Yardımlı görüşləri

“Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri Elman Eldaroğlunun dəvəti ilə avqust ayının 30-31 və sentyabr ayının 1-də Yardımlıda bir neçə tədbirdə iştirak etdim. Avqustun 30-u şəhər uşaq musiqi məktəbində rayon musiqi və mədəniyyət işçiləri ilə görüş keçirildi.

Musiqi məktəbinin direktoru Zeyni Əkbərov tədbir iştirakçılarını salamlayıb sözü Elman Eldaroğluya verdi. Elman Eldaroğlu da tədbirin məramını açıqladı, bizim tanışlığımızın 2016-cı ildə ABŞ-ın İndiana Universitetində ustad dərsi verdiyim zaman baş tutduğunu bildirdi. Daha sonra çıxışa başlamaq üçün sözü mənə verdi.
Burada “Azərbaycan milli musiqi mədəniyyəti” mövzusunda çıxış etdim. Çıxışımın əvvəlində bildirdim ki, milli musiqimizin muğamşünaslıq, aşıqşünaslıq, orqanologiya, rəqs sənəti və meyxana janrları haqqında tədqiqatlar aparmış, müxtəlif monoqrafiyalar nəşr etdirmişəm. Daha sonra bu sahələr üzrə tədbir iştirakçılarını maraqlandıran suallara cavab verməyə hazır olduğumu söylədim.
Bilindiyi kimi, Bakıda sayı 80-dən artıq olan musiqi alətlərindən ibarət zəngin şəxsi kolleksiyam vardır. Hətta muzeylərimizdə olmayan əlvah, təkmilləşdirilmiş kos, bəm çaqanaq, qaşığek, xromatik laqquti, çəlik ney, karanay, burmalı boru, bülban, şahnəfir, sur kimi alətlərlə yalnız bizim evdə tanış olmaq mümkündür. Bu alətlərdən kamança, zurna, tütək, balaban, çəlik ney, qoşaney və sinci masa üzərində düzüb, onlar haqqında (yaranma tarixi, etimologiyası, ədəbi, arxeoloji və miniatür rəsm əsərlərindən nümunələr, morfologiyası, istifadə qaydaları və s.) nəzəri bilgi verməklə həm də hər birini ayrıca olaraq praktiki şəkildə nümayiş etdirdim.
Öncə ilk öyrəndiyim kamançada “Habil segahı”ndan kiçik bir fraqment ifa etdim. Bildirdim ki, böyük sənətə məhz bu alətlə qədəm qoymuşam. Onu da deyim ki, görüş iştirakçılarına baba-nənələrimizin alətlərimizlə bağlı düzüb-qoşduğu tapmacalar da söyləyirdim. Onlar da böyük həvəslə bu tapmacaların doğru cavablarını söyləyirdilər. Ağlı və şüuru inkişaf etdirmək üçün yaradılan qədim tapmacalardan bir neçə nümunə:
Qoz ağacın oyarlar,
Üstünə tel qoyarlar.
Əgər düzgün dinməsə,
“Qulağ”ını burarlar. (Açması: kamança)
Qarğı, ya qamış,
Dodağa yapış.
Üstündə deşik,
Gerisi beşik. (Açması: ney)
Həzin, kövrək səslidir,
Şirin, bal nəfəslidir. (Açması: balaban)
Başında dilçəyi var,
Qamışdan “köynəyi” var.
“Köynəyin” rəngi sarı,
Çobanlar yadigarı. (Açması: tütək)
Ağac için oyaram,
Düz ağzıma qoyaram. (Açması: zurna)
Sonda tədbir iştirakçıları bizə musiqi mədəniyyətimizlə bağlı bir-birindən maraqlı suallar ünvanladılar. Zənnimcə, onlar cavablarımdan məmnun qaldılar.
Musiqi məktəbinin direktoru Zeyni Əkbərovə “Nəğmələr” və “İki mahnı” adlı bəstələdiyim mahnılarımın notoqrafiyalarını hədiyyə etdim. Elman Eldaroğluna, Zeyni Əkbərovə və ümumən görüş iştirakçılarına yüksək qonaqpərvərliyə görə öz minnətdarlığımı bildirdim.
Sonra Yardımlı İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərovla görüşdük, o, növbəti günlərdə keçiriləcək tədbirlərdən söz açdı.
Rayon xəstəxanasının həkimi, el-oba arasında böyük nüfuz sahibi olan Hacı Himayət Mahmudov bizi şam yeməyinə dəvət etdi. Onun təbiətin qoynunda Yardımlı ziyalıları haqqında etdiyi söhbətlər çox maraqlı idi. Hacı Himayət ixtisasca tanınmış həkim olsa da, elmin bütün sahələrindən, o cümlədən Azərbaycan musiqi mədəniyyətindən yetərincə məlumatlı ziyalıdır.
Avqustun 31-i “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri Elman Eldaroğlunun təşəbbüsü ilə bu il qəbul imtahanlarında yüksək bal toplayan abuturyentlərlə görüş keçirildi. Görüşdə Yardımlı İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov iştirak edirdi və o, tədbirin açılışını elan etdi. Sonra görüşdə yüksək bal toplayan abuturyentlərə həvəsləndirici pul mükafatları və müxtəlif hədiyyələr verildi.
Ali məktəblərə qəbul olunmuş tələbələri mən də təbrik etdim, onların hər birinə “Təbrizim” adlı klipimin diskini hədiyyə etdim. Xatırladım ki, klip Azərbaycanın bir sıra dilbər guşələrində, eyni zamanda Yardımlıda da çəkilmişdir.
Elman Eldaroğlu, qardaşı Telman və mən Yardımlı Tarix-Diyarşünaslıq muzeyini ziyarət etdik və burada qorunan nadir eksponantlarla tanış olduq.
Daha sonra Elman müəllim bizi ata yurdu Zəngəran kəndinə qonaq apardı. Bu kəndə ilk dəfə gəlsəm də, Zəngəran adını bir çox monoqrafiyalarımda hallandırmışam. Bilindiyi kimi, ölkəmizin bir sıra yaşayış məskənlərinin toponim və hidronimlərində “zəng” sözünə rast gəlirik: Zəngi çayı (Qərbi Azərbaycan, İrəvan), Zəngi kəndi (İsmayıllı rayonu), Zəngələ kəndi, Zəngəran kəndi (Yardımlı rayonu), Zəglan kəndi (Xızının Beşbarmaq mahalındakı Zəngi bəyin adını daşıyır), Zəngqala (Gədəbəy rayonu, Böyük Qaramurad kəndi), Zəngilan rayonu, Zəngişali kəndi (Ağdam rayonu), Zəngənə kəndi (Sabirabad rayonu), Zəngibasar, Zəngəzur (Qərbi Azərbaycanda mahal), Güney Azərbaycanda Zəncan (əsli Zəngan), Maku şəhəri yaxınlığında Zəngimar çayı, Təbrizlə Əhar arasında Zəngibar və s.
Görkəmli türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğluya (Cəlilov) görə, Azərbaycan ərazisində olan bəzi hidronim və toponimlərdəki “zəngi” sözü qədim döyüşkən türk tayfası “sangi”nin adından törəyib . Firudin Ağasıoğlu etibarlı mənbələrə əsaslanaraq bildirir ki, bu adlar ilk yarandığı dövrlərdə “zəngi” deyil, “sangi” şəklində işlədilib. “Sangi” sözü sonralar tələffüzdə təhrifə uğrayaraq “zəngi”yə çevrilmişdir.
Deməli, Yardımlının Zəngəran kəndinin də adı etimoloji baxımdan döyüşkən türk tayfalarının məkanı kimi açıqlanmalıdır.
Elman müəllim şam yemək üçün bizi Gavran adlanan bir məkana apardı. Gavran haqqında dediklərim onu çox təəccübləndirdi və dedi: “Dostum, deyəsən bu yerlərdə çox olmusan, amma deyirsən ki, ilk gəlişindir. Mən buna inanmıram”.
Elman müəllimi təəccübləndirən nə idi?
Gavran ərazisinə biz daxil olanda dedim ki, fikrimcə, burada göl də olmalıdır. Elman müəllim: Hə, yuxarıda göl var. Sonra ona izah etdim ki, gavran sözündə gav – öküz, sözün ikinci komponenti “an” isə məkan deməkdir. Yəni gavran sözü öküzlərin bol olduğu yer deməkdir. Öküzlər də göl olan ərazidə yaşamağı xoşlayırlar…
Söhbətimizin şirin məqamında Elman müəllimə təqaüddə olan dövlət qulluqçusu Abasət Xudiyevdən zəng gəldi. O söylədi ki, sizi gölün kənarındakı istirahət mərkəzində gözləyirik. Beləcə, həmin məkana tərəf yollandıq. Bura çox mənzərəli, gözoxşayan bir guşə idi. Abasət müəllim uzun müddət rayonda rəhbər vəzifələrdə çalışdığından yerli əhalinin hər birinin şəcərəsindən xəbərdar idi. Ensiklopedik biliyə malik olan Abasət müəllimin söhbətlərindən doymaq olmurdu.
Sentyabr ayının 1-də “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri Elman Eldaroğlunun təşəbbüsü ilə daha bir mötəbər tədbir reallaşdı. Elman Eldaroğlu Yardımlı İcra Hakimiyyəti Aparatının İdman və Gənclər şöbəsinin müdiri Anar Ataşovla birgə rayonun tanınmış ictimai-siyasi xadimi Yaşar Abdulovun 75 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirdilər. Üç yaş qrupu üzrə keçirilən yarış bitəndən sonra qaliblər Fəxri Fərman və müxtəlif hədiyyələrlə mükafatlandırıldılar.
Mənə söz verildikdə Anar bəyə cibdə gəzdirə biləcəyi, çəkicə ən yüngül, lakin mahiyyət və dəyərcə ən ağır olan “Çalğı alətlərimiz” adlı miniatür kitabımı hədiyyə etdim. Ondan həmçinin müəllifi olduğum müxtəlif səpkili 10 kitabımı Yardımlı şəhər kitabxanasına çatdırmağı xahiş etdim.
Səfərimizin sonuncu günü Elman müəllimin 15 sentyabrda Abasət Xudiyevin 75 illik yubileyini keçirmək üçün xeyriyyə cəmiyyətinin Yardımlıdakı kordinatoru Əsədulla Sadıqova müəyyən göstərişlər verdiyinin şahidi oldum. Mən də “Balabançı Həsən dayının gülməcələri” adlı yumoristik novellalardan ibarət kitabımın üstünü yazıb Anar müəllimdən yubilyara çatdırmağı xahiş etdim. Deyirlər, yumor və gülməcələr insanın ömrünü uzadır. Abasət müəllimə cansağlığı və sağlam uzun ömür arzulayırıq.
Abbasqulu Nəcəfzadə,
sənətşünaslıq elmləri doktoru, professor
Share: