Paşinyan getdi. Qayıdacaqmı?..

Hüseynbala Səlimov

Bəli, ötən həftənin sonunda Ermənistanın baş naziri Nikol Paşinyan özünün dediyi kimi “texniki istefaya” getdi ki, seçkilə daha ciddi və daha sərbəst məşğul ola bilsin və başqalarına özünün administrativ resursları ilə mane olmasın. Amma yalnız bir neçə aydan sonra demək mümkün olacaq ki, bu, texniki istefa idi, yoxsa birdəfəlik gediş?
İndilik isə yalnız onu demək olar ki, Nikol Paşinyan çox əlverişli bir məqam seçdi, belə ki, onun gedişi ABŞ prezidentinin qondarma erməni soyqırımı ilə bağlı bəyanatı ilə bir vaxta təsadüf etdi.
Güman etmək olar ki, bu xəbər ermənilərin İkinci Qarabağ Savaşındakı ağır məğlubiyyətlərini bir azacıq kompensasiya etdi və hakimiyyətə seçki ərəfəsində bir yüngüllük gətirdi.
Məhz bunu nəzərdə tutaraq bəzi analitiklər iddia edirlər ki, Qərb dövlətləri Paşinyana dəstək verirlər. Etiraf edirik ki, biz hələ elə də başa düşmürük ki, Qərb ölkələri Paşinyana niyə və necə dəstək verməlidirlər?
Amma burada dərhal ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitunun elə bu yaxınlarda bəyan etdiyi sorğuların nəticələri yada düşür. Bu sorğulara görə, radikal müxalifətin iddialarına rəğmən, erməni baş naziri elə həmin radikal müxalifətin liderlərilə müqayisədə hiss olunacaq reytinq üstünlüyünə malikdir.
İndi seçkilərin nə ilə bitəcəyini, hansl nəticələrə gətirib çıxaracağını demək elə də asan məsələ deyil. Güman ki, Qarabağ prosesinin də müvəqqəti buzu seçkidən sonra əriyəcək. Hərçənd, ABŞ prezidentinin qondarma erməni soyqırımı haqqındakı bəyanatı bölgədə kommunikasiyaların bərpası üçün çətinlik yaradır və məlum deyil ki, belə bəyanatdan sonra Türkiyə Ermənistanla sərhədlərin açılmasına və ticari-iqtisadi əlaqələrin bərpasına razı olacaqmı?
İndi bunu demək olar ki, Paşinyanın başçılıq etdiyi siyasi hərəkat seçkilərin nəticələrinə görə ən pis halda ikinci yerdə olacaq, ona görə ki, siyasi müstəvidə digər bir güclü siyasi vektor görünmür. Digər proqnoz və təhlillərə görə isə məhz Paşinyana növbəti kabineti formalaşdırmaq və təzədən hökumətə başçılıq etmək müyəssər olacaq. Biz isə öz tərəfimizdən qeyd edək ki, əgər seçkidən sonra Paşinyan ölkənin siyasi olimpində qalarsa, bu, onun Rusiya ilə bağlı siyasətinə təsir edəcək və onun siyasətindəki Qərb amilini gücləndirəcək. Əgər seçicilər Paşinyana və tərəfdarlarına səs verərsə bu, o demək olacaqdır ki, Dağlıq Qarabağ problemi erməni cəmiyyətinin dəyər verdiyi problemlər ierarxiyasında heç də ön yerlərdən birini tutmur. Bunu hiss edən Paşinyan əlbəttə ki, öz qərb vektorunu gücləndirəcəkdir.
Üstəlik, bunun üçün onun ciddi əsasları var. Rusiya prezidenti Putin Paşinyana müəyyən dəstək verdi, amma bu, tam dəstək olmadı, belə ki, Putin Paşinyanın seçki ərəfəsində reytinqini qaldıra biləcək daha ciddi addımlar ata bilərdi, amma bunu etmədi və belə vəziyyət istisna etmir ki, seçkidə qalib gələcəyi təqdirdə Paşinyan Kremldən məsafəsini korrektə etmək haqqında düşünəcək.
Bundan başqa, qərbyönümlü siyasət yürütməyə Paşinyan üçün əngəl Dağlıq Qarabağ problemi idi. İndi o, demək olar ki, yoxdur. Amma təəccüblü bir haldır ki, hətta Levon Ter-Petrosyan kimi siyasətçilər belə Paşinyanı tənqid edir, halbuki indi baş verənlərin proqnozunu Ter-Petrosyanın özü hələ doxsanıncı illərdə vermişdi. Əlbəttə ki, seşki vaxtı hamı qəhrəman kimi görünmək istəyir, amma qəhrəmanlıq və ucuz populizm tamamilə fərqli anlayışlardır.
Bundan başqa, Qərb, o cümlədən də ABŞ noyabr və yanvar razılaşmalarını təftiş etməyi düşünmür. Sözsüz ki, problemin Rusiyanın çətiri altında həll olması, ən əsası da bura da Rusiya sülhməramlılarının gətirilməsi qısqanclıq üçün zəmin yarada bilər.
Amma Vaşinqtonda və Brüsseldə yaxşı başa düşürlər ki, onların özlərinin Qarabağ problemini həll etmək üçün elə bir imkanları yoxdur, əks təqdirdə bunu çoxdan edərdilər – axı münaqişənin başlanmasından otuz ildən çox vaxt keçibdir…
Share: