Tale alqışlamır hər oyunçunu – Elməddin Nicatın yeni şeirləri

KÖNLÜN NƏ İSTİYİR…
Sənin sümüyünə nə hava düşür,
Könlün nə istəyir de çalım, oyna…
Daha qol götürmək mənə yaraşmaz,
Dayanıb seyr edim, əl çalım, oyna.
Gedişin, gəldiyin yolu titrədir,
Nə qərib havaymış eşqin fitrəti.
Qaçırma əlindən belə fürsəti,
Bir də olmayacaq macalım, oyna.
Ürəyim sən gedən toya sərgidi,
Düşdüyün bu maraq, bu nə ilgidi…
Qocaldım dediyin, can ahəngidir,
Mən sənin yerinə qocalım, oyna…
Tale alqışlamır hər oyunçunu,
Bəxti kəm, qisməti kür oyunçunu.
Gəl mənim havamla yor oyunçunu,
Qoy özüm özümdən öc alım, oyna.
Qol götür, oynasın göydə barmaqlar,
Kimsə cəhd etməsin səni yormaqla.
Ürək sındırmaqla, arzu qırmaqla,
Yaman oynayırsan, ay zalım, oyna…
****
Bir Elməddin Nicat, oturur və kol saati şəkili ola bilər
Bir az dəlisovsan, bir az ərköyün,
Nazın çəkildikcə, nazlan, bərk öyün.
Sənintək gözəli olmaz hər köyün,
Mənim tək dəlisi, çəkə nazını.
Dur sallan, oxşasın ədan gözümü,
Nəmli kirpiklərin nərgiz düzümü.
Uçum göy üzündə sanım özümü,
Yerdə darıxdırım bəlkə, nazını?!.
Yoxdur körpəlikdən nağılla aram,
Sağalıb sən çəkən sığalla yaram.
Özüm oxşayaram, sığallayaram,
Qoymaram bayrıxıb, hürkə nazını.
Hər könlü titrətməz sevdanın udu,
Eşqlə çəkilən naz, bir içim sudu.
Doluxmuş gözlərim payız buludu,
Sıxaram üşüdər kölgə nazını.
DARIXMAQ…
Darıxmaq, ürəyin əzab simgəsi
Darıxmaq bir ömrün vüsal payıdır.
Adını çəkirəm qayalar dinir
Mənə öz içimdən səsim qayıdır.
Məni bir arzunun başına çevir,
Məni çağırdığım səsimdən asma.
Hər deyən sirrini kiməsə demir,
Bilsən necə sevir bu boyu yosma.
Bilmərsən nəfəsdən, səsdən asılmaq,
Nə qədər qorxulu dar ağacıdı.
Asılı olduğun kəsdən asılmaq
Ağrının sonuncu duracağıdı.
Yanar korun korun sönmüş ocaqlar,
Ruhunu çağıran səsdə durarsan.
İçindən silinər dayanacaqlar
O yaxın, o ögey kəsdə durarsan.
Səni çağırallar səsin tükənər,
Qayıdar üzünə səsinin əksi.
Ürəyin bir addım geri çəkinər,
Düşər çiyinlərinə eşqin çəkisi.
Darıxa-darıxa baxıb o səsə
Bir ad şüvən salar dodaqlarında.
Qoşulub qaçarsan sən birnəfəsə.
Gözlərin yol çəkər yanaqlarından…
Bir Elməddin Nicat, ayakta, göl və ağac şəkili ola bilər
Share: