Dünya yumurtadı, ağı sən, gözəl… – İdris Babayev

EYLƏR
 
Dünya yumurtadı, ağı sən, gözəl,
Bağrımı ayrılıq ağrısı teylər.
Allahın əlində çətin nə var ki!?
İstəsə məni də sarısı eylər.
İlk eşqdən yazanda mən sətir- sətir,
Sevincdən əllərim əsirdi tir- tir.
İndi saysam əyər telini bir- bir,
Cəmi dərdlərimin yarısı eylər.
İdrisəm, halal et, xətrinə dəydim,
Sən qal, yaşa hələ, mən isə gedim,
Yüz il sonra səni, mənim saf eşqim,
Dünyanın ən gözəl qarısı eylər.
…02.06.21.
 
 
YANMAZ TELLƏRİNDƏ ƏLİMİN İZİ
 
Mən sağa gedərəm, sən isə sola,
Fələk ayıranda son anda bizi.
Cəhənnəm odunda alışıb yansan,
Yanmaz tellərində əlimin izi.)
 
Şansı vermə əldən sən bilə-bilə,
Günahdan çıxmağa zaman var hələ,
Əl aç Yaradandan mərhəmət dilə,
Bəlkə bağışladı, səntək ”dinsiz”i.
Axtar nicatını, axtar tövbədə,
Baxma günahkarlar çoxdu növbədə,
Ya burda növbə tut, ya da Kəbədə,
Ziyarət eylə sən hər gün İdrisi.
 
 
SINDIRMA MƏNİ
 
Gözünü çək gözlərimdən,
Yolumdan sapdırma məni.
Yaxın gəlmə..Sinən vulkan,
Bu yaşda yandırma məni.
 
Aludə olma tərifə,
Yumağ vermə mən ”hərif”ə
Bir işarə bəs arifə,
Söz ilə qandırma məni.
Gah neyəm, gah tar simiyəm,
Dalğaya düçar gəmiyəm,
Məcnun yox, oxşar kimiyəm,
Leyli ol, sındırma məni.
İdris Babayev
Müstəqil.Az 
Share: