Puşkinin bəzi Azərbaycan alimlərinə o dünyadan məktubu

Əziz Azərbaycan alimləri, yaxşı bilirəm ki, yazıçılar çörəkverən bir tayfa. Onların əksəriyyəti sağlıqlarında lüt-əccə olsalar da, öləndən sonra gələcək nəsillərin əbədi çörək ağacına çevrilməkdə. Nə qədər adam onların bədii irsi üzərində dissertasiyalar yazaraq elmlər namizədi, elmlər doktoru olmaqda.

Ondandır ki, təkcə sizin Azərbaycanda deyil, elə bütün dünyada ədəbiyyatşünaslığın həcmi ədəbiyyatın həcmindən yüz dəfələrlə artıq.

Hərçənd, bu dəqiqə gorumda qurdalanmaqdayam ki, bu dissertasiyalar çoxmu lazım? Bu dissertasiyalarçün götürdüyünüz mövzular çoxmu vacib? Bu dissertasiyalar nəyə yararlı? Bu dissertasiyaları oxuyan varmı?

Gorum haqqı, təkcə bu dissertasiyaların mövzularıyla tanışlıq kifayətdir ki, burda infarkt keçirib sizin dünyaya köçəsən. Vay dədəə, o dissertantlar biz yazıq yazıçıların başına bu günədək day nə oyun qalıb ki, açmasınlar.

Məsələn, sağlığımda bilsəydim ki, nə vaxtsa sizin Xanımağa xanım mənim yaradıcılığım üzərində “Güzgü simmetriyası Puşkinin şeirlərində estetik-semantik təzahür kimi” adlı elmi iş yazıb alim olacaq, Dantesə atdığım gülləni öz başıma çaxardım.

Heç onu da bilmirdim ki, “Puşkinin dilində fransız elementlərinin kəmiyyət-keyfiyyət xarakteristkası” adlı dissertasiyaya görə Əlifağa müəllimə ona görə doktorluq dərəcəsi verəcəklər ki, o, sadəcə, oturub mənim yazdığım məktublarda işlətdiyim fransız sözlərini sayıb.

Hələ bu toyagedəsidir. Məsələn, Təvəkkül müəllimin həmin məktublarda “fransız sözlərindən istifadənin kommunikativ şərtləri”ni “araşdırdığına” görə elçiliyəgedəsi hörmətli bir alim olacağını isə heç təsəvvür də eləməzdim.

Qardaşlar, day bezdirmisiniz məni, day başdaşım əriyir, day qəbrim damır, ay sizə qurban olum, “Puşkin yaradıcılığında önşəkilçili feillər” mövzusunda “elmi işi” neynirsiz axı?! Təsəvvür eləyəndə ki, bu işə görə sizin hansısa ağsaqqal bir müəlliminiz özünü oda-közə vurur, əlini başa-dizə vurur, aylarla “araşdırma” aparır, neçə-neçə komissiyadan keçir, neçə-neçə sənədləşmə mərhələsini adlayır, neçə-neçə yekə-yekə alimin qarşısında o dissertasiyanı müdafiə eləyir, müdafiədən sonra xeyli xərc çəkib banket-zad verir, mən burda gülməkdən ölürəm.

Vallahi-billahi ölürəm, vallahi-billahi, məni burda da qoymursuz yaşamağa.

“Puşkinin poetik qnoseologiyasında yol fenomeni”, “Puşkin lirikasında məkanın dinamik aspekti: leytmotiv poetika”, “Puşkin yaradıcılığının antropoloji əsasları: mimetik aspekt” kimi əndrabadi şeyləri hardan tapıb uydurursunuz, məttələm.

Əşi, Boq haqqı, mən yazanda dinamika-filan, mimetika-fəşməkan, leytmotiv-zad hərləməmişəm. Ay qardaşlar, mən hara, aspekt hara? Şeir hara, antropoloji determinasiya hara?!

Mən oturub sevdiyim qıza ən saf, ən duyğusal, ən sadə, ən mərhəm hisslərimi yazmışam, sizsə özünüzdən hoqqa çıxarıb o şeirlərdə “konseptual-poetik invariantlıq”, “antroposof diskurs” axtarıb “tapırsız”.

Ürəyim doludur, amma burda vaxt azlığı imkan vermir ki, çox yazım. Sizin dünyadan fərqli olaraq, burada zaman sürətlə keçir. Ona görə də məktubumu bir xahişlə bitirmək istəyirəm:

Motiviatik retrostruktur tendensyalara transformasiya olub mənim yaradıcılığımdakı neoorqanizik meyillərin motivizasiyasndakı inoplanetyar konstruksiyaları assimmetrik dəyərləndirməyin. Sizə can sağlığı və həyatda depozisyon kontekst prizmasından hipersentrik-monopsevdotematik zaman daxilində komprovastika təzahürlərinə adaptik olan kosmoqonik uğurlar arzulayıram.

Salam SARVAN

Share: