Haqq deyən hər kəsin haqqı üçün can verən gənc şair

yaxud

şeirlərində yaşından böyük görünən  Əli Abbasov

 Abbasov Əli Cümşid oğlu 12 noyabr 2002-ci ildə Cəlilabad rayonunun Əliabad kəndində anadan olmuşdur. Ümumi orta təhsilini Əliabad kəndində almış, 2018-ci ildə Bakı Neft Energetika Kollecinə daxil olmuşdur. Burada neft-geologiya fakültəsində neft və qaz emalı ixtisası üzrə təhsil alır. Üçüncü kursda oxuyur. Hələ yeddinci sinifdə oxuyarkən ilk şeirini yazıb. Kollecin bütün ədəbi tədbirlərində öz şeirləri ilə çıxış edir. Qoşma, gəraylı, qəzəl, hətta meyxana janrına müraciət edir, bədahətləri ilə tanınır.

Əli Abbasov tanınmış el şairi Usta Məhəmmədin qardaşı oğludur, özü demişkən, bu gözəl söz ustadının mənsub olduğu bulağın suyundan içib.

Usta Məhəmməd ocağının yetirməsi olan Əli Abbasov gözəl lirik şeirlər yazır, bir qədər də xalq şeiri üslubuna meyil edir, poetik fikrini daha çox qoşmalar və gəraylılarla bildirməyə çalışır:

Dost var ki, dar günündə köməkdi,

Dost var ki, yıxılanda dirəkdi.

Dost var ki, ancaq işi kələkdi,

Ehtiyatlı ol dostu seçəndə.

 

Dost var ki, dost odunda alışar,

Dost var ki, dost dalıyca danışar.

Dost var ki, pisliyinə çalışar

Ehtiyatlı ol dostu seçəndə.

 

Oxuculara təqdim olunan şeirlərin çoxunu Əli Abbasov kiçik yaşlarında yazıb. Doğrudan da, adamı heyrət büryür, bu yeniyetmənin düşüncələri özündən çox böyükdür. Onu, demək olar, bütün mövzular düşündürür, narahat edir. Cəmiyyətin neqativ hallarını erkən yaşlarından görən Əli Abbasov nöqsanlara, eyiblərə böyüklər kimi yanaşır, qərarını dünyagörmüş, müdrik ağsaqqal kimi verir. Halbuki, bu yeniyetmə şairin cəmi-cümlətanı on doqquz yaşı var:

İnsanlığın çıxıb zayı

Baxmır əmi, baxmır dayı.

Artıb düşmənimin sayı,

Bu yerişlə hara gedək?

 

Dost da baxır dost əlinə,

Gətirmir düz söz dilinə.

Yanan yoxdu dərd-sərinə,

Bu yerişlə hara gedək?

 

Ancaq çoxu güdür xeyir,

Qazanc üçün nələr deyir.

Ağız hara çatdı yeyir,

Bu yerişlə hara gedək?

 

Qardaş baxmır qardaşına,

Arvad həyat yoldaşına.

Vuran yoxdu ki başına,

Bu yerişlə hara gedək?

 

Eləsi var, yolun çaşıb,

Haqq səddini çoxdan aşıb.

Qeyrət bir az ucuzlaşıb,

Bu yerişlə hara gedək?

Əli Abbasov bədahətçidir, yəni yazmaqdan çox, deklamativ şəkildə şeir deməyə, qafiyələri anidən tapmağa, buna baxmayaraq, şeirin ölçülərini yerli-yerində gözləməyə üstünlük verir. Onun bədahətləri kimi, meyxanaları da gözəldir. Düzdür, Əli Abbasovun bütün yazdıqları şedevr deyil, hətta bəzi şeirlərinin mövzusu və ölçüsü klassik poeziyadan gəlir. o, belə şeirlərində də nəsə yeni bir fikir söyləməyə, yeni bir söz deməyə çalışır. Lakin Əli Abbasovun bu cəhdi bütün şeirlərində uğurlu alınmır. Bu da onun poetik təcrübəsinin az olmasından irəli gəlir.

Əli Abbasovun vətənpərvərlik mövzusunda olan şeirləri əsasən Qarabağ mövzusundadır. İgid əsgərlərimizə, Vətən Müharibəsi şəhidləruinə, qazilərə həsr etdiyi şeirlər vaxtında, müharibə davam edən zaman qələmə alınmış nümunələrdir.

“Qələbə” şeirindən:

Bir qərinən acı həsrətin

Zəfər adıyla başa yetirdik.

Yurd azadlığı uğrunda biz

Neçə qəhrəman igid itirdik.

 

“Əsgərim” şeirindən:

Güvənib cəbhədə igid əsgərə,

Xalqım sevinc ilə ümid bağladı.

Hər gün ordumuza dua edib,

Ölən şəhidlərə elim ağladı.

 

Şəhid Rövşənə, şəhid Asimə, şəhid Şahinə, şəhid Hüseynə və cəsur hərbçi Cəbrayıl Dövlətova yazdığı şeirlər 18-19 yaşlı gəncin vətənpərvərlik hisslərini ifadə edir.

Əli Abbasovun ata, ana mövzularına müraciət etməsi təsadüfi deyil. Valideynlərinin hər ikisini itirən bu gənc indi onların arzularını yaşayır, amma hələ təhsilini bitirməmiş yeniyetmə üçün arxa-kömək olmadan ayaq üstə durmaq çətindir. Əli Abbasovun şikayətləri, narazılıqları, gileyləri bu yöndən doğulur:

 

Elə düşünürdüm yer üzündə

Hər kəs məqsədinə çatacaq axır.

Bilmirdim dünyada gəzən xəyallar

Limana gəlməyib batacaq axır.

 

Heyif, uşaqlığın gözəl illəri

Kaş ki, hər şeyi dərk eləyərdim.

Xəyalı gəzdirən o gəmilərin

Əvvəl dayağını bərk eləyərdim.

 

“Ana” şeiri oxucunu da kövrəldir:

 

Qaytara bilməyəcək heç kim ana hörmətini,

Unuda bilmərik ki, çəkdiyi o zəhmətini.

Ölçmərik heç bir şeylə onun əziz qiymətini,

Sənin o varlığına heyran olmuşam, ay ana,

Çəkirəm qüssə-kədər, dərd içində yana-yana.

 

“Ata həsrəti” şeirini həyəcansız oxumaq olmur:

 

İndi nə atam var, nə də qardaşım,

Həyatım bir solmuş gülə bənzəyir.

Nə qədər olsa da, dostum, sirdaşım,

Atasız yaşamaq qəddimi əyir.

 

Bəxti qara yazılan, yadların şair deyib çağırdığı, doğmalarının avara adlandırdığı yeniyetmənin yaşantılarını başa düşmək çətin deyil:

 

Sönübdür közərən zəif çırağım,

Artıq dayanıbdır büdrək ayağım.

Zamanə dəyişib, sınıb dayağım,

Danışım dərdimi, sən də biləsən,

Mənim kimi bədbəxt varmı görəsən?

 

Dost dediklərim də yarıda atdı,

Kimisi dövlətə, şöhrətə satdı.

Qurduğum xəyallar dəryada batdı,

Söyləsəm, gözümü gərək siləsən,

Mənim kimi bədbəxt varmı görəsən?

 

Amma gənc şair sınmır, ümidini Tanrıya bağlayır. “Ey Xuda” şeiri də bu ümidlə yazılıb:

 

Əbədi dünyamızı qaranlıq, zülmət eləmə,

O behişt bağlarına bizləri həsrət eləmə.

Bağışla səhvimizi, bizçün qiyamət eləmə,

O ki, səcdə eləyən islama qurbanlar üçün,

Ey Xuda, eylə kömək əhli müsəlmanlar üçün.

 

Qəzəlləri də, bədahətləri də, meyxanaları da Əli Abbasovun sadəliyindən, səmimiliyindən, paklığından su içir. Oxuduğu kollecin müəllimlərinə, dostlarına yazdığı şeirlər onun öz ətrafına biganə qalmamasından irəli gəlir. Bu şeirlərin bir çoxu hələ tam bişməyib, hətta çiy misralar da var, amma hər nədisə, reallıqdır, o reallıq ki, Əli Abbasovun həyata hazırlığında böyük rol oynayır. Kollecin müəllimlərinə yazdığı şeirlərin içərisində tərənnüm də var, tənqid də! Bu, Əli Abbasovun və onun tələbə yoldaşlarının real həyatını, çətinliklərini əks etdirir. İllər keçəcək, bu poetik yaşantılar xatirələrə çevriləcək, bəlkə də Əli Abbasov tələbəlik illərində yazdıqlarına Vurğunsayağı yanaşacaq, onları “ölən şeirlərim” adlandıracaq. Amma unutmayaq ki, bu ölən şeirlərdə həyat həqiqətləri təsvir olunur, həm də yeniyetmə bir qələm sahibinin poetik axtarışları ifadə olunur.

Haqq deyən hər kəsin haqqı üçün can verən gənc şair şeirlərində özündən qat-qat böyük görünür:

 

Haqq deyən hər bir kəsin haqqı üçün can verərəm,

Damarda axan qanı haqqına qurban verərəm.

Əlinin dəftərində yanır ədalət çırağı,

Bu ədalət çırağa baxmağa imkan verərəm.

 

Taleyin sındırdığı şair arzuları uğrunda mübarizəsindən qalmır. Şübhəsiz, çətinliklə əldə edilən uğur dəyərli olur. Əli Abbasov şeirə bu çətin yoldan keçib gəlir. Buna görə də uğurları qaçılmazdır!

Bilal Alarlı HÜSEYNOV,

Azərbaycan Yazıçılar irliyinin üzvü,

filologiya üzrə fəlsəfə doktoru,

“Qızıl Qələm” Media mükafatı laureatı,

Prezident təqaüdçüsü

 

 

 

Share: