “gəlmək” sözü ilə əvəzlədim. Müəllif incəməsin,  getmək sözündə bir ayrılıq, uzaqlaşmaq notu var, mən belə oxudum və yaddaşıma da belə köçürdüm.
Oxucularımız üçün təqdim edəcəyim və indilərdə bayatılarından bir balaca bəhs etdiyim müsahibimin kimliyi çoxlarına yaxşı tanışdır. Mən də onunla, Filologiya elmləri doktoru, professor, gözə şair Mahirə Nağıqızı ilə həmsöhbət olub, görünməyən tərəflərini sizlərə çatdırmaq istədim.

Söhbətimiz Bakının isti günlərinə təsadüf etdi.

 -Salam, Mahirə xanım, necəsiniz, Bakının istiləri ilə necə yola gedirsiniz?

-Lap uşaq vaxtlarımdan nənəmdən (uşaqlıqdan anamızı belə çağırmışıq) eşitdiyim, yadımdan çıxmayan atalar sözlərindən birini xatırlatmaq istərdim: “Göydən nə yağıb ki, Yer götürməsin?”.

Yeri gəlmişkən, o unutmadığım atalar sözlərindən biri də belə idi: “Elnən gələn toy-bayramdır”. Bir də istilərlə “yola getməyimiz” məsələsi ancaq fiziki mənada müəyyən narahatlıqlar yaratsa da, yaşadığımız zamanın gələcək qarşısında məsuliyyətini bütün dünya üçün aktuallaşdırdı. Biz, statistik insanlar qlobal istiləşmənin nəticələrini fakt olaraq yaşadıq, ötən əsrin ortalarından insanların iqlim sisteminə göstərdiyi təsirin hansı dəyişilıklərə aparacağının şahidləri olduq. Yeri gəlmişkən, o dəyişikliklərin oynadığı rol isə mütəxəssislərin gəldiyi nikbin nəticələrin fonunda belə, qəmli görünür.

-“Qəmli görünür” dedikdə mütəxəssislər  nəyi nəzərdə tutur?

 

-Onların çoxu bu cür fikirləşir ki, gələcəkdəki istiləşməni minimuma endirmək cəhdləri uğurlu olsa belə, dəniz səviyyəsinin yüksəlməsi, okean temperaturunun qalxması və bir sıra təsirlər əsrlər boyu davam edəcək. Ümumiyyətlə, illər deyil, hətta aylar keçdikcə Dünyanın nə qədər “balacalaşdığını”, onun problemlərinin isə qloballaşdığını görür və bu apaydın həqiqətlər qarşısında insanların və dövlətlərin iddialarının şahidi oluruq.

Bakının istiləri ilə “yola getdiyimiz” zamanlarda cavab tapmağa çalışdığım suallardan biri də bu oldu.

 

-Ölkənin tanınmış elm adamısınız, onlarla kitabınız, elmi əsərləriniz, minlərlə tələbəniz. Bütün bunlar Sizin başqa təqdimata ehtiyacın olmamasından xəbər verir, amma yenə qısa da olsa deyərdiniz: oxuculara şair kimi, insanlarımıza alim kimi tanınan Mahirə xanımı daha necə tanımaq olar? O, harada doğuldu, yuxularına anasının laylaları ilə birlikdə hansı torpağımızın havası, çiçəklərinin ətri çiləndi?

 

-İlk baxışda, dediyiniz fikirlərlə razılaşmamaq olmur, lakin onu qeyd edim ki, “tələbələrin müəllim, elmi ictimaiyyətin alim, oxucuların şair kimi tanıdıqları” Mahirənin öz 40-cı otağı var və onun özü də arabir, özünü daha dərindən tanımaq, özü ilə həmsöhbət olmaq üçün həmin otağa daxil olur. Gəlin razılaşağın ki, o söhbət ancaq insanın özünə hesabat verməsi üçün yox, neçə illərdir ki, yol gedən ömür qatarınına yığılan yükü saf-çürük etmək üçün vacibdir. Həm də hər bir kəsin özünün seçdiyi, yaxud taleyin müəyyənləşdirdiyi bir həyat kodeksi var, həmin kodeksi bir də vərəqləmək, sərf- nəzər etmək, adlayıb gəldiyin yollara dönüb baxmaq üçün 40-cı otağa keçirsən. Onu deyim ki, şeirlərimin, demək olar ki, hamısı həmin 40-cı otaqda yazılıb, “Keçməyəsən” şeiri kimi.

 

Hardan keçsən,ömür, elin

Qınağından keçməyəsən.

Görüb də namərdin felin,

Sınağından keçməyəsən.

 

Ürək qırıb, suç edənin,

Haqq-salamı puç edənin,

Düz işini heç edənin,

Yığnağından keçməyəsən.

 

Yolunda izi qaldığı,

Nakəsin binə saldığı,

Fitnəsinnən can aldığı,

Oylağından keçməyəsən.

 

Hövsələsi dar olanın,

Hər yetənə yar olanın,

Böyür-başı sar olanın,

Yaylağından keçməyəsən.

 

Nağıqızı, ağrın alım,

Demə dünya fani, zalım.

Ürəyi səndə qalanın,

İlqarından keçməyəsən.

 

Özüm isə Azərbaycanımızın kontinental iqlimi ilə seçilən, qədim tarixi sivilizasiya qatlarını saxlayan ərazilərimizdən birində – Naxçıvanda, Babək rayonundakı Xalxal kəndində anadan oldum. Xalxalda birinci sinfə getsəm də, orta təhsilimi Abşeronda, Novxanı kəndində tamamladım.

-Ötənlərə dönmək, xatirələri vərəqləmək çox şirin olur, hətta acılı anlarda xatirələrdə doğmalığını saxlayır. Yaddaşınızm uşaq çağlarında qalanlarının unudulmayanları yetərincə olar.

– Elədir. Uşaqlığımın ən yadda qalan şirin xatırələri Xalxaldakı evimizin həyətindəki ərik bağı ilə bağlıdır. İlk dəfə o ərik ağaclarının ağappaq çiçəklərinin yaratdığı möcüzəli mənzərəsi ilə ancaq çiçəklərin deyil, təbiətin gözəlliyi ilə qarşılaşdığımı xatırlayıram. Bir də nənəmin, nədənsə, ancaq mənim yanımda dediyi bayatıları, o bayatıların yaratdığı ovqatı unuda bilmirəm və mənə elə gəlir ki, həmin bayatıları dilləndirən o nisgilli səs bütün ömrüm boyu ən etibarlı yol yoldaşım olaraq da qalacaq.

-Səhv etmirəmsə, ananız Qərbi Azərbaycandandır- Vətənin qədim parçasından. O qürbətin poetik dillə yaşantısı çətindirmi? Şeirlərinizdə ana mövzusu daha çox, daha geniş nəzərə çarpır. Burada analara olan sevgi və ana olaraq anaların nəyi necə yaşaması yaşantılar üçün əsasdırmı?

 

-Bəli, düz eşidibsiniz, Nazlı xanım Qərbi Azərbaycanın ən ecazkar guşələrindən birində, Dərələyəzdə Mirzəlioğlu İbrahimin ailəsində anadan olub. Yeri gəlmişkən, o, Azərbaycan dilçilik məktəbinin görkəmli nümayəndələrindən biri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Həsən Mirzəyevin bacısıdır. Onu da məxsusi olaraq qeyd edim ki, professosor Həsən Mirzəyevin elmi tədqiqatlarında Dərələyəz şivəsi üzrə araşdırmalarından əlavə, Dərələyəz toponimlərinin öyrənilməsi xüsusi yer tutur. Nəticədə əməkdar elm xadimi Dərələyəz mahalının nadir sayıla biləcək toponomistik xəritəsini hazırlayıb.

Nənə isə, gənc, hətta yeniyetmə yaşlarından Naxçıvana gəlin gələn anam, belə baxanda, tarixən Şərur-Dərələyəz mahalının inzibati ərazisindəki bir kəndində doğulub, digər kəndinə gəlin köçsə də gözümü açandan, ağlım kəsəndən onun gözlərindəki nisgili görmüşəm. Bəlkə də səsində hiss edib, gözlərində tutduğum o nisgil ilə anamın qəlbinə qədər gedib çıxmışam. Gedib çıxdığım həmin Qəlbin içində qurulan o dünyanın cazibəsində beləcə qaldım. Yeri gəlmişkən, anama həsr etdiyim “Onun daş nağılı”nda gördüyüm dünyanın abidəsini yaratmağa çalışdım.

 

Atamnan yanaşı daş qaldırardı,

Deyərdi bu  daşlar ocaq daşıdı.

Bezmədi, qəlbində nə gücü vardı,

Anam sinəsində ocaq daşıdı.

 

Bir dəfə taledən gileylənmədi,

Tapdı ocağında, bizdə varlığı.

Yoxluğa sınmadı, yoxa enmədi,

Onu qorxutmadı daş ağırlığı.

 

Xəbərim olmayıb süd əmməyimdən,

Bəlkə döşləri də daşıymış onun.

Əlini başıma çəkdiyi gündən,

Duydum əllərinin daş olduğunu.

 

O, daş əllərinnən durub o başdan,

Çöllərdə yavanlıq nə tapsa dərdi.

Bəlkə əllərinin daş olmağından

Utandı, özünə sığal vermədi.

 

Çörək bişirərdi, paltar yuyardı,

Corab toxuyardı o daş əlinnən.

Elə bil nə yatar, nə uyuyardı,

Beləcə yol gəldi gəlinniyinnən.

 

Qonşu qonşusunun varına deyil,

Halal peşəsinə küsənər- dedi.

Yalandı, haramdı düşmən, onu bil,

Yalana, harama uymaz ər- dedi.

 

Dərdini deyəndə qımqımasıynan,

Gözündən bir dəfə yaş asılmadı.

Daşıdı daşları ağırlığıynan,

Amma ürəyindən daş asılmadı.

 

O ki qaldı sualınızın “Burada analara olan sevgi və ana olaraq anaların nəyi necə yaşaması yaşantılar üçün əsasdırmı?” hissəsinə, onu birmənalı deyə bilərəm ki, qəlbində ana sevgisini yaşatmaq üçün “ana olmaq” lazım deyil, sadəcə, “insan olmaq” və ana sevgisinin verə biləcəyi duyğuların zövqünü yaşamaq bəs edər. O sevgini insan qəlbinin bütün xoş hisslərə ocaq olması üçün başlıca amil hesab edirəm.

 

-Qələminizi müxtəlif janrlarda sınamışınız. Çarpaz qafiyəli şeirləriniz, qoşma, gəraylı, bir sözlə, ənənəvi aşıq poeziyası, hətta sərbəst şeirlər. Qələminiz hansı məqamda daha rahat işləyir, ürəyinizin ritmi ilə bir vurur?

 

-Heç vaxt şeir yazmaq üçün qələm götürüb stol arxasına keçmədim və yaxud kompüterə yaxınlaşmadım. Hansı janrdasa şeir yazmağı da planlaşdırmadım, sadəcə olaraq, ürəyimə dolan hisslərin qımqıması ruhumu bürüyəndə o özü çəkdi qələmə, yaxud klaviraturanın qarşısına. Şeirin doğulması üçün Sizin dediyiniz kimi, “qələmin ritminin ürəyin ritmi ilə birgə vurması” mütləqdir. Bu, “hansı janrdasa yazmaq” sualına da cavabdır.

 

-Vətənpərvərlik mövzusu torpağa qayıdışımızdan, qələbə sonluğu ilə bitən haqq savaşımızdan sonrakı yaradıcılığınızda da kədər və sevinc qarışıqdır, təbiidir. Bunu itkilərimizə ağı kimi yazılan şeirlərinizdən hiss etmək olur.

 

-Həyatda elə hisslər olur ki, o, tədricən formalaşır, subyektin mahiyyəti zərrə-zərrə toplanaraq onu ifadə edir, onun mənzərəsini yaradır. Bu, Vətənə sevginin formalaşmasıdır. Bu, fərdi olduğu qədər də sosial duyğudur. Yeri gəlmişkən, anaya və yaxud ataya, qardaşa, bacıya, övlada və ya hansısa şəxsə yönələn duyğuların fokuslaşdırdığı sevginin özü individualdır, bu sevgidə sosiallıq axtarmağa, bəlkə də, dəyməz, lakin Vətən sevgisində nə qədər fərdilik axtarsan da, onu mahiyyətindəki sosiallıqdan ayrı görə bilməzsən. Vətənin mahiyyətinə bələd olmadan Vətən sevgisi, Vətən sevgisi olmadansa vətənpərvərlikdən danışmaq absurddur.

Düzdür, bəzən müxtəlif zamanlarda və müxtəlif xalqlarda vətənpərvərlikdən bir qala kimi yararlananlar da olub və indi var, olacaq. XVIII əsrin 70-ci illərində Londondakı Ədəbiyyat klubunda doktor Samuel Consonun işlətdiyi, şəxsi maraqlar konteksində bu hissləri manipulyasiya edən şəxsləri nəzərdə tutaraq dediyi ifadəni yada salmağı lazım bilirəm. Onun, sonralar aforizmə çevrilən “Vətənpərvərlik- yaramazlar üçün sonuncu istehkamdır” sözləri müxtəlif zamanlarda “Vətən” ifadəsi ilə daldalanan çox insanların mahiyyətini ifadə edir. Yeri gəlmişkən, XX əsrin əvvəllərində böyük Sabirin yazdığı bir taziyanəni yada salmaq istərdim. Həmin vaxtlar “millətsevərlik” şüarları ilə ortaya çıxan kəsləri nəzərdə tutan şair yazırdı:

Deyirik təhsili hacətdə “millət, millət”,

Diplom alçaq görünür bizlərə illət millət.

Basırıq bağrımıza hər birimiz bir hacını,

Canı çıxsın ki, çəkir hər cürə zillət millət!

Biz özümüz yaşadığımız ən yaxın zamanlarda nə qədər “Millət!”, “Vətən!” deyən ayrı-ayrı-ayrı insanlar və yaxud insan qrupları gördük, onların əməlləri ilə sözlərinin heç də hər vaxt düz mütənasib olmadığının şahidlərinə çevrildik.

Bu barədə ona görə bir az geniş danışdım ki, xüsusən, son bir ildə hər bir azərbaycanlı kimi, şəxsən mənim də ürəyimdə qoşalaşmış sevinc və kədər tandemini yaradan amilləri ifadə edə biləm. Ona görə idi ki, 2020-ci il sentyabrın 27-ni 30 illik yaraların sarındığı gün kimi qarşılasaq da, hər bir şəhidimizin tökülən qanını ürəyimizdən axan qan kimi qəbul etdik. Müzəffər Ali Baş Komandanımızın sonuncu televiziya çıxışlarında onun dolan gözlərini gördük, “Şəhidlərimizin qanı yerdə qalmadı” sözlərini eşitdik. O anlarda əbədilik olaraq ədəbiyyat tariximizdə gənclik şairi kimi qalacaq Mikayıl Müşfiqin “Gözdən yaş çıxarmı ürək yanmasa” fikrini milyonlarla azərbaycanlı kimi mən də bir daha xatırladım. Təvazökarlıqdan uzaq olsa da demək istəyirəm ki, sentyabrın 27-dən noyabrın 10-na qədər müddətdə mən döyüşən ordumuzdan ayrılmadım, onlarla sevindim, kədərləndim:

 

Dönüb başına dollanam,

Salam, Qarabağım, salam.

Qadan allam, balan allam,

Salam, Qarabağım, salam.

 

De,Vaqifin sözünnən de,

Şairlərin yüzünnən de.

Səslən, Cıdır Düzünnən de,

Salam, Qarabağım, salam.

 

Könlüm uçur Kəlbəcərə,

Çəmən sala, gül becərə.

Umudum sənnən cücərə,

Salam, Qarabağım,salam.

 

Qayasında xına qanım,

Gətirəcək cana qanım.

Halallındır sana qanım,

Salam, Qarabağım,salam.

 

Fərmanını İlham verdi,

Dağa-dərəyə can verdi.

İgiddər imtahan verdi,

Salam, Qarabağım,salam.

 

Mahirə sevincdən ağlar,

Sinəsində ümman çağlar.

Dinər saza həsrət dağlar,

Salam, Qarabağım, salam.

 

 

-Mahirə xanım, ədəbiyyatımızın bu gününə keçək. Ədəbi cameəmiz necə nəfəs alır, çağdaş poeziyamız hisslərə hakim kəsilə bilirmi? Bəzən elə imzalara təsadüf edirik ki, iddiaları çəkilərindən ağır görünür, ortada isə heç nə yoxdur. Necə düşünürsünüz, belələrini ədəbiyyatın kol- kosu adlandırmaq olarmı? Sizcə, ədəbi tənqidimiz poeziyamızın əlindən tutub oxucunun qəlbinə aparmaq gücündədirmi?

 

-“Ədəbi cameəmizin necə nəfəs alması” istənilən zaman üçün ədəbi mühiti maraqlandırıb, onu narahat edib, amma nə edib, nə etməməsindən asılı olmayaraq, bütün zamanlarda həqiqi ədəbiyyat nümunələri ilə bərabər, nəzərdə tutaraq dediyiniz “kol- koslar” da meydana gəlib. Bu, narahatedici məqam deyil, Sabirin dediyi kimi, “çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”. Sizin o narahatlığınız da başa düşüləndir ki, həmin “kol-koslar” meydanı zəbt edir, amma tam səmimiyyətimlə onu qeyd edirəm, bu, ilk baxışda elə görünür. Bunlara baxmayaraq, ziyalı narahatlığı başadüşüləndir.

O da var ki, “ədəbi cameəmizin necə nəfəs aldığını” müəyyənləşdirən “fonendoskop”, əlbəttə, ilk növbədə ədəbi tənqiddir. XVI-XVII əsrlərdən başlayaraq Ferdinand Brunettier, Georq Brands və başqalaraının şəxsində Avropada bu funksiyanı boynuna götürən ədəbi tənqid sonralar Rusiya ədəbi tənqidi ilə nəinki coğrafiyanı, habelə ədəbi tənqidin baxışlarını genişləndirdi. Vissarion Belinski, Nikolay Çerışevski, Pavel Annenkov, Nikolay Dobrolyubov və digərləri ədəbiyyatda ancaq bədii keyfiyyətləri deyil, həmçinin ideoloji baxışları araşdırırdılar.

Bu, ədəbi tənqidin ədəbi prosesə, eləcə də birbaşa ictimai şüurun formalaşmasına fəal təsir göstərməsi, ədəbiyyat, fəlsəfə, estetika nəzəriyyəsinə və tarixinə müəyyən mənada təsir mərhələsinin başlanması demək idi. Tarixi XIX əsrin ortaları və XX yüzilliyin əvvəllərindən başlayan, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabininin şəxsində yaranan Azərbaycan ədəbi tənqidi və onun sonradan gələn davamçıları ilə bərkiyən indiki nəsil o məsələni aktual hesab edir.

 

-Yüz yaşlı universitetdə məsul vəzifədə çalışırsınız, beynəlxalq əlaqələr üzrə prorektorsunuz. Tələbələr Sizi daha çox inzibatçı, alim- pedaqoq, yoxsa şair kimi yaddaşlarına köçürür? Bəs Siz özünüzü hansı məqamda tələbə- oxucuların, eləcə də ətrafınızdakı insanların maraq dünyasında olmasını hiss etmişiniz?

-Taleyimin böyük bir hissəsinin zəngin ənənələri olan və həmin ənənələri yaradıcılıqla yaşadan, regionumuzun ilk ali pedaqoji təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlılığım mənim üçün çox qürurvericidir. Şadam ki, tələbəlik illərimdən bu gerçəkliyi dərk etmiş və elmi fəaliyyətləri ilə elmimizə töhvələr verməklə yanaşı, yüksək insani keyfiyyətləri ilə də ətrafındakı insanlara nümunə olmuş Əbdüləzəl Dəmirçizadə, Fərhad Fərhadov, İmran Babayev, Alməmməd Alməmmədov, Xeyrulla Məmmədov, Həsən Mirzəyev, Afad Qurbanov, Kövsər Tanrıverdiyev, Qəzənfər Kazımov və digər müəllimlərimizi örnək seçmişəm. Bu gün həyəcanla qapısını döydüyüm, fərqlənmə diplomu ilə bitirdiyim universitetimizdə pedaqoji və elmi fəaliyyət göstərməyimlə bərabər, beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışarkən örnək olaraq qəbul etdiyim o insanların miras olaraq götürdükləri, qoruyaraq inkişaf etdirdikləri ənənələrin zənginləşməsinə çalışıram. Şadam ki, universitetimizdə bunun üçün mühit var. O mühiti saxladığına görə universitetimizin rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərova, ali təhsil müəssisəmizin professor-müəllim heyətinə təşəkkürümü bildirirəm. Tələbələr tərəfindən bir insan kimi qəbul olunduğunu hiss etmək, bütün müəllimlər kimi, mənim üçün də adi hiss deyil. Qaldı mənim hansı məqamda təqdim olunmaq istəyimə, bunu əməlimdə və yaradıcılığımda deməyə çalışmışam. “Yığılır” şeiri, hesab edirəm ki, sualınıza verə biləcəyim ən yaxşı cavabım ola bilər:

 

O nədir ki,Nuh Nəbidən seçilib,

Zərrə-zərrə,binəsindən yığılır.

Anaların laylasınnan içilib,

Ataların sinəsindən yığılır.

 

Bir ağacdır, yükdaşıyan bitirər,

Meyvəsini nəsil-nəsil yetirər.

Qədirbilən yerdə qoymaz,götürər,

Damla-damla,künyəsindən yığılır.

 

İrs deyildir, alan kəslər öyünə,

Çəkisi yox daşıyanlar deyinə.

Ata kürkü deyil, övlad geyinə

Müdriklərin məsəlindən yığılır.

 

Onsuz ruhun ac qalacaq, tox olmaz,

Nə var götür, ağır gəlməz, çox olmaz.

Sellər gələ, sular basa,yox olmaz,

Bu dünyanın əzəlindən yığılır.

 

Nağıqızı, yüz ələkdən ələnər,

O kamaldır, öz nuruna bələnər,

İnsanlığın əməlində görünər,

Müdrikliyin timsalından yığılır.

 

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

 

 

Share: