Şəhidlik arzusuna çatdı… – Aynurə İnci

 
 
(Şəhid Anar Cəfərova həsr edilir.)
 
 
Bir ümmandır vətən sevgisi, ucsuz-bucaqsız dəryadır. Söz deyil, əməldir, vuran qol, döyünən ürəkdir. Yeri-göyü lərzəyə gətirən igidlərin nərəsidir.
Ürəyi böyük məhəbbətlə alovlandı, Vətən sevgisindən güc aldı, adını zəfər tariximizə yazanlardan oldu şəhid Anar Cəfərov.
19 dekabr 1977 -ci il tarixində Ağcabədi rayonunda Eyvaz və Səmayə Cəfərovlar ailəsində gələcəyin qəhrəmanı doğuldu. Ziyalı ailədə vətənpərvər böyüyən Anar orta təhsilini doğulduğu rayonda 12 saylı orta məktəbdə alır. Həqiqi hərbi xidmətini isə Gəncə şəhərində layiqincə başa vurur.
Ailənin beş övladından üçü həyat yollarını hərbə bağlayır. Böyük qardaş İftixar Cəfərov 29 il hərb yolu keçmiş, hal-hazırda ehtiyatda olan mayordur. Kiçik qardaşı Cavanşir Cəfərov isə kəşfiyyat bölüyündə komandir kimi 44 günlük müharibədə şücaət göstərənlərdəndir. Ortancıl qardaş Anar Cəfərov isə 2017 – ci ildən hərb həyatına başlayır. Əvvəl bir il Mingəçevirdə həmlə taborunun,həmlə bölüyünün baş tuşlayıcı minaatan vəzifəsinə təyin edilir. Sonra isə Tərtərdə Atəşdəstək manqasında minaatan təyin edilərək ön xətdə xidmətini davam etdirir. Sertifikatla təltif olunmuşdu.
27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayanda əks hücüm əməliyyatının ilk iştirakçılarından olur.
Tərtər, Ağdərə və Suqovuşan istiqamətində döyüşlərdə yaxından iştirak edir, Suqovuşanın azadlığı uğrunda şücaət göstərir. Elə son döyüşü də Suqovuşanda olur Anarın. 3 oktyabr döyüşlərin ən şiddətli vaxtında ağır yaralanır. Tərtər xəstəxanasına çatdırılsa da çoxlu qan itirdiyindən şəhadət zirvəsinə ucalır. Doğulduğu Ağcabədi rayonunda şəhidlər xiyabanında torpağa tapşırılır.
Anar olduqca həssasqəlbli, ailəcanlı, qayğıkeş ata idi. Əbəs deyil ki, ömür-gün yoldaşı Samirə xanım onunla yaşadığı 12 ili həyatının ən xoşbəxt məqamı hesab edir. Anar gözəl ailə başçısı olmaqla yanaşı, el-obanın dərdinə yanan, dostlarının sevimlisi idi. Şəhidimizin iki oğlu Rəhman və Eyvaz vətənə əmanət qaldı.
Şəhidimizin ömür- gün yoldaşı Samirə xanım danışarkən fikirlərini bu cür xatirələrlə yekunlaşdırdı: “21 sentyabrdan Anar təlimlərdə dərs keçirdi. Hər axşam təlimdən sonra evə gələrdi. O şəhid olacağını bilirdi sanki. Hər gəldiyi beş gün müddətində məni hər şeyə hazırlayırdı. Evlərə xalçaları döşədik, həyəti səliqəyə saldıq. Hər dəfə qayıdanda məni Allaha, uşaqları da mənə tapşırıb, bizləri qucaqlayıb, qapıdan çıxınca arxaya dönüb sağollaşıb gedərdi. 26 sentyabrda gəldi, amma gedəndə həmişəki kimi sağollaşmadı, arxaya dönmədən çıxdı qapıdan. Bu onun son gedişiydi…
Səhəri gün 27 sentyabrda Vətən müharibəsi başladı. Son dəfə oktyabrın ikisi telefonla danışdı.
Son sözləri də bu oldu: “Şəhid qardaşlarımdan artığam? Allah mənə də şəhidlik nəsib etsin”, – deyib uşaqları mənə, məni də Allaha əmanət etdi. Səhəri gün 3 oktyabrda şəhidlik arzusuna çatdı…”
Şəhidlik ali məqam, müqəddəs zirvədir. Anar Cəfərov da layiqli məqamına ucaldı.
Hər birinizin ruhu qarşısında baş əyirik, zəfər ətirli şəhidlərimiz!
Anar Cəfərov şəhidliyindən sonra “Cəsur döyüşçü” “ Vətən uğrunda” və “ Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olundu.
Yaşadığı küçəyə adı verildi, doğulduğu rayonda adına ehsan bulağı inşa olundu.
Ruhun şad olsun, Şəhidim!
Hazırladı:
Aynurə İnci
Descripción no disponible.
Share: