Kütlə insanı – Bədxassəli sosial şiş

 

Narsis anasının qisasını insanlığın zərif kəsimindən fəlsəfi antropologiyanın acı diliylə alan Şopenhauerin (yazıçı anası onu yeniyetmə vaxtı evdən qovarkən pilləkəndən itələyib şil-küt etmişdi ki, bir evdə iki dahi olmaz) qadınlar haqqında dediyi “qadın üçün hər şey şəxsi və müvəqqətidir” psixodiaqnozunu nöqtəsinə, vergülünə toxunmadan kütlə insanına da aid etmək olar:

Kütlə insanı üçün hər şey şəxsi və müvəqqətidir!

Qustav le Bonn irqçi, Orteqa-i Qasset sağçı olduqları üçün topa tutduqları kütləni irqi və sinfi düşmənlərinin yerində görə bilərdilər. Amma ta Sokratın səs çoxluğu ilə ölümə göndərilməsindən, Pifaqorun tələbələri ilə birlikdə öz məktəbində diri-diri yandırılmasından, Platonu gənclərə öyrətdiyi üçün İsgəndəriyyəli Hipatiyanın küçədə daş-qalaq edilməsindən tutmuş keçən əsrin ortalarında ABŞ-da kütlələri coşduran “Makkartizm inkivizisiyası”na qədər tarixin bütün dövrlərində kütlənin ani doğuşları bizə bunu deməyə imkan verir:

Kütlə ölümsüzdür!

Qasset kütlə insanını “sivilizasiya tarixinin səhnəsində avaralanan ibtidai insan” adlandırır. O, çiy ət dövründə kim idisə, qamburger dövründə də həmin adamdır. Bütün məhv olan sivilizasiyaların dağıntılarının altından yalnız o, sağ çıxıb – kütlə insanı. Onun, le Bonnun dediyi kimi, fərdi deyil, kollektiv ruh daşıyıcısı olmasının səbəbi də ibtidai insan olmasıdır. O, həmişə hücum vəziyyətindədir.

Alman filosofu Vilhelm Humboldt hələ XIX əsrin əvvəllərində yazırdı ki, bir cəmiyyətdə insanların sağlam mənəviyyata yiyələnməsi üçün “mühit rəngarəngliyi” vacib şərtdir. Doğrudan da, ətrafımızda kütlə insanını təmsil edən adamların davranışlarına Humboldtın gözləri ilə baxsaq, onun, yəni kütlə insanının əsl anasının monoton mühit, birxətli düşüncə olduğunu görəcəyik. Buna görə də bütün dini, siyasi ideologiyalar, hətta günümüzün sənət cərəyanları, futbol komandaları belə öz kütlələrini yaratmaq üçün özlərini seçilmiş kəlmələrlə, simvollarla, rənglərlə, bayraqlarla monotonlaşdırırlar. Əlamut xaşxaşilərdən tutmuş LGBT neoliberalçılarına qədər bütün ideoloji doktrinlər əvvəlcə öz üzvlərinin gözlərini alternativlərə bağlayan monoton mühitlərini yaratdılar. Bu bir mafiya qaunudur. İş başında olan kütlə də bir mafiyadır. O, çoxlu əlləri, çoxlu ağızları, çoxlu ayaqları olan bir nəfərdir!

Kütlə insanı (adından da göründüyü kimi) cəm halda canlıdır. Təklik onun ölü vəziyyətidir. Ona görə də o, həmişə ətrafında tərəfdar, özünə bab olan birilərini axtarır. Bu mənada onu vücudda yaranan xərçəng hüceyrəsi ilə eyniləşdirmək olar. Kütlə insanı da, bir növ, bədxassəli sosial şişdir. Xərçəng hüceyrələri bədəndə sağlam hüceyrələrin yerini zəbt edib onları sıxışdıraraq məhv etdiyi kimi, kütlə insanı da cəmiyyətdə  güc topladıqca sağlam düşüncəli insanlara hücum edib onları yox etməyə çalışır.

Kütlə insanı bəşərin sıfır səviyyəsi deyil, o, konkret hədəf üzərinə qısqırdıldıqda öz yırtıcı xisləti ilə tarixdə iştirak etdiyini, tarixi proseslərdə tərəflərdən biri olduğunu düşünür. Amma dişinin qanı qurumamış tarix onu unudur, yaxud tutduğu əmələ görə qınayır, hətta cəzalandırır. Günah həmişə kütlə insanının boynunda qalır. O, özünü beşikdən məzara qədər lənətlənmiş məxluq olaraq görür. 2500 ildir onu Sokratın ölümünə görə söyürlər, Pifaqorun diri-diri yandırılımasına görə lənətləyirlər, 1600 ildir ki, İsgəndəriyyəli qadın filosof Hipatiyanı saçından sürüyərək küçədə daş-qalaq edib öldürdüyü üçün onun üzünə tüpürürlər, o, yeddi əsrdir “cadugər” deyib cumduğu Janna Darkın başından dişləri ilə qopardığı kirli saçları ağzından təmizləyə bilmir, iki yüz ildir ki, hər gecə Seyyid Əzim onun yuxusuna girib üzünə itin sözünü deyir, ayaq altında qalarkən pırtlayıb çıxmış müdrik gözləri ilə…

Amma bütün bunların heç bir faydası yoxdur. Çünki ona mənəviyyat hesab etdiyi şeyi verənlər, əvvəlcə ondan əxlaqını alırlar.

Tarixdəki bütün bu epizodik “xidmətlərinə” baxmayaraq, yer üzündən birinci onun qəbri silinir – kütlə insanının! Tarix onu yox, onun təhqir etdiklərini dəyərə çevirir. Əslində, kütlə insanının kini tarixə qarşıdır, o, bütün sui-qəsdlərində onu “kullanıb” “pulunu verməyən” tarixdən qisas alır.
Kütlə insanı tarixin düşmənidir! Çünki o, bütün tarix boynca yalnız “indiki zamanı” təmsil edir. Ona verilən rol bütün zamanlarda epizodikdir: İndi və Burada! Vəssəlam!

Tarixin bir parçası ola bilməməyin verdiyi rəddedilmişlik duyğusu kütlə insanında şəxsiyyət böhranına səbəb olur. Tarix qarşısında “heçkim” olduğunu başa düşmək onda şəxsiyyət anlayışına qarşı nifrət və qəzəb yaradır. Onun şəxsiyyəti görən gözü yoxdur! Onun şüuru ətrafda baş verənləri şəxsi təhqir kimi qəbul edir. Çünki o, ətrafına ancaq söyüş, caynaq, tüpürcək kimi lazım olduğunun fərqindədir. Onun şəxsiyyəti tarixi bir dəyərə atdığı daşdan ibarətdir. Varlığı tüpürcəklə eyniləşdirilimiş insan hansı insani duyğularla yaşaya bilər ki? Ona görə kütlə insanı şüurlu, düşünülmüş şəklidə pusqu qurub hədəf axtarır. Bu hədəfin kim və nə olması onu maraqlandırmır, yetər ki, tarixi əhəmiyyəti olan bir şey olsun. Onun sıravilərlə işi yoxdur. Bu heyvərəliyinə görə ona özünün inandığı bütləri dağıtdırmadılarmı?

Heyvandan fərqli olaraq insan həm də tarixi varlıqdır, o, şüurlu şəkildə həm də içində yaşadığı tarix tərəfindən dəyərləndirilmək istəyir, günlük həyatda olduğu kimi, tarixdə də özünütəsdiqə can atır. Bu baş vermədikdə bəzi insanlar bir guşəyə çəkilib ruhaniləşdikləri kimi, bəziləri də ortaya atılıb heyvaniləşirlər. İkincilərdə, yəni onu seçməyən tarixdən qisas almaq üçün kütlə insanı olmağa çırmalanmış olanlarda tarixə qarşı kölə kini baş qaldırır. Onlar bu herostratik aşağılanmanın intiqamını tarixdən və tarixə çevrilməkdə olanlardan almaq üçün vurnuxurlar; bundan ötrü ətraflarında tarixi təmsil edən hər şeyə – heykələ, yazıcıya, siyasətçiyə, filosofa və s. hücum edir, əllərinə bir şey keçməyəndə də, məsələn, gedib Artemida məbədini yandırırlar, yaxud tarix ola biləcək hər şeyə burunlarının kirini yaxmaqla öz aləmlərində tarixi prosesə öz  varlıqlarının möhürünü vururlar.

Bir cəmiyyətdə bu cür insanların sayının çox olması fəlakətdir. Çünki kütlə insanında bilginin yeri boşdur, hansı bilgini istəsəniz ona yeridə bilərsən. Kütlə insanında əqidənin yeri boşdur, hansı əqidəni istəsəniz ona sırıya bilərsiniz. Ən dəhşətlisi, kütlə insanında inancın yeri boşdur, hansı allahı istəsəniz ona inandıra bilərsiniz!

Kütlə insanı bir cəmiyyəti parçalamaq üçün hazır minadır. Parçalanmış cəmiyyətlər isə bəzən əbədi düşmənlər olan tərəflərə çevrilirlər. Biz bunu Roma tarixindən bilirik. Qədim Romanın dağılmasının bir neçə səbəbindən biri kimi bu cür parçalanmanı göstərirlər. Tarixçilərə görə, Roma süquta doğru irəliləyəndə bu imperatorluqda hakim siniflər klassik tanrılara inanırdılar, ordu və generallar perslərin Mitrasına tapınırdılar, yoxsullar və kölələr isə İsaya sitayiş edirdilər. Yoxsullar və kölələr qalib gəldilər və Roma (indiki Avropa) min illik “Qaranlıq çağ”a daxil oldu. Heç bir cəmiyyət bu cür parçalanmadan sığortalanmayıb. Çünki:

Kütlə ölümsüzdür!

Ona, sadəcə, qığılcım lazımdır. Keçən əsrin 50-ci illərində dünyanın ən modern dövləti və cəmiyyəti Amerikada yaşanan və adına “Makkartizm” deyilən bir prosesi buna misal göstərmək olar. ABŞ senatının Cozef Mak Karti adlı senatoru ölkədəki sovet casuslarını ifşa etmək üçün bir komissiya yaradıb ölkədə “kommunist”, “rus agenti” damğası vurduğu adamları “ovlamağa” başladı. Bu adam eynən 1780-ci ildə “Azadlıq Müharibəsi” zamanı ABŞ-ın Virciniya ştatında “ingilis tərəfdarı” adı ilə istədiyi adamı kütlənin əli ilə linç etdirən polkovnik Çarlz Linçin reinkarnasiyası idi. Mak Karti də 1950-ci illərdə media vasitəsilə yönəltdiyi “vətənpərvər” kütlələrin dəstəyi ilə ABŞ-da istədiyi adamı sovetlərə işləməkdə suçlayıb həbsxanalara, hətta elektrik stuluna göndərə bilirdi. Faktiki Amerika kimi modern bir cəmiyyəti bir-birinə nifrət edən iki qədim kütləyə – vətənsevərlərə və xainlərə – bölə bilmişdi. Cəmi dörd il çəkən bu modern “cadugər ovu” mediativ kütlənin dəstəyi ilə minlərlə insanın taleyini məhv etdi.

Çünki o, ölümsüz kütlə həmişə olduğu kimi qurban tələb edirdi. Qurbanın kimliyi isə onu maraqlandırmırdı; günahlı, günahsız, canlı, cansız, insan-heyvan, onun üçün heç fərqi yox idi.

…Fərqi yox idi, deyirəm, ona görə ki, əlimdə tarixi fakt var. Osmanlı tarixində “Meymunların edamı” adlandırılan bir hadisəni, yəqin ki, bəzi oxucularımız xatırlayacaq. Sultan III Mahmudun dönəmində Şimalı Afrikanı müstəmləkələşdirən Osmanlılar özləri ilə İstanbula bir xeyli meymun da gətirmişdilər ki, bu meymunlar əvvəlcə donanma gəmilərində dor ağacının başından müşahidə aparmaq üçün öyrədilirdi. Daha sonra meymunlar İstanbulun varlı evlərinin də “bəzəyi” oldular və şəhərin bir çox yerində meymun dükanları açıldı. Dövlət rəhbərliyində din işlərinə baxan Molla Əbdülkərim Əfəndinin lap siftədən bu meymunlardan gözü su içməmişdi. Onları İstanbuldan rədd etmək üçün tutarlı bir səbəb və fürsət axtarırdı. Elə bir səbəb ki, kütlənin qanını coşdursun. Nəhayət, bir gün cümə namazındakı xütbəsində söhbəti meymunlara gətirib evlərdə qadınlarla meymunların çıxardığı pis-pis hoqqalardan danışdı. Meymunların oynaş olduğunu eşidincə kütlə kükürədi, “meymunlara ölüm” deyə küçələrə axışdı. Əbdülkərim Əfəndinin şəxsən başçılıq etdiyi kütlə meymun satılan dükanlara axışdı, meymun gördükləri balkonlara dırmaşdı. Ələ keçirdiyi “oynaş” meymunların boğazına kəndir dolayıb asa bildiyi hər yerdən asdı. İstanbulda bir meymun qətliamı yaşandı.

Tarix bu cür hadisələrlə zəngindir. Çünki kütlə insanında məqsədin də yeri boşdu, oraya istədiyiniz məqsədi yükləyib, müqəddəsləşdirə, yaxud hədəfə çevirə bilərsiniz.

Çünki kütlə insanında, ümumiyyətlə, insanın yeri boşdur…

Share: