Türk Kitabı. Unudulan Tarix… – Minə xanım Nuriyeva – Təkləli

(davamı. V təqdimat)

Müstəqil.Az tanınmış türkoloq, filologiya elmləri doktoru, professor Minə xanım Nuriyeva-Təkləlinin Rusiya ərazisindəki tarixi türk şəhərlərindən dolğun məlumat verən “Türk Kitabı. Unudulan Tarix…” kitabının hissə-hissə davamlı olaraq byayınına başlayır.

  Kitabda tarixən Türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də indi digər respublikaların hüdudları içərisində qalan ulu Türk torpaqlarında bir neçə yüz illər boyunca    adı dəyişdirilən, başqa yad adlarla əvəz edilən əski Türk məskənlərindən bəhs edilir. Əldə olunan nəticələr vasitəsilə Altaylardan Balkanlara və Cənubi Qafqazlaradək olan əzəli Türk torpaqlarının həqiqi mənzərəsi əks olunur

AXALTSİXE Dədəm Korkutun dastan şehri AK SAKA/ Ahıska.

Ak Saka (yerli Türklər öz şəhərlərində Ahıska (Akıska deyirlər) Ədirnə sülhünün (1829) ağır şərtlərinə görə 25 bölgə ilə birlikdə Osmanlı idarəsindən çıxarılmaqla Rusiya imperiyasına keçdi. Bu ərazilər Gürcüstan Respublikası yarandıqda isə onun tərkibinə daxil oldu. Vilayət mərkəzi Ahıska(Ak Saka) olan Cıldır əyalətinə daxil olan Ardanıc, Artvin, Şavşat, Borçka, Yusif Eli isə milli hüdudlar içərisində qaldı. Ahıska Ak Saka adı ilə Dədə Qorqud dastanlarında bəhs olunan qədim yer adlarındandır: Məgər Başı Açuq Tatyan qələsindən, Aq Səqa qələsindən kafərin casusu vardı… Daha sonrakı tarix səhifələrində ondan X-XI əsrlərə aid qala kimi bəhs olunur(1,458). Bir də yeri gəlmişkən qeyd edək ki, mətndə adı çəkilən “Başı Açuq” indiki Kutaisi ərazisinin Şərq mənbələrində rast gəlinən adıdır. Budur, XI yüzillikdə Ak Saka-Cıldır mahalı Böyük Səlcuqlu dövlətinin tərkibindədir. 13-cü əsrdə isə Cənub-Qərbi Qafqazla birgə Çingiz xan və İlxanilər dövlətinə məxsusdur; 14-cü əsrdən bu yerlərdə Çobanilər, Cəlayirilər, Qaraqoyunlular hakimiyyət sürür. 15-ci əsrin axırlarından Ak Saka Osmanlı dövlətinin tərkibindədir; bu zamandan etibarən Azqur, Altunqala, İdə, Koblıyan, Qüzey, Güney və s. kimi 14 sancaqdan ibarət olan Ak Saka paşalığı güclü vilayətə çevrilir; möhkəm qalalar, məscidlər tikilir(2, 209). Səyahəti əsnasında Ak Sakadan keçən Övliya Çələbi yalçın qaya üzərində daşdan yonulmuş “Ahiska qalası”ndan danışır.1828-ci ilin avqust ayının 16-da Sərəsgər Köse (Kosa) Mehmed paşanın komandanlığı altında türklərin igidcəsinə müqavimətinə baxmayaraq general Paskeviç qalanı alır. Savaş xatirələrindən anlaşıldığına görə Rusların əlinə keçdikdə üstündən dumanlar yüksələn bir xaraba halına gəlmişdir. Bu hücumda polkovnik Borodinin başçılığı altında vuruşan Şirvan alayı xüsusən fərqlənir.

Qalanın idarəsi general Valeriyan (aslı: Rustam) Bebutova tapşırılır. Lakin məşhur Acarlı Əhməd Paşa qalanın itirilməsi ilə barışa bilmir və qalaya hücuma keçir. General Burtsev tələsik köməyə gəlməsilə  qala mühasirədən yalnız martda çıxa bilir. Bu vaxtdan başlayaraq Türkiyə ilə mənəvi bağları qırmaq məqsədilə bu şəhərə Ərzurum bölgəsindən ermənilər köçürülür; bununla dərhal əhalinin tərkibi ermənilərin xeyrinə dəyişir. Ermənilər həmən Rus ordusuna əsgər yazılır, döyüşə atılırdılar. Tezliklə sakinlərin 10-dan 8-ni ermənilər təşkil edir. Belə ki, bundan 25 il sonra Kırım müharibəsi zamanı qalanın müdafiəsi hətta general erməni Andronikova həvalə olunur(3, 527). Hazırda Türklərdən “təmizlənən” 20 minlik şəhərin  əhalisinin əksəriyyətini ermənilər təşkil edir.  Ak Sakanın gözəl təbiəti vardır; bağları-bağçaları ilə məşhurdur. Şəhərin yaxınlığında (25 km.) Abaz Tuban kurortu (İndi Abastumani), Səfər yaylağı yerləşir. Səfər yaylağında vaxtilə şəhərin hakimləri olan atabəylərin bağları və sarayları var idi. Bu yaylaqlar Urabal çayı (Kür hövzəsi) üstündədir. İndi bu səfalı yaylaqlara can verən Urabal çayının adı dəyişdirilmişdir, çayın yeni gürcü adı Potskovi-Skali adlanır. Ak Saka ərazilərində qiymətli mineral yataqları vardır; əqiq çıxarılır. Azərbaycan milli mətbuat tarixində mühüm yeri olan “Molla Nəsrəddin” jurnalını Mirzə Cəlillə birlikdə nəşr edən Ömər Faiq Nemanzadənin vətənidir. O həm də 1918-ci ilin martında “İstiqlal komitəsi”nin üzvü olmuş, Nağı Şeyxzamanlı ilə məhz o Qafqaz türklərinə yardım üçün Türkiyəyə diplomatik  görüşə göndərilmişdir. 1944-cü ildə Ahıska türkləri deportasiya edilmiş, digər sürgün olunan xalqların geriyə – vətənə  dönməsinə icazə verilsə də Ahıskalıları bundan məhrum etmişlər. Son illərdə “Rabat” adlanan qədim qala restovrə edilmiş, Ahıska turist marağına səbəb olan bir şəhərə çevrilmişdir.  İndi şəhərin möhtəşəm qala divarlari və  Əhmədiyyə camesinin uzaqdan parlayan gümbəzi Ahıskanın əziz keçmişindən xəbər verməkdədir.

Ədəbiyyat

  1. БСЭ т. 2. С. 458.
  2. Fahrettin Kırzıoğlu. Osmanlıların Kafkaz ellerinin fethi (1451-1590), Ankara,1998 Энциклопедический словарь Брокгауз и Ефрона, СП- б, 1898, т.2, с.527.

 

Share: