“BMT-də Azərbaycanın əleyhinə qəbul etmək istədikləri qərəzli qətnamə…”

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışını son iki il ərzində Azərbaycanın Qoşulmama Hərəkatının sədri statusunda qlobal miqyasda gördüyü işlərin hesabatı və qarşıda nəzərdə tutulan, görüləcək işlərin “yol xəritəsi” kimi də dəyərləndirmək olar.

Belə ki, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin aralıq konfransının bütün iştirakçılarını salamlayaraq çıxışına başlayan cənab Prezident öncə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edildiyini xatırlatdı və eyni zamanda ölkəmizin 10 il əvvəl bu Hərəkata üzv olduğunu qeyd etdi: “Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi”.
İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü üçün ətraflı və kifayət qədər ambisiyalı fəaliyyət planı qəbul etdiyini vurğuladı. Lakin təəssüf ki, “COVID-19” pandemiyasının qəfildən bütün dünyanı bürüməsi nəticəsində yeni reallıqlar və çətinliklərin yaranmasının Azərbaycanı bir sədr ölkə olaraq həmin planda situasiyaya uyğun dəyişikliklər etmək məcburiyyətində qoyduğunu qeyd edən Prezident İlham Əliyev bizim yeni vəziyyətə çevik və adekvat reaksiya verməyimizi konfrans iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycan Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilata rəhbərlik etməyin məsuliyyətini dərk edərək bütün səylərini pandemiyanın yaratdığı misilsiz çətinliklərə qarşı Hərəkatın beynəlxalq səviyyədə səmərəli və birgə cavabının formalaşdırılması üzərində cəmləşdirdi. Həmçinin Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində bir sıra mühüm beynəlxalq təşəbbüslərlə çıxış etdi. Ölkə başçımız Azərbaycanın bu yöndə atdığı digər addımları da konfrans iştirakçılarının nəzərinə çatdırdı və eyni zamanda bəzi böyük dövlətlərin yürütdüyü “peyvənd milətçiliyi” siyasətinin ədalətsizliyi məsələsini bir daha gündəmə gətirdi.
Prezidentin Qoşulmama Hərəkatının sözügedən konfransındakı çıxışı zamanı toxunduğu əsas məqamlardan biri də torpaqlarımızın işğaldan azad edilməsi və bunun doğurduğu nəticələr barədə oldu. O, 2020-ci ilin Azərbaycan üçün əlamətdar il olduğunu qeyd etdi, çünki Hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri – Hərəkat üzvü olan Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi uğurla həll edilib. Bu baxımdan Hərəkatın da 44 günlük müharibədə ölkəmizə ciddi dəstək verməsi xüsusi qeyd edilməlidir. Qoşulmama Hərəkatı müharibə vaxtı ədalətli mövqe tutdu, ölkəmizin haqq işini müdafiə etdi. Eyni zamanda, Hərəkat həmin günlərdə Ermənistan və onun tərəfdarlarının BMT-də Azərbaycanın əleyhinə qəbul etmək istədikləri qərəzli qətnaməni gündəlikdən çıxarmağa nail oldu. Bu doğrudan da çox böyük nailiyyət idi və Azərbaycanın haqq işinə, mübarizəsinə əvəzedilməz töhfə kimi, mənəvi və siyasi dəstək kimi qiymətləndirilməlidir.
Qoşulmama Hərəkatı istər müharibədən əvvəlki dönəmdə, istərsə də 44 günlük müharibə günlərində Ermənistanın işğalçı, təcavüzkar siyasətinə qarşı həmişə prinsipial mövqe tutub və müvafiq bəyanatlarla çıxış edib. Həmin bəyanatlar Ermənistanın beynəlxalq arenada təcavüzkar dövlət kimi tanıdılmasında və onun həm psixoloji, həm də siyasi mənada təklənməsində olduqca mühüm rol oynadı. Ermənistanın diplomatik-siyasi anlamda məğlubiyyətə uğradılması üçün zəmin yaratdı. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının qələbəmizə verdiyi bütün bu dəstək və töhfələri konfrans iştirakçılarının diqqətinə çatdırmaqla yanaşı, Hərəkat ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini də yüksək qiymətləndirdiyimizi qeyd etdi, Azərbaycanın şanlı Qələbəsini beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsi kimi dəyərləndirdi.
Azərbaycan Prezidenti çıxışında həmçinin xarici diplomatların və jurnalistlərin azad olunmuş ərazilərə müntəzəm səfərlərinin təşkil edildiyini, onların Ermənistanın törətdiyi vəhşilikləri öz gözlərilə görmək üçün real şərait yaradıldığını da vurğuladı. Eyni zamanda, ölkə başçımız bizim şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitabı öz həmkarlarına – dünyanın müxtəlif ölkələrinin, o cümlədən Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də dövlət və hökumət başçılarına göndərəcəyəni bildirdi. Həmin kitabda Azərbaycanın dini və tarixi abidələrinin tamamilə məhv edilməsi faktları da öz əksini tapacaq. Prezidentin bu addımı Ermənistanın bir faşist və vandal dövlət kimi gerçək simasını bütün dünyada ifşa etmək baxımından həqiqətən də əla düşünülüb.
İlham Əliyev bu beynəlxalq konfransda çıxışın verdiyi imkandan istifadə edərək Ermənistanın mina xəritələrini verməkdən boyun qaçırmasının azad olunmuş ərazilərdə yenidənqurma, bərpa işlərinin yubanmasına və məcburi köçkünlərin öz evlərinə qayıdışını ləngitməsinə səbəb olduğunu da diqqətə çatdırdı və qeyd etdi ki, beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin.
Çıxışının sonunda isə dövlət başçımız Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin və əməkdaşlığın daha da gücləndirilməsi, eyni zamanda bütövlükdə dünyada ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində Azərbaycanın sədr ölkə olaraq bundan sonra da əlindən gələni əsirgəməyəcəyini xüsusi olaraq vurğuladı. İlham Əliyevin bu çıxışı kifayət qədər uğurlu çıxış idi. Bu çıxış İlham Əliyevin diplomatik məharətini və siyasi lider keyfiyyətlərini təcəssüm etdirir. Zaman göstərdi ki, İlham Əliyev dünyanın iki ən mötəbər təşkilatından biri olan Qoşulmama Hərəkatının üzvü və sədri olmağın verdiyi imkanlardan Azərbaycanın maraq və mənafeləri üçün düzgün yararlanmağı bacaran liderdir. Hesab edirəm ki, vaxtilə Qoşulmama Hərəkatına üzv olmağımızı qınayanlar, buna dodaq büzənlər indi kimin haqlı çıxdığını etiraf etməlidirlər.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: