Şahnaz Şahin Təranə Məmmədin “Səmimi söhbətin”ində

“SƏMİMİ SÖHBƏT”in bugünkü qonağı yazıçı, şair, publisist Şahnaz Şahindir.

Babayeva Şahnaz Feyzulla qızı 20 mart 1956-cı ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub.
Azərbaycan Tibb institutunun pediatriya fakültəsini bitirib. Uzun illər həkim,kənd xəstəxanasında baş həkim, kənd tibb məntəqəsində müdir və Sabirabad İcra hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Şahnaz Şahin 7 kitab müəllifidir, Prezident və Beynəlxalq Rəsul Rza mükafatları laureatıdır.

-Şahnaz xanım,“Səmimi söhbət”in ənənəvi birinci sualı belədir: Şahnaz Şahin kimdir?
-Şahnaz Şahin min ildi çöllü biyabana atılmış və hələ də axtardığını tapa bilməyən və bəzən də nə gəzdiyini bilməyən dəvrişdir. Şahnaz xanım məsləkinin əsgəri, sevda köləsidir… və ilaxır…
-Nə qəribə cavab oldu . Onda deyin, sizinçün yaşamaq nədir?
Yaşamaq yanmaqdır- deyirdi Bəxtiyar Vahabzadə. Mən bu xətti çoxdan yaxıb keçən odun özüyəm.
-Özünüzü ilk cümlələrdən od adlandırırsızsa, demək həyatı çox sevirsiniz.Dünyaya yenidən gəlmək istərdiniz?
-Dünyadan getmək olmasaydı dünyaya yenidən gəlmək istəyi yəqin ki, olmazdı. Bu istəyimi haçansa şeirə gətirmişəm,“Təkrar gələcəyəm mən bu dünyaya,Təkrar sənin üçün doğulacağam…”- deyə. Deməli hətta buna əminəm. Həyat çox şirindir, nə qədər acı çəksə də həyat eşqi insanı tərk etmir
-Ən çox sevdiyiniz rəng hansıdır?
-Bütün rənglərin qarışığını sevirəm. Qaranı isə qırmızı, ya da ağ ilə… ayrıca qaranı sevmirəm.
-Sizcə qövsi-qüzehdə qara rəng niyə yoxdur?
-Qövsi-qüzehdə qara niyə yoxdur… Baxın, bu çox maraqlı oldu. Bəlkə Tanrı da bu rəngi sevmir elə! Ona görədir bəlkə… bəlkə başqa elmi səbəbi var, amma biz indi elmi müzakirə aparmırıq axı. Məncə qara hüzn, kədər, qəm ehtiva edir, Yaradan isə insanı xoşbəxt görmək
istəyir…
-Sizcə qadın olmaq asandır?
-Qadın yaranmaq başqa, qadın olmaqsa bir başqadır. İkinci çətindir. İndiki zəmanədə daha çətindir. Bunun çoxlu nədənləri var. Qadın zərif və zəif göründüyü qədər də güclü məxluqdur. Qadın seli daşqını ram edə bilən dağ, dağları yuyub apara bilən seldir! Qadını olduğu kimi görən və qəbul edən azdır. Niyə? Çünki onu zəif görmək istəyənlər çoxdur… Fəqət daş qayadan nə apara bilər ki! Məncə qadını vaxtında və düzgün dəyərləndirsələr yaxşı olar.
Hansı insanlarla ünsiyyət qura bilmirsiniz?
-Hər hansı bir insanla ünsiyyət qurmaq mənimçün çətin deyil. Amma bəzən onu özüm istəmirəm. Azaçıq həmsöhbət olmaq yetir ki, davam ya da tamam deyim… Enerji axını çox söz deyir mənə.
-Sizin son kitabınız Sabirabad şəhidlərinə həsr edilib.Şəhidlərdən yazmaq nə deməkdir?
-Şəhidlər haqda yazmaq elə özü də bir cürə şəhid olmaqdır. Mən bu hissləri yaşadım. Allah yerlərini cənnətdə qərar versin şəhidlərin… Şəkillərinə də baxanda özümə gələ bilmirəm.
-Şahnaz xanım, siz həkimsiniz. Deyə bilərsinizmi insan orqanizminə dərmandan da yaxşı məlhəm ola bilərmi?
-Həkimlik çox şərəfli peşədir, həkim olmaq isə ayrı aləmdir. Sənətin dəlisi olmaq, ona gəlir mənbəyi kimi yanaşmamaq gərəkdir. Bu haqda çox danışmaq olar. Konkret suala cavab verim. Deyim ki, dərman türklərin ilac dediyi bizim isə əlac saydığımız hansısa kimyəvi və təbii qarışıq əslində məlhəm deyil.Sevgi varsa, xəstəni bu böyük hisslə sarırsansa, bax məlhəm odur…
-Demək, Şahnaz Şahin sevginin varlığına inanır?
-Bax elə indicə sevgidən danışdım. Əlbətə ki, sevgi var. Olmasa yaradan bu boyda kainatı niyə yaradırdı?! Bizim ən böyük qazançımız elə sevgidir. Varsa qalibsən!..
-Sizin şeirlər adi deyil. Bu qeyri-adilik sizi tək qoymur ki?
-Təşəkkürlər, əzizim… Yaralı yerimə toxundunuz lap. Qeyri-adiliyim, hamı kimi olmamağım da bir dərddi. Əlbəttə ki,təklənirəm, bəs nə bilirsiniz.., elə bilirsiniz rahatca qəbul edəcəklər?! Yox, əlbəttə. Bir az da geniş götürsək. Tək şəbəkələrdən getmir söhbət. Mən özümə qarşı qısqanclığı lap gənc yaşlarda görmüşəm. Adamlar vardı, nə geysəm ondan alıb geyməyə çalışır,saçlarını mənim saçım kimi kəsdirirdilər… Deməli, əvvəl özüm, sonra da sözüm mənim hüdudlarımı müəyyənləşdirirdi…
-Bilirəm ki, siz bir çox jurnalistlərə müsahibə vermisiniz. Bir çox mötəbər Mətbuat orqanlarında şeirləriniz, yazılarınız çap edilib. “Səmimi söhbət”ə heç yerdə demədiyiniz nəyi demək istəyərdiniz?
-O qədər söz deyə bilərəm… Siz istiqaməti müəyyənləşdirin mən danışım.
-Məsələn, ən çox sevdiyiniz musiqi haqda danışaqmı?
-Musiqi həyatımın ayrılmaz hissəsidir. Musiqinin sərhədləri yoxdur məncə. Mən Şopendən tutmuş digər xalqların da musiqisi daxil, başda Azərbaycanın əvəzolunmaz bəstəkar və xalq musiqisini sevirəm. Son vaxtlar Fərid Fərjadı çox dinləyirəm. Deyim ki, musiqi özü də tam ovqata bağlı məsələdir. Hansı andasa, hansı düyün nöqtəsindəsə fərqli musiqi dinləmək olur. Amma xətt ki var, bax o dəyişmir.
Bildiyimə görə sizin şeirlərə musiqi bəstələnib.
-Bəli. Mənim sözlərimə Nailə və Hikmət Mirməmmədlilər silsilə mahnılar yazmışdılar.
-“Qovuşmaz yolumuz”, “Sevən ürəkdi”, “Hər ürək sevə bilməz”. “Susduq” və başqaları.
Şahnaz Şahin poeziyası əsasən kimin üçündür?
Şahnaz Şahin poeziyası onu duyub hiss edən, oxuyub düşündürə bilən hər bir oxucu üçündür.. Mən yazıram, daha doğrusu, Tanrıdan öyrəndiklərimi öyrədirəm. Səhv etmirəmsə, Hz Məhəmməd deyirdi ki, şairlər yer üzünün elçiləridir. Söz üçün Allah evinə gedirəm, sözün nazını çəkə-çəkə, öpüb oxşaya-oxşaya dəhdən inci tapan kimi tapıb gətirirəm. Bir çox şeir həsr etmişəm sözə. Sözün başına dönüm. Anamdı, atamdı söz.
Hər sətirə ürəyimi qoymuşam,
Məndən sonra şeir balam yaşasın.
Arı kimi çiçəklərdən yığmışam,
Məndən sonra şeir balam yaşasın.
Uçuqlayıb dodaqlarım söz üstə,
Nə istəyib, demişəm ki, göz üstə.
Ayaqyalın oynayıram köz üstə,
Məndən sonra şeir balam yaşasın.
Pəri kimi o nazlanır önümdə,
Toxunuram zəri qalır əlimdə.
Ölməmişdən ölmək keçir könlümdən,
Məndən sonra şeir balam yaşasın.

-Şairlər ünsiyəti sevsələr də adətən tənha olurlar.Heç tənhalıq hiss etmisiniz?
-Şair kütlə deyil. Əbədi tənhadır.
-Onda belə çıxır ki,şair olmaq o qədər də asan deyil?
-Yaxşı şeir yazmaq asanlaşdıqca şair olmaq bir az da çətinləşir
Yadınızdadırsa “Bağışla” adlı bir şerinizin sehrinə düşüb onu rus dilinə tərcümə etdim. O şeiri öz ifanızda dinlədikdən sonra sevdim. Səsinizdə hər kəsə xas olmayan bir güc, bir zəhm və eyni zamanda titrək bir incəlik var. Səs insanın daxilndən gəlir.
-Daxilnizdə görünməyən bir təlatümmü var yoxsa həzin bir sakitlik?
-Səsin yaranması fiziki proses olsa da Yaradan barmaq izlərimiz, fərqli DNT quruluşu kimi səsə də fərdi xüsusiyyətlər verib. Səs uşaq ana bətnində olarkən formalaşmağa başlayır. Mənim valideynlərimin güclü səsi olub. Atam, biz ona baba demişik, Quran əhli olub. Allahın Kitabını gözəl avazla oxuyub. Onu bir yol dinləyənlər unuda bilməyiblər. Bunu mənə həsrət yanğısıyla çox etiraf edib yaşlı insanlar. Anam da gözəl səsə malik olub. Bayatılarımızı əzbərdən mahnı üstə oxuyardı. Uşaqlarıma da laylanı bayatıyla çalıb. Mənə də onlardan keçib bu səs. Tələbə vaxtı çox istədilər ki, institutun ansambılında iştirak edim, istəmədim. Ancaq dostların xahişiylə oxuyurdum. Təsəvvür edin. Kirayə evdə, ya qızların tələbə yataqxanasında mən oxuyanda bilməyənlər televizoru yandırırdılar. Bu mənim heç kimə demədiyim həqiqətlərdəndir…
-Zeynəb Xanlarova, Rübabə Muradovanın mahnılarını, yalan olmasın, özlərindən yaxşı oxuyurdum.
Düz dediniz, səsi həm də insanın daxili aləmi zənginləşdirir. İçimdə o saydıqlarınızın hamısı var, ən çoxda təlatüm. Səs həm də təsir vasitəsidir bir növ. Səsin müəmmalı sehri var…
-Yüksək vəzifələrdə çalışmısınız . Bu haqda nə deyə bilərsiniz?
-Vəzifə adamı ya ucaldır ya qocaldır. O da gərək boyuna biçilə, yaraşa sənə. İçi xıltlı adamlar götürüb yuxarılara yazırdılar və ən əcaibi buydu ki, şairliyimin də haqqında öz üfunətli fikirlərini tökürdülər kağıza.
-Şahnaz xanım, müəyyən bir həyat yolu keçmiş insan kimi bu gün hansı arzularla, hansı istəklərlə yaşayırsıız?
-Təranə xanım, insan yaşadıqca mükəmməlləşməlidir. Çünki yaşadıqları, başı çəkənlər onu daha dolğun düşünməyə, səbirli qərarlar verməyə yol açır. Arzulardan isə, məşhur mahnıda deyildiyi kimi, yeni arzular doğur. Belə bir söz var, arzularına bax, gör həyata keçən istəklərin çoxdu, yoxsa qalan? Bax ikinci sənin yaşının göstəricisidir. Məni soruşursunuzsa, hələ məni yaşadan istəklərim çox, görməli işlərim isə çox çoxdur…
Söhbətimizin nə dərəcədə səmimi alındığını əlbəttə ki, oxuclar deyəcəklər. Bu gün qonağım olduğunuz üçün sizə təşəkkür edirəm və sonda qonağın əliboş gəlmədiyini bilərək bir kiçik şeirinizi istərdim.
Bir yağış yağar dünyaya
ilin-günün xəstə vaxtı,
üşüdər damarlarını çarəsizliyin…
Havaya baxıb
dodağını büzərsən,
…bezərsən…
və hər gün çarəsizliyini
bir cür bəzərsən…
Göy üzünü çətirtək
tutarsan başına,
Söz-söz tökülər
gözündən çəkdiklərin.
Hardasa unutduğun
ləpirlərin gəlib
düşər ayaqlarına…
…Nağılmı ömrün,
ömürmü nağıl imiş, sonda bilərsən…

-Sanki bir həzin, düçündürücü nəğmə dinlədim. Təşəkkür edirəm, Şahnaz xanım.
-Mən təşəkkür edirəm. Səmimi adamlarla birlikdə olun, sevin, yenə sevin…

 

Share: