Yazıçı Arif  Ərşad dünyası…

 

 

Mənə görə Allahın yaratdığı  hər bəndə, əgər onunla tanış deyilsənsə,  oxunmamış bir kitab kimidir… Kitabı oxuyandan sonra onun qiymətini bildiyin kimi, insanla  tanış olandan sonra da onun dəyərini anlayırsan. Ona görə kitab dedim ki, insan ömrü də kitabın səhifələri kimi vərəq vərəqdir…

Arif Ərşadı dostum Nazim Cəfərov mənimlə tanış etmişdi.  Ona qədər yazıçının ara-sıra yazılarını oxumuşdum. O da məni yazılarımdan tanıyırdı. Qərara gəlmişdik ki, bir dəfə görüşüb, yaxından tanış olaq.

Bakı səfərlərimin birində onunla yaxından tanış olmaq fürsəti yarandı. İnsanda sevdiyim ən gözəl xüsusiyyət onun dəqiqliyidir. Həssaslıq, təmizkarlıq, savad, kövrəklik, bunların hamısı, mənə görə ikinci, üçüncü dərəcəlidir.

Ariflə dediyimiz vaxtda, “20 Yanvar” metrosunun yaxınlığındakı çayxanaların birində görüşdük. Gözəl rəssam dostum Sehran Allahverdi də o vaxt mənim yanımda idi.

Arifin şirin danışığı və səmimiyyəti ilk anlardaca diqqətimi cəlb etdi. Ədəbi prosseslərdən tutmuş, şəxsi məsələlərə qədər bir xeyli söhbət etdik. Sən demə, Arif  yazıçı olmağıyla yanaşı, həm də dövlət strukturunda çalışan bir məmur imiş… Özü də, insaflı məmur.

Bəzilərimiz varlı yazıçı, şair adı gələndə bunu həzm etməkdə çətinlik çəkirik. Çünki, biz gözümüzü dünyaya açandan şairin, yazıçının dərisinin  soyulduğunu, dar ağacından asıldığını, boynuna daş bağlayıb Nargin adalarında dənizə atılmasının, Sibirin soyuq buzlaqlarında donmasının, zindanlarda çürüdülməsinin, ac-yalavac evinin bir küncündə ölməsinin şahidi olmuşuq.

Amma mənə görə, dünyanın ən halal və varlı adamı yazıçı, şairlər olmalıdırlar. Çünki onlar oğru deyillər…

Arif Ərşadın fikir dünyası çox zəngindir. Onun mülahizələri dəqiq, dürüst və düşündürücüdür. Bir məqamı da yerigəlmişkən qeyd etmək istəyirəm ki, bu mənim şəxsi fikrimdir, xoşbəxt  və “bədbəxt” o adamlardırlar ki, onlar  safdırlar…

Arif Ərşadın içində də bir uşaq məsumluğu yatır.

Ömrümüzün sonuna qədər hər birimizin içində islah edə bilmədiyimiz  mənfi bir hiss dolaşmaqdadır. “Mən hamıdan üstünəm, mən hər şeyə layiqəm, mən ağıllıyam və mən…” Bu “mən” lər, ağacı öz içindən yeyən qurd kimi, bizi də içimizdən yeyib məhv edir. Qısqanclıq, gözügötürməməzlik yazı-pozu adamlarının arasında ən çox özünə yer tapan mənfi xüsusiyyətlərdən biridir.

Arif Ərşadı oxuyanda gözümün önündə başqa bir aləm canlandı. Bu adam nə vaxtsa məşhur olmuş, sonradan unudulmuş bir yazıçı adamın obrazını yaratdı gözlərimdə. Bir anlıq öz-özümə düşündüm; – bu adam səndən yaxşı yazır…

Bu eynidə yadıma bir əhvalat düşdü.

Bir dəfə məşhur yazıçı Çexovun yanına bir nəfər öz oğlunu gətirir və yazıçıya bildirir ki, bunda yazıçılıq istedadı var, ona yazmaqda kömək etsin.

Çexov uşağı sorğu-sual edəndən sonra, baxıb görür ki, onda, doğurdan da, talant var, istəsə yaza bilər. Odur ki, razılaşır.

Bir gün o, şagirdini də götürüb, təbiətin qoynuna, meşəyə yollanır. Qış vaxtı olduğuna görə, hər tərəf ağappaq qar örtüyünə bürünmüşdü. Yazıçı şagirdinin müşahidə qabiliyyətini yoxlamaq üçün onu xırda bir gölməçənin yanına gətirir və ayağını buz örtüyünə bürünmüş gölməçənin qırağına basaraq onda soruşur:

– De görüm, nə görürsən?

Şagir diqqətlə baxıb, deyir:

– Buz qatı görürəm.

– Daha nə görürsən? – deyə Çexov soruşur.

Şagird bir az diqqətlə baxandan sonra, əlavə edir:

– Ustad, buzun altında bir-birinə halqavari şəkildə birləşən köpük qabarcıqları görürəm.

– Daha nə görürsən? – deyə Çexov soruşur.

– Daha heç nə! – şagird çiyinlərini çəkir.

– Heç nə?!.. – Bəs, o qaz qabarcıqlarının dövrəyə aldığı xırda saman çöpünü görmürsənmi?!

– Xeyir! – deyə şagird cavab verir.

– Amma mən görürəm. Sən də diqqətlə bax, – deyə Çexov şagirdinin başını ehmalca əliylə aşağı əyib, sıralanan köpüklərin altında  güclə görünən saman çöpünü ona göstərir.

Bəli, yazıçı Arif Ərşad bəzilərimizin görmədiyi, həyatda yanından saymazyana ötüb keçdiyimiz xırda detalları da seçməyi bacaran bir yazıçıdır. Onun hekayələrinin hamısı canlıdır; – ürəyi, canı, qanı olan canlı varlıqlar kimi…

İnsan taleyi, onun varlığı bütün hekayələrində ön cərgədədir. Yazıçı bununla sübut edir ki, o insanları, bəşəriyyəti çox sevir.

“Hekayələr” kitabında yer alan hekayələrinin çoxu yazıçının müşahidə qabiliyyətinin məhsuludur. Amma çoxlarımıza elə gəlir ki, bunlar Arif Ərşadın başına gələn əhvalatlardır. Doğrudur, bütün yazarlar əsərlərində çox vaxt özlərini, öz başlarına gələn əhvalatları qələmə alırlar. Bu lazımdır, amma hadisələri elə qələmə almaq lazımdır ki, başqaları bunu öz dərd-sərləri kimi başa düşsünlər.

Arif Ərşadın xoşuma gələn iki hekayəsi üzərində dayanmaq istəyirəm.

Doğrudur, onun qələmə aldığı bütün hekayələri ayrı-ayrılıqda hamısı  ədəbi tənqid və təhlil mövzusudur. “Tələbənin arzusu, “Torpağa qarışan qan”,  “Büllüu külqabı”,  “Babamın nağılı”, “Ailə”,  “Qızcığazın taleyi”, “Gözlər yalan danışmır” və s. Amma aşağıda söz açacağım bu iki hekayə mənim yazı stilimə daha uyğun gəldi.

“Babamın xalçası”. Babasının əziz-xələf xaçası vardı. Bu xalaçanı babası çox xoşlayırdı. Nimdaş xalça olsa da, babası onu atmağa qoymurdu.

Baba öləndə onu həmin xalçaya büküb qəbristanlığa aparırlar. Baba basdırılandan sonra, xalça yenə də evə gətirilir. Az keçmir nənə xəstələnir və  ölür. Onu da bu xalçaya büküb qəbristanlığa aparırlar. Xalça yenə də evə qaytarılır. Nəvə, artıq bu xalçanı sevmir ona nifrət gözüylə baxır. Sanki babasının sevimli xalçası bu evin adamları üçün bir əzrayıl qismindədir.

Sonda nə baş verir: – “Evimizin arxasında yanan xalçadan isə heç kimin xəbəri yox idi. Mən çox sevinirdim, gələcəkdə atamı, anamı əlimdən ala biləcək bu xalçanın yanmasına…” Sonluq çox gözəl işlənilmişdir.

“ Lotereya bileti”. Hekayədə ömrüboyu maşın həsrətində olan bir ailə təsvir

olunur. Hətta, ata oğluna deyir ki, ağlama mənim  balam, indi imkanımız yoxdur. Maşını sən məktəbi qurtaranda alacağam ki, sürüb bizi gəzdirərsən.

Bir gün ata evə iki lotereya bileti alıb gətirir.

Evin xanımı buna etiraz edir. Hətta, qadın ərinə 3 tələf olmuş oğlan uşaqlarını xatırladaraq deyir: – “Səninki yüz faiz gətirməyəcək. Bəxtin olsaydı, gərək indi sənin bir oğlun yox, 4 oğlun olaydı. Hardaydı səndə o bəxt!?!

Futbol oyunları keçirilən stadionda lotereya uduşu olur  və ata bir maşın udur. Ailə böyük sevinc içərisindədir. Hər gün maşınla şəhəri gəzməyə çıxırlar. Qohumlarıgilə, dükan-bazara maşınla gedib gəlirlər.

Oğlu maşın sürməyə çox həvəslidir. Atasından maşını istəyir ki, o da sürsün.

Ata oğlunun  kiçik olduğunu bəhanə gətirərək, ona maşın sürməyə  icazə vermir.

Maşına hədsiz dərəcədə maraqlı olan oğlun ürəyindən görün nə keçir: – “Ay Allah, nə olardı, atam tez ölərdi, maşın mənə qalardı, mən maşın sürərdim”.

Altı ay keçmir ki, ata tutulduğu xərçəng xəstəliyindən vəfat edir və ehtiyac içində olduqlarına görə maşın satılır.

Vaxt, vədə ötür, oğul böyüyür, o da ailə qurur və onun beş qızı dünyaya gəlir. Ağsaqqallar  beş qıza görə ona təsəlli verib deyirlər: – Narahat olma, beş qız böyüdən kişinin yeri cənnətdir!

Amma bütün bunlara baxmayaraq,  oğul öz-özünə düşünür: – Mən özümü Allahın çox xoşbəxt bənsdəsi sayıram. Ona görə ki, mənim ölümümü arzulayan oğlum yoxdur!..

Arif müəllimin hekayələrinin hər biri barədə çox danışmaq olar, çünki onların hamısı həyat hadisələrindən qaynaqlanan sənət əsərləridir. Çox istərdim ki, oxucular özləri bu əsərləri oxuyub, Arif Ərşadın yaradıcılığı ilə yaxından tanış olsunlar.

Sonda yazıçı dostumuza uğurlar arzulayır və yeni kitabını gözləyirik

Meyxoş Abdullah

yazıçı

Share: