Günəş Quliyeva : ” Hanı məhəbbətdən, qeyrətdən doğulan insanlarımız”

… “ Planetdə yaman barıt qoxusu var.

                    Vaxtdır ,  bilək dünyamızın külə dönmək qorxusu var” …

                                                                                            B. Vahabzadə

 

…İnsan həyatının ən böyük dəyəri onun ləyaqətinin olmasıdır.Atalar deyir;

“Ləyaqət ağıldadır, əsil- nəsəblə deyil” . Deməli , məsələ ağıldadır.

“Ləyaqətli insan o adam deyil ki, qüsurları yoxdur, ləyaqətli insan o adamdır ki, ləyaqəti var”…(V.Osipoviç)

Bəli , Ləyaqəti var !…Hər şey ləyaqətdən başlayır…Görəsən niyə azalıb bu gün fitrəti, mayası qeyrətdən yoğrulan adamların?!…Hardadir , o qeyrətli babalarımızın oğulları , qızları?…

Hanı məhəbbətdən, qeyrətdən doğulan insanlarımız? …Çünki, insan məhəbbətdən insan doğular.İnsana , insanlığa sevgi bəslər…

Bu fikirləri yazmağa məni vadar edən məqamlar var…Sosial şəbəkələrdə günün  əsas mövzusuna çevrilən  sivil cəmiyyətdə yaşayan Azərbaycan gəncliyinin düşdüyü ürəkağrıdan , acınacaqlı durum… Şəkillərdə , videolarda  gördüyümüz bu gənclərə baxdıqca  əgər bir tərəfdən ağılsızlıqlarının aqibətini yaşadığına bir ziyalı, vətəndaş  kimi ürəyim yanırsa,  bir tərəfdən içimdə  o narkotik maddələrin satışını həyata keçirən,  gəncliyin həyatını zəhərləyən, məhv edən o  şərəfsizlərə olan sonsuz  nifrət duyğusu alışıb yanır. O ləyaqətsizlər  mənim üçün yaşadığımız Vətən müharibəsində dogma vətənimi ballistik raketlərlə hədəfə alan o ermənidən heç də fərqli deyil.

Bu bir həqiqətdir ki, cəmiyyətdə əxlaqi keyfiyyətlərin sayı azaldıqca ,gəncliyimizin getdiyi bu axının qarşısı alınmadıqca ,bir o qədər cəmiyyət ləyaqətsiz insanlardan ibarət olacaq .Təəssüf !… Min təəssüf.!…Narkomaniya- ağ ölüm bəlasına yuvarlanan bu gənclərin tükürpədən, ürəkağrıdan görüntülərinin fonunda qazandıqları  çirkin pullarla özünə cah-cəlal quran , yalançı vətənpərvərliyi ilə müharibə zamanı əsgər paltarını geyib ,fotolar çəkdirən “qəhrəmanlar” xalqın övladını zəhərləyən ,min dona girən gürzələr  bu gün ən ağır cəzaya layiqdir.Bir parça çörək üçün səhərdən- axşama min bir əzab – əziyyətlə çalışan,  övladını   bu əzablarla böyüdən valideyn sizcə övladını bu halda görəndə  hansı duruma

düşər ?!…

Bu şəkillərə baxdıqca  hisslərimi cilovlaya  bilmədim. Ürəyim parçalandı.

Bu günlərdə  bir saytda şair F. Balabəylinin müsahibəsi diqqətimi cəlb elədi.Başlığa çıxarılan bir fikir …  Şair deyir; “Uşaqlarıma yaxşı tərbiyə verdiyimə görə qorxuram”…

Nə qədər ağırdır, nə qədər dəhşətlidir!…Bu söz mənə doğmadır.Anam da mənə “tərbiyəli olduğun üçün səndən çox narahatam”-  deyirdi. Bəli, bu övladının gələcəyini düşünən hər bir valideynin qorxusu , vətənini, xalqını sevən , tərbiyəli insanlarımızın, ziyalıların narahatlığıdır. Bizlər bu qorxu içində böyüyürük.Və dünyaya yalnız bir kərə gəldiyimizi bu həqiqəti, gerçəkliyi bilə- bilə ləyaqətsizlərin qurbanına çevrilirik.Əxlaqi dəyərlərimiz pozulur.Mən və ləyaqətli insanlar onların həyatımızı cəhənnəmə çevirmələrini istəmirik. Və təəssüf ki, bu gün  bu axının qarşısıını alacaq qüvvə yaxın gələcəkdə də heç görünmür. Komplekssizlər avropalaşmışlar çoxaldıqca, dəyərlər, şərəf, ismət, həya ,ləyaqət kimi anlayışlar da tarixdə qalacaq. Çünki, bu günün təbliğatı onu deyir. ..

Bu qaranlıqda  sabaha ümidimiz  isə yalnız sənsən, ləyaqətli insan!… Mən sənə üzümü tuturam. Bu məsələ bu gün ziyalılarımızı  daha çox düşündürməlidir.Bu gün təhsilimiz , ziyalılarımız, müəllimlərimiz gənclərlə  mənəvi-əxlaqi tərbiyə işini daha da gücləndirməlidir.Dərsliklər,dərslik proqramları əxlaqi- mənəvi dəyərlər üzərində qurulmalı , bütün dərslər bu gün daha çox mənəviyyata , əxlaqa xidmət etməlidir.Qoy bu gün hər bir müəllimin yalnız bir şüarı olsun . Alim olmaqdan öncə , insan olmağı öyrədək!…

Azərbaycan  Dövlət  Pedaqoji Kollecinin müəllimi

BDU-nun dissertantı Günəş Quliyeva

 Müstəqil.Az

 

Share:

Author: admin