Zirvələrlə qucaqlaşır gəncliyim… – Laçın Nəcəfoğlunun şeirləri

 

 

***
 
 
Dağa baxmaq dağı görmək deyildir.
Misra qoşmaq sanmayın ki, şeirdir.
İnsanlara dünya min don geydirir,
Hər donunda bir şeytanın sapı var.
 
 
Uyanlar çox, qəm gətirən dövlətə,
Vətən oğlu dayaq durar millətə.
Yüksəlməkçün, zirvə boyda hörmətə
Haqqdan gələn,behişt adlı qapı var.
 
 
Quran haqqdır, hər kəlməsi bir inci,
Yerləşibdi onda dünya sevinci.
Allah birdir, kitabı da birinci,
Məkanında onun sonsuz qatı var.
 
 
 
 
GƏNCLİYİM
 
 
Bu ömrümün payızına çən gəlib,
Gövrəldikcə gözlərimə nəm gəlib.
Keçən günlə sevinc gəlib. qəm gəlib,
Yavaş-yavaş uzaqlaşıb gəncliyim.
 
 
Xəzəl düşüb bağım- bağçam saralıb,
Geniş dünya gözlərimdə daralıb.
Duyğularda xatirələr oyanıb,
Yavaş-yavaş qocalaşır gəncliyim.
 
 
Əlim çatmır qayalara, dağlara,
Ayaqlarım həsrətlidi yollara.
Xəyal məni qaytarır o çağlara,
Zirvələrlə qucaqlaşır gəncliyim.
 
 
Haraylayır zirvə məni, dağ məni,
Yaşayıram bir də ötən günləri.
Mən dərirəm çəmənlərdən gülləri,
Ötən günü soraqlaşır gəncliyim.
 
 
09.01.2019
 
 
 
 
 
 
BU DAĞLARA DAHA ÇIXA BİLMİRƏM
 
 
Bu dağlardan ağır oldu ayağım,
Bu dağlara daha çıxa bilmirəm.
Ömür getdi ,söndü nurum, çırağım
Bu dağlara daha çıxa bilmirəm.
 
 
Bənövşələr çağırır ki, dər məni,
Könlüm deyir, qalx seyr eylə çəməni.
Dərib qoxla dəstə-dəstə gülləri,
Bu dağlara daha çıxa bilmirəm.
 
 
Kədər ilə baxıram mən dağlara,
Xəyal ilə düşürəm mən yollara.
Güvənsəm də ayaqlara, qollara,
Bu dağlara daha çıxa bilmirəm.
 
 
Qocalığın yükü mindi belimə
Qara bulud bir sədd çəkdi əynimə.
Dağlar bənzər ağ saçımın telinə,
Bu dağlara daha çıxa bilmirəm.
 
 
Gözəlliyi seyr edirəm uzaqdan,
Göz yaşımı mən silirəm yanaqdan.
Eşq çiçəyim daha qopub budaqdan,
Bu dağlara daha çıxa bilmirəm.
 
 
Mən Laçınam, bu dağlarda doğuldum,
Minlərlə şeir yazdım, yoruldum.
Laçın Nəcəfoğlu bir şair oldum,
Bu dağlara daha çıxa bilmirəm.
 
 
22.03.2019
 
 
HALAL ET MƏNİ, A DAĞLAR.
 
 
Gedirəm halal et mənə, a dağlar,
Çəmən sənə qalır,gül sənə qalır.
Səndən ayrılıram gözləri ağlar,
Kədər mənə qalır, qəm mənə qalır.
 
 
Doymadım gəzdikcə cığırlarından,
Min çiçək ətirli yaylaqlarından.
Öpdüm ayrılanda mən torpağımdan,
Üstündə dumanla çən sənə qalır.
 
 
Öpüşdüm, görüşdüm hər bulağınla,
Mərd, igid çobanlı alaçığınla.
Sənə bəzək vuran yaşıl donunla,
Üfüqdən boylanan gün sənə qalır.
 
 
Özümlə apardım xatirələri,
Hüsnünlə xoş etdin sən könülləri.
Beynimə həkk etdin sənli günləri,
Mənsiz olmayan an, gün sənə qalır.
 
 
Gedirəm, halal et mənə, a dağlar,
Çəmən sənə qalır,gül sənə qalır.
Səndən ayrılıram gözləri ağlar,
Kədər mənə qalır qəm mənə qalır…
 
 
 
 
 
 
 
 
 
Laçın Nəcəfoğlu
 
 
Müstəqil.Az

 

 

Share: