Get məzar üstünə, gizlincə çiçək qoy, dua et…

Səxavət TALIBLInın yeni qəzəlləri

Səvirəm söyləmişəm də, qara qalmış ürəyində,
Verdiyim tər gül əlində, o da solmuş ürəyində.
Nə qədər oxşasam azmış, sənə qurbanmı gedim mən?
Dedi;- göstər əməlində, o da varmış ürəyində.
Gözümü qan da tutub, dan sökülən dəryama dön, bax,
Üzürəm qan dolu göldə, ora yolmuş ürəyində.
Xoş könül ağrısı tutmuş, o, təbibə nə desin bəs?
Ərz edib güldü təbib də, dedi;- xalmış ürəyində.
Qəlbinə girdi ilantək burulub yatdı Səxavət,
Zəhəri baldı dilində, onu çalmış ürəyində.
**********
Sənmisən, ey dilrübam, ey bəxti varım, sənmisən?
Ey çiçək üzlü nigarım, ilk baharım, sənmisən?
Küllü-aləm dərk edib çöhrəndəki nəqqaşini,
Ey təbiət incisi, cənnət nübarım, sənmisən?
Gör, mələklərdən belə Tanrı ayırmış adəmi,
Həvva Adəm gövhəri, tək yadigarım, sənmisən?
Ay, Günəş görsün deyə enmiş bu aləm səcdənə,
Səcdəgahım, Qibləgahım, ey nigarım, sənmisən?
Mən əminəm, qoy deyim, səndə Züleyxa eşqi var,
A Züleyxa bənzərim, can iftixarim, sənmisən?
Hər dəfə köksün sıxıb, basdı Səxavət bağrina:
-Sol, ürək hissəm, vicudum, tənbə yarim, sənmisən?
********
Bilməz idim yaraşar bax, bu qədər qəm gözünə,
Meyxoş oldum baxıb o mey dolu cüt cam gözünə.
Qırpmasa kipriyini tez-tez əgər, halımı gör,
Baxmaq olmaz ki, yaxından alışan şəm gözünə.
Yaxmısan üz-gözünü, baxma, yazıqsan dedilər,
Ondan özgə nə dəva var, ola məlhəm gözünə?
Kaş, saçından qopa bir tel, düşə der çöhrəsinə,
Yol alım Kərbibəla, Kəbəyə, Məkkəm gözünə
Gör, o sönmüş baxışından bu Səxavət nə umur?
Neyləsin “Kərbibalan”, “Məkkən” o nakəm gözünə?.
********
Uçacaq bir gün əlindən, xəbərin olmayacaq,
Köçəcək, sənlə olan xatirələr qalmayacaq.
Çox güman eyləmə ondan sora dünyan düzələ,
O qopan yerdə o dünyan yeri heç dolmayacaq.
Möhrünü vurmuş o, sən öz canının qədrini bil,
Köç edərsənsə səni kimsə yada salmayacaq.
Get məzar üstünə, gizlincə çiçək qoy, dua et,
O məzar üstü bir özgə çiçəyi almayacaq.
Bu Səxavət hələ ölməzdən əzəl yarə demiş,
Mən sevən əldə gələn heç bi çiçək solmayacaq.
Share: