4 adamı çəngəllə vuran Sarı həbsdən necə xilas oldu

Faiq BALABƏYLİNİN “Türmə əhvalatları” layihəsində

Sarı ilə Bayılda tanış olmuşduq. “Sarı” onun ləqəbi idi və bu adı o özü ilə çöldən içəri gətirmişdi, elə çölə də bu adla çıxdı. İndi də onun əsl adının nə olduğunu bilmirəm. Baxmayaraq ki, dustaq həyatına çoxdan əlvida demişik, dəfələrlə görüşmüşük, qonağı olmuşam, qonağım olub, oğlunun toyunda iştirak etmişəm, amma həmişə onu “Sarı” deyə çağırmışam…

Onu içəridən çıxarmasaq, kişi deyilik

Sarı Bərdədə yaşayır. Rayon mərkəzinə yaxın bir kənddə doğulub. Bərdədəki kolxoz bazarında tərəvəzin topdan satışına nəzarət edir. Kəndlərdən bazara məhsulunu gətirib topdan satmaq istəyənlər Sarını görür, alveri onunla edirlər. Mal sahibləri yüklərini ona təhvil verib, çayxanalara çəkilir və bir müddətdən sonra gəlib pullarını alıb gedirlər. Bir növ, Sarı özünün monopoliyasını yaradıb.

Sarının həbs olunması heç də işi ilə bağlı olmayıb. O, dava-dalaş üstündə və bir neçə nəfəri çəngəllə vurduğuna görə həbs olunmuşdu. Bayıldakı hücrədə həmişə kefi kök görünərdi. Arxayın idi ki, tez bir zamanda azad olunacaq. Məhkəməni gözləyirdi. Deyirdi ki, vurduğum adamlar sözü bir yerə qoyublar ki, onu içəridən çıxarmasaq, kişi deyilik. Zərərçəkənlər Bərdəyə toya gələn ağdamlı bazar adamları imiş.

Sarının hücrədəki dustaqlar arasında da özünəməxsus yeri, hörməti vardı. 3-cü korpusun 96-cı hücrəsində 30-a yaxın dustaq olurdu. Mən bu hücrəyə özüm xahiş edib gəlmişdim. Həmyerlim, jurnalist Elşad Mehdizadə bu kamerada idi. Lakin burada çox az qaldım. Daha rahat və sakit hücrəyə dəyişdirildim. Lakin bu az müddətdə də Sarı ilə dostluq etməyə imkan tapıldı. Mənim o hücrəni tərk edib daha 6-cı korpusun 105-ci hücrəsinə getdiyim gün o da sonuncu dəfə məhkəməyə aparıldı və elə məhkəmə zalından da azadlığa çıxdı. O, cəmi 3 ay dustaq həyatı yaşadı.

Bəs onu Bayıla gətirib çıxaran dava nəyə görə olmuşdu, niyə onun çəngəllədiyi adamlar Sarının həbsdən çıxarılması üçün bütün güclərini səfərbər edibmiş, burada nə sirr vardı?

Qanı axa-axa getdilər xəstəxanaya

Bir dəfə gəzinti zamanı onun özündən soruşdum.

– Sən bilmirsən? – təəccüblə dedi: – Bunu burda hamı bilir…

Sonra da gəzinti yerində kölgəlik tapıb diz-dizə çöməldik. Hadisənin baş verməsi anını danışdı. Görünür, dəfələrlə söhbət etmişdi:

– Dost toyu idi. Toyu olan bazar işçisi idi, elə qonaqların da əksəriyyəti bazarda oturanlar idi. Yaxşıca yedik-içdik. Qonaqlar çox idi. Qonşu rayonlardan gələnlər də az deyildi. Biz yerlilər şərait yaradırdıq ki, qonaqlar danışsın, oynasın, sağlıq desin və sair. İçkinin təsirindən hərəkətlərinə nəzarət edə bilməyənlər də vardı. Bir neçə qonaq daha tez-tez mahnıları dəyişir, söz deyir, özünü urvatsız aparırdı. Ehmalca onlara yaxınlaşıb, hərəkətlərinə fikir vermələrini xahiş etdik. Başa düşmək istəmədilər. Hətta biri cibindən bıçaq çıxarıb, “Nə demək istəyirsiz, alə, içinizdə bir kişi var, nə gözünüzü döyürsüz?” – dedi.

Yanımda duran dostları sakitləşdirdim. “İşiniz olmasın, sərxoşdular”, – dedim. Amma onlar bir az da həyasızlıq etdilər, başladılar gülüb siqaretin tüstüsünü üzümüzə piləməyə, dedim, çıxın çölə, indi gəlirəm. Dedilər, yox, elə sözünü burda de. Dedim, bayırda deyəcəm. Çıxdılar. Mən də bir çəngəl götürüb çıxdım. Dəhlizdə cumdular üstümə. Birincini yumruqla, ikincini kəllə ilə vurdum, mal peyini kimi “lap” edib dəydilər yerə. Daha iki nəfərdən birinin əlində bıçaq vardı. Cibimdən çəngəli götürüb soxdum bunun baldırına. Qışqırdı, çökdü aşağı, dördüncünün də yumşaq yerinə bir dənə çəngəl vurub, dedim, sizin bəxtiniz gətirdi ki, toyda qarşılaşdıq, yoxsa sizi bilirəm nə edərdim. Bunlar qanı axa-axa gediblər xəstəxanaya. Xəstəxanadan polisə müraciət ediblər, polis də gəldi şadlıq evinə, kim edib, necə olub, kameraya baxıblar – görüblər mənəm. Yaxınlaşdılar ki, bəs bizimlə gedək, dedim ayıbdır, toy başa çatsın, gələrəm.

Nə isə razı olmadılar, mübahisə etmədim, getdik. İndi o uşaqlar özü hakimlə dil tapıblar, günahın onlarda olduğunu deyiblər. Mənə məhkəmə cəmi 3 ay iş verəcək. 3 gündən sonra məhkəməmdir. 3 ay iş yatdığım günlə baş-başa olduğuna görə də çölə çıxacam.

Elə də oldu. Sarı bu vaxta qədər olan məhkəməsindən də bəhs etdi:

– Demək, məhkəmə vaxtı vurduğum adamlardan biri dedi ki, möhtərəm hakim, Sarıda heç bir günah yoxdur, xahiş edirik, nəzərə alasınız ki, onu biz o həddə çatdırmışıq, əslində o özünü müdafiə edirdi. Sübut kimi də göstərdi ki, bəs, bizdən qabaqkıları yumruqla, kəllə ilə vurdu, bizdə bıçaq gördükdə çəngəl götürdü. Hakim mənə müraciətlə dedi ki, deyilənlər düzdü? Dedim, hə. Dedi, yox, sənin əvvəldən məqsədin olub ki, onları çəngəllə vurasan, ona görə də çəngəli götürüb cibinə qoymusan. Dedim, xeyr, çəngəl özümündür, həmişə cibimdə gəzdirirəm, başqa çəngəllə yemək yemirəm ki, mikrob keçər, götürürdümsə, elə bıçaq götürərdim də…

Yazıqlar burada pis əməllər öyrənəcək

Sarı bunları deyib ləzzətlə güldü:

– Şair, mənə inamın yoxdur, tanımırsan, Allah haqqı, hakim ləzzətli oğlan idi, nə kefinə, ağdamlılar ayağına xahişə getmişdi, bığının altından keçmişdi, bu tərəfdən də şikayət yox, mən də özümü müdafiə-zad… Mənə bir də Sarı deyəndə hakim ləzzətlə gülüb “Bunların Sarısı belədir, görəsən, Qaraları nə rəngdə olar?” – dedi…

Həftənin 2-ci, bir də 5-ci günlərində Bayıldan cəzaçəkmə müəssisələrinə dustaqlar etap olunurdu. Hücrədə bunu bir bayram əhvali-ruhiyyəsi kimi qeyd edirdilər. Hər halda azadlığa tərəf daha bir gediş idi. Həm də istintaq altında, məhkəmə gedişində çəkilən iztirablara da son qoyulurdu. Dustaq artıq ona verilən cəzanı çəkməklə məşğul olacaq, həm də bir az genişlikdə yaşayacaqdı. Hücrələrdən çıxmaq özü elə bir növ, azadlıqda olmaq demək idi. Buna görə də zona gedəcək dustaq üçün “provod” təşkil olunurdu. Sarı bu tədbirlərin aparıcısı idi. Plastik su qablarına meyvə şirələri süzülürdü, sağlıqlar deyilirdi. İkinci-üçüncü “badədən” sonra özünü doğrudan da kef məclisində hiss edirdin, dustaqların bəzisi isə “içki”dən imtina edirdi, içən deyiləm, deyirdilər. Belə anlarda Sarı daha müdrik görkəm alardı:

– İçkiyə məcburiyyət yoxdur.

Sonra da üzünü gənc dustaqlara tutub, onları həbs edən müstəntiqi, prokuroru qınayaraq deyirdi:

– Bunları niyə tutmusuz? Bunların güllü yorğan-döşəkdə yatan vaxtlarıdır. Nə ediblər? Toyuq-cücə, qoyun keçi aparıblar. Adə, bildin bu aparıb, sal təpiyinin altına, çırp da eşşək balası kimi, daha niyə şikayət edirsən, bu yazıqlar burada daha pis əməlləri öyrənəcək axı!

Türməyə pis deyə bilmirəm

Sarı belə oğul idi. Özünün mülahizələrində bütün cinayətlərin kökünü kəsir, hamıya haqq qazandırırdı. Təkcə narkotik aludəçiləri və başqasının namusuna göz dikən, zorlama ilə həbs olunanlara Sarıda aman yox idi. Onlara verilən cəzanı az hesab edirdi.

– Elələrini öldürməyəsən, axtalayasan, buraxasan hurilərin yanına, bağırları partlaya, özləri özlərini öldürə, – deyirdi.

Sarı ilə indi də tez-tez əlaqə saxlayıram. Bərdəyə, Tərtərə gedəndə zəng edirəm, bütün işini-gücünü atıb, mənə vaxt ayırır.

– Türmədən qazancım sən və bir-iki başqa dostlar oldu, – deyir.

Bir dəfə ona:

– İşinin ardınca get, mənə görə avara olma, – dedim.

– Nə iş, a şair, işim mənli-mənsiz gedir. 3 ay Bayılda olduğum zamanda kəndlərdən gələn tərəvəzi mənim adıma gətirirdilər, paylayır, üstünə düşən qazancı mənim üçün saxlayırdılar. Sən heç narahat olma. Biz papağı günə yandırmamışıq, hər yerdə dostumuz var, türmə mənə sənin kimi dost verdi, türməyə pis deyə bilmirəm, – deyib zarafat da etdi.

Faiq Balabəyli

2015. 08.19. axar.az

Share: